Məhkəmə qərarları › İş №2(103)-2450/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2450/2021

25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2450/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Leysan qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı və X5 Bakı şəhəri 44 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” barədə bir icraatda birləşdirilmiş tələbləri, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs İddiaçı və X7 qarşı “borcun və maddi zərərin ödənilməsi” tələbi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Ramil və Fariz Əliyevlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 44 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin notariat ofisi tərəfindən aparılmış xx xxxx 2017-ci il tarixli 3M-111 nömrəli icra qeydinin ləğv edilməsi və iddia qaldırması üçün ödədiyi 10 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri 44 saylı notariat ofisində onunla Maraqlı şəxs arasında xx xxxx 2017-ci il tarixdə 3M111 reyestr nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndində onun Maraqlı şəxs xx xxxx 2017-ci il tarixdə 50 000 ABŞ dolları borc aldığı və borcu xx xxxx 2018-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürdüyü yazılmışdır. Maraqlı şəxs ona Bakı şəhəri 44 saylı notariat ofisində təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli bildiriş göndərmiş və kredit müqaviləsi üzrə qalıq borcu, yəni 25 000 ABŞ dollarını (42 500 manat) 30 gün ərzində ödəməsi, əks təqdirdə notarius tərəfindən icra qeydi aparılacağını bildirilmiş, tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla bildirişə cavab verilmiş, bildirişdə göstərilənlərin əsassız olduğu, Maraqlı şəxs tərəfindən notariat ofisinə yanlış məlumat verməklə barəsində icra qeydi aparmaq istəyinin anlaşılan olmadığını bildirmişdir. Göstərilən məktub həm cavabdehə, həm də üçüncü şəxsə poçt vasitəsilə ünvanlanmış və hər iki tərəfə müvəffəqiyyətlə çatdırılmışdır. Lakin bundan sonra Bakı şəhəri 44 saylı notariat ofisi borc müqaviləsinə əsasən tərəflərin arasında anlaşılmazlıq (mübahisə) olduğunu nəzərə almadan və tərəfləri dəvət edərək araşdırma aparmadan, üçüncü şəxsin göstərdiyi rəqəmlər əsasında birtərəfli qaydada icra qeydi aparmış və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə yönləndirmişdir. İcra qeydinin aparılması və həmin icra qeydinə əsasən onun Maraqlı şəxs 42 500 manat məbləğində (25 000 ABŞ dolları) pul vəsaiti və 20 manat dövlət rüsumu ödəməli olduğu barədə məlumat xx xxxx 2020-ci il tarixdə icra məmuru tərəfindən ona bildirilmiş, xx xxxx 2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildiriş və “icraata başlamaq haqqında” qərar ona təqdim olunmuşdur. Hesab edir ki, göstərilən icra qeydi əsassızdır, çünkü onunla Maraqlı şəxs arasında xx xxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmasına və həmin müqaviləyə əsasən guya ona 1 il müddətinə geri qaytarmaq şərtilə 50 000 ABŞ dolları borc verildiyinin göstərilməsinə baxmayaraq, faktiki olaraq həmin pul məbləği notariat kontoru vasitəsilə verilməmiş, həmçinin göstərilən pul məbləğinin təyinatı borc olmamışdır. Notariat ofisində həmin müqavilənin bağlanması sadəcə formal xarakter daşımış, borc məbləği ona verilməmiş, habelə notariusun depozit hesabı vasitəsilə onun hesabına köçürülməmişdir. Nə o, Maraqlı şəxs, nə də Maraqlı şəxs onu tanımır. Onlar, birinci və sonuncu dəfə Bakı şəhəri 44 saylı notariat ofisinin inzibati binasında görüşərək tanış olmuş və aralarında borc müqaviləsi bağlanmışdır. Maraqlı şəxs ona verdiyi 50 000 ABŞ dollarının məqsədli təyinatı onun və qardaşı X5 ortaq tanışları olan şəxslərin məşğul olduğu sahibkarlıq sahəsinə (kondisionerlərin satışı) sərmayə qoyulması məqsədi olmuşdur. Belə ki, Maraqlı şəxs qardaşı X5 tanışlarının məşğul olduğu biznes sahəsinə sərmayə qoyaraq, oradan aylıq haqq əldə etmək və eyni zamanda aylıq ödənişlər nəzərə alınmadan, istədiyi vaxt sərmayə kimi qoyduğu pulu tam şəkildə geri almaq hüququnu özündə saxlamaq təklifi ilə çıxış etmiş və əlində 50 000 ABŞ dollarının olduğunu bildirmişdir. Göstərilən bizneslə isə onların ortaq tanışları X8 və X11 məşğul olmuşlar. Onlar Maraqlı şəxs təklifini bəyənərək, sərmayə kimi qoyulan əsas pul vəsaiti yerində qalmaqla, Maraqlı şəxs aylıq ödənişlər etməyə razılıq vermiş, bundan sonra Maraqlı şəxs qardaşına müraciət edərək X3 və X9 şəxsən tanısa da, onun da zamin kimi durmasını xahiş etmiş, onunla borc müqaviləsi bağlayacağı təqdirdə pulu onlara verəcəyini bildirmişdir. Qardaşı isə həmin dövrdə biznesin yaxşı getdiyini gördüyü və heç bir risk olmadığını düşündüyü üçün, həmçinin hər 3 şəxsin israrlı təkidlərinə görə borc müqaviləsi bağlamağa razılıq vermişdir. Lakin müqavilənin bağlanması üçün razılaşdırılan tarixdə qardaşı Bakı şəhərində olmadığı üçün, ondan Maraqlı şəxslə görüşməyini və onunla birlikdə Bakı şəhəri 44 saylı notariat ofisində borc müqaviləsi bağlamağını xahiş etmiş, qardaşının xahişinə əsasən xx xxxx 2017-ci il tarixdə müqaviləni bağlamışdır. Bütün bunlardan əlavə, araşdırmaları nəticəsində müəyyən etmişdir ki, icra qeydində göstərilən məbləğ əsassızdır. Belə ki, sərmayə kimi yatırılmış məbləğ verildiyi gündən sonrakı aydan etibarən hər ayın 20-25-i aralığında Maraqlı şəxs mütəmadi olaraq aylıq 1800 manat ödəniş edilmiş, eyni zamanda ayrı-ayrı vaxtlarda şahidlərin də iştirakı ilə əsas borcdan ödənişlər həyata keçirilmiş və yekunda 50 000 ABŞ dolları tam şəkildə ona qaytarılmışdır. Digər anlaşılmaz vəziyyət isə ondan ibarətdir ki, pulun verilməsindən keçən 3 il ərzində onunla bir dəfə də olsun görüşməyən və pul haqq-hesabını digər şəxslərlə aparan Maraqlı şəxs, ondan 25 000 ABŞ dollarının tutulması barədə icra qeydi aparılması üçün notariat ofisinə müraciət etmiş və istəyinə nail olmuşdur. İcra qeydində Maraqlı şəxs aylıq faiz kimi aldığı məbləğlər nəzərə alınmamışdır. Halbuki, əgər notariat ofisi və Maraqlı şəxs icra qeydində borc müqaviləsinə əsaslanırsa, o zaman həmin müqavilənin 3-cü bəndinin şərtlərini pozmuş olurlar. Belə ki, müqavilədə göstərilmişdir ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Bu halda isə təbii olaraq sual meydana çıxır ki, bəs nə üçün Maraqlı şəxs icra qeydi hazırlanarkən aylıq aldığı faizləri bildirməmiş və bununla belə faizsiz verilməsi nəzərdə tutulmuş kredit müqaviləsinə əsasən barəsində icra qeydi çıxartdırmışdır. Bakı şəhəri 44 saylı notariat ofisi isə öz vəzifəsini layiqincə yerinə yetirməmiş, ilk öncə elə xx xxxx 2017-ci il tarixdə ortada heç bir pul vəsaiti olmadan etibarsız kredit müqaviləsini təsdiqləmiş, daha sonra isə işin əsl mahiyyəti barədə onlara rəsmi məlumat verərək ortada mübahisəli məqamlar olduğunu bildirsə də, məktubunda göstərilənləri araşdırmadan, borcun mübahisəli olması barədə (tam ödənilmiş olması barədə) rəsmi məktub almasına baxmayaraq icra qeydi aparmışdır. Mübahisəli olan kredit müqaviləsi üzrə notariat ofisi tərəfindən icra qeydinin aparılması ilə onun hüquqları məhdudlaşdırılmışdır. Maraqlı şəxs qarşı heç bir öhdəliyi yoxdur, icra qeydi öz əhəmiyyətini itirmişdir. X10 da Bakı şəhəri 44 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin notariat ofisi tərəfindən aparılmış xx xxxxxx 2017-ci il tarixli 3M- 252 nömrəli icra qeydinin ləğv edilməsi və iddia qaldırması üçün ödədiyi 10 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Fariz Əliyev iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri 44 saylı notariat ofisində onunla Maraqlı şəxs arasında xx xxxxxx 2017-ci il tarixdə 3M-252 reyestr nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndində, müqavilənin bağlandığı gün, yəni xx xxxxxx 2017-ci il tarixdə Maraqlı şəxs ona 50 000 ABŞ dolları borc verdiyi və onun həmin borcu xx xxxxxx 2018-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürdüyü yazılmışdır. Maraqlı şəxs ona Bakı şəhəri 44 saylı notariat ofisində təsdiqlənmış xx xxxxxx 2020-ci il tarixli bildiriş göndərmiş və kredit müqaviləsi üzrə qalıq borcun, yəni 25 000 ABŞ dollarının (42 500 manat) 30 gün ərzində ödənilməsi, əks təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən notarius tərəfindən icra qeydi aparılacağını bildirmişdir. Göstərilən bildirişə tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla cavab verilmiş, bldirişdə göstərilənlərin əsassız olduğu və Maraqlı şəxs tərəfindən notariat ofisinə yanlış məlumat verilməklə barəsində icra qeydi aparmaq istəyinin anlaşılan olmadığını bildirmişdir. Göstərilən məktubu həm cavabdehə, həm də üçüncü şəxsə poçt vasitəsilə ünvanlanmış və hər iki tərəfə müvəffəqiyyətlə çatdırılmışdır. Lakin Bakı şəhəri 44 saylı notariat ofisi borc müqaviləsinə əsasən tərəflərin arasında anlaşılmazlıq (mübahisə) olduğunu nəzərə almadan və tərəfləri dəvət edərək araşdırma aparmadan, üçüncü şəxsin göstərdiyi rəqəmlər əsasında birtərəfli qaydada icra qeydi çıxartmış və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə yönləndirmişdir. İcra qeydinin çıxarılması və həmin icra qeydinə əsasən onun Maraqlı şəxs 42 500 manat məbləğində (25.000 ABŞ dolları) pul vəsaiti və 20 manat dövlət rüsumu ödəməli olduğu barədə məlumat xx xxxx 2020-ci il tarixdə icra məmuru tərəfindən ona bildirilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş və “icraata başlamaq haqqında” qərar ona təqdim olunmuşdur. Hesab edir ki, göstərilən icra qeydi əsassızdır, çünkü onunla Maraqlı şəxs arasında xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlansa da və həmin müqaviləyə əsasən guya ona 1 il müddətinə geri qaytarmaq şərtilə 50 000 ABŞ dolları borc verilməsi göstərilsə də, faktiki olaraq həmin pul notariat kontoru vasitəsilə verilməmiş, habelə göstərilən pul məbləğinin təyinatı borc olmamışdır. Notariat ofisində həmin müqavilənin bağlanması sadəcə formal xarakter daşımış və həmin anda borc məbləği ona verilməmiş, həmçinin notariusun depozit hesabı vasitəsilə onun hesabına köçürülməmişdir. Maraqlı şəxs ona verdiyi 50 000 ABŞ dollarının məqsədli təyinatı Maraqlı şəxs və onun ortaq tanışları olan şəxslərin məşğul olduğu sahibkarlıq sahəsinə (mobil telefonların satışı) sərmayə qoyulması olmuşdur. Belə ki, Maraqlı şəxs tanışlarının məşğul olduğu biznes sahəsinə sərmayə qoyaraq oradan aylıq haqq əldə etmək və eyni zamanda aylıq ödənişlər nəzərə alınmadan istədiyi vaxt sərmayəsini tam şəkildə geri almaq hüququnu özündə saxlamaq təklifi ilə çıxış etmiş, əlində 50 000 ABŞ dollarının olduğunu bildirmişdir. Göstərilən bizneslə o yox, onların ortaq tanışları X8 və X11 məşğul olmuş, onlar Maraqlı şəxs təklifini bəyənərək sərmayə kimi qoyulan əsas pul vəsaiti yerində qalmaqla, Maraqlı şəxs aylıq ödənişlər etməyə razılıq vermişlər. Lakin Həmid onun da zamin durmasını xahiş etmiş və öz adına borc müqaviləsi bağlayacağı təqdirdə pulu onlara verəcəyini bildirmişdir. Həmin dövrdə biznesin yaxşı getdiyini gördüyü və heç bir risk olmadığını düşündüyü üçün, həmçinin hər 3 şəxsin israrlı təkidlərinə görə xx xxxxxx 2017-ci il tarixdə Maraqlı şəxs ilə birlikdə Bakı şəhəri 44 saylı notariat ofisinə yaxınlaşmış, öz adına borc müqaviləsi bağlamışdır. Lakin aralarındakı münasibətlər borc xarakteri daşımamış, pul vəsaiti notariat kontorunda verilməmiş, həmin pul vəsaiti ona çatmamışdır. Bütün bunlardan əlavə, icra qeydində göstərilən məbləğ əsassızdır. Belə ki, sərmayə kimi yatırılmış məbləğ verildiyi gündən sonrakı aydan etibarən müvafiq olaraq birinci ayda 300 ABŞ dolları, ikinci ayda 600 ABŞ dolları, üçüncü ayda 900 ABŞ dolları, dördüncü ayda 1200 ABŞ dolları, növbəti aylarda isə stabil olaraq 1500 ABŞ dolları ödəniş edilmiş, ödənişlər 2019-cu ilin sentyabr ayınadək davam etmişdir. Eyni zamanda bu müddət ərzində Maraqlı şəxs qiyməti 2000 manat olan 1 ədəd mobil telefon verilmiş və ayrı-ayrı vaxtlarda şahidlərin də iştirakı ilə əsas borcdan ödənişlər edilmiş, yekunda 40 000 ABŞ dolları ona qaytarılmışdır. Hazırda isə ödənilməmiş vəsait kimi qeyd edilmiş məbləğ 25 000 ABŞ dolları yox, 10 000 ABŞ dollarıdır. İcra qeydində Maraqlı şəxs aylıq faiz kimi aldığı məbləğlər də nəzərə alınmamışdır. Halbuki, əgər notariat ofisi və Maraqlı şəxs icra qeydində borc müqaviləsinə əsaslanırsa, o zaman həmin müqavilənin 3-cü bəndinin şərtlərini pozmuş olurlar. Bakı şəhəri 44 saylı notariat ofisi öz vəzifəsini layiqincə yerinə yetirməmiş, ilk öncə elə xx xxxxxx 2017-ci il tarixdə ortada heç bir pul vəsaiti olmadan xx xxxxxx 2017-ci il tarixli etibarsız kredit müqaviləsini təsdiqləmiş, daha sonra isə işin əsl mahiyyəti barəsində onlara rəsmi məlumat verərək ortada mübahisəli məqamlar olduğunu bildirsə də, məktubunda göstərilənləri araşdırmadan birtərəfli qaydada icra qeydi çıxartmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə sözügedən iddia tələbləri bir icraatda birləşdirilmişdir. Maraqlı şəxs isə İddiaçı və X7 qarşı müstəqil tələb irəli sürərək, onların hər birindən 25 000 ABŞ dolları olmaqla cəmi 50 000 ABŞ dolları borcun və öhdəliyin gecikdirilməsi ilə bağlı ona vurulmuş maddi zərərin qarşılığı olaraq 5000 ABŞ dollarının tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə aralarında bağlanmış xx xxxx 2017-ci il tarixli 3M-111 nömrəli kredit müqaviləsinə əsasən ona 50 000 ABŞ dolları, X10 ilə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 3M-252 nömrəli kredit müqaviləsinə əsasən ona 50 000 ABŞ dolları borc pul vermiş, kredit müqavilələrinin 2-ci bəndinə əsasən cavabdehlər bir il müddətinə borcu tam şəkildə ödəməyi öhdələrinə götürmüşlər. Hər iki müqavilə üzrə borc öhdəlikləri yerinə yetirilmədiyi üçün Bakı şəhəri 44 saylı notariat kontoruna müraciət edərək icra qeydinin verilməsini xahiş etmiş, xx xxx 2020-ci il tarixdə hər iki müqavilə üzrə icra qeydi aparılaraq qalıq 50 000 ABŞ dollarının cavabdehlərdən alınmasına göstəriş verilmişdir. Ramil və Fariz Əliyev qardaşlarının iddia tələblərinin heç bir hüquqi və məntiqi əsası yoxdur, çünkü o, 100 000 ABŞ dollarını borc şəkilində qardaşlara vermirdisə nəyə görə aralarında kredit müqaviləsi imzalanırdı? Əgər onlar arasında hansısa bir biznes əlaqələri və ya sərmayə qoyuluşu sövdələşməsi var idisə yenə də həmin sual yaranır: Nəyə görə aralarında kredit, borc müqaviləsi imzalanırdı? İddiaçılar iddia ərizələrinin əvvəlində borcun verilmədiyini iddia etsələr də, eyni zamanda etiraf edirlər ki, 50 000 ABŞ dolları (hər birinə 50 000 ABŞ dolları olmaqla ümumilikdə 100 000 ABŞ dolları) pul məbləği tərəfindən onlara verilmişdir. X10 ilə 2015-ci ilin ortalarından tanışlıqları yaranmış, bu müddət ərzində onun qardaşının telefon alqısatqısı ilə məşğul olması ona məlum olmuş, təxminən 2017-ci ilin əvvəllərində İddiaçı 50 000 ABŞ dolları borca ehtiyacı olduğunu bildirmiş, aralarında olan inam-etibara görə qardaşlara borc vermək qərarına gəlmiş və bu borcun notarial qaydada təsdiq edilməsini razılaşdırmışlar. Bundan sonra, Bakı şəhəri 44 saylı notariat ofisinə gedərək xx xxxx 2017-ci il tarixdə 50 000 ABŞ dollarının İddiaçı borc verilməsini rəsmiləşdirmiş, daha sonra xx xxxxxx 2017-ci il tarixində 50 000 ABŞ dollarını da İddiaçı borc vermişdir. Buna görə də Ramil və Fariz Əliyevlərin iddiaları əsassız olduğu üçün rədd edilməli, onun iddiası təmin olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və X5 iddia tələblərinin təmin olunmaması, Maraqlı şəxs iddia tələbinin qismən təmin olunaraq xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 25 000 (iyirmi beş min) ABŞ dolları (ödəniş günü məzənnə üzrə manatla) borcun və 14 (on dörd) manat dövlət rüsumunun əvəzinin, xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə X4 25 000 (iyirmi beş min) ABŞ dolları (ödəniş günü məzənnə üzrə manatla) borcun və 14 (on dörd) manat dövlət rüsumunun əvəzinin Maraqlı şəxs xeyrinə tutulması, onun iddiasının qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən birgə apellyasiya şikayəti verən Ramil və Fariz Əliyevlər onun ləğv olunmasını və öz iddia tələblərinin təmin, Maraqlı şəxs iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizələrinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, mübahisələndirilən icra qeydlərinin qanunvericilikdə göstərilən qaydalara uyğun tərtib edilmədiyini nəzərə almadığını irəli sürmüşlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri 44 saylı notariat kontorunun notariusu, eləcə də İddiaçı və X10 məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılmasına qərar verilmiş, məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi (vəkili) X2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Ramil və Fariz Əliyev qardaşlarının iddia tələblərinin rədd, Maraqlı şəxs iddia tələbinin isə qismən təmin olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiasının qismən təmin olunmasına baxmayaraq Maraqlı şəxs qətnaməni mübahisələndirməmiş, apellyatorlar isə yalnız qətnamənin göstərilən hissələrindən apellyasiya şikayəti vermişlər. Başqa sözlə qətnamə, Maraqlı şəxs iddia tələbinin qismən təmin olunmaması ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası İddiaçı nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, qətnamə İddiaçı və X5 iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq adı çəkilən şəxslərin iddia tələbləri təmin edilməli, mübahisələndirilən digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına görə, Maraqlı şəxs (borc verən) ilə İddiaçı (borc alan) və X10 (borc alan) arasında müvafiq olaraq xx xxxx 2017-ci il tarixdə və xx xxxxxx 2017-ci il tarixdə borc müqavilələri bağlanmış, müqavilələr Bakı şəhəri 44 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilməklə 3M-111 və 3M-252 reyestr nömrəsi ilə qeydə alınmış, hər iki müqavilədə borc verənin borc alanlara 50 000 ABŞ dolları borc verdiyi, borc alanların aldıqları borcu bir il müddətinə qaytarmağı öhdələrinə götürdükləri razılaşdırılmışdır. İşin müəyyən edilmiş halı həmçinin ondan ibarətdir ki, Maraqlı şəxs tərəfindən İddiaçı və X7 xx xxxxxx 2020-ci il tarixdə bildirişlər göndərilmiş, İddiaçı xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 25 000 ABŞ dollarının, yəni 42 500 manat qalıq borcun, X4 xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 25 000 ABŞ dollarının, yəni 42 500 manat qalıq borcun ödənilməsi tələb edilmiş, borc 30 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından aydın olur ki, Maraqlı şəxs sözügedən bildirişlərinə Ramil və Fariz Əliyevlər tərəfindən cavab məktubları göndərilmiş, 13-xx xxxx 2020-ci il tarixlərində Maraqlı şəxs və Bakı şəhəri 44 saylı notariat ofisinə çatdırılmış həmin məktublarda tələbə etiraz edilərək, İddiaçı borcunu tam ödəmiş olduğu, Fariz Əliyevin isə 10 000 ABŞ dolları borcunun qaldığı, icra qeydi aparılacağı təqdirdə qeydin ləğvi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin müəyyən olunan və mübahisələndirilməyən halına görə, Ramil və Fariz Əliyevlərin etiraz məktublarını almış olmasına baxmayaraq, Bakı şəhəri 44 saylı notariat ofisinin notariusu xx xxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli müqavilələr üzrə xx xxx 2020-ci il tarixdə icra qeydləri aparmış, xx xxxx 2017-ci il tarixli müqavilə əsasında İddiaçı 25 000 ABŞ dolları, xx xxxxxx 2017-ci il tarixli müqavilə üzrə Fariz Əliyevdən 25 000 ABŞ dolları tutulmasına göstəriş vermiş, hər iki icra qeydə əsasında Binəqədi rayon icra şöbəsində icra icra icraatı başlanmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Qanunvericiliyin mənasına görə, notarius icra qeydini borcun mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və X5 irəli sürdükləri faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən, onların iddia tələblərinin təmin edilməsi üçün əsaslar mövcud olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, adı çəkilən şəxslərin hər ikisi notarius tərəfindən icra qeydlərinin aparılmasına etiraz etmiş, onlardan tələb edilən borc məbləğlərini mübahisələndirmişlər; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə görə isə, icra qeydi yalnız borcun mübahisəsiz olduğu təsdiq edildiyi halda aparıla bilərdi. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin Maraqlı şəxs iddia tələbi üzrə gəldiyi nəticəni (mübahisələndirilən hissədə) qanuni hesab edir; belə ki, yuxarıda qeyd olunduğu kimi, onunla İddiaçı (borc alan) və X10 (borc alan) arasında müvafiq olaraq xx xxxx 2017-ci il tarixdə və xx xxxxxx 2017-ci il tarixdə borc müqavilələri bağlandığı, müqavilələrin Bakı şəhəri 44 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilməklə 3M-111 və 3M-252 reyestr nömrəsi ilə qeydə alındığı, hər iki müqavilədə borc verənin borc alanlara 50 000 ABŞ dolları borc verdiyi, borc alanların aldıqları borcu bir il müddətinə qaytarmağı öhdələrinə götürdükləri işin müəyyən olunmuş hallarıdır; Ramil və Fariz Əliyevlər isə irəli sürdükləri arqumentləri təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Belə olan halda kollegiya hesab edir ki, Maraqlı şəxs iddia tələbinin həcmi, yəni onun müvafiq borc müqavilələri üzrə borc alanların hər birinin ona 25 000 ABŞ dolları borcunun qaldığını bildirdiyi nəzərə alınmaqla, Ramil və Fariz Əliyevlərə qarşı yönəlmiş tələbini qismən təmin edən birinci instansiya məhkəməsi ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3781/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı və X5 iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq həmin hissələrdə yeni qətnamə çıxarılsın. İddiaçı və X5 Bakı şəhəri 44 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” barədə bir icraatda birləşdirilmiş tələbləri təmin olunsun. Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən xx xxxx 2017-ci il tarixli 3M-111 nömrəli və xx xxxxxx 2017-ci il tarixli 3M-252 nömrəli müqavilələr üzrə verilmiş icra qeydləri ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlunun məbləği apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar