Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2459/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4891/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh 3756 manat maddi, 1500 manat mənəvi zərərin, 3250 manat əldən çıxmış faydanın, 50 manat nöqsan aktına görə və 30 manat dövlət rüsumuna görə cəmi 8586 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin aprel ayının 17-də saat 14:30 radələrində iddiaçı özünə məxsus “Hyundai Sonata” markalı **-TT-*** dövlət nömrə nişanlı minik avtomobilini ünvan 1 ünvanda - fərdi evinin qarşısında saxlamış və həyətdə olmuşdur. Birdən möhkəm toqquşma səsi eşitmiş, küçəyə çıxanda Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı **-MC-*** dövlət nömrə nişanlı minik avtomobili ilə iddiaçının avtomobilinin arxa sol hissəsini tamamilə əzmiş, zərbənin gücündən avtomobili sürüşərək yol qıranğında olan ağaca dəymiş, nəticədə avtomobilinə arxa sağ qapıdan və damdan da ziyan vurularaq əzilmişdir. "xxxx" Şirkətinin verdiyi 10.05.2021-ci il tarixli AA 041681 saylı aktına əsasən avtomobilinə 3756 manat məbləğində maddi ziyan dəymişdir. Həmin akta görə isə iddiaçı həmin Şirkətə 50 manat məbləğində pul ödəmişdir. Xəzər rayon DYPŞnin 20.04.2021-ci il tarixli TP ******* saylı Qərarına əsasən Cavabdeh hadisə yerindən yayındığına görə AR İXM-nin 327.6-cı maddəsinə görə 100 manat cərimə edilmişdir. Avtomobili indiyə kimi təmirsizdir. Bundan əlavə 50 gün avtomobilindən istifadə etməmiş və taksi xidmətindən yararlanmışdır, bunun da məbləği 3250 manat təşkil edir. Cavabdeh avtomobilini vurub əzəndən sonra qaçdığına, avtomobilini indiyə kimi təmir etmədiyinə, eləcə də səmimi peşmançılığını bildirmədiyinə görə iddiaçıya həm də 1500 manat məbləğində mənəvi zərər vurmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4891/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş maddi ziyana görə 136,0 (yüz otuz altı) manat, mənəvi zərərə görə 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 70 (yetmiş) manatın dövlət nəfinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil apellysiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İcbari Sığortalar haqqında qanunvericiliyin tələbinə əsasən cavabdehin idarə etdiyi mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmışdır. Əmlaka dəyən ziyan üzrə sığorta ödənişinin maksimal məbləği 5000 manat təşkil edir. Qeyd edilən qanunvericiliyin tələbinə əsasən iddiaçı dəymiş ziyanı cavabdehin Sığortaçısından tələb etməli idi, iddiaçının əmlakına vurulan ziyan 5000 manatdan yuxarı olduğu halda, həmin 5000 manatdan yuxarı olan məbləğ üçün cavabdeh məsuliyyət daşıya bilərdi. Həmin qanunvericiliyin tələbinə əsasən iddiaçı vurulan ziyanının 3756 manat olduğunu iddia etdiyi halda həmin iddia ilə yalnız sığorta şirkətinə qarşı tələb irəli sürə bilərdi. Belə ki, iddiaçı avtomobilinə dəyən ziyanın tam ödənilməsi ilə bağlı sığorta şirkəti-"xxxx" ASC-yə müraciət etmişdir. Sığorta şirkəti avtomobilə dəyən ziyanı qiymətləndirmiş və həmin ziyanı 1645 manat məbləğində müəyyən etmişdir. Həmin ziyan məbləğinə iddiaçının etiraz etmək, sığortaçıya yeni qiymətləndirmə rəyinin alınmasına təklif vermək kimi hüquqlarının olmasına baxmayaraq, iddiaçı bu hüququndan istifadə etməmiş, əksinə sığorta şirkətinin 30.04.2021-ci il tarixli Rəyinə razılıq olaraq özünü Azərbaycan Sənaye Bankında olan hesabını sığorta şirkətinə təqdim etmiş, həmin 1645 manat onun hesabına 24.05.2021-ci il tarixdə həmin zərər məbləğini bank köçürməsi yolu ilə qəbul etmişdir. Bundan başqa, yuxarıda qeyd edilən xüsusatlardan da göründüyü kimi, iddiaçıya ödənilmiş maddi ziyanın əvəzi olan-1645 manat ziyan məbləği ilə ekspert rəyindəki maddi ziyan məbləği arasında cəmi136 manat fərqdir. Bu fərq isə avtomobil təmirində usta xidmət haqqında orta bazarda fərq edən 2-3 manatın cəmi nəticəsində yaranmışdır. Məhkəmə tərəfindən 136 manat maddi ziyanın 1500 manat mənəvi ziyanla balanslaşdırılması ədalətli və ağlabatan məbləğ deyildir. Məhkəmə bu halda, işin heç bir halını nəzərə almamış, əsas iddianın ümumiyyətlə sübut olunmadığı halda, əsas iddiadan asılı olan mənəvi ziyanı əsassız olaraq təmin etmişdir. Belə ki, maddi ziyanın ödənilməsi ilə bağlı cavadehin heç bir səlahiyyəti və cavabdehlik daşımamasına qiymət vermədən mənəvi ziyanın 1500 manat məbləğində tutulması qanunvericiliyin tələblərinə ziddir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 17.04.2021-ci il tarixində saat 14:30-da “Hyundai Elantra minik” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Binə qəsəbəsi Atçılıq yaşayış massivi ərazisində yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Xəzər rayon DYPŞ-nin Nəqliyyat vasitələrinin zədələnməsi barədə 042549 nömrəli arayışına əsasən 17.04.2021-ci il tarixdə saat 14:30-da Binə qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ”Hyundai Elantra minik” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Hyundai Sonata minik” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. "xxxx" şirkətinin 10.05.2021-ci il tarixli AA041681 nömrəli aktından görünür ki, “Hyundai Sonata” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 3756 manat məbləğində müəyyən edilir. "xxxx" ASC 20.05.2021-ci il tarixli Sığorta aktı və 24.05.2021-ci il tarixli ödəniş tapşırığı əsasında, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin həcmi 1645,00 manat məbləğində müəyyən edilmiş və həmin məbləğdə pul faydalanan şəxs İddiaçı ödənilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6343 nömrəli, 06.10.2021-ci il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materialında olan "xxxx" şirkəti tərəfindən tərtib edilmiş 10.05.2021-ci il tarixli AA041681 №-li AKT-a əsasən 2006-cı il buraxılışlı mühərrik tutumu 2400 sm3, “Hyundai Sonata” markalı 10-TT992 dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiymətinə aşınma tətbiq edilməklə təmir-bərpa xərci təxminən 1720,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 660,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1060,00 manat. nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 30.04.2021-ci il tarixli qüsur aktına əsasən 2006-cı il buraxılışlı mühərrik tutumu 2400 sm3, “Hyundai Sonata” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə təmir-bərpa xərci təxminən 1781,00 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti - 671,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1110,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil cavabdeh tərəfindən idarə edildiyindən və mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən İddiaçı ona dəymiş ziyanın Cavabdeh alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert rəyini sübut qismində qiymətləndirərək hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər 1781 manat məbləğində müəyyən edildiyi və İddiaçı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1645 manat məbləğində pulun ödənildiynə görə, Cavabdeh zədələnmiş avtomobilin mülkiyyətçisi İddiaçı dəymiş maddi ziyana görə 136,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbini 3250 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsində araşdıraraq hesab etmişdir ki, iddiaçı avtomobilinə dəymiş zərərin cavabdeh tərəfindən aradan qaldırılmaması nəticəsində ona əlavə zərər dəyməsini, habelə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, əldən çıxmış fayda formasında ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə nöqsan aktına görə 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının təqdim etdiyi ödəniş qəbzindən 50 manat məbləğin onun tərəfindən və nöqsan aktının alınması məqsədilə ödənildiyi müəyyən edilmir və iddia bu hissədə təmin edilə bilməz. Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol qəzasına görə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirtdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 1500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdehin yol-hərəkəti qaydalarını pozmaqla inzibati xəta törətməsi işin mübahisəsiz halıdır. İnzibati xəta nəticəsində üçüncü şəxs dəymiş zərərin məbləği "xxxx" ASC-nin 20.05.2021-ci il tarixli Sığorta aktına əsasən 1645 manat məbləğində müəyyən edilmiş, iddiaçı bu məbləği mübahisələndirmədən qəbul etmiş və 24.05.2021-ci il tarixli ödəniş tapşırığı əsasında yol 1645,00 manat məbləğində pul faydalanan şəxs olaraq İddiaçı ödənilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş maddi ziyanın həcminin 3756 manat məbləğində dəyərləndirildiyi barədə qüsur aktı və maddi ziyanın həcminin 1781 manat məbləğində dəyərləndirildiyi barədə ekspertiza rəyinə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddiaçı zərərin həcmini sığorta aktı ilə müəyyən edilmiş məbləğdə qəbul etdiyindən hazırda həmin məbləğdən artıq həcmdə maddi zərəri tələb etməkdə haqlı deyildir. İddiaçı məhkəmə kollegiyasının iclasında avtomobilin artıq təmir olunduğunu qeyd etsə də, avtomobili hansı məbləğdə və harada tam təmir etdiyinə dair sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı iddia tələbində 3756 manatın cavabdehdən tutulmasını tələb etsə də, tələbinin əsasını təşkil edən halları mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Hətta iddia tələbləri qismən təmin edilsə də, iddiaçı qətnamə ilə maddi ziyanın əvəzi kimi cavabdehdən tutulmalı olan məbləğlə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Yəni, görünən odur ki, iddiaçının 3756 manat məbləğində çəkilən xərclərin müqabilində 136 manatla razılaşması ağlabatan deyil. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən, ona mənəvi ziyanın vurulması halı da, müəyyən edilmir. Belə olan halda, birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən edilməsi barədə səhv nəticəyə gəlmiş, qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbinin digər hissələrinin də hüquqi əsası olmadığından, təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 70 (yetmiş) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Həmin Məcəllənin 402-ci mаddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4891/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 70 (yetmiş) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2459/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2459/2022
29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver