Məhkəmə qərarları › İş №2(103)-2460/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2460/2021

13.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2460/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Sona Qasımovanın iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı qaz sayğacının yerinə quraşdırılması və fərdi yaşayış evinə qazın verilməsinin bərpa ediıməsi tələbinə dair 2(001)-6028/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 802 manat məbləğində qaz sayğacının yerinə quraşdırılması və fərdi yaşayış evinə qazın verilməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının ailə üzvləri ilə birlikdə faktiki olaraq yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması barədə texniki şərt xx.xx.2020-ci il tarixdə “Cavabdeh layihə İnşaat” QSC tərəfindən işlənib hazırlanmışdır, həmçinin müvafiq sənədlər “ASAN kommunal”a təqdim edilmiş və X1 tərəfindən xx.xx.2019-cu il tarixdə qaz sayğacının quraşdırılmasına etirazın olmaması barədə arayış verilmişdir. İddiaçı ilə “Cavabdeh” İstehsalat Birliyi arasında “Qazpaylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına” dair xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış və xx.xx.2020-ci il tarixdə qaz sayğacı quraşdırılmış və bu barədə akt tərtib edilmişdir. Qaz sayğacı qonşuluqda yerləşən fərdi yaşayış evinin iddiaçının evinə yaxın hissəsində olan hasarda quraşdırılmış və həmin qonşu tikinti işləri apardığından iddiaçı cavabdeh tərəfin əməkdaşına müraciət etmiş və həmin əməkdaş gələrək sayğacın yerini dəyişmişdir. Sayğac quraşdırıldıqdan bir ay yarım sonra cavabdeh tərəfin əməkdaşları gələrək heç bir protokol və akt tərtib etmədən sayğacı sökərək aparmış, üç gün sonra qaytarıb yerinə quraşdıracaqlarını bildirmişlər. Sayğac uzun müddət yerinə quraşdırılmadığından iddiaçı cavabdeh quruma ərizə ilə müraciət etmiş və ona cavab verilmişdir ki, ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ARDNŞ-nin istifadəsində olan sahədir və ora qaz verilə bilməz. Halbuki müqavilə bağlanarkən, sayğac quraşdırılarkən bunlardan heç biri bildirilməmişdir. Həmçinin ətrafda yerləşən yüzlərlə fərdi yaşayış evlərinə qaz çəkilmişdir. “Cavabdeh” İB-nin əməkdaşlarının səhlənkarlığı nəticəsində belə bir vəziyyət yaranmış və iddiaçının bir istehlakçı kimi hüquqları pozulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Cavabdeh” İstehsalat Birliyinin Bakı X2 Departamenti ilə İddiaçı arasında Binəqədi rayonu, 1-ci mədən, korpus 10 ünvanına dair qaz sayğacının quraşdırılaraq təbii qazın verilməsinə dair müqavilə bağlanmışdır. Lakin həmin mənzilə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qazın verilməsi zamanı nümayəndələr tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan ərazi Binəqədi Oyl şirkətinin ərazisi olduğu üçün həmin ərazidə qazın verilməsi yanğın partlayış təhlükəsi olduğu üçün təbii qazın verilməsi qanunsuz hesab edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahatında bildirdi ki, hazırda iddiaçıya məxsus həmin ünvanda cavabdeh tərəfindən qaz sayğacı yenidən quraşdırılmış və qazın verilməsi bərpa edilmişdirdır. Lakin buna baxmayaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixli, AKX-02200xx/xx-2020 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə “Cavabdeh” İB ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən, “Cavabdeh” İB istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək vəzifəsini üzərinə götürmüşdür. Həmin müqavilənin leqitim və hal-hazırda qüvvədə olması işin mübahisə olunmayan halıdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, tərəflər arasında müqavilə bağlanmış və iddiaçıya məxsus fərdi yaşayış evində sayğac quraşdırılmışdır. Bir müddət sonra həmin sayğacın quraşdırıldığı yerdə təmir aparıldığı üçün səlahiyyətli şəxs tərəfindən başqa yerə keçirilmiş və bundan bir aydan çox müddət keçdikdən sonra ümumiyyətlə çıxarılıb aparılmış və ərazinin neft şirkətinin istifadəsinə verilməsi bəhanəsi ilə geri qaytarılmamışdır. Cavabdeh tərəfindən sayğacın “ləğv edilməsinə” əsas olan hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə hal-hazırda da qüvvədədir və nə cavabdeh, nə də ki, maraqlarına toxunan digər şəxs tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hal-hazırda müqavilə qüvvədə ola-ola sayğacın çıxarılması və iddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı evə qazın verilməsinin dayandırılması qanunvericiliyin tələblərinə cavab vermir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6028/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar