Məhkəmə qərarları › İş №2(103)-2464/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2464/2024

06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2464/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, mənzilə köçürülmə, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və nümayəndəsi və vəkili X8 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-251/2024 saylı, 08 yanvar 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə X2 arasında xx.xx.1996-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmiş, birgə nikahdan xx.xx.2000-ci il tarixdə X5 doğulmuşdur.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-729/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur.

3. xx.xx.2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında 115 nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi ev 5D-ə dair "xxxx" MTK ilə Cavabdeh arasında müqavilə bağlanmış, ümumi sahəsi 86,64 kv.m. olan mənzilinin kv.metrinin dəyəri 400 ABŞ dolları həcmində qiymətləndirilməklə, 34656 ABŞ dolları təşkil edir.

4. 2011-ci il buraxılışılı ** LP *** dövlət qeydiyyat nişanlı, (Mühərrik 2.4 L/160 a.g./Benzin) “MİTSUBİSHİ GALANT” markalı avtomobil Cavabdeh adına mülkiyyət hüququ üzrə xx.xx.2017-ci ildə qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlaklara ½ hissədə payların müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzilin (yeni qaydalarla: ünvan 2 ünvanındakı 2 saylı mənzilin) orta bazar dəyəri olan 130.000 manat olan əmlakın 1/2 hissəsinə payın müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, 2011-ci il buraxılışlı, 99LP863 dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ GALANT” markalı, orta bazar dəyəri olan 17500 manat olan avtomobilə 2/1 hissəsinə payının müəyyən edilməsi, mənzilə köçürülməsi, mənzildə yerləşən, ümumi dəyəri olan 7455 manat olan, mətbəx mebeli - (4,0x0,70) - 1000 manat, televizor (Samsung markalı 54 dioqanal ölçülü) 1 ədəd - 200 manat, televizor (Samsung markalı 102 dioqanal ölçülü) 1 ədəd - 350 manat, soyuducu (Samsung markalı) 1 ədəd - 300 manat, soyuducu (İndezit markalı) 1 ədəd - 300 manat, stol-stul dəst (mətbəx mebelinin, 1 stol 4 stul) - 1 ədəd - 250 manat, çilçıraq (Türkiyə istehsalı) - 4 ədəd - 480 manat, xalça (3x2, 2x1.5, 4x3, 5 ədəd 1,2x1,0 ölçülü) 27 kv.m - 675 manat, uşaq üçün yataq mebeli (güzgülü termo) 1 ədəd - 150 manat, uşaq üçün yataq mebeli (şifoner) 1 ədəd - 200 manat, uşaq üçün yataq mebeli (pufik) 1 ədəd - 30 manat, uşaq üçün yataq mebeli (yazı stolu) 1 ədəd - 100 manat, uşaq üçün yataq mebeli (çarpayı) 2 ədəd - 240 manat, dolab (4x3 ölçüdə güzgülü) 1 ədəd - 200 manat, yataq otağı mebeli (taxt çarpayı) 1 ədəd - 250 manat, yataq otağı mebeli (güzgülü termo) 1 ədəd - 100 manat, yataq otağı mebeli (şifoner) 1 ədəd - 170 manat, yataq otağı mebeli (pufik) 1 ədəd - 30 manat, yataq otağı mebeli (pərdə) 1 ədəd - 150 manat, qonaq otağı mebel dəsti (divan) 1 ədəd - 250 manat, qonaq otağı mebel dəsti (kreslo) 3 ədəd - 210 manat, qonaq otağı mebel dəsti (jurnal stolu) 1 ədəd - 50 manat, qonaq otağı mebel dəsti (termo) 1 ədəd - 100 manat, qonaq otağı mebel dəsti (stol 6 ədəd stulla birlikdə) 1 ədəd - 400 manat, qonaq otağı mebel dəsti (televizor üçün divar rəfi) 1 ədəd -90 manat, qonaq otağı mebel dəsti (servant) 1 ədəd - 180 manat, kondisioner (Samsung) 1 ədəd - 350 manat, qonaq otağı mebel dəsti (açılıb-yığılan divan) 1 ədəd - 250 manat, televizor (1997-ci il istehsalı) 1 ədəd - 50 manat, yemək dəsti (qab-qacaqlar) - 400 manat, ümumi dəyəri cəmi 7455 (yeddi min dörd yüz əlli beş) manat olan əmlakların (mebellər, məişət avadanlıqları və əşyalar) bölünməsi, mediasiya üçün ödənilmiş 50 manat, müvəqqəti təminat tədbiri üçün ödənilmiş cəmi 10 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi ümumilikdə 110 manatın Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, Cavabdeh ilə ailə qurduqdan sonra uzun illər birgə yaşayıb, birgə təsərrüfat aparıblar. Cavabdeh son vaxtlar evdə səbəbsiz mübahisələr yaradaraq ailə həyatını gərgin vəziyyətə salmış, qısa müddətdən sonra, yəni 2022-ci ilin sonlarında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində aralarındakı nikahın pozulmasına dair iddia irəli sürmüşdür. Cavabdehlə birgə nikah dövründə yeni tikilidə, ünvan 3 ünvandakı 217 saylı mənzil (yeni qaydalarla: ünvan 4 ünvandakı 2 saylı mənzili) və 2011-ci il buraxılışlı, ** LP *** dövlət qeydiyyat nişanlı “MİTSUBİSHİ GALANT” markalı avtomobil almışlar. Hazırda cavabdehlə birgə nikah dövründə əldə edilən daşınar və daşınmaz əmlakların, məişət avadanlıqların aralarında 1/2 hissədə paylara bölünməsi barədə iddia tələbi irəli sürmək qərarına gəlmişdir. İddia ərizəsi irəli sürmək üçün qanunda nəzərdə tutulmuş Bakı şəhəri 18 saylı Mediasıya təşkilatına rəsmi müraciət etmişdir. Bundan başqa, qeyd edilən əmlakları, məişət avadanlıqlarını qiymətləndirmək üçün "X12 və Ekspertiza Mərkəzi” MMCyə rəsmi olaraq ərizə ilə müraciət etmişdir. Eyni zamanda, avtomobilin Cavabdeh xüsusi mülkiyyətində olub-olmaması barədə vəkil sorğusu ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilmiş, həmin sorğu 04 may 2023-cü il tarixdə idarə tərəfindən qəbul edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, № 3-13- 16/257147/2023 nömrəli arayışından görünür ki, Baş Dövlət Yol İdarəsi Qeydiyyat imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2017-ci il tarixdən “MİTSUBİSHİ GALANT” markalı, **- LP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, ev 5 “D”-də yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən və orta bazar dəyəri təqribən 130000 olan 217 saylı mənzilə ½ hissədə pay müəyyən edilməli və iddiaçının mülkiyyət hüququ tanınmalıdır. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzildə yerləşən, ümumi dəyəri cəmi 7455 (yeddi min dörd yüz əlli beş) manat olan əmlakların (mebellər, məişət avadanlıqları və əşyalar) bölünməsi, orta bazar dəyəri - 17500,0 (on yeddi min beş yüz) manat olan, 2011-ci il buraxılışlı, ** LP *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ GALANT” markalı avtomobilə ½ hissədə pay müəyyən edilməlidir. Cavabdeh hal-hazırda birgə nikah dövründə əldə etdikləri mənzilin qapısının qıfılını dəyişərək, ona həmin mənzilə gəlib yaşamağa maneələr törədir. Ona məxsus bütün geyimlər, əşyalar və əmlaklar həmin mənzildədir. Keçmiş həyat yoldaşı- Cavabdeh tanışlarına bildirmişdir ki, onu evə buraxmayacaq. Ağır ürək xəstəsidir, hazırda açıq ürək əməliyyatı keçirmişdir və qalmağa başqa yaşayış yeri də yoxdur. Eyni zamanda məhkəmədən, birgə nikah dövründə qazandıqları və yaşadıqları ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 86,64 kv.metr təşkil edən 217 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəs, 4, M15 ünvanındakı 2 saylı mənzil) mənzilə köçürülməyini də xahiş edir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-251/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın qismən təmin edilərək ünvan 3 ünvanında yerləşən 217 saylı mənzilə (yeni qaydalarla: ünvan 4, 2 saylı mənzil) İddiaçı payı ½ olmaqla, Cavabdeh payı ½ olmaqla mülkiyyət hüququnun tanınması; 2011ci il buraxılışlı, "Mitsubishi Galant" markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı payı ½ olmaqla, Cavabdeh payı ½ olmaqla mülkiyyət hüququnun tanınması; İddiaçı mübahisəli ünvan 3 ünvanında yerləşən 217 saylı mənzilə (yeni qaydalarla: ünvan 4, 2 saylı mənzil) köçürülməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; 50 manat ekspertiza xərcinin İddiaçı tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin mübahisəli halı qeyd olunan əmlakların tərəflərin birgə vəsait hesabına alınması və iddia ərizəsində göstərilən ev əşyalarının da birgə nikah dövründə, həmçinin birgə vəsait hesabına alınması məsələsidir. Cavabdeh mübahisə obyekti olan mənzil və avtomobilin onun şəxsi, yəni ailəsi tərəfindən verilən vəsait hesabına alındığını bildirir və buna görə də sübutetmə yükü onun üzərinə düşür. Məhkəmə mübahisə obyekti olan mənzil və avtomobilinin tərəflərin birgə vəsaiti hesabına alınmaması halına dair sübutetmə yükünün cavabdehin üzərinə düşdüyünü nəzərə alaraq onun istinad etdiyi hallara dair məhkəməyə təqdim etdiyi yeganə sübutun şahid ifadəsi olduğuna görə həmin sübuta qiymət verir. Bununla bağlı məhkəmə hesab edib ki, ifadə verən şahidlərin cavabdehin özünün yaxın qohumları olması və onun tərəfindən yanaşı heç bir sübutun məhkəməyə təqdim olunmaması, yalnız iki şahidin ifadəsi ilə kifayətlənərək məhkəmə sənədləri ilə birgə nikah dövründə alınması təsdiq olunan əmlakı birgə ümumi əmlak hesab etməməyə əsas ola bilməz. Yəni, başqa sözlə desə, cavabdehin məhkəmədə ifadə verən qohumları mübahisəli nəqliyyat vasitəsi və mənzilin onlar tərəfindən Ş.Məhərəmovaya alınaraq bağışlandığını bildirirlərsə, o zaman onların həmin əmlakları Mülki Məcəllədə nəzərdə tuutlan qaydada bağışlama müqaviləsi əsasında vermə imkanlarının olduğunu da nəzərə almalı idilər. Vaxtilə həmin imkandan istifadə etməmələri bu gün həmin əmlakı Cavabdeh nikah dövründə hədiyyə şəklində verilən əmlak kimi qəbul etməyə imkan vermir. Göstərilənlərə əsasən, tərəflər birgə nikahda olduqları müddət ərzində birgə vəsait hesabına alınan ünvan 9 ünvanında yerləşən mənzil və "Mitsubishi Galant" markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə mülkiyyəti hesab olunmaqla, payları bərabər müəyyən olunmalıdır. Həmçinin iddiaçının da qeyd olunan mənzilə bərabər payda mülkiyyət hüququ olduğuna görə həmin evə köçürülməlidir. Bundan başqa, iddiaçı tərəfindən ümumi dəyərinin 7455 manat olduğuna iddia olunan ev əşyalarının həqiqətən də tərəflərin nikah dövründə və kim tərəfindən alındığına dair məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı isə bu halı mübahisələndirmiş və əksini şahid ifadələrin ilə də sübut etməyə çalışmışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlib ki, həmin hissədə iddia tələbi təmin olunmamalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh (nümayəndəsi və vəkili X13) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissəsində ləğv və həmin hissədə də iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərir ki, birinci instansiya məhkəməsində iddiaçı mübahisləndirilən əmlakların birgə vəsait hesabına əldə edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin əmlakın onun tərəfindən alındığını iddia edir, lakin mübahisə obyekti olan ev və maşının heç birini öz adına almayıb. Qəbul etsə ki, iddiaçı həmin əmlakların alınmasında vəsaiti ilə iştirak edib, o zaman hansı hal həmin əmlakları öz adına almasına maneçilik törədib? Həqiqət isə budur ki, iddiaçının həmin əmlakları öz adına almasına heç bir maneçilik olmayıb. İddiaçının adına alınmış və şəxsi mülkiyyətində olan mənzili var. İş materiallarında bununla bağlı daşınmaz əmlakın reyestrindən əldə edilmiş sənədləri məhkəməyə təqdim edib. İddiaçı ərizəsində başqa yaşayış yerinin olmamasını əsas gətirərək mübahisələndirilən evə köçmək istədiyini bildirir. Təəssüf ki, məhkəmə həmin hissədə iddiaçının iddiasını təmin etmişdir. Cavabdeh dəfələrlə iddiaçı tərəfindən döyülərək, təhqir olunaraq mənzildən qovulub. Bununla bağlı cavabdeh dəfələrlə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına şikayət edib. Bu gün iddiaçının mülkiyyətində başqa mənzil olduğu halda mübahisəli mənzilə köçəcəyi təqdirdə gələcəkdə çox ciddi problemlər olacağı qaçılmazdır. İddiaçı onu və qızına təhdid edərək, döyüb mənzildən qovmuşdur.Təəssüf ki, məhkəmə real vəziyyəti düzgün qiymətləndirməmiş, iddiaçının tələbini mənzilə köçürülmə hissəsində də təmin etmişdir. İddiaçı mübahisələndirilən əmlakların birgə vəsait hesabına əldə edilməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh mübahisələndirilən əmlakın əldə alınması üçün vəsaitin anası X1 almağına dair yazılı sübutu məhkəmə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 cavabdehin izahatına uyğun ifadə də vermişdir. Həmçinin mübahisə obyekti olan evi almaq məqsədi ilə qızı Cavabdeh 25 sentyabr 2006-cı il tarixdə 35000 ABŞ dolları məbləğində pulu verməsini, cavabdehin isə həmin məbləği qəbul etməsinə dair əvəzsiz əqd də bağladıqlarını bildirmiş və həmin yazılı sübut məhkəməyə təqdim edilmişdir. Məhkəmənin mülki qanunvericiliyin normalarına istinad etməsi və iddiaçının iddiasının qismən təmin edilməsi barədə qətnamə qəbul etməsi tamamilə əsassız və qanunsuzdur və qətnamə həmin hissədə ləğv edilməldir. Təəssüf ki, məhkəmə təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməyərək mübahisə obyekti olan əmlakların birgə vəsait hesabına əldə edilməsi qənaətinə gələrək mübahisəli qətnaməni qəbul etdi. Mübahisələndirilən əmlak birgə nikah dövründə əldə olunsa da, birgə vəsait hesabına əldə edilməyib. Cavabdeh birinci instansiya məhkəməsinə mübahisə predmeti olan mənzilin və maşının alınması üçün pul vəsaitinin anası və qardaşı tərəfindən verilməsinə dair sübut təqdim etmişdi. Hər iki şahid cavabdehin izahatına uyğun ifadələr vermişdi. Hətta cavabdehlə anası X3 arasında evin alınması məqsədilə pulun qızına bağışlanmasına yazılı sübut da məhkəməyə təqdim edilmişdir. Təəssüf ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxmayaraq düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

10. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini xahiş edib göstərir ki, cavabdehlə birgə yaşadıqları dövrdə iddiaçı daim müxtəlif vəzifələrdə işləyərək pul qazanmış və kifayət qədər gəliri olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər, X3 və X4 cavabdehlə yaxın qohumluq münasibətləri olduğundan ifadələri sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda, Cavabdeh vaxtı ilə anası tərəfindən pul verilməsi qeyri-mümkündür. Əvvəla, onun anasının həmin məbləğdə pul vəsaitinin mənbəyi məlum deyildir. Bundan başqa, əqd məsələsinə diqqət yetirsə, tərəflər arasında bağlanmış əqdlər notariat qaydasında rəsmiləşir, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş və “əqd” adlandırdığı vərəqə, qəbzə diqqət yetirsək bilmək olar ki, qələmlə yazılmış həmin vərəq məhkəmə baxışı ərəfəsində tərtib edilmişdir və qələmlə yazılışın özü də təzə yazıdır. Birinci instansiya məhkəməsi cavabdehin mübahisələndirdiyi hissəyə düzgün qiymət verdiyindən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X13 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnaməni mübahisələndirdikləri hissədə ləğv edərək həmin hissədə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. və 37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

14. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki: 5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. 5.4. E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1- ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. 5.5. Nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir. 5.6. Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. 5.7. Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.

24. Belə ki, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

26. Yalnız nikah müddətində və ər-arvadın ümumi gəlirləri əsasında əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur (AM. m.34.1).

27. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yəni, tərəflərin işləməməsi onları ümumi əmlak üzərində mülkiyyət hüququndan məhrum etmir. Əksinə qanunverici bu cür hallarda ərin yaxud arvadın ümumi əmlak üzərində hüquqlarının olduğunu xüsusiləşdirərək müəyyən etmişdir.

28. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, cavabdeh mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etsə də, həmin dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, mənzilin tərəflərin rəsmi nikahı dövründə əldə olunması işin mübahisəsiz halıdır. Bu tarixləri iddiaçı da mübahisələndirmir. Yəni, tərəflər xx.xx.1996-ci ildə rəsmi nikah bağlamış, mübahisəli mənzil isə xx.xx.2006-cı il tarixdə "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilə ilə əvəzli qaydada əldə edilmişdir.

29. Cavabdeh iddia edir ki, həmin mənzilin alınması üçün tələb olunan məbləği anası vermişdir. Ona görə də mübahisələndirdiyi hal həmin mənzilin valideyninin vəsaiti ilə əldə olunduğuna görə birgə mülkiyyət olmaması ilə bağlıdır. Əvvəla, bu hallar sübuta yetirilməlidir. Sübutetmə yükü isə təbii ki, bu halı iddia və bəyan edən tərəfin üzərinə düşür. Lakin bu barədə iddiaçı tərəfindən nə birinci, nədə apellyasiya instansiya məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 30.Cavabdehin təqdim etdiyi yazılı sənəd barədə məhkəmə tərkibi aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, cavabdehin və anası Mayisə Abdullayevanın imzaladığı, kiril qrafikalı əlifba ilə yazılmış həmin sənəddə göstərilir ki, “X14 H qızım Cavabdeh F ev almaq məqsədi ilə maddi yardım kimi 25 sentyabr 2006-cı ildə 35000 dollar məbləğində pul verdim”. Əvvəla məhkəmə tərkibi tərəfindən həmin sənədin əslinə baxış keçirilərkən müəyyən edildi ki, qeyd olunan sənəd köhnəlmiş(saralmış) dəftərdən səliqəsiz şəkildə cırılmış(qoparılmış) vərəqin üzərində yazılmışdır. Vərəq köhnəlmiş(saralmış) olsa da üzərində qələmlə icra edilmiş yazı oksidləşməmiş, başqa sözlə 18 il əvvəl yazıldığı açıq-aşkar sezilmir. Sənəddəki yazı mürəkkəbi 2006-cı il deyil, daha yaxın tarixlərə aiddir. Belə ki, kağızın qruplaşdırılan xüsusiyyətlərindən biri də onun sorbsion göstəriciləridir. Bu göstəricilərdən biri kağızın mürəkkəb və digər boyaq maddələrini udmaq qabiliyyətidir. Şübhəsiz ki, 2006-cı ildə yazıldığı iddia olunan sənədin mürəkkəbinin rəngi, eləcə də kağızda qalıcılığı dəyişmiş olmalıdır. Lakin məhkəməyə təqdim edilən qəbzdən də aşıq-aşkar göründü ki, sənəddəki yazıda hər mürəkkəbin rəng dəyişikliyi (oksidləşmə) və ya qalıcılığın deformasiya olması kimi amillər baş verməyib. Bu da həmin qəbzin hazırki mübahisə yaranandan sonra tərtib edildiyinə əminlik yaradır. Demək ki, bu sənədin geri tarixə tərtib olunması açıq-aşkar şübhə doğurmadığından mötəbər sübut kimi qəbul edilə də bilməz. Ən azından həm də ona görə ki, sənədin məzmumundaki mətn və tarixin qoyulmaması sənədin mötəbərliliyini təkzib edir. Birdəki sənəddə cavabdehə ev almaq məqsədilə maddi yardım kimi verildiyi iddia olunan vəsaitin yalnız cavabdehə verilməsi də konkret göstərilməmişdir. Bunun göstərilməsi də mümkün ola bilməzdi. Çünki tərəflər 27 ilə yaxın bir müddətdə nikahda olub, bu nikahdan bir övladları var, bu dövrdə birgə və mehriban ailə kimi yaşamış, uşağın doğulması ilə ailə bağları daha da sıxlaşmışdır. Qeyd olunan sənədin 25 sentyabr 2006-cı ildə tərtib olunduğu ehtimal olunsa belə, həmin vaxt tərəflər artıq 10 il idi ki, nikahda idilər. Aralarında hər hansı bir formada xoş olmayan münasibətlərin olmasına da cavabdeh istinad etmir. Deməli, hətta qeyd olunan sənədin həmin tarixdə tərtib olunması və onda göstərilənlər həqiqi olması ehtimal edilsə belə cavabdeh anasının verdiyini iddia etdiyi həmin “vəsaitin” ailəyə deyil, yalnız ona bağışladığını sübut etməlidir. Çünki bu cür “bağışlama” tərəflərin nikaha girməsindən dərhal sonra deyil, 10 il sonra baş verdiyi iddia olunur. Bu cür hallar isə həyatda həmişə baş verən hallara uyğun gəlmir. Yəni, heç bir valideyn övladının ailəsinin gələcəkdə dağılacağını əvvəlcədən duyaraq yaxud hiss edərək hansısa əşyanı ailəyə deyil yalnız övladına bağışlamaq niyyətində də olmurlar. Hazırki işin konkret halları da bu cür qənaətə gəlməyə əsas vermir. Ona görə də üzərində tərəflərin paylı mülkiyyəti tanınan mənzil və avtomobil heç bir halda cavabdehin fərdi mülkiyyəti kimi qiymətləndirilə bilməz.

31. Mübahisə predmeti olan mənzilin və avtomobilin cavabdehin adına qeydə alınması onların birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə edildiyini istisna etmir. Yetər ki, bu əmlaklar birgə nikah və birgə gəlirlər hesabına əldə edilmiş olsun. Bu əmlakların nikah dövründə ərin yaxud arvadın adına qeydə alınması da heç nəyi dəyişmir. İddiaçının mülkiyyətində hansısa başqa əmlakın olduğu da hazırki iddianın əsassızlığına dəlalət etmir. Başqa sözlə paylı mülkiyyətinin tanınması tələb edilən mənzil iddiaçının mülkiyyəti olduğundan onun həmin mənzil üzərində mülkiyyət hüququndan irəli gələn qanunla qadağan olunmayan istənilən hərəkətlər etmək, o cümlədən həmin mənzilə köçüb yaşamaq hüququ mövcuddur. Bunu ona hansısa səbəbə görə qadağan etmək olmaz. Qeyd olunan əmlakların birgə nikah və birgə gəlirlər hesabına əldə edilməsinə dair iddiaçının məhkəməyə sübut təqdim etməsinə də zərurət olmamışdır. Çünki nikah qeydinin qüvvədə olması prezumsiyasına görə iddiaçı bu halları sübut etmək yükündən azad sayılır. Nəqədərki cavabdeh qeyd olunan əmlakların birgə gəlirlər hesabına alınmadığını bəyan edir, demək ki, yeni bir hala istinad edir və istinad etdiyi halı sübut etmək yükü də onun üzərinə düşür. İddiaçı tərəfindən cavabdehə qarşı hansısa qanuna zidd əməl, yəni inzibati xəta yaxud cinayət törədildiyinə görə cavabdehin cinayət təqibi qaydasında araşdırma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır.

32. Cavabdehin anasının və qardaşının şahid qismində verdiyi ifadəsi bu xarakterli iddia üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin şahidlər cavabdehin yaxın qohumları olduğundan istər-istəməz onların ifadələrinin mötəbərliliyi azalmış olur. Başqa sözlə onların ifadələrinin cavabdehin mənafeyinə uyğun olduğu istisna olunmur.

33. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-251/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-251/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar