Məhkəmə qərarları › İş №2(103)-2465/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2465/2024

18.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2465/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsulıyyətli Cəmiyyətinin X12 qarşı ilkin, Cavabdeh “Faktor Lizinq" Məhdud Məsulıyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: əldən çıxmış fayda, zərərin əvəzinin ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X7, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin X12 qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçınə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qətnaməsindən Təymınə Yusifovanın nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X9 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 63 saylı evin 211 kv.m ölçülü 4 otaqdan ibarət 33 saylı mənzilini 250 000 (iki yüz əlli min) manata İddiaçı MMC-nə satmış, bununla bağlı onların arasında AN-1 № ******* saylı 20 noyabr 2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır.

2. İddiaçı MMC ilə X13 arasında 20 noyabr 2015-ci il tarixdə D014 saylı "xxxx" bağlanmış, MMC, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən lizinq obyektini ilkin öhdəlik 130 000 (bir yüz otuz min) manat müəyyən edilməklə 24 ay müddətinə, hər ay 6617 ABŞ dolları ödəməsi şərtilə X8 lizinqə vermişdir.

3. X13 həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini “D014 saylı Daxili lizinq müqaviləsinə 01 fevral 2016-cı il tarixli Əlavə razılaşma” (“Öhdəliyin ötürülməsi haqqında” razılaşma) əsasında X6 ötürmüş, sonuncu bu öhdəliyi qəbul etmişdir.

4. İddiaçı MMC-nin X6 qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, qarşılıqlı iddia təmin olunaraq Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş X9 və İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin, X13 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli D014 saylı daxili lizinq müqaviləsinin və "Faktor Lizinq” MMC, X9 və X13 arasında bağlanmış D014 saylı daxili lizinq müqaviləsinə 01 fevral 2016-cı il tarixli əlavə razılaşmanın (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən Yasamal rayonu, Nizami küçəsi ev 63, mənzil 33 üzərində "Faktor Lizinq” MMC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 138 kv.m, yardımçı sahəsi 72.2 kv.metrdən ibarət, ümumi sahəsi 211 kv.metr olan 4 otaqlı mənzil üzərində X9 ilə X14 bərabər paylı mülkiyyət hüququnun tanınması, o cümlədən X4 250 000 manatın tutularaq "Faktor Lizinq” MMC-yə ödənilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli hökmü ilə X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərinin tərkibi olmadığı üçün ona bəraət verilməsi, Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 44.2.1ci maddələri tətbiq edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 iyun 2016cı il tarixdən 23 iyun 2016-cı il tarixədək 2 gün həbsdə saxlama müddətinin təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və qəti olaraq üzərində 2 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmənin əvvəlinin 26 sentyabr 2017-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC və X9 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinin təsdiq edilməsi qərara alınmışdır. Həmin barışıq sazişinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli qətnaməsi üzrə X5 İddiaçı MMCyə ödəməli olduğu 250 000 manat məbləğində vəsait və MMC-nin ona qarşı irəli sürdüyü 135 306 manat məbləğində iddia nəzərə alınmaqla İddiaçı MMC-nin X6 qarşı ümumi tələbinin həcmi 385 306 (üç yüz səksən beş min üç yüz altı) manat müəyyən olunmuş, tələb edilən məbləğin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli qətnaməsi ilə X5 mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilindəki payı ilə, yəni həmin mənzilin 1/2 hissəsi ilə əvəzləşdirilməsi, mənzilin digər 1/2 pay sahibi olan mülkiyyətçisi X14 X5 payını satın almada üstünlük hüququ nəzərə alınmaqla, ona X6 məxsus hissəsini 385 306 manata əldə etməyin təklif edilməsi, X2 Təyminə Şamil qızının payını əldə edərsə, bunun üçün ödəniləcək ümumi tələb həcminə bərabər pul vəsaitinin MMC-nə ödənilməsi, X2 Təyminə Şamil qızının payını əldə etməzsə və ya qanunvericiliklə müəyyən olunmuş müddət ərzində münasibət bildirməzsə, paya olan mülkiyyət hüququnun İddiaçı MMC-yə keçəcəyi, sazişlə müəyyən olunmuş öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinin onun pozuntusu kimi qiymətləndiriləcəyi, belə olan halda 385 306 manat məbləğində ümumi tələbin Təyminə Abdullayevaya məxsus istənilən əmlaka yönəldilməsi üçün əsas olacağı barədə razılığa gəlinmişdir.

7. Bakı şəhəri Səbail Rayon icra və probasiya şöbəsinin icra məmuru xx.xx.2019-cu il tarixli qərarla Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlamışdır.

8. Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilin X6 məxsus ½ hissəsini 385 306 manata əldə etmək X15 təklif olunmuşdur.

9. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli məktublarında göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 63 saylı evin 33 saylı mənzil üzərində İddiaçı MMC-nin hüququnun qeydə alınmasından Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə icra sənədinin rəsmi qaydada İdarəyə daxil olmaması, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmaması və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə mənzil üzərinə həbs qoyulması səbəblərindən imtina edilmişdir.

10. İddiaçı MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs - X20) “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzilinin ½ hissəsi üzərində İddiaçı MMC-nin paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi həmin İdarəyə həvalə olunmuşdur.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. "xxxx" MMC-nin 0127 saylı xx.xx.2023-cü il tarixli hesabatında göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63 ünvanında yerləşən, ümumi sahəsi 211 kv.m olan 33 saylı mənzilin 19 iyul 2019-cu il tarixinə bazar qiyməti 1 340 000 manat, ½ hissəsinin qiyməti isə 670 000 manat kimi müəyyən olunmuşdur.

13. Müstəqil ekspert Əhməd Talıblının xx.xx.2023-cü il tarixli FŞ 2106 saylı qiymətləndirmə rəyində göstərilmişdir ki, İddiaçı MMC-nin və X25 oglunun mülkiyyətinda olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 211 kv.m-dən ibarət olan yaşayış sahəsinin bazar dəyəri 1 100 000 (bir million yüz min) manat, likvid dəyəri isə 844 000 (səkkiz yüz qırx dörd min) manat təşkil edir.

14. ünvan 1 ünvanında yerləşən 211 kv.m mənzilin ½ hissəsi X25 ogluna məxsus olmaqla, ½ hissəsinə İddiaçı MMC-nin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır.

15. İddiaçı MMC-nin 0674/23 saylı xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, MMC-nirı kreditorlardan aldığı vəsaitlər üzrə illik faiz dərəcləri aşağıda qeyd olunur: "xxxx" ASC - 14%-2018; "xxxx" ASC-17 %-2017; "xxxx" ASC-14 %-2018; Fiziki şəxs (B001) -9,68%-2019; "xxxx" ASC-18 %-2019; Fiziki şəxs (B001) -7,81%-2020; Fiziki şəxs (B001) -8,12%-2021; Fiziki şəxs (B001 )-9,37%-2022; "xxxx" ASC-12.5 %- 2023;

16. İddiaçı MMC-nin 0675/23 saylı xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, MMC-nin 2015-ci ildən etibarən daşınmaz əmlakın maliyyələşdirildiyi lizinq müqavilələri üzrə illik faiz dərəcələri 24-26% olmuşdur. MMC kommersiya fəaliyyətini müxtəlif hüquqi və fiziki şəxslərdən aldığı kredit vəsaitləri hesabına həyata keçirir. Şirkətin kreditorlardan aldığı vəsaitlər üzrə ödədiyi illik orta faiz dərəcəsi 10%-dən aşağı olmamışdır. Bu qeyd edilənlər Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzilin illik gəlirliyinin 10 % (hətta daha çox) olmasını sübut edir.

17. Cavabdeh İddiaçı MMC-nə və Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

18. İddiaçı Məhdud Məsulıyyətli Cəmiyyəti (MMC) X12 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh əməlləri nəticəsində MMC-nə dəymiş 590 800 (beş yüz doxsan min səkkiz yüz) manat məbləğində ziyanın (422 000 manat real zərərin, 168 800 manat həcmində əldən çıxmış fayda növündə ziyanın) və 881 manat dövlət rüsumunun ondan tutulub MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, MMC ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında xx.xx.2015-ci il tarixində sonuncuya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63 ünvanında yerləşən 33 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış, müqavilə bağlanan zaman Yusifova (Abdullayeva) Təyminə Şamil qızı tərəfindən notariusa təqdim edilmiş şəxsiyyət vəsiqəsində (şəxsiyyət vəsiqəsi 02 noyabr 2015-ci il tarixində "ASAN 5” tərəfindən verilmişdir) onun subay olduğu qeyd edildiyindən alqı-satqının reallaşması üçün hər hansı digər bir şəxsin razılığına lüzum olmamışdır. Alıcı qismində çıxış edən İddiaçı MMC tərəfindən mənzilin qiyməti tam olaraq satıcıya ödənilmiş, daha sonra isə həmin mənzil xx.xx.2015-ci il tarixli D014 saylı Lizinq müqaviləsi əsasında başqa bir şəxsə (X13) lizinqə verilmişdir. Lakin həmin şəxs müqavilə şərtlərini lazımı qaydada yerinə yetirməmiş, ödənişləri vaxtında həyata keçirmədiyi barədə ona xəbərdarlıq edilikdə isə, o, ödənişləri vaxtlı-vaxtında həyata keçirməyə maddi imkanının olmadığını, buna görə də öz öhdəliyini başqa şəxsə ötürmək niyyətində olduğunu bildirmişdir. Bundan sonra, 1 fevral 2016-cı il tarixində D014saylı 20 noyabr 2015-ci il tarixli Daxili lizinq müqaviləsinə lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin X6 ötürülməsini nəzərdə tutan Əlavə Razılaşma imzalanmışdır. X3 da öhdəliklərin ötürülməsi haqqında müqavilənin şərtlərini pozaraq lizinq müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir. Odur ki, MMC “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin alqı-satqı müqaviləsi bağlandıqdan bir müddət keçdikdən sonra Yusifova (Abdullayeva) Təyminə Şamil qızının həmin müqavilə bağlanarkən evli olduğu məlum olmuş, nəticədə sonuncu ilə onun həyat yoldaşı Barat Abdullayev arasında mübahisələr başlanmışdır. İddiaçı MMC-nin X6 qarşı müqavilədən irəli gələn mübahisələrə dair tələblərinə məhkəmədə baxılan zaman Barat Abdullayev yuxarıda adı çəkilən alqı-satqı, lizinq və öhdəliklərin ötürülməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və həmin əmlakda pay hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə baxan Səbail Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ilk iddianın (yəni, İddiaçı MMC-nin iddiasının) rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Qətnaməyə əsasən, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş X9 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsi”, X13 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, D014 saylı Lizinq müqaviləsi və İddiaçı MMC, X9 və X13 arasında bağlanmış D014 saylı X17 xx.xx.2016-cı il tarixli Əlavə razılaşma (öhdəliyin ötürülməsi haqqında) etibarsız hesab edilmiş, mübahisəli əmlakın üzərində X9 ilə X14 bərabər paylı mülkiyyət hüququ tanınmışdır. Eyni zamanda qətnamə ilə X4 250 000 manat pulun tutularaq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir. Bundan sonra, X6 Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2 və 315.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qərarı X9 həmin maddələrlə təqsirli bilinərək məhkum olunmuşdur. Həmin hökmdən verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 06 dekabr 2017-ci il tarixli hökmü ilə Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv etmiş, X5 əməlində CM-in 320.1 və 178.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərinin tərkibi olmadığı üçün ona bəraət verilməsi, X5 AR CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və AR CPM-in 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməsi, X5 AR CM-in 315.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarmışdır. Həmin hökmdə göstərilir ki, “Yuxarıda qeyd olunduğu kimi, məhkəmə kollegiyası X5 adına 02 noyabr 2015-ci il tarixdə Bakı şəhəri 5 saylı ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş AZE seriyalı, 15484236 nömrəli şəxsiyyət vəsiqəsinin "ailə vəziyyəti” qrafasında edilmiş "subay” qeydiyyatının həqiqətə uyğun olmamasını müəyyən etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Təyminə Abdullayeva şəxsiyyət vəsiqəsində həmin qeydin düzgün olmamasını bilə-bilə ondan istifadə edərək, mülkiyyətində olan daşınmaz əmlakı özgəninkiləşdirməklə, AR CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, onun müqaviləni bağlayarkən notariat orqanının adına tərtib olunmuş ərizədə guya subay olduğunu və mənzil əldə edərkən də guya subay olduğunu göstərməsi onun saxta sənəddən istifadə etmək məqsədinin göstəricisidir”. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-2120/2016 saylı Qətnaməsində də öz təsdiqini tapmışdır ki, “X5 Bakı şəhər notariusuna ünvanlanmış 15 noyabr 2015-ci il tarixli ərizənin məzmunundan görünür ki, T. Abdullayeva ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63 ünvanında yerləşən 33 saylı mənzili həm əldə edən, həm də satan zaman subay olub, bununla bağlı hər hansı mübahisə yaranarsa, bütün məsuliyyəti öz üzərinə götürür”. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63 ünvanında yerləşən 33 saylı mənzilin dəyərinin tam şəkildə satıcıya ödənilməsinə baxmayaraq, sonradan bütün əqdlər etibarsız hesab edilmiş və həmin əmlaka olan mülkiyyət hüquqlarından tam şəkildə məhrum olmuşlar. MMC, uzun zaman davam edən məhkəmə mübahisələrindən sonra X9 ilə bağlanmış barışıq sazişi nəticəsində həmin əmlakın yalnız ½ hissəsində öz mülkiyyət hüququnu bərpa edə bilmişdir. Belə ki, X5 İddiaçı MMC-yə olan borcları onun həmin mənzildəki payı ilə, yəni mənzilin ½ hissəsi ilə əvəzləşdirilmiş, barışıq sazişi Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir. Lakin hal-hazırda da, əmlakın ½ hissəsi İddiaçı MMC-yə məxsus olsa da, həmin əmlakı realizə etmək mümkün deyildir. Yəni, X5 alqı-satqı müqaviləsi bağlanan zaman bilə-bilə saxta sənədlərdən istifadə etməsi nəticəsində İddiaçı MMC alqı-satqı müqaviləsi bağlanarkən haqqı çatanların yarı hissəsindən məhrum olmuşdur. İşin hallarından aydın olduğu kimi, alqı-satqı zamanı X9 bilə-bilə saxta sənədlərdən istifadə etməklə CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir və bu fakt Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 06 dekabr 2017-ci il tarixli 1(103)-1749/2017 saylı qərarı ilə öz təsdiqini tapmışdır, həmin hissədə preyudisial əhəmiyyətə malikdir. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə ki, İddiaçı MMC 20 noyabr 2015-ci il tarixli alqısatqı müqaviləsi əsasında mübahisəli əmlakın vahid və yeganə mülkiyyətçisi olmalıydı. Çünki məhkəmə qərarları ilə də öz təsdiqini tapdığı kimi MMC həmin zaman vicdanlı alıcı olmuş, alqı-satqı müqaviləsinin şərtlərinə də əməl edərək mənzilin qiymətini tam şəkildə onun satıcısına ödəmişdir. Lakin sonradan yaranan məhkəmə mübahisələri nəticəsində mənzil İddiaçı MMC-dən alınmışdır. Bunun nəticəsində MMC-nə həm real zərər, həm də əldən çıxmış fayda növündə ziyan dəymişdir. Belə ki, hal-hazırda "Faktor Lizinq” MMC mübahisəli əmlakın yalnız ½ hissəsinə öz mülkiyyət hüququnu bərpa edə bilmiş, əmlakın qalan hissəsindən isə məhrum olmuşdur (real zərər). Başqa sözlə, likvid dəyəri 844 000 manat (səkkiz yüz qırx dörd min), bazar dəyəri isə 1 100 000 (bir milyon yüz min) manat olan əmlakın yarısından məhrum olmuş MMC-yə 422 000 min manat məbləğində real ziyan vurulmuşdur. Həmin əmlakın gəlirliyinin illik 10 faiz olduğu nəzərə alınsa, onun icarəyə və ya lizinqə veriləcəyi təqdirdə 2019-cu ildən bu günədək olan 4 illik müddət ərzində MMC 168 800 manat (422 000 manatın 10 faizi 42 200 manat edir, 4 ilə görə isə bu məbləğ 168 800 manat olur) məbləğində əldən çıxmış faydadan məhrum olmuşdur.

20. Cavabdeh isə İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, MMCdən 650 000 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, ilkin iddiaçının ona borclu olduğunu hesab edir. Belə ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ona verilən pulun cəmi 250 000 manat olması təsdiq edilmiş, müəyyən olunmuşdur ki, İddiaçı MMC Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63 ünvanında yerləşən 33 saylı mənzil üçün cəmi 250 000 manat ödəmişdir. Hazırda isə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişi nəticəsində həmin əmlakın ½ hissəsinin mülkiyyət hüququ MMC-nə aiddir. Onun MMC-yə olan borcu, yəni 250 000 manat məbləğində vəsait həmin mənzildəki payı ilə, yəni mənzilin ½ hissəsi ilə əvəzləşdirilmiş, barışıq sazişi Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir. MMC öz ərizəsində mənzilin dəyərini likvid dəyəri 844 000 AZN (səkkiz yüz qırx dörd min), bazar dəyərini isə 1 100 000 (bir milyon yüz min) AZN qeyd etməklə özü sübut edir ki, ona cəmi 250 000 manat ödədiyi halda 550 000 manat dəyərində əmlak əldə etmişdir. Lakin hazırda mənzilin bazar dəyəri 1 800 000 manat, MMC-nin mülkiyyətində olan ½ hissəsi isə 900 000 manat təşkil edir. Beləliklə, MMC cəmi 250 000 manat ödədiyi halda, haqsız olaraq 900 000 manatlıq əmlak əldə etmiş, yəni haqsız 650 000 manat gəlir əldə etmişdir.

22. Məhkəmə iclasında iştirak edən “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etmişlər.

23. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmiş, aşağıda göstərilən məzmunda izahatlar vermişlər: “Doğrudan da, İddiaçı MMC ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında xx.xx.2015-ci il tarixində ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63 ünvanında yerləşən 33 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış, alıcı qismində çıxış edən İddiaçı MMC tərəfindən həmin mənzil xx.xx.2015-ci il tarixli D014 saylı Lizinq müqaviləsi əsasında başqa bir şəxsə (X13) lizinqə verilmişdir. Lakin həmin şəxs müqavilə şərtlərini lazımı qaydada yerinə yetirməmişdir. Ödənişləri vaxtında həyata keçirmədiyi barədə ona xəbərdarlıq edilikdə isə, o, ödənişləri vaxtlı-vaxtında həyata keçirməyə maddi imkanının olmadığını, buna görə də öz öhdəliyini başqa şəxsə ötürmək niyyətində olduğunu bildirmişdir. Bundan sonra, 1 fevral 2016-cı il tarixində D014saylı 20 noyabr 2015-ci il tarixli Daxili lizinq müqaviləsinə lizinq müqaviləsi üzrə lizinq alanın öhdəliklərinin X6 ötürülməsini nəzərdə tutan Əlavə Razılaşma imzalanmışdır. Beləliklə buradan görünür ki, həmin lizinq müqaviləsini bağlayarkən İddiaçı MMC-nin əsl niyyəti ondan mənzil alıb guya ki, alıcı X1 olmamış, həmin alıcı formal xarakterli alıcı olmuş, əslində MMC pulu ona vermiş, lakin əsl niyyəti mənzil almaq olmamışdır. Çünki mənzilin "satıcısı” olan şəxs o olan halda cəmi iki ay sonra eyni mənzili lizinq vasitəsilə almaq istəməyi absurddur. İddiaçı MMC "lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri alınması və borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda həyat yoldaşı Abdullayev Barat yuxarıda adıçəkilən alqı-satqı, lizinq və öhdəliklərin ötürülməsinə dair müqavilələrin etibarsız hesab edilməsi və həmin əmlakda pay hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə baxan Səbail rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ilk iddianın (yəni, "Faktor Lizinq” MMC-nin iddiasının) rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarmışdır. Müqavilə əsasında ona verilən pulun cəmi 250 000 manat olması məhkəmə qətnaməsilə təsdiq edilir. Bundan başqa məhkəmə qətnaməsinin tarixi də məlumdur ki, bu 19 dekabr 2016-cı ildir, yəni burada iddia müddətinin axımı başlamışdır, hazırki iddiaçı da prosesin iştirakçısı olmaqla məhkəmə qətnaməsindən xəbərdardır. Bundan sonra o, gerçəkdən də haqsız olaraq cinayət məsuliyyətinə cəlb olunmuş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "əməlində AR CM-in 320.1 və 178.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərinin tərkibi olmadığı üçün” bəraət alımışdır. AR CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsə də, AR CPM-in 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmişdir. MMC mənzilə olan ½ payının realizə edilməsinin mümkün olmamasını yazsa da buna dair heç bir sübut göstərməmiş, yəni MPM-nin 77.1-ci maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən MMC könüllü olaraq barışıq sazişini imzalamış, yəni ödədiyi pulun müqabilində mənzilin ½ hissəsinə mülkiyyət hüququnu qəbul etməyə razılaşmışdır.

24. Cavabdeh məhkəməyə "Faktor Lizinq” MMC-nin xx.xx.2023 tarixli 0674/23 saylı Arayışına etiraz təqdim edərək bildirmişdir ki, MMC-nin özü tərəfindən tərtib edilmiş cədvəldə 4 bank və adı çəkilməmiş, fiziki şəxs kimi qeyd edilmiş bir neçə nəfər vardır. Həmin bankların və anonim fiziki şəxslərin qarşısında 2014-2023 illər və müxtəlif faiz dərəcələri yazılmış və MMC-nin kreditorlardan aldığı vəsaitlər üzrə illik faiz dərəcələri sözü yazılmışdır. Cədvəlin əvvəlində isə arayış yazılmışdır. Burada MMC bildirir ki, müxtəlif fiziki şəxslər və banklardan aldığı vəsaitlər üzrə illik faiz dərəcələri illik olaraq orta hesabla 10 % olmuşdur. Həmçinin iddiaçı buradan belə məntiqi nəticə çıxarır ki, ünvan 4 ünvanlı, 33 saylı mənzilin illik gəlirliyi orta hesabla 10 % və sitat “daha çox” olması sübut edilir. Bu tamamilə əsassız və sübutsuz sənəddir. Belə ki, 1. İddiaçı məhz həmin şəxslərdən aldığı vəsaitin mübahisəli (daha doğrusu barışıq sazişi bağlanana qədər mübahisəli olmuş) mənzilə yönəldiyini heç bir müvafiq sənədlə sübut etməmişdir. 2. İddiaçının iddia etdiyinin əksinə, maliyyə vəsaitlərinin gəlirlilik dərəcəsi ilə icarəyə verilən daşınmaz əmlakın illik gəlirlilik dərəcəsi arasında birbaşa əlaqə yoxdur. Bu hətta daşınmaz əmlakla bağlı kredit vasitələrinə də aiddir. Belə ki, hamıya məlum haldır ki, kommersiya və ya istehlak kreditləri 1-5 illik müddətə verilir, lakin ipoteka müqavilələri 10- 25 illik bağlanılır və bunların faiz dərəcələri müxtəlifdir. 3. İddiaçı öz dediyinin əksinə vaxtilə ödədiyi 250000 manata görə tələb etdiyi pul vəsaitini bu cədvəllə əsaslandırmamışdır. 4. Hər bir halda 2019-cu ildə barışıq sazişini imzalamış və ödədiyi cəmi 250000 manata görə, öz sübut qismində təqdim etdiyi rəyə əsasən 550000 manat dəyərində daşınmaz əmlak əldə etmiş iddiaçı 4.1. İllik 10 % yəni ödənilmiş məbləğ nəzərə alınmaqla 25000 manat olduqda l2 illik artıq dəyər əldə etmiş iddiaçının heç bir əlavə məbləğ tələb etmək hüququ yoxdur. 4.2. Barışıq sazişinin bağlanması ilə lizinq müqaviləsinin əhəmiyyətini itirməsi nəzərə alınmaqla iddiaçının ümumiyyətlə 250000 manatdan artıq hər hansı tələb irəli sürmək hüququ yoxdur.

25. Cavabdeh məhkəməyə İddiaçı MMC-nin sübut qismində təqdim etdiyi "xxxx"nə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı həmin xx.xx.2019 tarixli D051 saylı Lizinq müqaviləsini sübut qismində e-məhkəmə kabinetinə əlavə etmişdir. Lakin həmin sənəd bu işdə sübut kimi tanına bilməz. Belə ki, məzmundan göründüyü kimi həmin müqavilə iddiaçı tərəflə başqa bir fiziki şəxs arasında bağlanmışdır. Beləliklə başqa bir şəxslə bağlanmış müqavilə iddiaçı ilə cavabdeh arasında mülki-hüquqi öhdəliklər yarada bilməz. Bundan başqa, həmin müqavilə bağlanmışdan 5 ay əvvəl iddiaçı cavabdehlə olan borc münasibətlərinə xx.xx.2019-cu il tarixli barışıq sazişi ilə xitam vermişdir. Bununla da hazırda iddiaçının əlavə etdiyi müqavilə iddiaçı ilə cavabdeh arasında olan mübahisədə heç bir hüquqi əsas yaratmır.

26. Cavabdeh məhkəməyə "Faktor Lizinq” MMC-nin sübut qismində təqdim etdiyi 0102.2016 tarixli borc müqaviləsinə etiraz təqdim edərək bildirmişdir ki, həmin sənəd bu işdə sübut kimi tanına bilməz. Belə ki, məzmundan göründüyü kimi həmin müqavilə iddiaçı tərəflə başqa bir fiziki şəxs arasında bağlanmışdır. Lakin iddiaçının iddia etdiyinin əksinə müqavilə üzrə illik faiz dərəcəsi 4% təşkil edir. Bu isə o deməkdir ki, iddiaçının iddia etdiyinin əksinə onun bütün müqavilələri illik 24-26 % (orta olaraq 10%) deyil hətta illik 4 % olmaqla bağlanmışdır. Bundan başqa, həmin müqavilə 2016-cı ildə bağlansa da iddiaçı cavabdehə verdiyi borc üzrə illik faiz dərəcəsini 4% etməklə müqavilə bağlamağı təklif etməmişdir. Əksinə iddiaçı cavabdehlə olan borc münasibətlərinə xx.xx.2019-cu il tarixli barışıq sazişi ilə xitam vermişdir. Bununla da hazırda iddiaçının əlavə etdiyi müqavilə iddiaçı ilə cavabdeh arasında olan mübahisədə heç bir hüquqi əsas yaratmır.

27. Cavabdeh həmçinin ərizə təqdim edərək bildirmişdir ki, mübahisə lizinq müqaviləsindən yarandığı, həmin müqavilə vaxtaşırı ödəmələr tipinə aid olduğu üçün, MMC Mülki Məcəllənin 373-cü maddəsinə əsasən iddia müddətini ötürmüşdür.

28. Birinci instansiya məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

29. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

29.1. İlk iddia tələblərinin əsası kimi istinad edilən dəlillər iddianın əsaslı olması üçün yetərli əsas və sübut kimi qəbul edilə bilməz. 29.2. Belə ki, əvvəla iddiaçı tərəfin iddia tələbinin əsaslı olmasına dair izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPMin 106.1 -ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. 29.3. Bundan əlavə, qanunvericiliyə görə hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. 29.4. Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə əsasən, ilk iddiaçı uzun zaman davam edən məhkəmə mübahisələrindən sonra X9 ilə bağlanmış barışıq sazişi nəticəsində həmin əmlakın yalnız ½ hissəsində öz mülkiyyət hüququnu bərpa etdiyi halda, hazırda həmin sazişdən əvvəl mövcud olmuş vəziyyətlərə (Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)- 2120/2016 saylı Qətnaməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmünün, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 06 dekabr 2017-ci il tarixli 1(103)-1749/2017 saylı qərarının məzmunu və s.) istinadən ona cavabdeh tərəfindən real ziyan vurulmasını iddia etməsi əsaslı sayıla bilməz. 29.5. Məhkəmənin qənaətinə görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi tərtib edilərkən iddiaçı bu halları nəzərə almaqla cavabdehlə real zərər və əldən çıxmış fayda ilə bağlı müvafiq şərt irəli sürmək imkanından istifadə edə və bu hal qarşı tərəflə razılaşdırıldığı halda barışıq sazişinin müddəalarında öz əksini tapa bilərdi. 29.6. Görünən odur ki, barışıq sazişinin təsdiqi edilməsi ilə ünvan 2 ünvanında yerləşən 211 kv.m mənzilin ½ hissəsi X25 ogluna, ½ hissəsi isə İddiaçı MMC-yə məxsus olmaqla mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra sonuncu qüvvədə olan və artıq icra edilmiş barışıq sazişinin şərtlərini nəzərə almadan (və ya almaq istəmədən) uzun zaman davam edən məhkəmə mübahisələrindən sonra Yusifova (Abdullayeva) Təyminə Şamil qızı ilə bağlanmış barışıq sazişi nəticəsində sonuncunun MMC-yə olan borclarını mənzilin ½ hissəsi ilə əvəzləşdirilməsi yolu ilə o, əmlakın qeyd edilən hissəsində öz mülkiyyət hüququnu bərpa etsə də, əmlakın qalan hissəsindən məhrum olmaqla həmin əmlakı realizə etmənin mümkün olmamasını əsas götürərək qiymətləndirilmə barədə ekspert rəyində mənzilin likvid dəyərinin 844 000 AZN olmasına istinad edərək MMC-yə 422 000 min manat məbləğində real ziyan vurulmasını, əmlakın gəlirliyinin illik 10 faiz olduğu nəzərə alınsa, onun icarəyə və ya lizinqə veriləcəyi təqdirdə 20l9-cu ildən bu günədək olan 4 illik müddət ərzində iddiaçının 168 800 manat məbləğində əldən çıxmış faydadan məhrum olmasını əsassız olaraq iddia etmişdir. 29.7. Məhkəmə qeyd etməyi zəruri sayır ki, ilk iddiaçı cavabdehlə sonuncunun onun qarşısında olan borclarının mübahisəli mənzildəki payı ilə, yəni mənzilin ½ hissəsi ilə əvəzləşdirilməsi məqsədi ilə barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi yolu ilə tərəflər arasında mübahisəyə faktiki olaraq son qoyulmasına baxmayaraq, Yusifova (Abdullayeva) Təyminənin bilə-bilə saxta sənəddən istifadə etməsi nəticəsində ona həm real zərər, həm də əldən çıxmış fayda növündə ziyan dəyməsi ilə bağlı hazırki iddianı qaldırmaqla hüquqdan sui-istifadəyə yol vermişdir. 29.8. Məhkəmə, həmçinin iddiaçının tələbinin əsası kimi istinad etdiyi əmlakın ½ hissəsinin "Faktor Lizinq” MMC-yə məxsus olsa da, həmin əmlakı realizə etmənin mümkün olmaması kimi dəlili ilə bağlı qeyd etməyi zəruri sayır ki, ilk iddiaçının paylı mülkiyyətçi kimi mülkiyyət hüquqlarının realizə edilməsi cavabdehdən deyil, birbaşa digər paylı mülkiyyətçi ilə olan münasibətlərdən aslıdır. Belə olan halda məhkəmənin qənaətinə görə əmlakın "Faktor Lizinq” MMC-yə məxsus hissəsinin realizə edilməsinin mümkün olmaması ilə bağlı Yusifova (Abdullayeva) Təyminə iddiaçı qarşısında mülki məsuliyyət daşıya bilməz. 29.9. Beləliklə də məhkəmə hesab edir ki, ilkin iddiaçının ona həm real zərər, həm də əldən çıxmış fayda növündə ziyan dəyməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. 29.10.Məhkəmə, ilkin iddianın əsassız olması nəticəsinə gəldiyindən Yusifova (Abdullayeva) Təyminə Şamil qızının iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməsinə zərurət görmür. 29.11. Məhkəmə qarşılıqlı iddia üzrə tələbə də qiymət verərək qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin şərtlərinə əsasən X9 İddiaçı MMC-yə olan borclarını mənzilin ½ hissəsinə dair bağlanmış barışıq sazişi nəticəsində əvəzləşdirdiyi, başqa sözlə barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi yolu ilə tərəflər arasında mübahisəyə faktiki olaraq son qoyulduğu üçün qarşılıqlı iddia da əsaslı sayıla bilməz. Belə ki, sözügedən barışıq sazişinə əsasən Yusifova (Abdullayeva) Təyminə Şamil qızı MMC-yə olan borclarını mənzilin öz payna aid hissəsi ilə əvəzləşdirmiş, lakin əmlakdakı payının borcların məbləğindən artıq məbləğə qiymətləndirilməklə realizə edilməsi halında nisbət fərqinin ona qaytarılması barədə müddəa barışıq sazişində razılaşdırılmamışdır.

30. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 152.1-ci, 560.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı, 77-ci, 80-ci və 106-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir.

31. Qətnamədən qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, təmsil etdiyi şəxsin iddia tələbinin tam sübuta yetirildiyini nəzərə almadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

33. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, İddiaçı MMC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

36. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

42. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız qarşılıqlı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü ilkin iddiaçı qətnamədən şikayət verməmişdir və bu səbəblə də qətnamənin “ilkin iddia tələbinin təmin edilməməsi” hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

54. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

55. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

56. Cavabdeh irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, İddiaçı MMC Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 63 ünvanında yerləşən 33 saylı mənzil üçün ona 250 000 manat ödədiyi halda, 900 000 manatlıq əmlak əldə etmiş, beləliklə haqsız olaraq 650 000 manat gəlir əldə etmişdir.

57. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, X9 İddiaçı MMC-yə olan borclarını mənzilin ½ hissəsinə olan hüququ ilə əvəzləşdirmiş, barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi yolu ilə tərəflər arasında mübahisəyə faktiki olaraq son qoyulmuş, barışıq sazişində Cavabdeh əmlakdakı payının borcların məbləğindən artıq məbləğə qiymətləndirilməklə realizə edilməsi halında nisbət fərqinin ona qaytarılması razılaşdırılmamışdır.

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

X10 nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2289/2023 saylı iş üzrə 29 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni X11 qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar