Məhkəmə qərarları › İş №2(103)-2468/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2468/2022

03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2468/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı Mirhaşım qızının cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə qarşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6773/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Mirhaşım qızı cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə və 3cü şəxs “Təhsildə X1rşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 22.09.2021-ci il tarixli 490/T nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh1nə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6773/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə və 3-cü şəxs “Təhsildə Keyfiyyət Təminat Agentliyi”nə qarşı “əmrin ləğv edilməsi və təhsil müəssisəsinə bərpa edilməsi barədə” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6773/2021 saylı, 27.01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Tibb Universiteti təhsil müəssisəsi olduğu üçün inzibati orqan statusuna malik deyil. Bundan başqa, universitetə bərpa inzibati aktın ləğv edilməsi kimi qeyd edilə bilməz. İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı verilmiş iddia ərizəsinə dair mübahisə Bakı İnzibati Məhkəməsində baxılıb yekun akt qəbul edilənə qədər icraat dayandırılmalı idi. Belə ki, hazırki mübahisənin əsasını təşkil edən 012621 qeydiyyat nömrəli diplomun tanınması şəhadətnaməsinin və 016212 qeydiyyat nömrəli ixtisas ekvivalentliyi şəhadətnaməsinin təsdiq edilməsinə dair mübahisə Bakı İnzibati Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxılır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: «Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.» “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli Qərarı ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarına edilmiş əlavə və dəyişikliyə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarında olan Cavabdeh1 490/T nömrəli 22.09.2021-ci il tarixli əmrindən çıxarışının surətindən görünür ki, İddiaçı universitetə qəbul zamanı saxta sənəd təqdim etdiyi üçün onunla bağlanmış müqaviləyə xitam verilmiş və universitetin tələbələri sırasından xaric edilmişdir. İş materiallarına əlavə edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 13.09.2021-ci il tarixli məktubundan görünür ki, məsələ ilə bağlı bildirilir ki, X2 Universitetində təhsil almış L. Rəhimova əldə etdiyi ali təhsil ixtisasının tanınması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Sənədlərin araşdırılması çərçivəsində X2 Universitetinin tədris normativi üzrə nəzərdə tutulmuş müddət qarşılığında İddiaçı təhsil aldığı ölkənin ərazisində az olduğu müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq, vətəndaşın xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmaması haqqında 16.10.2017-ci il tarixində qərar qəbul edilmişdi. Nəticə etibarilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən adıçəkilən vətəndaşa 016212 və 012621 qeydiyyat nömrəli şəhadətnamələr təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.11.2021-çi il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq, bildirilir ki, ərizədə qaldırılan məsələ nazirlik tərəfindən araşdırılır. Araşdırılmanın nəticəsi barədə Sizə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 22.09.2021-ci il tarixli 490/T №-li Əmrdən Çıxarışdan görünür ki, İddiaçı İİ Müalicə Profilaktika fakültəsində təkrar ali təhsil alan V kurs (2018/2019-cu tədris ilinin qəbulu) ödənişli əsasla təhsil alan tələbəsi universitetə qəbul olduqda saxta sənəd təqdim etdiyinə görə onunla bağlanmış müqaviləyə xitam verilmiş və universitetin tələbələr sırasından xaric edilmişdi. Əsas: fakültə dekanının təqdimatı və Rektoryanı Şuranın 22.09.2021-ci il tarixli qərarı. İş materiallarına əlavə edilmiş Cavabdeh1 05.10.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 rəhbərliyinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən və Təhsildə Keyfiyyət Təminatı Agentliyindən İddiaçı təkrar ali təhsil almaq hüququ verən 012621 qeydiyyat nömrəli diplomun tanınması şəhadətnaməsinin və 016212 qeydiyyat nömrəli ixtisas ekvivalentliyi şəhadətnaməsinin saxta olması barədə məlumat daxil olmuşdur. Buna əsasən İddiaçı Cavabdeh1ndə təhsil dayandırılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsi və iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehdən əmrin ləğv edilməsini və təhsil müəssisəsinə bərpa edilməsini tələb edir. Göründüyü kimi, iddiaçı əmr verilərkən cavabdeh təşkilatın vəzifəli şəxsinin pozuntuya yol verdiyini iddia edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə publik hüquq münasibətlərindən irəli gəldiyindən mülki işin icraatına xitam verilməli və iddiaçıya bu tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6773/2021 saylı, 24.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar