Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2477/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, əmlakın və maliyyə arayışının təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikintisi başa çatdırılmış binanın 2-ci və 3-cü girişlərinin birinci mərtəbəsində yerləşən 1470 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, MTK-nın üzərinə həmin əmlakın və maliyyə arayışının ona təhvil verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, MTK ilə aralarında müxtəlif növlü tikinti materiallarının verilməsinə dair xx xxxx 2012-cı il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx müqavilə” bağlanmış, müqavilənin 2.1-cı bəndinin şərtlərinə əsasən o, MTK-nın sifarişi əsasında MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabanı küçəsi 18 saylı binanın yaxınlığında inşa etdiyi bir girişli və üç girışli binaların tikintisinin başa çatdırılması üçün 1 470 000 (bir milyon dörd yüz min) manatlıq tikinti materiallarını MTK-ya verməyi, MTK isə bunun müqabilində həmin binanın 2-ci və 3-cü girişlərinin birinci mərtəbəsindən 1470 kv.m qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi öhdəsinə götürmüş, bununla əlaqədar onunla 2012-ci ilin may ayının 12-də qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilə bağlanmış, maliyyə arayışının isə tikinti materialları tam verildikdən sonra veriləcəyi razılaşdırılmışdır. Müqavilənin 2.1-ci və 3.1.6-cı bəndlərində göstərilmiş tikinti materiallarını şərtləşdırılmiş müddətdə, yəni 2012-cı ilin may ayından 2017-cı ilin may ayının 15-dək MTK-ya təhvil vermiş, hətta binanın onun üçün ayrılmış qeyri-yaşayış sahəsində kərpiclə az miqdarda arakəsmələr də aparmışdır. Lakin MTK xx xxxx 2012-ci il tarixli müqavilənin 2.1, 3.2.1 və 3.2.5-ci bəndlərinin tələblərinə əməl etməyərək həmin 1470 kv.m qeyri-yaşayış sahəsinin onun mükıyyətinə verilməsindən imtina edir və onu uzun müddətdir kı, sahəyə buraxmır, tikinti materiallarının guya beş ildən sonra keyfiyyətsiz olması və ya qeyri-yaşayış sahəsinin həmin vaxt aşağı qiymətləndirilməsi bəhanə gətirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq nə iddiaçı, nə də cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2012-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müqavilə bağlanmış, müqaviləyə görə İddiaçı MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Xiyabani küçəsi 18 saylı binanın yaxınlığında inşa etdiyi bir və üç girışli binaların tikintisinin başa çatdırılması üçün 1 470 000 (bir milyon dörd yüz min) manatlıq tikinti materiallarını MTK-ya verməyi, MTK isə bunun müqabilində həmin binanın 2-ci və 3-cü girişlərinin birinci mərtəbəsindən 1470 kv.m qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi öhdəsinə götürmüş, bununla əlaqədar tərəflər xx.xx.2012-ci il tarixdə “Qeyri-yaşayış sahəsinin verilməsi”nə dair müqavilə bağlamış, bu müqavilədə isə sözügedən qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi şərtilə İddiaçı veriləcəyi göstərilmişdir. Tərəflər arasında mübahisə, MTK-nın İddiaçıla bağlamış olduğu müqavilə şərtlərinə əməl etmədiyi iddiası əsasında yaranmış, MTK-nın nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatda, iddiaçının MTK-ya tikinti materialları verdiyini və bunun müqabilində onunla müvafiq müqavilələrin bağlandığını inkar etməsə də, materialların keyfiyyətsiz olması səbəbilə MTK-nın iddiaçı qarşısında öhdəliyinin yaranmadığını irəli sürmüşdür. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu mənada nəzərə alınmalıdır ki, iddiaçı iddia tələbini əsaslandırdığı faktiki halla, yəni cavabdeh MTK-ya, onunla bağladığı müqavilənin şərtlərinə uyğun olaraq 1 470 000 (bir milyon dörd yüz min) manatlıq tikinti materiallarını təhvil vermiş olmasına dair hər hansı mötəbər sübut (qaimə, təhvil-təslim aktı və s.) təqdim etməmişdir. Qeyd olunmalıdır ki, əmlakın dəyərinin əvəzi qismində tikinti materiallarını MTK-ya təhvil verdiyini sübutetmə yükü iddiaçının üzərinə düşür; bununla bağlı heç bir sübut təqdim etməməsi və müqavilələrin bağlandığı 2012-ci ildən sonrakı dövr ərzində MTK-ya qarşı heç bir pretenziya irəli sürməmiş olması isə onun müvafiq arqumentini inandırıcı hesab etməyə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə isə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, qanunvericilik dövlət reyestrində qeydə alınmamış tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmur və belə bir yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına ziddir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4945/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının məbləğləri onun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2477/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2477/2020
06.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver