Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-248/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsində yerləşən 1A saylı evin 58 saylı mənzilindən onun payına düşən hissəsinə dair mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1023/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdeh notariusa ondan xəbərsiz vərəsəlik işinin açılması ilə bağlı müraciət etmiş və bunu qəsdən onun ölkədə olmadığı vaxt etmişdir. Bundan başqa məhkəmə tərəfindən notariat ofisinə gəlməyi barədə məktubun notarius tərəfindən qəsdən ləngidilməsi halı araşdırılmamışdır. Məhkəmə 12 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxmışdır. Hesab edir ki, 12 saylı notariat ofisinin səlahiyyətli nümayəndəsi iş üzrə dindirilməli idi. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etsə də, sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi mirasın qəbulu müddətinin uzadılması barədədir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mirasın qəbulu müddətinin buraxılmasına və bunun üzrlü səbəbdən baş verməsinə dair sübutların təqdim olunmadığına istinad etmiş və əsas maddi hüquq norması kimi Mülki Məcəllənin 1246, 1248.1-ci maddələrini rəhbər tutmuşdur. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun qənatinə görə, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən və mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından Mülki Məcəllənin 1246-cı və 1273-1-ci maddələri Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin rəhbər tutduğu və mübahisəli hüquq münasibətinə tətbiq etdiyi norma artıq qüvvədən düşmüşdür. Yəni, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edildiyindən hazırkı iş üzrə tərəflər arasında mirasın qəbulu müddəti ilə bağlı məhkəmə müstəvisində həll olunası məsələ qalmamış olur. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından ləğv edilməli və mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual qanunvericiliyə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.1-ci maddəsi). İddiaçıya izah olunur ki, o, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını əsas götürməklə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı həmin qərarın nəticə hissəsinin 3-cü bəndinə əsasən qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Tərəflər arasında mövcud mübahisə üzrə iş Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edilənədək məhkəmənin icraatında olduğundan həmin qərar bu münasibətlərə də tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh və Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinə qarşı mərhum atası X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsində yerləşən 1A saylı evin 58 saylı mənzilindən onun payına düşən hissəsinə dair mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair işin icraatına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-248/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-248/2024
14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver