Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2487/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) X6 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh1 şifahi formada razılığa əsasən kriptovalyuta alınması məqsədilə İddiaçı 14300 manat pul vəsaiti almışdır. Həmin pul vəsaiti Cavabdeh1 atası, həmçinin iş üzrə cavabdeh olan Cavabdeh2 məxsus bank kartı vasitəsilə köçürülmüşdür. Həmin pul vəsaitindən 5000,0 manat İddiaçı qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9300,0 manat məbləğində pul vəsaitinin və 113,0 manat məbləğində dövlət rüsumunun cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, instaqram sosial şəbəkəsində Vəfa adlı profili olan xanımla tanış olmuşdur. Cavabdeh X4 özünü “Okus" kriptovalyuta alqısatqısı ilə məşğul olan şirkətin əməkdaşı kimi təqdim etmişdir. Cavabdeh V.E.İskəndərova ona "okus" adlı kriptovalyuta almağı təklif etmiş, həmin kriptovalyutanı alsalar 2 ay ərzində qoyulan pulun 30 faizini gəlir kimi qazanmaq mümkün olacağını demişdir. O da həvəsə düşüb 2021-ci ilin noyabr ayının ortalarında Sumqayıt şəhərində yerləşən lombarddan 5000 manat pul götürüb Vəfanın ona göndərdiyi Unibanka məxsus Cavabdeh2 (Vəfanın atasıdır) adına olan 5243 7544 1050 6370 hesab nömrəli karta 5100 manat cəmi 3000 ABŞ dolları pulu Sumqayıt şəhərində Unibankın içərisində olan ödəmə terminalından göndərmişdir. Sonuncu dəfə 500 dollar, yəni 850 manat pulu isə xx.xx.2021-ci il tarixdə Nəsimi rayonunda yerləşən 28 MALL Ticarət Mərkəzində yerləşən Bravo supermarketindəki ödəmə terminallarından birindən həmin kart hesabına göndərmişdir. Tərəfindən edilmiş ödənişlər videogörüntü vasitəsilə qeydə alınmışdır. Həmin videogörüntü CD diskdə təqdim edilir. O, cavabdeh X2 ümumilikdə 14 300 manat məbləğində pul vermişdir. Cavabdeh V.E.İskəndərova həmin məbləğdən ona 5 000 manat pul qaytarmış, hal-hazırda isə 9 300 manat borcu qalmışdır. Bundan sonra o, cavabdehlə əlaqə saxlayıb 9300,0 manat pulunu geri tələb etsə də, cavabdeh bu günədək həmin pulu qaytarmamışdır. Həmçinin, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından göründüyü kimi cavabdeh X4 polisə verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 2021-ci il ərzində Vəfanın təqdim etdiyi bank kartına 14300,0 manat pul vermiş, sonuncu 5000 manat pulu qaytarmış və hal-hazırda ona 9300,0 manat borcu qalmışdır. Bundan əlavə, digər Cavabdeh2 da polisə verdiyi izahatında özünə məxsus olan bank kartını qızı V.E.İskəndərovaya verdiyini etiraf etmişdir. Həmin qərar hazırkı iddia ərizəsinə əlavə olunur. Tərəfindən dəfələrlə cavabdehlər X4 və Cavabdeh2 ilə əlaqə saxlanılaraq 9300,0 manat pulu ödəməyini tələb etsə də, onlar ödəməkdən imtina etmiş və hal-hazıradək ödəməmişlər.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-170/2023) iddia qismən təmin edilərək, Cavabdeh1 9300,0 manat və ödənilmiş dövlət rüsumuna görə 113,0 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 iddiaçıdan almış olduğu 9300,0 manat pul vəsaitini ona qaytarmamışdır. Cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçının əmlakı hesabına əsassız varlanmışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777, 1091, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Occos şirkəti rəsmi dövlət qeydiyyatında keçərək şirkətin özünə məxsus coinlərin dünya birjalarında tanınması adı altında alqı-satqısını həyata keçirmiş və bu səbəbdən də qeyri-müəyyən sayda insanlar şirkətin üzvü olaraq onun təqdim etdiyi coinləri almışdır. Sonradan isə həmin şirkətin təqdim etdiyi coinlərin saxta olması və şirkətin piramdi olduğunu dair Baş Müttəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanaraq aidiyyəti şəxslər cinayət məsuiyyətinə cəlb edilmişdir. 1-ci instansiya məhkəməsi iddiaçının iddiasının qismən təmin edilməsi üçün öz qətnaməsində bir sıra sübutları sadalamasına baxmayaraq, qətnamədə əsas olaraq cinayət işini başlanmasının rədd ediməsi barədə Nəsimi RPİ-nin 22-ci PB-nin qərarına istinad etmişdir. Hansı ki, həmin qərarda iddiaçınin izahatında bildirmişdir ki, cavabdeh İsgəndərovaya Vəfaya göndərdiyi pulun müqabilində sonuncu ona “Ocus” şirkətinin hamı üçün açıq olan coinlərin alıb vermiş və ona hesab açmışdır. İddiaçının bu halı səmimi etiraf etməsi xx.xx.2022-ci il tarixli Nəsimi RPİ-nin 22-ci PB-nin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında öz əksini tapmışdır. Belə ki, həmin iş üzrə izahatı alınmış İddiaçı Əbdürmənsur qızı bildirmişdir ki, Cavabdeh1 ümumilikdə 10000 manatlıq “Ocus” adlı kriptovalyuta alıb ona aid hesab açmış və hesabın şifrəsini ona vermişdir. Bu işin mübahisəsiz tərəfidir. Ancaq sonradan həmin kriptovalyuta saxta çıxdığı üçün “Ocus” şirkəti bağlanmışdır. Cavabdeh1 nə həmin şirkətinin təsisçisi, nə də ki həmin şirkətin işçisi olmayıb, əgər belə bir hal olsaydi “ocus” şirkətinin rəhbər şəxsləri və işçiləri barəsində başlanmış cinayət işi üzrə onun barəsində (iş üzrə cavabdeh) cəlb qərarı qəbul olardı. Həmçinin həmin qərarda Cavabdeh1 iddiaçının ödədiyi 9300 manat pulun “ocus” şirkətinin hesabında coin şəkilində qaldığını bildirmişdir. İddiaçı verdiyi izahatında ödədiyi pulun müqabilində coinlər aldığını və cavabdeh tərəfindən hesab şifrəsinin aktiv açılaraq ona təqdim etdiyini səmimi etiraf etsə də məhkəmə tam, obyektiv və hərtərəfli araşdırmaya söykənməyən, qanunun təfsirində yalnışlığa yol verərək iddiaçının iddiasının qismən təmin edilməsi qənaətinə gəlmişdir. Hansı ki, 1-ci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə digər cavabdeh şəxs Cavabdeh2 vəkili və nümayəndəsi kimi verdiyim izahatını təhrif edərək guya tərəfindən Cavabdeh1 “Ocus” şirkətinin əməkdaşı olduğunu və onun kriptovalyuta alqısatqısı ilə məşğul olduğunu bildirmişdir. İddiaçı ödədiyi pul vəsaitinin müqabilində cavabdeh tərəfindən ona ocus şirkətinin coinlərini alıb ona hesab açdığını və hesab şifrəsini ona verdiyini bildirmişdir. Odur ki, yuxarıda gətirilən əsaslara görə hazırda cavabdeh şəxs özünü bu iddia üzrə cavabdeh olmasını qəbul etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və nümayəndəsi M.Abdinov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
10. Digər Cavabdeh2 də apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
13. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
14. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.
15. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
16. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
17. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı ona qarşı tələbin təmin olunmuş hissəsində yoxlanılır.
22. İddiaçı qətnaməni iddianın Cavabdeh2 qarşı rədd olunan hissəsində mübahisələndirməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Nəsimi RPİ-nin 22-ci PŞ-də X3 müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, 2020-ci ildə internet sosial şəbəkəsində yerləşdirilmiş Okus valyuta şirkətinə üzv olmuşdur. Həmin şirkətin fəaliyyəti müəyyən məbləğdə pul yatırımı etdikdən sonra coin almaq və həmin coin müddət keçdikcə dəyəri artacaq və coinləri satıb pula çevirib gəlir əldə etməkdən ibarət olmuşdur. o, Dünyanı onun xalası Vəsilə xanım sayəsində tanımışdır. O, Dünyanın onunla əlaqə saxlayıb xalası Vəsilənin adını verərək onunla tanış olduğunu, Okus şirkətinin iş prinsipini ona izah etdikdən sonra könülü şəkildə onun xalası Vəsilənin şirkətdəki hesabı üzərinə qeydiyyata almışdır. Dünya Seyidova bir neçə dəfə ondan coin istəyərək pul yatırmış və daha sonra həmin coinləri nağdılaşdırmış və həmin nağdılaşmış pul Dünyanın özünə ödənmişdir. xx.xx.2021-ci il tarixdə Dünya onun atası Cavabdeh2 məxsus olan Unibank hesab kartına 500 ABŞ dolları pul köçürmüşdür. Dünya Seyidova həmin puldan əlavə 5100 manat yeni 3000 ABŞ dollarını da həmin karta ödəmişdir. 2021-ci il ərzində Dünya Seyidova qeyd edilən bank kartına ümumilikdə 14300 manat pul köçürmüş, o da həmin pul məbləğində coin alıb hesab nömrəsini və şifrəsini Dünyaya vermiş, daha sonra o, Dünyanın istəyi ilə həmin coinlərdən 5000 manatlıq olan hissəni nağdlaşdırıb həmin 5000 manatı ona ödəmişdir. X5 9300 manat pulu qalmış və həmin pul coin şəkilində Okus şirkətinin bazasında, hesab nömrəsində mövcüd olmuşdur. O da, şəxsi vəsaiti ilə Dünya Seyidova kimi həmin şirkətdən coin almış, onun aldığı coinlərdə hər hansı dəyər qazanmadan şirkətin bazasındadır. O, mesalaşma proqramı olan Teleqram proqramı vasitəsi ilə Okus şirkəti tərəfindən bütün üzvlərə səbrli olmaları və coinlərin dəyər qazanaraq biryaya çıxmasını gözləyir.
25. Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı, kapitan İsa Taralovun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.
26. Cavabdeh1 Polis İdarəsində verdiyi izahatdan görünür ki, iddiaçı pulu Okus adlı şirkətə deyil, Cavabdeh1 ödəmiş, sonuncu həmin vəsaiti şirkətin hesabına ödəmişdir. Belə olan halda, iddiaçının tələb hüququ Cavabdeh1 qarşı yaranmış, sonuncunun polis idarəsində etirafına əsasən 9300 manat ondan tutulması qət edilmişdir.
27. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçı ilə Okus şirkəti arasında hər hansı müqavilə münasibəti, pul öhdəliyi olmamış, müqavilə bağlanmamışdır. Cavabdeh1 apellyasiya baxışı zamanı verdiyi izahatdan da göründüyü kimi, o, iddiaçıdan aldığı və hazırkı işdə mübahisə predmeti olan 9300 manat məbləğində pul vəsaitini Okus şirkətinin hesabına keçirməmiş, həmin məbləği müxtəlif şəxslərdən koin alınmasına sərf etmişdir.
28. Mülki Məcəlləyə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).
29. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
30. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 iş üzrə cavabdeh olmaması ilə bağlı dəlilini əsassız sayır və qeyd edir ki, Cavabdeh1 “Okus” şirkətinin tələbə cavab verməli şəxs olduğunu göstərsə də, bu fikrini əsaslandıra bilməmişdir. Belə ki, o özü izahatında bildirmişdir ki, iddiaçıdan karta köçürülməklə aldığı pulu “Okus” şirkətinin hesabına keçirməmiş, şirkət əməkdaşı olmayan müxtəlif vətəndaşlardan koin alınıb satılmasına xərcləmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehi və tələbin həcmini müəyyən etmək iddiaçının hüququdur. İddiaçı onun tələbinə cavab verməli olan şəxs kimi Cavabdeh1 tanıyır, pulu şirkətə deyil ona verdiyini bildirir və ona qarşı iddia qaldırır. Məhkəmə isə MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq verilmiş tələb üzrə işə baxır.
33. Digər tərəfdən, MPM-in 54-cü maddəsinin tələbinə görə cavabdehin əvəz olunması yalnız iddiaçının yazılı razılığı ilə və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həyata keçirilə bilər. İddiaçının isə buna razılığı olmamışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddiaçı da məhz bu əsasla Cavabdeh1 cavabdeh kimi göstərmiş, hüququnun onun tərəfindən pozulduğunu bildirmişdir.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 qarşı tələbin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.