Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2488/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh mətbəx mebeli, uşaq üçün yazı masası, şkaf, dəhliz mebeli, termonun hazırlanması ilə bağlı razılığa gəlmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, Cavabdeh mətbəx mebeli, uşaq ücün yazı masası, 2 ədəd şkaf və əlavə dəst görə 4100 manat və dövlət rüsumuna ödədiyi 62 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 24 oktyabr 2022-ci il tarixdə ümumi dəyəri 10.050 manat olan bahalı materialdan hazırlanmış mətbəx mebeli,uşaq üçün yazı masası, 2 ədəd şkaf və əlavə dəst sifariş etmişdir.Həmin mətbəx mebeli, uşaq ücün yazı masası, 2 ədəd şkaf və əlavə dəst mebel pulun 5600 manatını ödəsədə qalan 4100 manat pulu ödəməkdən imtina edir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh bahalı materiallardan hazırlanmış mətbəx mebeli, uşaq ücün yazı masası, 2 ədəd şkaf, və əlavə dəsti sifariş vermək istədiyi bildirmişdir. Səhərsi gün xx.xx.2022-ci il tarixdə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən evinə gedərək ölçü işlərini aparmışlar və aralarında cavabdeh Afaq Məmmədovla danışaraq sifariş verdiyi mətbəx mebeli, uşaq ücün yazı masası, 2 ədəd şkaf və əlavə dəstini Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən evinə quraşdırdıqdan sonra pulun hamısını ödəyəcəyinə dair onunla razılıga gəlmişdir. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən evində təmir işləri getdiyindən 2022-ci ilin dekabr ayının əvvəllərində mətbəx mebeli, uşaq üçün yazı masası, 2 ədəd şkaf və əlavə dəsti evinə apararaq evində quraşdırmışlar. Beləliklə, Cavabdeh ona ilkin olaraq 2000 manat pul vermiş, bir müddət keçdikdən sonra isə 3300 manat pulu Şərif adlı şəxslə ona göndərmişdir. 2023-cü ilin may ayının 14-də isə 300 manat pulu onun kartına vurmuşdur. 2023-cü ilin may ayından bu günə qədər pul ödəməmişdi. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırdır. O sonradan başa düşdü ki, cavabdeh onları aldadıb, mətbəx mebeli, uşaq üçün yazı masası, 2 ədəd şkaf və əlavə dəstin pulunu vermək fikri yoxdur, dəfələrlə tələb etsə də cavabdeh pulu ödəməkdən imtina edir.
4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3350 manat və dövlət rüsumuna görə ödənilmiş 62 (altmış iki) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş CDdiskdən və aralarında olan yazışmadan, həmçinin əlyazma şəklində iddiaçının təqdim etdiyi sənəddən görünür ki, Cavabdeh 8950 manat dəğərində mebel sifariş vermişdir (mətbəx mebeli-3000 manat, uşaq ücün yazı masası-800 manat, şkaf- 1900 manat, koridor 2000 manat, termo-450 manat, əlavə 800 manat). Həmin CD-diskə əlavə edilmiş audio səs yazılarıdan görünür ki, Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. İşin araşdırılan hallarından göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İşin araşdırılan hallarından həmçinin şahidlərin məhkəmə iclasında verdiyi ifadələrdən də göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmiş, lakin cavabdeh öz vəzifəsini (yəni iddiaçıya sifariş verdiyi və qəbul etdiyi mebellerin əvəzi kimi qalan 3350 manat pul vəsaitini ödədiyini) yerinə yetirdiyi sübut edə bilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 442, 752.1, 752.1, 752.2, 753.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.3, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin qismən təmin edilərək ondan 1800 manat pulun alınıb İddiaçı verilməsi və iddiaçının Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən cərimələnməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı şifoner 1800 manat, uşaq stolu 800 manat, dəhliz mebeli 2000 manat, mətbəx mebeli 3000 manat olmaqla, cəmi 7600 manat məbləğində mebel alıb, həmin məbləğdən 5800 manatını iddiaçıya ödəyib və 500 manat cavabdehin dostu Şərifə verib. Lakin İddiaçı 3350 manat borcunun qaldığını etiraf edir. Bundan başqa iddiaçının ona 3 dəfə səhv edərək təhvil verdiyi mətbəx mebeli və uşaq stolu bərbad vəziyyətdə və keyfiyyətsiz idi. Bununla yanaşı, mebellərin ona təhvil verilməsi 2 ay müddətində gecikmişdir. İşin faktiki hallarından göründüyü kimi, 3350 manat pulun ödənilməsini tələb edən iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyil. Məhkəmə sübutetmə prinsiplərini pozaraq cavabdehin 1800 manat borcun qalması barədə etirazının əsasını təşkil edən sübutları cavabdehdən tələb etməmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçıdan mebel alıb. Tərəflər arasında razılaşmaya əsasən cavabdeh 1800 manat bocunu qaytarmağı öhdəsinə götürüb. Buna baxmayara iddiaçı 3350 manat olduğunu bildirib. Lakin iddiaçı borcun 3350 manat olması barədə maddi sübutları məhkəməyə təqdim etməmiş, həmçinin cavabdehin bu barədə etirafı mövcud deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 2000 manat dəhliz mebeli üçün, 3000 manat mətbəx mebeli, 900 manat şkaf, 800 manat uşaq yazımasası, 450 manat termo üçün razılaşıblar. Şərifin səs yazıları da onda var. İddiaçını bir neçə dəfə görüb. Şərif ustadır, arada gəlib təmir edirdilər. Avqustda təmirə başladı, Şərifə avqustun sonu deyib ki, mətbəx, dəhliz və s. ölçünü götürün. Həm Şərif, həm Rasim, həm də Rövşən bir neçə dəfə ölçü götürməyə gəldilər. Rövşən anlaqsız vəziyyətdə gəlib. Bununla bağlı iddiaçı ilə söz-söhbəti olub, o iddiaçını təhqir də edib. O, Şərifə və Rasimə neçə dəfə deyib ki, hətta xahiş edib ki, uzağı oktyabr ayına mebel təhvil verilsin. Səs yazıları da var ki, ona söz veriblər. Himayəsində 2 qız övladı var. 5-ci sinifdə oxuyan qızı mütəmadi olaraq fast food yeyib. Ona ev yeməkləri lazım idi. Mətbəx mebelinin düzəlməsi bitmirdi. Ən birinci xahiş etmişdi ki, mətbəx düzəlsin. Dekabrda artıq restorandan yemək şifariş edirdi. 3 ay hər gün yemək sifariş edib. Şərif bildirib ki, onun 1710 manat borcu var. Səs yazıları da var. Qızı qapını açanda ayağına mebel düşüb, zədələnib. Həmin xərci kimdən almalıdır?. Gecə saatlarında 3 sərxoş usta evdən gedib. 800 manat əlavə xərcə görə dəfələrlə Rasimlə mübahisələri olub. 450 manat şkafın pulundan 300 manatı verib, 140 manatı da Şərifə verib. 10 manatı da verər, problem deyil. Ola bilsin şkafın dəyəri 900 yox, 1900 olub. 8150 manatdan 5300 manat verib. 800 manatı iddiaçıya verməyəcək. Rasim dalaşıb evdən çıxıb. Rasimə 1710 manat borcu var. Şərifin səs yazıları var, etiraf edib.
11. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, xanım onu təhqir edib. 5300 manat Şərif pulu ona verib. Onlar mebeli 2 ay ərzində yığıblar. Evdə təmir gedirdi, mebelləri gətirib evin ortasına yığdılar. Ora-bura mebelleri daşıyıblar. 3000 manat mətbəx mebeli, 1900 manat şkaf, 800 manat uşaq masası, 450 manat şkaf hesablanıb. Xanım ona bildirdi ki, borcunun ödənilməsini gözləyir. O da gözləyib. Xanım gündüz işləməyə icazə vermrdi deyə ustalar gecə işləməyə məcbur olurdu. Mətbəx mebelini bəyənmədi, qapıları da istəmədi. Xanım üçün ikinci dəfə mətbəx mebeli yığıblar. Qaytarılan mebellər sexdə yığılıb, ona artıq xərcdir. 800 manatla bağlı səs yazısını diskə əlavə edib. Divar boyunca şkaf 1900 manat hesablanıb. Ona 5600 manat pul verilib. 3350 manatla məhkəmədə razılaşıb. Cavabdehin evindən çıxanda soruşub ki, problem var, ona deyib ki, heç nə yoxdur. Halallaşıb evdən çıxıb. Xanımın ona 3350 manat borcu var.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 4100 manat pulun cavabdehdən tutulmasını xahiş edir.
19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək ona istinad edilmişdir ki, tərəflər arasında 8950 manat məbləğində mebelin hazırlanması ilə bağlı razılıq olmuş, cavabdeh iddiaçıya 3350 manat məbləğində ödəniş etdiyini sübut edə bilməmişdir.
20. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, iddia tələbinin qismən təmin edilməsi, ondan 1800 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh izahatında 3000 manat məbləğində mətbəx mebeli, 800 manat məbləğində uşaq üçün yazı masası, 1900 manat məbləğində şkafın, 2000 manat məbləğində dəhliz mebeli, 450 manat məbləğində termonun düzəldilməsi ilə bağlı razılığa gəldiyini bildirir. Lakin əlavə xərclərə görə 800 manatla razı olmadığını bildirir.
22. İşə apellyasiya qaydasında baxılması zamanı Cavabdeh tərəflər arasında 8150 manat məbləğində mebelin düzəldilməsi ilə bağlı razılığa gəldiklərini bildirmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdeh tərəfindən 5600 manat ödənildiyi müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, (8150- 5600=2550) 2550 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.§13
25. Cavabdeh apellyasiya şikayətində iddiaçının cərimələnməsini xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin vəsatəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
26. Həmin Məcəllənin 126.1-ci maddəsində qeyd edilir ki, məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur.
27. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən işin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçının cərimə edilməsini xahiş etməsinə baxmayaraq vəsatət kifayət qədər əsaslandırılmamışdır.
29. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 3350 manat və dövlət rüsumuna görə ödənilmiş 62 (altmış iki) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh 2550 (iki min beş yüz əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 45,50 (qırx beş manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “Cavabdeh 3350 manat və dövlət rüsumuna görə ödənilmiş 62 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh 2550 (iki min beş yüz əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 45,50 (qırx beş manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə rüsum tərəflərin özlərinə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev