Məhkəmə qərarları › İş №2(103)-249/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-249/2024

27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-249/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı çıxarışın qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X15 (sədrlik edən və məruzəçi), X27 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)-374/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 08 sentyabr 2005-ci il tarixli “Torpaq sahəsinin bağışlanması” müqaviləsi ilə Cavabdeh Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini X10 bağışlamışdır.

2. 12 oktyabr 2006-cı il tarixli “Bağ evinin bağışlanması” müqaviləsi ilə X4 Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 09 noyabr 2006-cı il tarixli ********* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir.

4. Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində mövcud yaşayış evi sökülmüş, yerində 87.1 kv.m sahəli 6 yaşayış otağı, 94,4 kv.m köməkçi sahədən ibarət 2 yaşayış evi tikilmiş, həyətdə qazanxana sahəsi - 6,3 kv.m, 2 yay mətbəxi sahələri - 87,8 kv.m və 70,0 kv.m əlavə olaraq tikilmiş, cəmi torpaq sahəsi - 1538,0 kv.m-dən ibarət olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin 21 aprel 2006-cı il tarixli 374-E/6 nömrəli rəyində də Əzizbəyov (hazırkı Xəzər) rayonu Buzovna qəsəbəsi 330 a nömrəli ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin tikildiyi, “tikintinin qısa xarakteristikası” hissəsində həmin ünvanda 2 ədəd 1 mərtəbəli (“A” və “B” tikililəri) fərdi yaşayış evlərinin layihələndirildiyi öz əksini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 08 iyun 2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun “torpaq sahəsinin planı” və “sahələrin xarakteristikası” hissələrində Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində 3 otaqlı “A” tikilisinin, 3 otaqlı “B” tikilisinin mövcud olması qeyd edilmişdir.

5. Torpağın mülkiyyətə verilməsinə dair JN - 22505D nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsinin 0,16 ha hissəsi Cavabdeh mülkiyyətinə verilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 12 avqust 2020-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsi 0,08 ha torpaq sahəsi olan 330a nömrəli bağ sahəsi üzərində X9 mülkiyyət hüququ 12 avqust 2020-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır.

7. 18 avqust 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, 29 dekabr 2019 tarixdə ölmüş X9 vərəsələri İddiaçı, X25, X23r. Onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 12 avqust 2020-ci il tarixdə X10 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir.

8. "X29 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ******* saylı çıxarışla Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Sualda qeyd olunan V tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.

9. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2-1(112)-2328/2022 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın ləğv olunması barədə iddiası təmin edilmiş, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kv.m yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330A saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın qismən, yəni, 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləğv edilməsi qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-1510/2022 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 2- 1(112)-2328/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1694/2022 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiasının 2-1(103)-1510/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Buzovna qəsəbəsi 1 mərtəbəli 6 otaqlı 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a nömrəli bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarış qismən, yəni 330a nömrəli bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, ki, bağın icarəyə verilməsi haqqında 26486 saylı 04 fevral 2003-cü il tarixli müqavilyə əsasən Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində 14 kv.m fərdi yaşayış evi olan 330a bağ sahəsi X7 ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı 000152 saylı 03 may 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 17 iyun 2005-ci il tarixli torpaq sahəsinin bağışlanması müqaviləsinə əsasən X17Ağa qızı Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a saylı 0,16 ha bağ sahəsini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamışdır. 08 sentyabr 2005-ci il tarixli torpaq sahəsinin bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh ünvan 4nin ölçüsü 0,08 hektar olan hissəsini X10 bağışlamışdır. 12 oktyabr 2006-cı il tarixli bag evinin bağışlanması müqaviləsindən görünür ki, X4 ünvan 4ndə yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamış və Bakı şəhəri, Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN – 24835D saylı şəhadətnaməyə əsasən ünvan 4nin 0,08 ha hissəsi X9 mülkiyyətinə verilmişdir. X13 29 dekabr 2019-cu il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsələri İddiaçı, X25, X23r, miras əmlak 12 avqust 2020-ci il tarixdə X10 verilmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən ibarətdir. Bakı şəhəri, Buzovna qəsəbəsi, 0,08 ha torpaq sahəsi olan 330a saylı bağ sahəsinin 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində X16, 1/3 hissəsi üzərində isə X20 mülkiyyət hüququ mülkiyyət hüququ qeydiyyata alınmışdır. Halhazırda ünvan 4 ünvanında yerləşən Cavabdeh mülkiyyətinə verilmiş B tikilisinə dair çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunması zərurəti yaranmışdır. “X29 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 12 nömrəli 21 yanvar 2022-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, ******* saylı çıxarışla Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ evinin yerləşdiyi torpaq sahəsi ilə 608325 saylı çıxarışla İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) sahələri həmsərhəd olmaqla bitişik yerləşir. Sualda qeyd olunan V tikilisi yaşayış evidir, həmin tikili iddiaçının adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(006)- 4896/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8046 saylı ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərlə (608325 saylı çıxarışla) İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsinin koordinatları müəyyən edilmişdir: X: 410134.81, 410133.45, 410120.28, 410106.83, 410107.75, 410121.28, 410121.33, Y: 4471448.06, 4471437.54, 4471439.24, 4471440.92, 4471451.03, 4471449.37, 4471449.77. Qeyd olunan bağ sahələri, yəni İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi və Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi həmsərhəd olmaqla bitişik yerləşdiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualında qeyd olunan "B" tikilisi İddiaçı adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)- 374/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin olunmuş, Bakı şəhəri, Buzovna qəsəbəsi, 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, -kv.m qeyri-yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv olunması qət edilmişdir.

16. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 saylı 14 fevral 2006-cı il tarixli sərəncamından göründüyü kimi Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində mövcud yaşayış evi sökülmüş, yerində 87,1 kv.m sahəli 6 yaşayış otağı, 94,4 kv.m köməkçi sahədən ibarət 2 yaşayış evi tikilmiş, həyətdə qazanxana sahəsi - 6,3 kv.m, 2 yay mətbəxi sahələri - 87,8 kv.m və 70,0 kv.m əlavə olaraq tikilmiş, cəmi torpaq sahəsi - 1538,0 kv.mdən ibarət olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti "Bakı şəhər Ekspertiza Mərkəzi”nin xx.xx.2006-cı il tarixli 374-E/6 saylı rəyində də Əzizbəyov (hazırki ünvan 5 ünvanda 2 ədəd 1 mərtəbəli ("A” və "B” tikililəri) fərdi yaşayış evlərinin tikildiyi, "tikintinin qısa xarakteristikası” hissəsində həmin ünvanda 2 ədəd 1 mərtəbəli ("A” və "B” tikililəri) fərdi yaşayış evlərinin layihələndirildiyi öz əksini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 08 iyun 2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun "torpaq sahəsinin planı” və "sahələrin xarakteristikası” hissələrində Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində 3 otaqlı "A” tikilisinin, 3 otaqlı B tikilisinin mövcud olması qeyd edilmişdir. Həmçinin, iş materiallarında olan həmin bağ sahəsinin bölgü sxemi, torpağın mülkiyyətə verilməsinə dair JN - 24836D saylı və JN - 24835D saylı şəhadətnamələrinin, habelə 08 iyun 2006-cı il tarixdə tərtib edilmiş texniki pasportunun qarşılıqlı təhlili zamanı müəyyən edilir ki, 3 otaqdan ibarət olan "A” tikilisi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsinin 0,08 ha ölçülü torpaq sahəsində, "B” tikilisi isə İddiaçı, X16, X20 paylı mülkiyyətində olan digər 0,08 ha ölçülü torpaq sahəsində yerləşir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli 10/8046 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi və Cavabdeh adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsi həmsərhəd olmaqla bitişik yerləşir və "B" tikilisi İddiaçı adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçının adına mülkiyyət hüququ qeydiyyata alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində (sənəd üzrə sahəsi 0,08 ha, faktiki sahə 706 kv.metr) yerləşən "B” tikilisi üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması qanunsuz və əsassız olmuşdur. Məhkəmənin qənaətinə görə mübahisə edilən tikiliyə iddiaçının əmlak hüququnun mövcudluğu təsdiq edilir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malikdir. Bəhs olunanlara əsasən iddiaçının mübahisə açdıgı mülkiyyət hüququna dair verilmiş çıxarışın onun hüquq və mənafeyinə toxunması sübuta yetirdiyindən iddia təmin edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 152.1, 152.2, 152.3, 152.4, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

19. Şikayətin dəlillərinə görə, məhkəmə iddia tələbini təmin edərkən işin faktiki hallarını nəzərə almamış, iş materiallarına əlavə olunan sübutlara düzgün qiymət verməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış və nəzərə almamışdır. Belə ki, məhkəmə torpaq və bağ evinin ayrıca əmlaklar olmasını nəzərə almamış, “torpağın bağışlanılması müqavilələri” ilə “bağ evinin bağışlanması” arasındakı fərqi müəyyən edə bilməmişdir. Həm torpaq sahəsi, həm bağ evi ayrıca əmlak kimi cavabdehin nənəsi X1 mülkiyyətində olmuş və hər bir əmlaka dair ayrı-ayrılıqda bağışlama müqavilələri rəsmiləşdirilmişdir. 17 iyun 2005-ci il tarixli 4Ə-3-369 nömrəli notarial qaydada bağlanmış “torpaq sahəsinin bağışlanması” müqaviləsinə əsasən X4 0,16 ha torpaq sahəsini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamış, 08 sentyabr 2005- ci il tarixli 4-Ə-3-348 nömrəli notarial qaydada bağlanmış “torpaq sahəsinin bağışlanması” müqaviləsinə əsasən isə Cavabdeh həmin torpaq sahəsinin ölçüsü 0,08 hektar olan hissəsini qardaşı X10 bağışlamışdır. Bağ evinə münasibətdə hər hansı bağışlama həyata keçirilməmiş, bağ evi həm “A”, həm də “B” tikilisi Cavabdeh mülkiyyətində qalmışdır. Qeyd olunan bağışlama müqavilələri yalnız torpaq sahələrinə münasibətdə həyata keçirilmişdir. Ayrıca əmlak kimi X1 mülkiyyətində olan bağ evinin özü isə 12 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş “bağ evinin bağışlanması” müqaviləsinə əsasən X4 tərəfindən nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlanmışdır. Bu müqavilənin əsasında Cavabdeh Məmmətağı qızı bağ evinə mülkiyyət hüququnu təsdiq edən tam qanuni çıxarış əldə etmişdir. ********* nömrəli 09 noyabr 2006-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Buzovna qəsəbəsində 0.05126 ha istifadədə olan 1 mərtəbəli, 6 otaqlı, 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a saylı nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Qeydiyyatın aparılmasına əsas olmuş 12 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş “bağ evinin bağışlanması” müqaviləsi qüvvədə olduğu və bu müqavilə ləğv edilmədiyi halda qeydiyyatın özünün və bunun əsasında verilmiş çıxarışın qismən ləğvi tamamilə qanunsuz vəəsassızdır. Mülki Məcəllənin 148-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə iddianı təmin etməklə cavabdehin bağ evinə mövcud olan mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Bütün bu qeyd olunan işin faktiki hallarını məhkəmə nəzərə almamış, qeydiyyat orqanı tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qanunsuzluğunun nədən ibarət olmasını qətnamədə əsaslandıra bilməmiş, qeydiyyatın aparılmasına əsas olmuş 12 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiq edilmiş “bağ evinin bağışlanması” müqaviləsi qüvvədə olduğu və bumüqavilə ləğv edilmədiyi halda qeydiyyatın özünün və bunun əsasında verilmiş çıxarışın qismən ləğvi tamamilə qanunsuz və əsassız olmuş, belə olan halda məhkəmə qanunsuz olaraq inzibati məhkəmənin səlahiyyətlərini yerinə yetirərək inzibati orqan tərəfindən aparılmış qeydiyyata və inzibati orqanın hərəkətlərinə hüquqi qiymət verərək aparılmış qeydiyyatı və bunun asasında verilmiş çıxarışı qismən ləğv etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

22. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 22 avqust 2023-cü il tarixli, 2(103)-3817/2023 nömrəli qərardadına əsasən torpaq sahələrində inşa edilmiş “A” və “B” tikililərinin texniki pasportda qeyd olunan göstəricilərə uyğun gəlib – gəlməməsini, xüsusilə də mübahisənin predmeti olan “B” tikilisinin texniki pasportda qeyd olunan tikili olub – olmamasını, bu tikilinin hazırkı vəziyyətinin əlavələr olunmaqla, yoxsa sökülərək yenidən inşa edilməsinin müəyyən edilməsi üçün əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində hansı tikililər yerləşir və həmin tikililərin sahələri nə qədər təşkil edir? - İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisi neçə otaqdan ibarətdir, hər bir otağın sahəsi və evin ümumi sahəsi nə qədər təşkil edir? - İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin ölçüləri 08 sentyabr 2005-ci il tarixli “Torpaq sahəsinin bağışlanması” müqaviləsi bağlanana kimi tərtib olunmuş texniki pasportda olan göstəricilərlə eynilik təşkil edirmi, fərqlər mövcuddursa, həmin fərqlər nədən ibarətdir? - İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin ölçüləri 12 oktyabr 2006-cı il tarixli “Bağ evinin bağışlanması” müqaviləsi ilə X4 tərəfindən Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlandıqdan sonra tərtib olunmuş texniki pasportda olan göstəricilərlə eynilik təşkil edirmi, fərqlər mövcuddursa, həmin fərqlər nədən ibarətdir? - İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin hazırkı vəziyyətinin göstəriciləri ilə sonuncu tərtib olunmuş texniki pasportdakı göstəricilər arasında fərq mövcud olduğu təqdirdə müəyyən edilsin ki, bu dəyişikliklər əvvəlki evin sökülərək yenidən ev inşa olunması nəticəsində, yoxsa əvvəlki evə əlavələr olunması (əlavə otaqların tikilməsi, otaqların sahəsinin artırılması və s.) nəticəsində baş vermişdir?

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli 10/7205 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elmin Hüseynovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Göstərilən torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən 0.08 ha olsa da, faktiki olaraq hasardaxili 0,0706 ha təşkil edir. Ümumi 0,1538 ha (faktiki olaraq 0,18485 ha təşkil edir) əraziyə verilmiş 08 iyun 2006-cı il tarixli fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan “B” literli yaşayış evi və “D” literli həyət tikilisi faktiki olaraq göstərilən ərazidə yerləşməklə İddiaçı istifadəsindədir. Texniki pasportda qeyd olunan digər tikililər və 0,11425 ha torpaq sahəsi X8 istifadəsindədir. Ümumi ərazidə yerləşən “A” literli yaşayış evinin ümumi sahəsi 100,5 kv.metr (3 otaq 46,4 kv.m, köməkçi sahə 54,1 kv.metr), “B” literli yaşayış evinin ümumi sahəsi isə 78,5 kv.metr təşkil edir (3 otaq 41,7 kv.metr, köməkçi sahə 36,8 kv.metr). Ümumi ərazinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən faktiki sahənin bir hissəsi (təqribən 205 kv.metr hissə) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasındadır. Qeyd olunan “B” literli yaşayış evinin ümumi sahəsi 78,5 kv.metr təşkil edir (3 otaq 41,7 kv.metr, köməkçi sahə 36,8 kv.metr). Ümumi sahəsi 0,1538 ha (faktiki olaraq 0,18485 ha təşkil edir) əraziyə verilmiş 08 iyun 2006- cı il tarixli fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan “B” literli yaşayış evi və “D” literli həyət tikilisi faktiki olaraq göstərilən ərazidə yerləşməklə İddiaçı istifadəsindədir. İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin ölçüləri 12 oktyabr 2006-cı il tarixli “Bağ evinin bağışlanması” müqaviləsi ilə X5 tərəfindən Bakı şəhəri, Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində yerləşən 6 otaqlı 88,1 kv.metr yaşayış sahəsi, 90,9 kv.metr ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlandıqdan sonra tərtib olunmuş texniki pasportda olan göstəricilərlə eynilik təşkil edir. Fərq yoxdur. Faktiki vəziyyətdə göstərilən yaşayış evi texniki pasportda qeyd olunan “B” literli həmin evdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2-152.4. Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunaraq iddianın rədd olunması tələb edildiyindən, qətnamə apellyasiya şikayəti və dəlillər üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

29. İddianın predmetini Bakı şəhəri Buzovna qəsəbəsi 1 mərtəbəli 6 otaqlı 88.1 kvm yaşayış, 90,9 kv.m köməkçi sahədən ibarət 2 ədəd 330a nömrəli bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********84-11301 reyestr nömrəli çıxarış qismən, yəni 330a nömrəli bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv edilməsi təşkil etdiyindən mübahisənin həlli üçün ilkin olaraq həmin çıxarışın hansı sənədlər əsasında veriliyini aydınlaşdırmaq lazımdır.

30. İşin halları ilə təsdiq olunur ki, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində 48,9 kv.m fərdi yaşayış evi olan 330 saylı bağ sahəsi 20 aprel 1989-cu il tarixli, 26486 nömrəli müqavilə əsasında X3 məxsus olmuşdur. X4 sahəsi 0,16 ha olan torpaq sahəsini 17 iyun 2005-ci il tarixli bağışlama müqaviləsi ilə nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamış, sonuncu isə həmin torpaq sahəsinin 0,08 ha hissəsini 08 sentyabr 2005-ci il tarixli “Torpaq sahəsinin bağışlanması” müqaviləsi ilə qardaşı X10 bağışlamışdır.

31. Bundan sonra Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində mövcud yaşayış evi sökülmüş, yerində 87.1 kv.m sahəli 6 yaşayış otağı, 94,4 kv.m köməkçi sahədən ibarət 2 yaşayış evi tikilmiş, həyətdə qazanxana sahəsi - 6,3 kv.m, 2 yay mətbəxi sahələri - 87,8 kv.m və 70,0 kv.m əlavə olaraq tikilmiş, cəmi torpaq sahəsi - 1538,0 kv.m-dən ibarət olmuşdur. Məhz bundan sonra həmin tikililər üzərində X1 mülkiyyət hüququ qeydə alınmış və sonuncu 12 oktyabr 2006-cı il tarixli “Bağ evinin bağışlanması” müqaviləsi ilə X4 Bakı şəhəri Buzovna qəsəbəsi 330a nömrəli bağ sahəsində yerləşən 6 otaqlı 88.1 kv.m yaşayış sahəsi, 90.9 kv.m ibarət köməkçi sahəsindən ibarət olan bağ evini nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlamışdır.

32. Qeyd olunan hallarla təsdiq olunur ki, mübahisələndirilən reyestrdən çıxarışın verilməsi üçün 2 əsas mövcud olmuşdur: yeni tikililər üzərində X1 mülkiyyət hüqununun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında tikililərin nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlanması barədə 12 oktyabr 2006-cı il tarixli müqavilə.

33. İddiaçı isə həmin sənədləri mübahisələndirmədən birbaşa reyestrdə aparılmış qeydi və həmin qeyd əsasında verilmiş çıxarışı mübahisələndirir. Bu aspektdə məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, çıxarışın ləğvi üçün ilkin olaraq həmin çıxarışın verilməsi üçün əsas olmuş sənədlər mübahisələndirilməlidir.

34. Belə olduğu halda məhkəmə kollegiyası tərəfindən araşdırılmalı məsələ mübahisənin predmeti olan, yəni, iddiaçının mülkiyyətindəki torpaq sahəsində yerləşən evin hazırkı vəziyyətinin göstəriciləri ilə sonuncu tərtib olunmuş texniki pasportdakı göstəricilər arasında fərqin mövcud olduğunu, dəyişikliklər olduğu təqdirdə həmin dəyişikliklərin əvvəlki evin sökülərək yenidən ev inşa olunması nəticəsində, yoxsa əvvəlki evə əlavələr olunması nəticəsində baş verib – verməməsidir. Çünki, əgər hazırda mövcud olan ev texniki pasportdakı göstəricilərə uyğun gəlmirsə, bu, daşınmaz əmlakın məhv olması, mövcud olmaması anlamına gəlir ki, Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ itirilməsi üçün əsas hesab olunur. Belə olduğu təqdirdə iddianın təmin olunması perespektivi mövcud ola bilərdi.

35. Qeyd olunan məsələnin həlli üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı adına qeydə alınmış Bakı şəhəri, Buzovna qəsəbəsi, 330a nömrəli bağ sahəsində yerləşən “B” tikilisinin ölçüləri Cavabdeh Məmmətağı qızına bağışlandıqdan sonra tərtib olunmuş texniki pasportda olan göstəricilərlə eynilik təşkil edir, fərq yoxdur, faktiki vəziyyətdə göstərilən yaşayış evi texniki pasportda qeyd olunan “B” literli həmin evdir.

36. Belə olduğu təqdirdə iddiaçı hazırkı çıxarışı mübahisələndirmədən öncə yeni tikililərin X1 adına qeydə alınması barədə reyestrdə aparılmış qeydi və bu qeyd əsasında verilmiş çıxarışı mübahisələndirə bilərdi. Çünki, yeni tikililərlə bağlı Bundan sonra Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 63 nömrəli 14 fevral 2006-cı il tarixli Sərəncamı, həmin sərəncam əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və reyestrdən çıxarışın verilməsi məhz tikililərin yerləşdiyi torpaq sahəsi 08 sentyabr 2005-ci il tarixdə həmin torpaq sahəsi X10 bağışlandıqdan sonra aparılmışdır. Yəni, bu proseslərin aparıldığı dövrdə torpaq sahəsinin mülkiyyətçisi X4 və ya Cavabdeh Məmmətağı qızı olmamışdır.

37. Hazırkı situasiyada yeni tikililərin yeni tikililərin X1 adına qeydə alınması barədə reyestrdə aparılmış qeyd mübahisələndirilmir, Mulki Məcəllənin 140-cı maddəsində əks olunmuş reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına görə bu qeyd həqiqi hesab edilir və bu qeyd əsasında verilmiş reyestrdən çıxarış əsasında əqd bağlanılmışdır və həmin əqd də mübahisələndirilmir, bu əqdin əhəmiyyətsiz əqd hesab olunması üçün də hər hansı bir əsas mövcud deyildir.

38. Məhkəmə kollegiyası buna görə də hesab edir ki, hazırkı mübahisənin predmeti olan reyestrdən çıxarışın verilməsi üçün əsas olmuş - yeni tikililər üzərində X1 mülkiyyət hüqununun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında tikililərin nəvəsi Cavabdeh Məmmətağı qızına bağışlanması barədə 12 oktyabr 2006-cı il tarixli müqavilə mübahisə predmeti olmadan 2 ədəd 330a saylı bağ evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və dövlət reyestrindən mülkiyyət hüququna dair 09 noyabr 2006-cı il tarixlireyestr nömrəli çıxarışın qismən, yəni 330a saylı bağ evinin 1 ədəd evinə dair (“B” tikilisi) hissəsində ləgv olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsassızdır

39. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayətləri təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia rədd edilməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)- 374/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, e-2(006)- 374/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı çıxarışın qismən ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar