Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2491/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-1564/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 2730,49 manat sığorta ödənişi məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “Nissan Sunny” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 idarə etdiyi Cavabdeh2 məxsus “Volkswagen Touareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyat hadisəsi törədərək Sığortalanmış avtomobilə zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşları tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. “X1” MMC tərəfindən tərtib edilmiş zərər aktına əsasən Sığortalanmış avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3818,49 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 3718,49 manat məbləğində sığorta ödənişi “X1” MMC-nin hesabına köçürülmüşdür. Cavabdehin idarə etdiyi avtomobil “xxxx” ASC tərəfindən icbari qaydada sığortalandığından 988 manat sığorta ödənişi iddiaçıya ödənilmişdir. Sığortalanmış avtomobilin təmiri üçün cavabdehlərdən subroqasiya qaydasında 2730,49 manat pul tutulmalıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)-1564/2020 saylı qətnaməsi ilə iddia qismən təmin ediləərək, 2307 manat məbləğində sığorta ödənişi, 25 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində xidmət haqqı, cəmi 2332,40 manat məbləğində pulun Cavabdeh1 alınaraq “xxxx” ASC-yə ödənilməsi, dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək, iş üzrə iddia tələbinin tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən nəqliyyat vasitəsinə dəymiş ziyanın həcmi düzgün müəyyən olunmamışdır. Belə ki, məhkəmə tərəfindən “NissanSunny” markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın həcminin müəyyən edilməsi və iddia tələbinin qismən təmin olunması əsası kimi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1684 saylı rəyinə istinad edilmişdir. Ekspert rəyində nəqliyyat vasitəsi tədqiqata təqdim edilmədiyindən, ekspertizanın nəzəri qaydada və yalnız “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktı əsasında aparıldığı qeyd olunmuşdur. Bu fakt özlüyündə ekspert rəyinin natamamlığını və qeyri-obyektivliyini təsdiq etməklə, həmin rəyin əsaslılığına şübhə yaradır. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə verilmiş vəsatətdə obyektiv nəticənin əldə olunması məqsədilə avtotexniki ekspertiza da daxil olmaqla, kompleks ekspertizanın təyin edilməsi və ekspertizanın keçirilməsi zamanı avtomobilə baxış keçirilməsi xahiş edilmişdi. Lakin məhkəmə tərəfindən yalnız məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi zamanı avtomobilə baxış keçirilməmişdir. Cavabdehlər tərəfindən işə birinci instansiya məhkəməsində baxılan zaman, ekspert rəyinin məhkəmə qərardadı ilə qoyulmuş suallara müfəssəl cavabları əks etdirmədiyi və natamam olduğu əsas göstərilərək, mülki iş üzrə əlavə kompleks məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin edilməsinə dair vəsatət verilmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin olunmamış və məhkəmə qətnaməsində də vəsatətin təmin edilməməsinin səbəbləri göstərilməmişdir. Ekspert rəyindən aydın şəkildə görünür ki, ekspert məhkəmə qərardadı ilə onun qarşısında qoyulmuş suallara tam və müfəssəl cavab verməmiş və ya cavab verə bilməmişdir. Bu səbəbdən, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əlavə ekspertizanın keçirilməsi zəruri olmuşdur. İddia tələbinin qismən təmin edilməsi üçün mötəbər əsaslar mövcud olmamışdır və buna görə də məhkəmə qətnaməsi iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edilərək, iş üzrə iddia tələbi tamamilə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh tərəfin ekspertiza ilə bağlı fikirləri əsaslı hesab oluna bilməz. Belə ki, cavabdeh işdə olan zərərlə bağlı qüsur aktını və ekspert rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Cavabdeh1 məhkəməyə ərizə göndərərək, Bakı şəhərində olmadığı üçün, işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclas katibi məhkəmə iclası başlanana qədər cavabdeh Cavabdeh1 ilə telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu Bakı şəhərində olmasına baxmayaraq, həyat yoldaşı işdə olduğuna görə məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehlərin heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlmədiklərini nəzərə alaraq, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın təmin edilməyən hissəsindən iddiaçı və digər cavabdeh apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, “NissanSunny” markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra-Sığortalanmış avtomobil) xx.xx.2018-ci iltarixdən xx.xx.2019-cu il tarixədək “xxxx” ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi baş vermiş, Cavabdeh1 idarə etdiyi “VolkswagenTouareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində Sığortalanmış avtomobilə zərər vurmuşdur. Bakı şəhəri BDYPİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh1 İXM-nin 327.1-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “VolkswagenTouareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi digər Cavabdeh2dur. Cavabdeh1 ilə Cavabdeh2 ər-arvaddır. Sığorta hadisəsi nəticəsində Sığortalanmış avtomobilə dəyən zərər “xxxxCo” MMC tərəfindən 3678 manat məbləğində qiymətləndirilmiş, endirim (442manat) tətbiq edildikdən sonra ƏDV (582,49 manat) əlavə edilməklə və 100 manat franşiza çıxılmaqla, qalan 3718,49 manat məbləğində sığorta ödənişi köçürmə yolu ilə“xxxxCo” MMC-yəödənilmişdir. Sonradan “VolkswagenTouareg” markalı,** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta növü üzrə sığortaçısı olmuş “xxxx” ASC tərəfindən 988 manat sığorta ödənişi iddiaçıya qaytarılmışdır. Həmçinin, ekspertiza rəyi ilə Sığortalanmış avtomobilin hadisə baş verən tarixətəmir-bərpa xərcinin 3295 manat olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən maddənin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materialları ilə müəyyən edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2018ci il) sığorta hadisəsi baş vermiş və Sığortalanmış avtomobil Cavabdeh1 tərəfindən “Volkswagen Touareg” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün “X1” MMC-nin hesabına 3718,49 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Sonradan isə cavabdehin idarə etdiyi avtomobili icbari qaydada sığorta etmiş “xxxx” ASC tərəfindən ödənilmiş sığorta ödənişinin 988 manat hissəsi iddiaçıya geri qaytarılmışdır. Həmçinin, Cavabdeh1 törətdiyi yol nıqliyyat hadisəsinə görə BDYPİ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə İXM-nin 327.1-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Şığortalanmış avtomobilə yol nəqliyat hadisəsi nəticəsində dəymiş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından iddiaçının subroqasiya hüququ yaranmışdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçı subroqasiya tələbi ilə, Cavabdeh1 münasibətdə, məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1684 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Sığotalanmış avtomobilin hadisə baş verən tarixə təmirbərpa xərci təxminən 3295 manat müəyyən edilir. Kollegiya apellyatorun ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, apellyator ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab etməkdə haqlı olmuşdur. Buna görə də, Sığotalanmış avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 3295 manatdan, yəni zərər məbləğindən “xxxx” ASC tərəfindən iddiaçıya qaytarılmış 988 manat sığorta ödənişi çıxıldıqdan sonar ödənilməmiş qalan 2307 manat məbləğində sığorta ödənişi (3295 – 988 = 2307 manat) Cavabdeh1 iddiaçının xeyrinə tutulması iləə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu və ekspertiza xərci ilə bağlı məsələləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(011)- 1564/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2491/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2491/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver