Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2491/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1646/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-in Mühafizə Departamentinə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Dəmir Yolları QSC vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Dəmir Yolları QSC-in Mühafizə Departamentinin müstəqil hüquqi şəxs olmadığını, Azərbaycan Dəmir Yolları QSC-in tabeliyində olan, hüquqi şəxs statusuna malik olmayan struktur qrum olmasını bildirib hazırkı işin aidiyyəti üzrə baxılması üçün Azərbaycan Dəmir Yolları QSC-in hüquqi ünvanının yerləşdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1646/2024 saylı qərardadına əsasən, vəsatət təmin edilərək İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-in Mühafizə Departamentinə qarşı əmək haqqı tələbinə dair 2(001)-1646/2024 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə baxılarkən qeyd olunan maddi hüquq normalarının tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iddia ərizəsinin Azərbaycan Dəmir Yolları QSC-yə yox, həmin orqanın tabeliyindəki digər ünvanda yerləşən departamentə qarşı verildiyini nəzərə almamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1646/2024 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarına əsasən qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Mülki Məcəllənin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən Azərbaycan Dəmir Yolları QSC-in hüquqi ünvanı ünvan 3rı QSC-in xx.xx.2022-ci il tarixli əmrindən müəyyən olunur ki, ADY-in yalnız aşağıdakı hüquqi şəxs statusuna malik olmayan qrumlarının rəislərinə rəhbərlik etdikləri struktur qrumları üzrə təyinatı ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nin adından mühafizə departamentinin rəisi kimi işəgötürən səlahiyyətləri verilmişdir. Göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehin deyil, onun struktur qrumunun ünvanı üzrə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi əsaslı olaraq vəsatəti təmin edərək işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətini təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1646/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1646/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2491/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2491/2024
29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver