Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2491/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X14 və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)- 4252/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X15 01 fevral 2023-cü il tarixində Bakı şəhərində doğulmuşdur, atası İddiaçı, anası X4r.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əvəzləmə kartı Doğum evinin, xəstəxananın doğum şöbəsinin doğulmuş uşaq haqqında məlumatından görünür ki, uşaq X2 xx.xx.2023-cü il tarixində doğulmuş, uşaqda doğuş sonrası xəstəlik qeyd olunmamışdır, doğum evindən çıxarkən vəziyyəti kafi olmuşdur.
3. 01 fevral 2023-cü il təvəllüdlü X10 07 may 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh tərəfindən “Sirkumsiziya” əməliyyatı icra edilmişdir. Əməliyyat icra edilən zaman X9 vəziyyəti kəskinləşmişdir. Xəstə təcili yardımla 07 may 2023-cü il tarixdə TTY vasitəsilə xəstəxanaya daxil olmuşdur. Xəstəyə "Aqonal vəziyyət. Baş beyin ödemi. Ağciyər ödemi. Tənəffüs çatmamazlığı İİ-İİİ dərəcə. Ürək çatmamazlığı İİ dərəcə. Anaflaktik reaksiya. Generalizə olunmuş davamlı qıcolma" diaqnozu təyin edilmiş, təcili ürəyin qapalı masajı aparılmış, müvafiq tibbi yardımlar göstərilmiş, ürək fəaliyyəti bərpa olunmuş və valideynlərinin istəyi ilə xəstə 09 may 2023cü il tarixdə Mərkəzi Klinikaya köçürülmüşdür.
4. 01 fevral 2023-cü il təvəllüdlü X15 09 may 2023-cü il tarixdə "Postkardiak arrest sindromu" diaqnozu ilə ağır vəziyyətdə mərkəzi klinikaya daxil olmuşdur. Vəziyyətinin ağırlığı ilə əlaqədar xəstəyə müvafiq müalicələr aparılmış və 30 may 2023-cü il tarixdə evə buraxılmışdır.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və pataloji Anotomiya Birliyi” Publik Hüquqi şəxsi tərəfindən verilən 315/keş saylı məhkəmə tibbi ekspert rəyində göstərilir: 2023-cü il təvəllüdlü X9 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müəyinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Rəsul Məmmədovun vəziyyətinin pisləşməsinə səbəb "Sirkumsiziya" əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı reaksiya olmuşdur. 3. Rəsul Məmmədovun üzərində aparılmış "Sirkumsiziya” əməliyyatı zamanı "lidokain" dərman preparatı inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmalı idi. 4. Rəsul Məmmədovun üzərində aparılmış sirkumsiziya əməliyyatından əvvəl "lidokain" dərman preparatı inyeksiya edilməmişdən sınaq qoyulmuş olsa idi, anaflaktik reaksiyanın qarşısı alına bilərdi. 5. "Sirkumsiziya" cərrahiyyə əməliyyatının ev şəraitində aparılması tibbi cəhətdən yolverilməzdir. 6. Rəsul Məmmədovun üzərində "Sirkumsiziya" cərrahiyyə əməliyyatı tibb müəssisəsində əməliyyatxana şəraitində aparılmalı, əməliyyatdan əvvəl xəstə tam şəkildə müayinə olunmalı, ümumi vəziyyəti qiymətləndirilməli, "lidokain" dərman preparatına qarşı sınaq qoyulmalı və sınağın nəticəsinə uyğun olaraq preparatın tətbiq edilib-edilməməsinə qərar verilməli idi. Qeyd olunanlar yerinə yetirilmiş olsa idi, yarana biləcək ağırlaşmaların qarşısının alınması mümkün olardı. 7. Rəsul Məmmədovun mütəxəssis müayinəsi zamanı hazırda onun cinsiyyət üzvündə sirkumsiziyadan sonra patologiyanın olmadığı və əməliyyatın texniki olaraq düzgün icra edildiyi müəyyən edilmişdir. 8. Respublika Klinik Xəstəxanası PHŞ-ndə Rəsul Məmmədovun adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə TTY vasitəsilə xəstəxanaya daxil olmuşdur. Xəstəyə "Aqonal vəziyyət. Baş beyin ödemi. Ağciyər ödemi. Tənəffüs çatmamazlığı İİ-İİİ dərəcə. Ürək çatmamazlığı İİ dərəcə. Anaflaktik reaksiya. Generalizə olunmuş davamlı qıcolma" diaqnozu təyin edilmiş, təcili ürəyin qapalı masajı aparılmış, müvafiq tibbi yardımlar göstərilmiş, ürək fəaliyyəti bərpa olunmuş və valideynlərinin istəyi ilə xəstə xx.xx.2023-cü il tarixdə Mərkəzi Klinikaya köçürülmüşdür. X18 Məmmədovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 0, xx.xx.2023-cü il tarixdə "Postkardiak arrest sindromu" diaqnozu ilə ağır vəziyyətdə klinikaya daxil olmuşdur. Vəziyyətinin ağırlığı ilə əlaqədar xəstəyə müvafiq müalicələr aparılmış və xx.xx.2023-cü il tarixdə evə buraxılmışdır. Aparılmış müalicələr xəstənin vəziyyətinə uyğun olmuşdur. 9. Rəsul Məmmədovun məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir tavmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. 10. Rəsul Məmmədovun mütəxəssis müayinəsi zamanı hazırda onda "Beynin toksiko-hipoksik, işemik zədələnməsinin nəticələri. Spastik tetraplegiya. Simptomatik epilepsiya"nın olduğu müəyyən edilmişdir ki, bu da "Sirkumsiziya” əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı yaranmış reaksiyanın fəsadı kimi qiymətləndirilir. Buna məsul şəxs əməliyyatı icra edən həkim-cərrah olmuşdur.
6. Binəqədi rayon prokurorunun köməkçisi X13 tərəfindən qəbul edilən 29 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, X11 əməlində hər hansı cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmişdir.
7. X7 tərəfindən verilən xx.xx.2023-xx.xx.2023 tarixlərinə aid arayışdan görünür ki, X10 ürək dayanması və posthipoksin ensofalopatiya, dərmana rezistent epilepsiya diaqnozu qoyulmuşdur. Müalicə kimi: Mərkəzimizdə kompleks müalicələr aldı- EEQ müayinə,epilepsiya tutması medikamentoz müalicə olundu, daha sonra 2 kurs 3 ay ara ilə “kök hüceyrə transplantasiyası” 40.000 V miqdarda V/daz sistem damcı üsulu ilə köçürüldü. Əlavə olaraq, 3 prosedur kök hüceyrə transplantasiyası da tövsiyyə olundu.
8. Azərbaycan Respublikası Medspektr MMC tərəfindən verilən arayışa görə xx.xx.2023-xx.xx.2023 tarixlərində pasiyent X3 hücrə transplantasiyası həyata keçirilib. Birinci prosedur Mərkəzi klinik xəstəxanada,digəri isə Medspektr MMC-nin nəzdində fəaliyyət göstərən X7ndə həyata keçirilmişdir. Hər iki sistem köçürülmə və kök hüceyrələrin alınması üçün cəmi məbləğ 9000 manat təşkil edib, 400 manat sistem köçürülməsi üçün, qalıq məbləğ isə kök hüceyrələrin alınası üçün sərf edilib.
9. "xxxx" MMC tərəfindən verilən 09 yanvar 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, pasiyent X9 müayinəsi üçün 585 manat ödəniş edilmişdir.
10. Mərkəzi Klinika tərəfindən təqdim edilmiş, X10 göstərilmiş tibbi xidmətlərin açıqlanmasına dair cədvələ görə, sonuncuya göstərilən tibbi xidmətlərin qarşılığında 23946,74 manat vəsait ödənilmişdir.
11. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH seriyalı, 049678 saylı sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh 30 yanvar 2023-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
12. X8 Cəmiyyətinin üzvü pediatr Röyanə Quluzadə tərəfindən verilən arayışda göstərilir: xx.xx.2023-cü il doğumlu X15 mərkəzimizə ağır vəziyyətdə-gün ərzində dəfələrlə təkrarlanan ağır qıcolmalar, Vest sindromu və Hiposik-işemik asefalopatiya, ağır dərəcə diaqnozu ilə daxil olmuşdur. Pasiyent nevroloq Röyanə Quluzadə tərəfindən müayinə və elektroensetalografik müayinə olundu. Bir neçə ay müddətinə anti konvulsiv (qıcolma əleyhi) müalicə başlandı. Xəstənin vəziyyətinin ağır olması, ağır dərmanlara tabe olmayan epilepsiyanın olması uşağın beyin MRT müayinəsinə ağır beyin toxuma zədələnməsinin olmasına görə valideynlər regenerativ-toxumalara bərpaedici təsir göstərən, ən effektiv müalicə hesab olunan merenximal kök hüceyrə köçürülmələri tövsiyyə edildi. Kök hüceyrə prosedurlarından (2 prosedur) sonra uşağın vəziyyətində xeyli irəliləyişlər əldə olundu. 1) müalicəyə tabe olmayan qıcolmalar dayandı., 2) Sərbəst qidalana bilməyən və daim nazoqastral zondda olan pasiyent tədricən zonddan azad etmək mümkün oldu. Daha irəli dəyişiklik və nəticələr üçün merenximal kök hüceyrə köçürülmələrini təkrarlamaq tövsiyyə olunurş (ən azı 5 prosedur).
13. İnzibati tənbehvermə haqqında 08 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X19 AR İXM-nin 210-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2000 manat cərimə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən X1 müayinə və müalicələri üçün çəkilmiş 23946 manat xərcin, “Büllur” Klinikasında oğluna 23 avqust 2023 və 25 sentyabr 2023-cü il tarixlərdə iki dəfə kök hüceyrə transplantasiyası həyata keçirilməsinə görə çəkilmiş 9000 manat xərcin, həkim qəbulu və müayinələr üçün 585 manat, 3 dəfə kok hüceyrə transplantasiyası keçirilməsi üçün 13500 manat xərcin olmaqla, ümumilikdə 47000 manat maddi zərərin və 30000 manat mənəvi zərərin əvəzinin, ödənilmiş 321 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia onunla əsaslandırılmışdır ki, oğlu X15 01 fevral 2023-cü il tarixdə dünyaya gəlmişdir. Övladı iki aylıq olanda onu həkim müayinəsindən keçirən zaman həkim pediatr oğlunun sidik kanalında duzlaşma olduğundan serkumsiziya (sünnət) əməliyyatını gecikdirməməyi məsləhət görmüşdür. Bundan sonra bu məsələ ilə maraqlandıqda Cavabdeh məsləhət gördülər. 07 may 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən Cavabdeh tibbi xidmətlər göstəmək üçün ayrılmış otağa gəlmişlər. Orada Cavabdeh ona alıb gətirməyi tapşırdığı "lidokain" dərman preparatını sınaq qoymadan vurmuşdur. Bundan 15-20 dəqiqə sonrauşaqda boğulmalar başlamış, tənəffüs alıb-verməsi çətinləşmişdir. Bunda sonra X24 çağırmış və uşağı Akademik Mirqasımov adına kliniki xəstəxanaya aparmışlar. Orada iki gün qaldıqdan sonra oğlu "lidokain" dərman preparatının təsirindən anafilaktik şok diaqnozu ilə X12 yerləşdirilmişdir. Bununla bağlı o Binəqədi Rayon Prokurorluğuna müraciət etmişdir. Bununla bağlı ekspertiza keçirilmiş və oğlunun məhs "lidokain" dərman preparatının təsirindən anafilaktik şok keçirdiyi dərman vulumadan qabaq sınaq qoyulmalı olduğu qeyd edilmişdir. Binəqədi Rayon Prokurorunun köməkşisi Səbinə Məmmədlinin 29 aprel 2024-cü il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. X1 müayinə və müalicələri üçün ümumilkidə 23946 manat xərc çəkilmişdir. Bundan əlavə "Büllur" Klinikasında oğluna 23 avqust 2023 və 25 sentyabr 2023-cü il tarixlərdə iki dəfə kök hüceyrə transplantasiyası həyata keçirilib və buna görə də 9000 manat və həkim qəbulu və müayinələr üçün 585 manat xərc çəkilmişdir. Hər birinin qiyməti 4500 manat olmaqla daha üç dəfə kök hüceyrə transplantasiyasına ehtiyac var. Oğlu gündəlik olaraq suni nəfəs aparatı vasitəsi ilə nəfəs alır. Oğluna gündəlik vurulan sistem və iynələr üçün tibb bacısı xidmət göstərir ki, bunlarda əlavə xərclərin yaranmasına səbəb olur. Butun bunlar üçün 30000 manatdan cox xərci cıxmışdır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)- 4252/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh vurulmuş maddi zərərə görə 32000 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, ümumilikdə 33000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
17. Qətnamənin əsaslarına görə, cavabdeh ümumi cərrahiyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq hüququ olan həkimdir. İddiaçının müraciətinə əsasən o, ev şəraitində 3 aylıq X9 üzərində “Sirkumsiziya” əməliyyatı (sünnət) icra etmişdir. Əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşmiş, həkim ilkin müdaxilə etməyə çalışmış və vəziyyətin kritikiliyini görüb təcili-tibbi yardım dəvət edilmişdir. Xəstəyə “postkardiak arrest sindromu” diaqnozu qoyulmuşdur. Müalicədən sonra “Traxeostomaya qulluq. Beyin venalarının trombozu nəticəsində yaranan qeyripiogen beyin infarktı. Ürək fəaliyyətinin uğurlu bərpası ilə nəticələnən ürək dayanması” kliniki diaqnozu ilə evə buraxılmışdır. Aparılmış komisyon məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, X9 vəziyyətinin pisləşməsinə səbəb "Sirkumsiziya" əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı reaksiya olmuşdur və preparat vurulmamışdan əvvəl sınaq qoyulmuş olsa idi və əməliyyat xəstəxana şəraitində aparılmış olsa idi, yarana biləcək ağırlaşmaların qarşısını almaq mümkün olardı. Odur ki, cavabdeh ev şəraitində əməliyyat icra edərək təqsirli olaraq hüquqa zidd əməl törətmişdir və bu barədə onun barəsində inzibati tənbeh verilmişdir. Əməliyyatın icrasından sonra xəstənin vəziyyəti ağırlaşmış və dərhal reanimasiya şəraitində müdaxilə edilməsi imkanı olmadığından xəstədə yuxarıda qeyd edilən fəsad yaranmışdır. Xəstənin müalicəsi ilə bağlı iddiaçıya çəkdiyi və ya çəkməli olduğu xərclər qismində zərər dəymişdir. Zərərin vurulmasına səbəb isə məhz xəstəyə "lidokain" preparatının vurulmasından əvvəl sınaq qoyulmaması, hətta sınaq qoyulmamış olsa belə, əməliyyatın ev şəraitində icra edilməsi olmuşdur. Bu məqamda məhkəmə cavabdehin etirazlarını əsassız hesab edir. Belə ki, iddiaçının könüllü olaraq ona müraciət etməsi, uşaqda hər hansı xəstəlik olması ehtimalı, törətdiyi əmələ görə inzibati qaydada tənbeh edilməsi, dərman vasitəsinin istifadəsi üzrə təlimatda “sınaq” qoyulma ilə bağlı göstərişin olmaması kimi dəlillər onun törətdiyi hüquqa zidd əməl nəticəsində zərərin vurulduğu hüquqi nəticəsini dəyişmir. Belə ki, cavabdehin həmin hadisəyə qədər ev şəraitində yüzlərlə uğurlu “Sirkumsiziya” əməliyyatı icra etmiş olması, onu mində bir ehtimalın baş verməsi məsuliyyətindən azad etmir. Belə ki, əməliyyatın xəstəxana şəraitində icra edilməsi barədə qanunvericiliyin tələbi məhz həmin ehtimalın, yəni yarana biləcək ağırlaşmaların qarşısını almağa yönəlmişdir və uzun illər həkim kimi fəaliyyət göstərmiş cavabdehin də bundan xəbərsiz olması inandırıcı deyildir. Odur ki, yaranmış mübahaisə üzrə cavabdehin məsuliyyətini istisna edən hal müəyyən edilmədiyindən iddiaçının tələbi əsaslı hesab edilməlidir. Vurulmuş zərərin məbləği ilə bağlı isə məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, “kök hüceyrə transplantasiyasının” effektiv müalicə hesab edilməməsi, cavabdeyin deyimi ilə “pul tələsi” olması barədə mülahizələri ilə bağlı hər hansı tutarlı sübut təqdim edilmədiyi kimi, həmin müalicənin məhz uşaq nevroloqu tərəfindən tövsiyyə edilmiş olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, cavabdehin ödədiyi 15000 manat vəsait nəzərə alınmaqla, iddiaçıya çəkdiyi və çəkməli olduğu xərclərin əvəzi qismində 32000 manat məbləğində zərər vurulması tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, iddia həmin hissədə qismən əsaslıdır. Xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Məhkəmə iddiaçının uşağının səhhətindəki ağır vəziyyəti, cavabdehin təqsirinin dərəcəsini, cavabdehin maddi durumunu nəzərə alır və hesab edir ki, cavabdehdən vurduğu mənəvi zərərin əvəzi qismində 1000 manat kompensasiyanın tutulması işin hallarına mütənasib olmaqla ədalətlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
20. Şikayətin dəlillərinə görə, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə razı deyildir, onun heç bir günahı yoxdur. Əməliyyatın sonunda xəstənin halı pisləşmiş, ilkin tədbirləri gördükdən sonra X24a zəng vurmuşdur. Lidokoin dərman preparatının inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmur. Çünki həmin dərman preparatı antibiotik xassəli dərman preparatı deyildir. Bundan başqa iddiaçı onun həkim olmadığını qeyd edir. Bununla bağlı bildirmək istəyir ki, dünya şöhrətli Akademik Cavadzadənin tələbəsi olmuşdur. Uşaq sünnət olunmamışdan əvvəl MRT-nin nəticəsinə görə uşağın beynində problem olmuşdur. O, 30 il həkim-cərrahiyyə fəaliyyəti ilə məşğul olmuş, lakin bu günə kimi lidokoin dərman preparatını inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmasına rast gəlməmişdir. Xəstəxanada belə Lidokoin dərman preparatını inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmur. Hesab edir ki, iddiaçının nəslində irsi xəstəlik vardır. Bu barədə iddiaçının yaxın adamları ona məlumat vermişdir. Uşağ ağciyər xəstəliyinin daşıyıcı imiş. O iddiaçıya köməklik etmişdir, lakin uşağın müalicəsi düzgün aparılmamışdır. Təcili yardım avtomobilində nəfəs aparatı yox idi. Əməliyyatı çox uğurlu keçmişdir. Lakin qəflətən uşağın vəziyyəti pisləşmişdi. Bu zaman uşağa ilkin yardım, yəni süni nəfəs və ürək masajı etdi. X24 avtomobilində oksigen olsa idi uşaq bu vəziyyətə düşməzdi. Bundan başqa bildirmək istəyir ki, iddiaçının uşağında irsi xəstəlik vardır. Belə ki, iddiaçının bacısının uşağında da uşaq paralici xəstəliyi vardır. Həmin xəstəlik iddiaçının ailəsində irsidir. Uşağı “Sirkumsiziya” əməliyyatı edən zaman uşağın xəstə olması barədə məlumat verilməmişdir. Hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Bu mənada ki, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd edir ki, göstərilənlərə sübut qismində qeyrimüəyyən olan həkim tərəfindən verilmiş rəylərdir. Bununla yanaşı sözügedən məhkəmə qərar qəbul edərkən həmin rəylərə və iddiaçının qanunsuz, əsassız mülahizələrinə, izahatına əsaslanmışdır. Bununla da iddia tələbin sübuta yetirilməsi qeyri-mümkün və qanuna ziddir. Göstərilənlərə əsasən hesab edirik ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yanlış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, iddiaçı iddia ərizəsində cavabdehə uşağı daşıyıcı xəstəliyi olmamasını yalnız mülahizələr və ifadələr ilə iddia tələbinin əsaslılığı sübuta yetirilməsi üçün kifayət deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı: Bənd 8. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində iddianın təmin olunduğu hissədə hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
29. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
30. Həmçinin, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər (“Lidokoin” dərman preparatının inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmaması ilə bağlı göstərişin olmaması, uşağın əvvəldən irsi xəstəliyinin olması, müalicəsinin düzgün aparılmaması, X24 avtomobilində oksigen olmaması və s.) istintaq zamanı alınmış ekspert rəyi ilə tamamilə təkzib olunur. Belə ki, bu rəydə konkret olaraq qeyd olunmuşdur ki, Rəsul Məmmədovun vəziyyətinin pisləşməsinə səbəb "Sirkumsiziya" əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı reaksiya olmuşdur, "Sirkumsiziya” əməliyyatı zamanı "lidokain" dərman preparatı inyeksiya edilməmişdən əvvəl sınaq qoyulmalı idi, sınaq qoyulmuş olsa idi, anaflaktik reaksiyanın qarşısı alına bilərdi, "Sirkumsiziya" cərrahiyyə əməliyyatının ev şəraitində aparılması tibbi cəhətdən yolverilməzdir, bu əməliyyat tibb müəssisəsində əməliyyatxana şəraitində aparılmalı, əməliyyatdan əvvəl xəstə tam şəkildə müayinə olunmalı, ümumi vəziyyəti qiymətləndirilməli, "lidokain" dərman preparatına qarşı sınaq qoyulmalı və sınağın nəticəsinə uyğun olaraq preparatın tətbiq edilib-edilməməsinə qərar verilməli idi, qeyd olunanlar yerinə yetirilmiş olsa idi, yarana biləcək ağırlaşmaların qarşısının alınması mümkün olardı, mütəxəssis müayinəsi zamanı hazırda onun cinsiyyət üzvündə sirkumsiziyadan sonra patologiyanın olmadığı və əməliyyatın texniki olaraq düzgün icra edildiyi müəyyən edilmişdir, aparılmış müalicələr xəstənin vəziyyətinə uyğun olmuşdur, onda "Beynin toksiko-hipoksik, işemik zədələnməsinin nəticələri. Spastik tetraplegiya. Simptomatik epilepsiya"nın olduğu müəyyən edilmişdir ki, bu da "Sirkumsiziya” əməliyyatı zamanı istifadə edilmiş "lidokain" dərman preparatına qarşı yaranmış reaksiyanın fəsadı kimi qiymətləndirilir, buna məsul şəxs əməliyyatı icra edən həkim-cərrah olmuşdur.
31. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarnda formalaşdırılmış hüquqi mövqeyə görə mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
32. Hazırkı situasiyada isə hər 3 şərt mövcuddur, yəni, cavabdeh tərəfindən törədilən əməlin hüquqa zidd olması, həmin əməl nəticəsində iddiaçıya zərər vurulması və zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması işin faktiki halları ilə təsdiqini tapır.
33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)- 4252/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)- 4252/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.