Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2496/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi X12, Cavabdeh X5, onun vəkili-nümayəndəsi X6, Üçüncü şəxsin vəkili-nümayəndəsi X13 iştirakları ilə, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh faktiki varisi X7 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC cəlb edilməklə) “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 96/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti cavabdeh X7 qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə 27.12.2016-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əməl etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyinin cavabdeh X5 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bakı Metropoliteninin perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin X17” və “Bakı Metropolitenin 2011-2015-ci illərdə İnkişafına dair Dövlət proqramı” da İİİ yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu, “Avtovağzal”, B-02, B03, B-04 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının 22.10.2015-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən Lökbatan yolunun şərq hissəsində Biləcəri Heybət mənzilindən “Xocəsən” elektrik deposuna çəkilməsi nəzərdə tutulan dəmir yol xəttinin tikintisinin lahiyələndirilməsi məqsədilə 05.08.2011-ci il tarixli 357 saylı Sərəncamla 23,7 Ha torpaq sahəsinə bitişik 2,466 ha torpaq sahəsi "xxxx" QSC-nin daimi istifadəsinə ayrılmışdır. "xxxx" QSC Azərbaycan Respublikasının Baş Nazirinin müavininə 17.02.2016-cı il tarixli 40N-10/2-66 saylı məktubla müraciət edərək, Cəmiyyətin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayənədələri ilə birlikdə “Xacəsən- Avtovağzal” mənzil tunellərinin üzərindəki evlərin saxlanması və ya köçürülməsi haqqında Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy əsasında müvafiq göstəriş verilməsini xahiş etmişdir. "xxxx" QSC-nin və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə “Xacəsən Avtovağzal “ mənzil tunellərinin üzərindəki evlərin köçürülməsi haqqında Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy əsasında tunellərin tikintisi ilə bağlı aparılan işlər tunellərin üstündə tikilmiş fərdi yaşayış evlərində qəzalı vəziyyətin yaranması, qatarların hərəkətindən yaranmış dinamik zərbələrin, titrəmənin, yer səthinə ötürülməsi nəticəsində fərdi yaşayış evlərində mənfi fəsadlar yaratdığından həmin fərdi yaşayış evləri müstəqil ekspertlər "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Respublikası Baş Nazirinin müavininin 31.08.2016-cı il tarixli 17/3800-12 saylı dərkənarı ilə ödənilərək, köçürülmə işlərinin təmin olunması Binəqədi Rayon İcra Hakimiyyətinə, köçürülməsi nəzərdə tutulmuş obyektlərin sahiblərinə kompensasiya ödənilməsi məqsədi ilə Binəqədi Rayon icra Hakimiyyətinə təqdim olunması isə "xxxx" QSC-yə tapşırılmışdır. Kompensasiyanın ödənilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti siyahı üzrə evlərin faktiki sahibləri ilə notarial qaydada müqavilə bağlayaraq vəsaitləri onların "xxxx" ASC-nin Binəqədi filialında açılmış hesablaşma hesablarına köçürmüşdür. Aparılan qiymətləndirmə zamanı Cavabdeh ətraf tikililərin ona məxsus oluğu kimi qeyd etdirərək, qiymətləndirmə Hesabatında A, B və C tikililər kimi göstərilmiş əraziyə ödənilməli vəsaiti alınması məqsədilə oğlu X7 21.11.2016-cı il tarixli etibarnamə verilmişdir. Verilmiş etibarnamə əsasında Zahid Allahverdiyev 27.12.2016-cı il tarixdə Binəqədi Rayon icra Hakimiyyəti ilə alğı-satqı müqaviləsi bağlamaqla Dövlət büdcəsindən kompensasiya formasında 154710,00 manat məbləğində "xxxx" ASC-nin Binəqədi flialında açılmış hesablaşma-hesablarına vəsait köçürülmüşdür. Cavabdeh nümayəndəsi X9 154710,00 manat məbləğində vəsaiti "xxxx" ASC-nin Binəqədi flialında açılmış hesablaşma-hesablarından almışdır. İddiaçı X16 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq mərhum Cavabdeh tərəfindən özünün evinin yardımçı sahəsi kimi göstərilmiş 98,37 kv.m tikilinin onun fərdi yaşayış evini olması iddia edilmişdir. X9 məhkəmədə ifadələr verərək bu faktı təsdiq etmişdir. Verilmiş etibarnamə əsasında Zahid Allahverdiyev 27.12.2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə alğı-satqı müqaviləsi bağlamaqla Dövlət büdcəsindən kompensasiya formasında 154710 manat məbləğində "xxxx" ASC-nin Binəqədi flialında açılmış hesablaşmahesabından vəsaiti almaqla (müqavilənin 2.1-ci bəndi) 5(beş) gün müddətində yaşayış sahəsindən ikinci tərəfin xeyrinə imtina etməyi, yaşayış sahəsindən çıxmaqla onu boşaltmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(001)-96/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında 27.12.2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyi Cavabdeh hüquqi varisi cavabdeh X5 üzərinə qoyulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tərəfinin müvafiq subyektiv hüquqa malik olub-olmadığını araşdırmayıb. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Mülki hüquqda müqavilə anlayışının vacib elementlərindən biri müqavilənin subyekt tərkibidir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər müqavilənin subyekt tərkibinə aiddir. Həmin müqavilənin subyekt tərkibinə aid olmadığı üçün o, həmin müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcısı ola bilməz. Bu mənada mövcud iddia üzrə cavabdeh də ola bilməz. Bu halda, Binəqədi rayon İcra Hakimiyyəti ilə onun arasında hər hansı müqavilə olmadığı üçün iddia tərəfi onun yaşadığı evdən çıxarılmağı ilə bağlı müvafiq subyektiv hüquqa malik deyil. İddia tələbində onun hüquqi varisliyi ilə bağlı hər hansı qeyd yoxdur və qətnamənin əsaslandırıcı hissəsində bu məsələyə toxunulmayıb. Lakin qətnamənin qət hissəsində cavabdehin hüquqi varisliyi göstərilir. Birinci instansiya məhkəməsi cavabdehi anası Cavabdeh hüquqi varisi kimi qeyd edərək onunla Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin arasında 27.12. 2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyinin cavbadehin üzərinə qoyulması barədə qərar verib. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan iddia tələbində qeyd olunmadığı halda, qətnamənin qət hissəsinə hüquqi varis məsələsini əlavə etməklə qanunsuz qətnaməyə hüquqi don geyindirməyə uğursuz cəhd göstərib. Lakin birinci instansiya məhkəməsi cavabdehin hansı hüquqi əsasla hüquqi varis kimi mərhum anasının öhdəliklərinə görə cavabdeh olduğunu qətnamənin əsaslandırıcı hissəsində düzgün əsaslandırmamışdır. Mərhum anası Cavabdeh ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmış 06 dekabr 2016-ci il tarixli 16 saylı müqaviləyə əsasən 318. 43 kvadrat metr sahəyə görə 154.710 (yüz əlli dörd min yeddi yüz on) manat pul kompensasiya kimi ödənilib. Həmin müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi (sənədlərdə “C” tikilisi) Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar alınıb və hazırda sökülüb. Bu halda, artıq sökülən və mövcud olmayan həmin əmlakın cavabdeh tərəfindən miras kimi faktiki qəbul edilməsi qeyri-mümkündür. X14 məxsus ev (sənədlərdə “B” tikilisi) Cavabdeh məxsus köməkçi sahə kimi göstərilərək söküləcək evlərin siyahısına salınıb. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(81) - 3886/2018 saylı qərarına əsasən X14 məxsus ev Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılıb. X14 məxsus ev onun mülkiyyətində olduğundan həmin ev də onun tərəfindən heç bir halda miras kimi qəbul edilə bilməz. Sənədlərdə “A” tikilisi kimi qeyd olunan yaşayış evi ona məxsusdur. Həmin evdən cavabdehin və ailə üzvlərinin çıxarılması üçün çoxsaylı cəhdlər olsa da, onların birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciətlərindən sonra proses hüquqi müstəviyə keçib. Həmin evin bazar qiymətinin dəyərləndirilməsi tələbi ilə məhkəmədə qaldırdığı iddia təmin edilib. Belə ki, Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007) - 1509/2021 saylı, 15.11.2021 tarixli iş üzrə qəbul etdiyi qətnaməyə əsasən cavabdehin Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin çəkilişi ilə əlaqədar Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən Cavabdeh aid 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında "xxxx" MMC tərəfindən hazırlanan hesabat etibarsız hesab edilib və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kvm., olan ona məxsus evin mövcud bazar qiymətinə uyğun 113.408 manat məbləğində qiyməti müəyyən edilib. “A” tikilisi ona məxsus olduğundan özünə məxsus daşınmaz əmlakın sökülməsi ilə əlaqədar (əgər həqiqətən buna zərurət varsa) kompensasiya tələbi ilə əlaqədar iddia tələbinin irəli sürülməsi heç bir halda həmin əmlakın miras əmlak kimi qəbul edilməsi sayıla bilməz. Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttininçəkilişi ilə əlaqədar Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən, cavabdehin mərhum anası Cavabdeh məxsus olan evin (sənədlərdə “C” tikilisi, ümumi sahəsi 78.30 kvm.) kompensasiya məbləğinin artırılmasına dair o, məhkəmədə iddia qaldırmışdır. Hazırda qanuni qüvvəsində olan Bakı Apellyasiya Məhkəməsi İnzibati - İqtisadi Kollegiyasının (sədrlik edən hakim Afaq Nuriyeva) 04.12.2019 - cu il tarixli, 2-1(103) -2740/2019 saylı qərarı mərhum anasının hüquqi varisi kimi iddia irəli sürməyə subyektiv hüququnun olmaması səbəbindən həmin iddia mümkünsüz sayılıb. Göründüyü kimi, anası ilə bağlanan müqavilədə yaşayış evi həyət tikilisi kimi qeyd olunmaqla ona digər köçürülənlərdən iki dəfə az kompensasiya ödənildiyi üçün kompensasiya məbləginin artırılması tələbi ilə məhkəmədə iddia qaldırmağa hüquqi varis kimi subyektiv hüququnun olmadığı qanuni qüvvədə olan məhkəmə qərarı ilə artıq təsbit olunub. Bu halda, birinci instansiya məhkəməsinin anası ilə bağlanan müqavilənin şərtlərinə anasının hüquqi varisi kimi onun cavabdehlik daşıdığı barədə nəticəyə gəlməsi üçün heç bir hüquqi əsas olmadığı kimi, anası ilə bağlanan müqavilə ilə əlaqədar ona qarşı məhkəmədə iddia qaldırmaq üçün iddia tərəfinin subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi bu halda, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 və onun vəkili-nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 və üçüncü şəxsin vəkili-nümayəndəsi X19 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 01 oktyabr 2016-cı il tarixli Bakı Metropoliteninin “Xocəsən-Avtovağzal” mənzil tunelləri və Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi ilə əlaqədar tunellərin üzərində yerləşən fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektinin sənədləşdirilməsi barədə sərəncamından görünür ki, Binəqədi rayonu, “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposunun dəmir yolu xəttinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə Sərəncama əlavə olunmuş, adları göstərilən şəxslərin fərdi yaşayış evləri mövcud vəziyyətdə hüquqi qeydiyyata alınması və cizgilərinin təsdiqlənməsi, fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektinin sökülməsi məqsədilə müəyyən edilmiş kompensasiya məbləğinin fərdi qaydada ödənilməsinin təmin edilməsi RİH başçısı aparatının sektor müdiri (baş mühasib) Hicran Dadaşovaya həvalə edilməsi qərara alınmışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası "xxxx" QSC 20.09.2016-cı il tarixli 40N-10/3-1067 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, stansiyanın istismara verilməsi və qatarların normal hərkətinin təmin olunması üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Hər iki obyekt üzrə tikinti işlərinin aparılmasına orada inşa edilmiş məcburi köçkünlərə məxsus 35, məcburi köçkün olmayan şəxslərə məxsus 30 fərdi yaşayış evinin və bir ədəd obyektin mane olduğu müəyyən olunmuşdur. Bununla əlaqədar “Xocəsən Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinə maneə törədən fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri "xxxx" ASC-nin müraciəti əsasında qiymətləndirilmiş və həmin tikililərə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğləri Maliyyə Nazirliyi tərəfindən razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən verilən 03.08.2016-cı il tarixli, K/111(09) saylı qiymətləndirməyə aid hesabata müşayiət məktubundan görünür ki, K/111 saylı, 25.07.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən-Avtovağzal” sahəsi ünvanda yerləşən Cavabdeh aid A, B və C tikililərindən ibarət olan daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatda layihənin tikinti sahəsinə düşən daşınmaz əmlak üçün kompensasiya məbləği 154710 manat təyin olunmuşdur. Hesabatın 2.3-cü bəndində əmlakın baxış aktı ilə X9 tanış olmuş və imzalamışdır. Cavabdeh ilə Bakı şəhər Binəqədi RİH arasında bağlanan 27.12.2016-cı il tarixli müqavilədən görünür ki birinci tərəf Cavabdeh 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən 2-ci tərəfin yəni Bakı şəhər Binəqədi RİH-in xeyrinə imtina edir. “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə sakinlərə veriləcək 27.12.2016-cı il tarixli, 32 №-li kompensasiya cədvəlindən görünür ki, Cavabdeh 154710 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən verilən TT2779835 saylı kassa məxaric orderinin surətindən görünür ki, etibarnamə əsasında X4 etibarnamə əsasında X7 “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi 154710,00 AZN məqsədilə kompensasiya verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)-3886/2018 saylı qərarından görünür ki, X14 məxsus Bakı şəhəri, Motodrom yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2-1(81)-2823/2019 saylı qərarından görünür ki, iddiaçı X5 "xxxx" QSC-yə qarşı (üçüncü şəxslər: Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” iddia mümkün sayılmamışdır. Qərardad Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 dekabr 2019-cu il tarixli, 2-1(103)-2740/2019 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Binəqədi Rayon İcra Hakimiyyəti ilə cavabdehin anası Nümayəndə arasında müqavilə bağlanan zaman sonuncunu Zahid Allahverdiyev təmsil etmiş, hətta kompensasiya məbləğini də o qəbul etmişdir. Yəni hazırki mülki iş üzrə cavabdehin həmin müqavilənin mahiyyətindən, təklif edilən kompensasiya məbləğindən xəbəri olmuşdur. Müqavilə bağlanan zaman, o cümlədən kompensasiya ödənilən zaman buna etiraz etməmiş, faktiki olaraq razılaşmışdır. Cavabdehin sonradan evdən çıxmaqdan imtinasını müqavilənin mötəbərliliyi ilə əsaslandırması hüquqdan sui-istifadədir. Bundan başqa cavabdeh yaşadığı evdən çıxmaqdan imtinasının səbəbini dövlət tərəfindən müəyyən edilən kompensasiya məbləği ilə razılaşmaması ilə əsaslandırır. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh faktiki olaraq həmin qiymətləndirmə hesabatını başqa məhkəmə icraatı çərçivəsində mübahisələndirmişdir. Hər bir halda gələcəkdə kompensasiya məbləğinin məhkəmə qətnaməsi əsasında artırılması hazırki mübahisədə cavabdehin hüququndan sui-istifadə etməsinə əsas vermir. Bununla bağlı qeyd edilməlidir ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Lakin mübahisə olunan yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətində olmamaqla, özbaşına tikilidir. Yəni cavabdehin həmin yaşayış sahəsinə har-hansı subyektiv hüququ olmasa belə, dövlət tərəfindən kompensasiya ödənilmişdir. Buna baxmayaraq metro tikintisi nəzərdə tutulan həmin ərazidə tikinti işlərinin aparılması bu kimi səbəblərlə hal-hazıradək mümkün olmamışdır. Kompensasiya məbləği ilə bağlı məhkəmə çəkişməsinin indidən belə illərlə uzanması isə nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olacaqdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Kollegiya qeyd edir ki, “Bakı Metropoliteninin Perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə “Bakı Metropoliteni Xətlərinin X17” və “Bakı Metropolitenin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı təsdiq olunmuşdur. "Bakı Metropoliteni” QSC 20.09.2016-cı il tarixli 40N- 10/3- 1067 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək stansiyanın istismara verilməsi və qatarların normal hərəkətinin təmin olunması üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və "Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Hər iki obyekt üzərində tikinti işlərinin aparılmasına orada inşa edilmiş məcburi köçkünlərə məxsus 35, məcburi köçkün olmayan şəxslərə məxsus 30 fərdi yaşayış evinin və bir ədəd obyektin maneə olduğu müəyyən olunmuşdur. Həmin fərdi yaşayış evləri müstəqil ekspert "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Kompensasiyanın hesablanması "xxxx" QSC-nin sifarişi əsasında aparılmış Binəqədi Rayon İcra Hakimiyyəti "xxxx" QSC tərəfindən təqdim edilmiş siyahı əsasında hesaba köçürülmüş kompensasiya məbləğlərinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir. Etibarnamə əsasında Zahid Allahverdiyev 27.12.2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə müqavilə bağlamaqla Dövlət büdcəsindən kompensasiya formasında 154710,00 manat məbləğində "xxxx" ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesablarına vəsait köçürülmüşdür. Cavabdeh nümayəndəsi X9 154710,00 manat məbləğində vəsaiti "xxxx" ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesablarından almış və aldığı kompensasiyaya görə cavabdehin xeyrinə fərdi yaşayış evindən imtina etmişdir. Lakin hal-hazıra kimi evdən çıxmamışdır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin mübahisəsiz halları ilə birlikdə təhlil edərək qeyd edir ki, cavabdehin mərhum anası Cavabdeh ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmış 06 dekabr 2016-ci il tarixli 16 saylı müqaviləyə əsasən 318.43 kv.m. sahəyə görə 154710 manat pul kompensasiya kimi ödənilmiş, cavabdeh etibarnamə əsasında həmin pulu alıb dərhal tam şəkildə anasına vermişdir. Cavabdeh 03.02.2017-ci il tarixdə vəfat etməsindən sonra isə həmin ünvanda yaşayan şəxs olaraq iddianın cavabdeh Zahid Allahverdiyevə yönəldilməsi haqlı olmuşdur. Cavabdeh Zahid Allahverdiyev özü şəxsən hesabatı imzalamış, kompensasiya məbləği ilə tanış olmuş və qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin Binəqədi rayon İcra Hakimiyyəti ilə onun arasında hər hansı müqavilə olmadığı üçün iddia tərəfi onun yaşadığı evdən çıxarılmağı ilə bağlı müvafiq subyektiv hüquqa malik olmaması dəlili ilə bağlı qeyd edir ki, işin materiallarına əsasən Cavabdeh ilə Bakı şəhər Binəqədi RİH arasında bağlanan 27.12.2016-cı il tarixli müqavilənin tərəfi olmuş və o, müqavilə əsasında 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən Bakı şəhər Binəqədi RİH-in xeyrinə imtina etmək kimi öhdəlik götürmüşdür. Qeyd edilən kompensasiya etibarnamə əsasında X2 təmsil edən X7 verilmişdir. Başqa sözlə, X9 anası X1 etibarnamə ilə nümayəndəsi olaraq ona çatmalı olan “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi 154710,00 AZN məqsədilə kompensasiyanı almağa səlahiyyəti olmuş və bu məbləği almış, lakin anasının vəfatından sonrakı dövrlərdə yaşadığı evdən çıxmaqdan imtina etməyə başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Binəqədi rayon İcra Hakimiyyəti ilə cavabdehin arasında hər hansı müqavilə olmasa da, o müqavilə üzrə tərəfi olan anasının sağlığında sonuncunun səlahiyyətli nümayəndəsi, ölümündən sonra isə İ növbə vərəsələr dairəsinə daxil şəxs statusuna malik olmuşdur. Sökülməli olan ev vərəsə olaraq ona miras əmlak kimi çatmasa da, o faktiki olaraq anası ilə yaşadıqları evin dövlət ehtiyacları üçün satınalma prosesi nəticəsində dövlətdən əldə etdiyi kompensasiya məbləğinə (pul formasında mirasa) vərəsədir. Belə olan halda cavabdehlə Binəqədi rayon İcra Hakimiyyəti arasında hər hansı müqavilənin olmaması sonuncunun bağlanmış müqaviləyə əsasən müqavilə tərəfinin etibarnaməsi əsasında kompensasiyanı alaraq, müqavilə tərəfinin ölümü ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mümkün olmadığı halda mərhumənin faktiki varisi statusuna malik olan şəxsə qarşı hazırki iddianı qaldırmağa müvafiq subyektiv hüququ olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək hesab edir ki, mərhum anasının hüquqi varisi kimi iddia irəli sürməyə subyektiv hüququnun olmaması səbəbindən iddianın mümkünsüz sayılmasına dair hazırda qanuni qüvvəsində olan Bakı Apellyasiya Məhkəməsi İnzibati - İqtisadi Kollegiyasının (sədrlik edən hakim Afaq Nuriyeva) 04.12.2019 - cu il tarixli, 2-1(103) -2740/2019 saylı qərarı onun mərhum anasının vərəsəlik hüquq münasibətləri baxımından hüquqi varisi olmaması anlamına gəlməyə əsas vermir. Həmin qərarın məzmunundan görünür ki, iddianın mümkünsüzlüyü əsası kimi İPM-in 13-cü maddəsinə istinad edilmişdir. İddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldiyindən və iddiaçı cavabdehin əvəz edilməsindən imtina etdiyindən, iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum anasının hüquqi varisi kimi iddia irəli sürməyə subyektiv hüququnun olmaması səbəbindən iddiasının mümkünsüz sayılmasına dair hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsi İnzibati - İqtisadi Kollegiyasının 04.12.2019 - cu il tarixli, 2-1(103) -2740/2019 saylı qərarının mövcudluğu birinci instansiya məhkəməsinin anası ilə bağlanan müqavilənin şərtlərinə anasının hüquqi varisi kimi onun cavabdehlik daşıdığı barədə nəticəyə gəlməsi üçün heç bir hüquqi maneə yaratmamış və anası ilə bağlanan müqavilə ilə əlaqədar ona qarşı məhkəmədə iddia qaldırmaq üçün iddia tərəfinin subyektiv hüququnun olmamasına dair apellyasiya şikayətinin dəlilləri bağlanmış müqavilə üzrə müqavilə tərəfinin səlahiyyətli nümayəndəsi kimi dövlətdən müəyyən edilmiş kompensasiyanı almış şəxsin müqavilənin şərtlərinə əməl etməkdən yayınmaq üçün etdiyi apellyatorun məsuliyyətsiz cəhdi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh yaşadığı evdən çıxmaqdan imtinasının səbəbini dövlət tərəfindən müəyyən edilən kompensasiyanın məbləği ilə razılaşmaması ilə əsaslandıraraq, iddiaya cavab verən şəxsin özünün olduğunu qəbul etmiş olur. İddiaçı bağlanan müqavilənin digər tərəfi olan Cavabdeh vəfat etməsi onun müqavilə üzrə üzərinə götürmüş öhdəliklərin, fərdi yaşayış evindən imtina etmənin xitam verilməsi kimi şərh edilə bilməz. Cavabdehin hazırda fərdi yaşayış evini boşaltmamaqla, əlavə olaraq daha yüksək kompensasiya tələb etməsi onun hüquqdan sui-istifadə etməsi kimi qəbul edilir. Bununla bağlı "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bundan başqa, cavabdeh hazırki apellyasiya baxışında icraatın dayandırılması barədə vəsatət verərək, qiymətləndirmə hesabatını başqa məhkəmədə mübahisələndirsə də, bu iddiaya baxılması üzrə qəbul ediləcək yekun qərarın qəbul edilməsi və onun qanuni qüvvəyə minməsinin hazırki iddia üzrə yekun qərarın qəbul edilməsinə mane olmadığı qənaətindədir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmiş və məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-96/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2496/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2496/2022
29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver