Məhkəmə qərarları › İş №2(103)-2501/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2501/2022

25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2501/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı X2nın nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7715/2021 saylı, 28 dekabr 2021ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahiblik və istifadə hüquqlarının maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı qoyulmasına yaradılan maneələrin aradan qaldırılması, ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə onun razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi, evə buraxılmadığı müddət ərzində üç aylıq kirayə haqqı olaraq ödədiyi 600 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun, Xırdalan şəhər Vəkil Bürosu ilə bağladığı hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində xidmət haqqının, ümumilikdə 720 manat pul vəsaitinin tutularaq iddiaçı Larisa Kirijnovskayaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə onun anası X4 ünvan 3 ünvanında qohumları X1 ilə razılaşaraq 350 kv.m ərazidə olan torpaq sahəsində 150 kv.m ayıraraq ev tikməyi barədə şifahi razılığa gəlmişdir. Həmin sahədə 55 kv.m-lik bir otaq, bir mətbəx və sanqovşaqdan ibarət bir fərdi yaşayış evi tikildi. Həmin həyətin faktiki olaraq yuxarı hissəsi cavabdehlərə, aşağı hissəsinə isə onlar sahiblik hüququnu həyata keçirməyə və istifadə etməyə başlamışlar. 2013-cü ildə cavabdehlər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək anası X3 və onu ünvan 4 ünvanında yerləşən bir otaqlı evlərindən və torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırdı. Lakin məhkəmə iddiaçıların iddiasını rədd edərək onların torpaq və ev üzərində mülkiyyət hüquqlarının olmamasını bildirdi. 2013-cü ilin dekabr ayında anası dünyasını dəyişdikdən sonra həmin fərdi yaşayış evində o, tək yaşamağa başlamışdır. Ondan sonra cavabdeh və onun ailəsi orada normal yaşaması üçün hər cür maneçilikləri yaratmağa başladılar. Ümumi bir həyət olması və eyni darvazadan həyətə daxil olmaları, onun həmin mənzildə tək yaşamağından istifadə edərək fiziki və psixoloji təsirlər etməyə başladılar. Evinə daxil olmaq istəyərkən çox zaman darvazanı bağlayıb ümumi həyətə buraxmırdılar. Ümumi həyətə daxil olmaq üçün qonşulardan divara çıxmağa və qapını açmağı xahiş edir. Hətta bir dəfə özü də divarın üzərindən çıxıb qapını açarkən düşüb ayaqlarınıı əzmişdir. Bundan başqa evinə gələn qonaqları qovub onu onların yanında təhqiramiz formada alçaldıblar. Qış aylarında qazını kəsərək soyuqdan evini tərk etməyə məcbur etmişlər, yay aylarında isə eyni borudan su gəldiyi üçün suyunu kəsib onu evdən qaçırmaq istəyirdilər ki, evi tərk edib getsin. Nə qədər başına insanlığa yaraşmayan, antihumanist addımlar atsalar da başqa yerə getməyə imkanının olmaması səbəbindən qalmağa məcbur olmuşdur. Bu ilin yayında isə onun üçün daha dözülməz vəziyyət yaratdılar. Evə daxil olmaq istəyərkən qapının qıfılını dəyişib evinə buraxmamağa başladılar. Dəfələrlə polisə öz evinə buraxılmaması barədə şikayət etsə də, polislər ona bu işin onların səlahiyyətinə aid olmadığını, məhkəməyə müraciət etməyinin vacibliyini bildirmişlər. «Məhkəmə qərar çıxardığı müddətdə harda qalmalıyam deyə soruşduqda isə ona polis bölməsində qala bilərsən» deyə cavab verdilər. Məcbur olub gecəni rəfiqələrinin evində, sonra isə kirayə tutub qalmağa başlamışdır. Bu ilin sentyabr ayının əvvəlində cavabdehlərin qanunsuzluqlarına qarşı yeni qapı açmaq, evinin ətrafında hasar tikmək istədikdə divarı uçurdular, qapının açılmasına imkan vermədilər. Ustaları və fəhlələri söyüb evdən qovaladılar. Hazırda evindən istifadə etməyə yaratdıqları maneəyə görə kirayə qalır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7715/2021 saylı, 28 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və iddianın verilməsi üçün ödənilmiş dövlət rsumu iddiaçıya aid edilmişdir. İddiaçı X2 iddia ərizəsi ilə eyniməzmunda əsaslandırılmış apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Larisa 4 ildir ki çıxıb, hal-hazırda da evdə yaşamır. X5 Respublikası vətəndaşıdır. Evdə olmadıqlarından, istirahətə getdikləri zaman, gecə vaxtı onlara zəng gəldi ki, həyətdə tikinti gedir. Qonşular bildirdilər ki, darvaza açıqdır, hasar sökülüb, ağaclar kəsilib. Bununla bağlı polisə zəng etdilər. Bununla bağlı onlara heç bir məlumat verilməyib. Larisa özü burada olmayıb, lakin açarı var idi, açarı başqa şəxslərə verib. Səhəri gün özlərini “qazi” adlandıran şəxslər gəlib onlara bildirdilər ki, Larisa onlara etibarnamə verib, burada qalmağa hüquqları var və bura onların evidir, brada onlara yaşamağa icazə verməyəcəklər. Bununla bağlı fotoşəkilləri məhkəməyə təqdim edir və apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 146.3, 152.2, 152.3, 152.5, 157.4, 157.8-ci maddələrinə; “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən torpaq sahəsinə və tikiliyə dair iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur. İrəli sürülən tələb isə faktiki olaraq iddiaçıya məxsusluğu təsdiq olunmayan torpaq sahəsinə sərəncam verilməsi ilə bağlıdır. Hərçənd ki, iddiaçı tələbini “sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması” kimi adlandırmışdır. Lakin iddiaçının tələbinin faktiki əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlməklə, torpaq sahəsinin orada yerləşən tikililərə uyğun proporsional qaydada bölünməsindən ibarətdir. Yəni iddiaçı əslində mübahisə edilən torpaq sahəsinə ayrıca qapı(hasar, darvaza) qoyulmasının və faktiki olaraq torpaq sahəsinin bölünməsini tələb edir ki, bununla da həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qalxmış olsun. Lakin qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi rəsmi reyestrdə qeydə alınmamış daşınmaz əmlaka dair hər hansı hüquq müəyyən edilə bilməz. İddiaçının iddia tələbinin digər hissələri isə törəmə tələblər olduğundan əsaslı hesab edilə bilməz. Belə ki, işin halları ilə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilmir.(MM 1096,1097) Odur ki, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə təmin edilməməlidir. İddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq: Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Belə ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4, 157.8, 158.4-cü maddələri nəzərdən keçirilə bilər. Lakin faktiki hallar həmin yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir. İşdən görünür ki, iddiaçının cavabdehlərə qarşı olan tələbi üç hissədən ibarətdir. İddiaçı tələbinin birinci hissəsində qeyd edir ki, cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı qoyulmasına yaradılan maneələr aradan qaldırılsın. Mübahisəli ünvandakı tikiliyə iddiaçının hər hansı bir hüququnun olub-olmamasından asılı olmayaraq iddiaçı həmin ünvanda yeni tikinti işləri aparmaq istəyir və məhkəmədən də istəyi ondan ibarətdir ki, bu tikintini aparması ilə bağlı cavabdehlər ona maneə yaratmasın. Ancaq tikinti işlərinin aparılması üçün iddiaçı ilk növbədə buna aidiyyəti orqanlardan lazımi icazələr almalıdır. Çünki tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır(MM. mad.180.1) Tikintiyə lazımi icazələr aldıqdan sonra başqa sözlə tikintinin aparılması qanunsuz olmadıqda cavabdehlərin buna yaratdığı manelər onlara qadağan edilə bilər. Lakin iddiaçı tərəf tikinti aparılması üçün hansısa orqandan lazımi icazələr almasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddaçının adına həmin ünvanda işıq, qaz və su sayğacının olması da qanunsuz tikilinin aparılması üçün əsas ola bilməz. Çünki, iddiaçıya həmin ünvanda kommunal xidmətlərin göstərilməsi özbaşına inşa olunmuş tikilidə əlavə özbaşına tikinti işlərinin davam etdirilməsinə əsas vermir. Qeyd olunduğu kimi tikinti şəhərsalma və tikinti normalarına və qaydalarına ciddi surətdə əməl edilməklə aparılmalıdır. Bunun üçün isə aidiyyəti orqanlardan lazımi icazələr alınmalıdır. Buna görə də iddiaçının birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 157.4 və 157.8-ci maddələrinin tələblərini pozmasını bəyan etməsi hələ həmin normaların həqiqi pozulması demək deyil. Çünki, iddiaçı mülkiyyətçi olmasa da, mülkiyyətçi olmayıb əmlaka sahiblik edən şəxs olsa da bu hal ona icazəsiz özbaşına tikinti aparması üçün hüquq vermir. Tələbin ikinci hissəsi, ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə onun razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi ilə bağlıdır. Qeyd olunduğu kimi iddiaçı Gürcüstan Respublikası vətəndaşıdır, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi yoxdur. Məhkəmə iclaslarında iştirak etmir. Cavabdeh3 apellyasiya baxışı zamanı təqdim etdiyi fotoşəkillərdən və izahatlarından bəlli oldu ki, əslində hazırki iddianı qaldırmaqda iddiaçı deyil, üçüncü şəxslər maraqlıdır, iddiaçının isə Azərbaycan Respublikasına gəlmək niyyəti də yoxdur. Məhz həmin üçüncü şəxslərin istəyi ilə tələbin bu hissəsinin təmin ediləcəyi təqdirdə istənilən şəxsin cavabdehlərin yaşadığı evin həyətinə daxil olmaq üçün şərait yaratmaq istəyirlər. Bununla yanaşı, cavabdehlərin iddiaçının razılığı ilə həmin evə gələn şəxslərə qarşı özbaşnalığın edilməsinə dair məhkəməyə hansısa sübut təqdim edilməmişdir. Birdəki cavabdehlər hər dəfə iddiaçının evinə gələnlərin sonuncunun razılığı ilə olub-olmamasını necə yoxlamalıdırlar.Əlbətdə ki, bu cür tələb irəli sürülməzdən əvvəl bunun nə dərəcədə keçərli olmasının mümkünlüyü də iddiaçı özü üçün müəyyənləşdirməli idi. Tələbin üçüncü hissəsi evə buraxılmadığı müddət ərzində üç aylıq kirayə haqqı olaraq ödədiyi 600 manatın tutulmasıdır. Qeyd olunduğu kimi iddiaçı Gürcüstan Respublikası vətəndaşıdır və onun daimi yaxud müvəqqəti mübahisəli evdə yaşaması təsdiq olunmur. Eyni zamanda iddiaçı evə buraxılmadığı müddət ərzində üç aylıq yaxud başqa məbləğdə hansısa şəxsə kirayə haqqı ödəmişdirsə ilk növbədə buna dair məhkəməyə sübut təqdim etməli idi. Belə bir halın mövcudluğu isə sübuta yetirilməmişdir. Bunu sübut etmək yükü isə iddiaçının üzərinə düşürdü. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7715/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X2nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7715/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar