Məhkəmə qərarları › İş №2(103)-2502/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2502/2022

18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2502/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6082/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 100.000 (yüz min) ABŞ Dolları avtomobilin dəyəri, 30000 (otuz min) ABŞ Dolları məbləğində dəymiş maddi zərər olmaqla, 10000 ABŞ Dolları dəymiş mənəvi zərər olmaqla cəmi 140000 ( yüz qırx min) ABŞ Dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan ‘'Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X9 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100000 (yüz min) ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X2 həyata keçirmək üçün etibarnamə vermişdir. Onunla birlikdə Bank "xxxx" ASC-nin “Premium” Filialına getmiş, «Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-RO-*** nömrəli dövlət qeydiyyatlı avtomaşın “MİR” avtosalonunda satışa qoyduğunu bildirərək həmin nömrənin avtomobilin üzərindən çıxarılması üçün DYP-yə məktub vermələrini xahiş etmiş, bank tərəfindən məktub vermiş və maşının nömrəsi dəyişdirilərək **-VD-*** olmuşdur. Avtosalon maşını 100000 manata satıb, bankın borcunu və salonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Yəni bankdakı öhdəlikləri yeni alıcıya keçməsini tənzimləməklə qalan vəsaiti iddiaçıya verməli idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşın almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır. Tərəfindən dərhal polisə məlumat verilmişdir. Uzun müddət axtarışdan sonra məlum olmuşdur ki, cavabdeh Əliyev X13 Kərimin mülkiyyətində olan “Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **- RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını hansısa vasitəylə ələ keçirərək tanışı, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük idarəsinin “Sərhəddə icazə blanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 vasitəsilə, əlbir olaraq qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublikasına keçirərək satmışlar. Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi ilə ondan, ümumilikdə cəmi 65223.42 manat pul vəsaiti iddiaçıdan tutularaq Bank BTB ASC-yə verilməsi qət edilmişdir. Göründüyü kimi o avtomobili «Mir» Avtosalonununa (“Avtoinvest" MMC) 100.000 ABŞ dolları satışa çıxarmışdır. Bunun nəticəsində İddiaçı 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16.08.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan nəqliyyat vasitəsinin oğurlanaraq qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirilməsində təqsirli bilinmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1(088)- 10/2017 saylı hökmü ilə Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqirli bilinərək, 5 il müddətə, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 15.11.2021-ci il tarixli, 1(104)-304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1(088)-10/2017 saylı hökmü dəyişdirilmiş, AR Ali Məhkəmənin 01.05.2019-cu il tarixli, 1(102)-630/2019 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. O, nəqliyyat vasitəsini 100.000 ABŞ dolları dəyərinə satıb, banka olan borcunu ödəmək, qalan məbləğə isə yeni nəqliyyat vasitəsi əldə etmək niyyətində idi. Lakin cavabdehlərin vurduğu qəsd nəticəsində ona 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Bundan başqa, «Mir» Avtosalonu (“Avtoinvest" MMC) sözügedən hadisə ilə bağlı onu məlumatlandırsaydı mülkiyyətində olan avtomobilin qaçaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarılaraq satılmasının qarşısını ala bilərdi. Bu səbəbdən bu müddət o, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuş, ona maddi və mənəvi zərər dəymişdir. Hesab edir ki, «Mir» Avtosalonu (“Avtoinvest" MMC) cavabdeh kimi işə cəlb edilməli, «Mir» Avtosalonundan keçirdiyi iztirablara görə 10000 ABŞ Dolları mənəvi zərərə görə vəsait tutularaq ona ödənilməlidir. Həmçinin hesab edir ki, cavabdehlər maşını sataraq onu 100000 ABŞ, dollarından məhrum etməklə həmin vəsaiti 6 il istifadə etdiklərindən xeyli miqdarda zərər vurmuşlar. Belə ki, X20 faiz dərəcəsi 2018-ci ildə 10- 9.75%, 2019-cu ildə 9.25-7.5% arasında dəyişmiş, 2020-ci il tarixdə 7.25-6.25% arasında dəyişmişdir. Qeyd olunan faiz dərəcələrinin ən aşağı həddini götürməklə 100.000 X 5%= 5000 (beş min) ABŞ Dolları X 6 il= 30 000 (otuz min) ABŞ Dolları. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6082/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 MMC-dən 47600 (qırx yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22400 (iyirmi iki min dörd yüz) manat, eləcə də, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməyən qalan hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)- 10/2017 saylı hökmünün məzmununda olan iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ilin sentyabr ayında “Lexus”un rəsmi idxalçısı "xxxx" Bankın ipoteka müqaaviləsi ilə ilkin ödəniş edib JTJHY00W304103094 ban nömrəli, ağ rəngli "Lexus” LX 570 markalı avtonəqliyyat vasitəsini almışdır. Həmin avtonəqliyyat vasitəsi DYR-də öz adına qeydiyyata alınmış, ona **-RO-*** dövlət nömrə nişanı verilmişdir. Həmin vaxtdan etibarən avtonəqliyyat vasitəsi aylıq 2186 manat ödənilməklə onun istifadəsində olmuşdur. 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X21” marklı avtomobilə dəyişmək qərarına gəlmişdir. Bununla əlaqədar avtomobili Badamdar qəs, Avtonəqliyyat vasitələrinin satış mərkəzində yerləşən “Mir” avtosalonuna 40000 ABŞ dolları və qalan 60000 kredit borcunun banka ödənilməsi şərti ilə avtosalonun satış meneceri X1. Bu barədə "xxxx" banka həmin tarixdə məlumat vermişdir. Bundan sonra avtosalonun meneceri O.S.Əhədov "Lexus” LX 570 markalı üzərindən **-RO-*** dövlət nömrə nişanını DYPİ-yə təhvil vermişdir. Avtomobili **-VD-*** dövlət nömrə nişanı ilə qeydiyyata qoymuşdur. 18.09.2014-cü il tarixdə Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq "Lexus” LX 570 markalı avtomobili satması barədə məlumat vermişdir. 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub gecikdirilməsini bildirmişlər. O, isə X8 zəng vuraraq narazılığını bildirmişdir. O, cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. Lakin avtomobilin sonrakı aqibəti barədə xəbəri olmamışdır. Sonra Anarı tapmış, Qismət, Anar və o, görüşüb bu barədə söhbət etmişlər. Anar avtomobili tanışının xahiş etdiyinə görə ölkə ərazisindən çıxardığını, avtomobilin başqa şəxsə məxsus olmasını bilməmişdir. Anardan Arifin telefon nömrəsini almış və onunla telefon əlaqəsi saxlamışdır. Arif avtomobili gömrük məntəqəsindən onun buraxdığını bildirmişdir. Ona 60.000 ABŞ Dolları zərər dəymişdir. Məhkəmə yalnış olaraq 60.000 ABŞ Dolları məbləğində, eləcə də 40.000 ABŞ Dolları dəyərində avtosalan digər verəcəyi avtomobilə görə nəzərə alınacaqdı ki, bu da baş vermədiyindən 40.000 ABŞ Dolları da dəymiş zərər hesablanmaqla ümumilikdə 100.000 ABŞ Dollarına qarşı 47600+22400 zərər hesablamışdır. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi və mənəvi zərərin həcminin cavabdehlər tərəfindən mülki qanunvericiliyə uyğun olaraq tam ödənilməsini təmin etməyərək işin faktiki halları araşdırılmadan qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh3 MMC tərəfindən də apellyasiya şikayəti verilərək, qətnamənin Cavabdeh3 MMC-dən 47600 (qırx yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh3 MMC-yə dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Q.Əhədov və onun qardaşını 2014-cü ilə qədər çox əvvəllər tanıması barədə etirafı, onlar arasında olan münasibətlər mühüm əhəmiyyət kəsb etdiyi halda məhkəmə tərəfindən nəzərə alınmamış, İddiaçı ilə Cavabdeh3 MMC arasında hər hansı müqavilə münasibətinin olmaması nəzərə alınmamış, etibarnamə ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnamələri müəyyən edilmiş hallar nəzərə alınmamış, iddiaçının uydurması mübahisəsiz fakt kimi qəbul olunmuş, 28.000 ABŞ dollarının Cavabdeh3 MMC tərəfindən alınmaması nəzərə alınmamış, Q.Əhədovun iddiaçıya zərər vurması, o cümlədən 28.000 ABŞ dollarının alınması ilə bağlı təqsirinin olmaması nəzərə alınmamış, Cavabdeh3 MMC-nin işçisi Q.Əhədovun təqsiri olmadığı halda Cavabdeh3 MMC-nin məsuliyyət daşımaması nəzərə alınmamış, həmçinin iddia müddətinin tətbiqində uydurma 15.11.2021-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarına istinad edilmiş, iddiaçının hüquqlarının pozulması ilə bağlı fakt və hallara əhəmiyyət verilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, İddiaçı bankda girovda olan “Lexus” LX 570 markalı avtomobili 2014-cü ildə Q.Əhədovun işlədiyi avtosalona satılması üçün vermiş, avtosalon isə həmin avtomobili 100000 ABŞ dollarına sataraq bankın borcunu verməklə, qalan pulu ona qaytarmalı idi. Lakin bir müddət sonra, yəni 2015-ci ilin fevral ayında bankdan İddiaçı borcun verilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, adıçəkilən avtomobil avtosalondan oğurlanmışdır. Bu ərəfədə avtomobili oğurlayanlar tapılaraq cinayət məsuliyyətinə cəlb edilmişlər. Göründüyü kimi iddiaçya maddi ziyan dəymişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçıya bu məsələdə dəymiş maddi ziyanın məbləğini düzgün müəyyən etməmişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbi tam təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı özünün də etiraf etdiyi kimi 2008-ci ildən “MİR” avtosalonun sahibi kimi Məhərrəm Əhədovu, onun qardaşı olan Qismət Əhədovu isə “MİR” avtosalonun meneceri kimi tanıyır və ondan bir neçə dəfə özü üçün avtomobil alıb satmışdır. İddiaçı 2008-ci ildən 07.01.2013-cü ilədək, nə də ondan sonra Q.Əhədovu Cavabdeh3 MMC-nin işçisi olaraq tanımamışdır. İddiaçı ilə "xxxx" MMC arasında heç bir zaman münasibət olmamış, yazılı müqavilə bağlanmamış, nə "xxxx" MMC-nin, nə də onun rəhbərliyinin bütün bu proseslərdən ümumiyyətlə məlumatı olmamışdır. İddiaçının inkar etməsinə baxmayaraq iddiaçı ilə Q.Əhədov arasında şəxsi münasibətlər, etibar və etimad olmuşdur. İddiaçı “MİR” avtosalonu dedikdə, Q.Əhədovu və onun qardaşı M.Əhədovu tanımışdır və hətta iddiaçı çıxışının sonunda Q.Əhədovun qardaşı ilə bağlı sualları cavablandırarkən, salonun əvvəllər başqa yerdə olduğunu bildirmişdir. Bu barədə məhkəmənin video yazısında da görmək olar. Bütün bu göstərilənlər onu sübut edir ki, iddiaçı avtomobili satmaq üçün "xxxx" MMC-yə deyil, birbaşa olaraq münasibətdə olduğu Q.Əhədova müraciət etmişdir. Bundan başqa 28.000 ABŞ dolları məbləğinin Cavabdeh3 MMC tərəfindən qəbul edilməsinə dair iş materiallarında hər hansı sübut yoxdur. İddiaçı ilə Cavabdeh3 MMC arasında hər hansı müqavilə münasibəti olmamış, Cavabdeh3 MMC avtomobili satmamış və Cavabdeh3 MMC iddiaçı qarşısında avtomobilin satılması ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Həmçinin qeyd edilməlidir ki, cinayət işi üzrə qəbul edilmiş hökm və qərarlar ilə Cavabdeh1 və Cavabdeh2 törətdikləri əməllərə görə təqsirli bilinmişlər və iddia tələbi yalnız həmin şəxslərə münasibətdə təmin edilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh3 MMC tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir, çünki iddiaçı artıq 2014-cü ilin sentyabr ayından 28.000 ABŞ dolları məbləğinin Q.Əhədov tərəfindən əldə etdiyini bildiyi vaxtdan artıq iddia müddətinin axımı başlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, eləcə də Cavabdeh3 MMC tərəfindən apellyasiya şikayəti verilərək, Cavabdeh3 MMC-dən 47600 (qırx yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh3 MMC-yə dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən, eləcə də iddianın Cavabdeh3 MMC-yə dair təmin edilən hissəsində yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmünün surətindən görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu, həbsdə və ev düstaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanıralaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 15.11.2021-ci il tarixli, 1(104)-304/2018 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmü Cavabdeh1 münasibətdə dəyişdirilmiş, hökmdən Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş cəzanın həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi ilə bağlı müddəlar çıxarılmış, həmin hökmlə Cavabdeh1 Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 3 il 2 ay 23 gün hissəsi icraya yönəldilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 23.04.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmünün məzmununda olan iddiaçının zərərçəkmiş şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, 2012-ci ilin sentyabr ayında “Lexus”un rəsmi idxalçısı "xxxx" Bankın ipoteka müqaaviləsi ilə ilkin ödəniş edib JTJHY00W304103094 ban nömrəli, ağ rəngli "Lexus” LX 570 markalı avtonəqliyyat vasitəsini almışdır. Həmin avtonəqliyyat vasitəsi DYR-də öz adına qeydiyyata alınmış, ona **-RO-*** dövlət nömrə nişanı verilmişdir. Həmin vaxtdan etibarən avtonəqliyyat vasitəsi aylın 2186 manat ödənilməklə onun istifadəsində olmuşdur. 2014-cü ilin sentyabr ayında həmin avtomaşını yeni “X21” marklı avtomobilə dəyişmək qərarına gəlmişdir. Bununla əlaqədar avtomobili Badamdar qəs, Avtonəqliyyat vasitələrinin satış mərkəzində yerləşən “Mir” avtosalonuna 40000 ABŞ dolları və qalan 60000 kredit borcunun banka ödənilməsi şərti ilə avtosalonun satış meneceri X1. Bu barədə "xxxx" banka həmin tarixdə məlumat vermişdir. Bundan sonra avtosalonun meneceri O.S.Əhədov "Lexus” LX 570 markalı üzərindən **-RO-*** dövlət nömrə nişanını DYPİ-yə təhvil vermişdir. Avtomobili **-VD-*** dövlət nömrə nişanı ilə qeydiyyata qoymuşdur. 18.09.2014-cü il tarixdə Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vuraraq "Lexus” LX 570 markalı avtomobili satması barədə məlumat vermişdir. 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub gecikdirilməsini bildirmişlər. O isə X8 zəng vuraraq narazılığını bildirmişdir. O cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. Lakin avtomobilin sonrakı aqibəti barədə xəbəri olmamışdır. Sonra Anarı tapmış, Qismət, Anar və o, görüşüb bu barədə söhbət etmişlər. Anar avtomobili tanışının xahiş etdiyinə görə ölkə ərazisindən çıxardığını, avtomobilin başqa şəxsə məxsus olmasını bilməmişdir. Anardan Arifin telefon nömrəsini almış və onunla telefon əlaqəsi saxlamışdır. Arif avtomobili gömrük məntəqəsindən onun buraxdığını bildirmişdir. Ona 60.000 ABŞ dolları zərər dəymişdir. Bank həmin pulu ondan tələb edir. Zərərçəkmiş şəxs İddiaçı ifadəsində həmçinin bildirmişdir ki, o, 4-5 il əvvəl Qismətə “BMW” markalı avtomobil alarkən etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xatırladığı qədər beş ya da on illik olmuşdur. Etibarnamədə konkret avtomobilin adı qeyd edilmir. Qismətə başqa etibarnamə isə verməmişdir. Qismət ona verdiyi həmin etibarnamə əsasında onun icazəsi olmadan digər şəxsə etibarnamə vermiş, avtomobili satmışdır. Əslində isə Qismətin avtomobil üzərində alqı-satqı etmək səlahiyyəti olmamışdır. Avtomobilin texniki pasportunda onun özgəninkiləşdirilə bilməməsi barədə qeydiyyat olmuşdur. Ona bir aylıq etibarnamə isə verməmişdir. İbtidai istintaq zamanı da belə ifadə verməmişdir. O, banka 40.000 ABŞ dolları ödəmiş, 60.000 ABŞ dolları isə qalmışdır. Avtomobili satarkən avtoservislə alqısatqı müqaviləsi bağlamamışdır. Sonradan avtomobili Anar Məcidovun ölkə ərazisindən çıxarması ona məlum olmuşdur. O, Anara avtomobil verməmişdir. Anarı avtomobil ölkə ərazisindən çıxarıldıqdan sonra, işlə bağlı istintaq başlandıqdan sonra tanımışdır. Qismət isə avtomobili Rövşən adlı şəxsə satmışdır. Qismət avtomobili satıb ona 38.000 ABŞ dolları verməli olmuşdur. Avtosalona avtomobili verərkən heç bir sənədləşmə aparmamışdır. O, avtomobilin ipoteka ilə yüklü edildiyini bilmiş, banka avtomobili satacağı barədə yazılı məlumat vermişdir. Lakin avtomobili başqa şəxsə satmaq üçün bankla şifahi qaydada razılaşmışlar. Avtomobilin nömrəsini dəyişmək üçün rəsmi məktub almışdır. Qismət avtomobili Rövşən adlı şəxsə sataraq, 30.000 ABŞ dollar beh almış, lakin həmin puldan ona verməmişdir. Bu barədə banka məlumat verməmişlər. Anar Məcidova qarşı şikayətçidir. Avtomobilini ondan tələb edir. Digər təqsirləndirilən şəxslərdən şikayəti yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)-7758/2019 nömrəli qətnaməsinin surətindən göünür ki, İddiaçı cavabdehlər Bank "xxxx" ASC və X8 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli, 2(103)-3884/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.04.2021-ci il tarixli 2(102)-1430/ 2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3884/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan X6 Bakı şəhəri, Yasamal RPİ-nin rəisinə yazdığı 10.02.2015ci il tarixli ərizəsindən və aidiyyatı dövlət qurumlarına yazdığı 09.07.2017-ci il tarixli izahatının məzmunundan görünür ki, 17.09.2014-cü il tarixdən işlədiyi Yasamal rayonu ərazisində yerləşən Bakı Avtomobil satışı mərkəzindəki «Mir» avtosalonuna X12 maşın almaq üçün ona müraciət etdi. O, BTB bankda girovda olan ağ rəngli «Lexus” LX 570 markalı **-VD-*** dövlət nömrə nişanlı avtomobili bəyənərək almaq qərarına gəldi. O, ilkin ödəniş olaraq 28000 ABŞ dollarını ödəyərək və banka olan 58000 manatı ödəməyi 1 ay ərzində öhdəsinə götürdü, lakin maşını aldıqdan sonra banka olan borcu ödəməmiş, maşını qaytarmaqdan boyun qaçırmışdır. Hal-hazırda avtomobil İddiaçı adınadır. O maşını ona satarkən 1 ay müddətinə İddiaçı ona olan mülkiyyət etibarnaməsi əsasında vermişdir. Xahiş edir ki, X10 qanunsuz əməllərinin ifşa olunmasına və məsuliyyətə cəlb olunmasına göstəriş verilsin. İş materiallarında olan X6 əmək kitabçasının surətinin və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin məzmunlarından görünür ki, O, 07.01.2008-ci il tarixdən «Mir» avtosalonuna menecer vəzifəsində qəbul olunmuş, 25.12.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 07.01.2013-cü il tarixdən isə Cavabdeh3 MMC-yə qeyri-ərzaq malları üzrə satıcı nəzarətçi-kassir vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, “Bank "xxxx" ASC-nin Premium filialı ilə İddiaçı arasında 27 sentyabr 2012-ci il tarixli, AKL-006/12P saylı kredit müqaviləsinə əsasən İddiaçı 60 ay müddətə, illik 17 faiz ödəmək şərti ilə 88032 (səksən səkkiz min otuz iki) manat məbləğində Bank "xxxx" ASC-nin Premium filialında kredit götürmüşdür. Bank "xxxx" ASC-nin Premium filialı ilə İddiaçı arasında 27 sentyabr 2012-ci il tarixli, AKL- 006/12P saylı girov müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı 60 ay müddətinə 880,32 manat (səkkiz yüz səksən manat otuz iki qəpik) məbləğində verilən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliyə və bu müqaviləyə əsasən digər ödənişlərinin qaytarılmasının təminatı kimi “Lexus LX 570” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı (03.09.2014-cü il tarixli razılıq məktubu əsasında **-VD-*** d.q.n.) avtomobil ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi 58463.22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.12.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 17.06.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, 58463.22 manat əsas borc, 6460.20 manat faiz borcu, 300 manat cərimə olmaqla ümumilikdə 65223.42 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Bank BTB ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-4892/17 saylı 11.07.2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 17.12.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan İddiaçı 10.12.2009-cu il tarixli ƏN-İ 188500 saylı etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X8 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək 10.12.2014-cü ilədək qüvvədə olmuşdur. İşin materiallarından görünür ki, İddiaçı və X9 da öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X11 17.09.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir. İşin materiallarından daha sonra görünür ki, cinayət işi ilə bağlı məhkəmə qərarlarının qəbulundan sonra İddiaçı cavabdehlər Bank BTB ASC və X8 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutulması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə kollegiyası ilk olaraq cavabdeh “Avtoinvest" MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. İddiaçı hazırki tələbində bildirir ki, 'Lexus” LX 570 markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı **-RO-*** dövlət qeydiyyat nömrəli avtomaşını 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X9 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100000 (yüz min) ABŞ dollarına satışa qoymuşdur. Razılığa əsasən X2 həyata keçirmək üçün etibarnamə vermişdir. Avtosalon maşını 100000 dollara satıb, bankın borcunu və salaonun 2 faizini çıxmaqla qalan vəsaiti İddiaçı qaytarmalı idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək maşını almaq istədiyini bildirmiş və maşını həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)-10/2017 saylı hökmünün surətindən görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təqirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu, həbsdə və ev düstaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanıralaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı 10.12.2009-cü il tarixli ƏN-İ 188500 saylı etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X8 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək 10.12.2014-cü ilədək qüvvədə olmuşdur. İddiaçı və X9 da öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X11 17.09.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi avtomaşının məhz cavabdeh MMC-nin əməkdaşı olan Q.Əhədov tərəfindən satılması barədə gəldiyi nəticə yanlış olmaqla, işin faktiki hallarını əks etdirmir. Belə ki, iddiaçı tərəf avtomobilin məhz Cavabdeh3 MMC-yə təhvil verməsi, həmin MMC ilə avtomobilin satılması barədə razılığa gəlməsi barədə mötəbər sübutları təqdim etməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, 10.12.2009-cü il tarixli ƏN-İ 188500 saylı etibarnamə ilə İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X8 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək 10.12.2014-cü ilədək qüvvədə olmuşdur. X3 Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdə əmək müqaviləsi bağlamışdır (1-ci cild, i.v 183). Göründüyü kimi iddiaçı ilə X9 arasında olan münasibətlər 2009-cu ildən yaranmış və həmin ildə iddiaçı X8 5 il müddətinə etibarnamə vermiş, X6 isə Cavabdeh3 MMC ilə 07 yanvar 2013-cü il tarixdən əmək münasibətləri başlamışdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı və X9 öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X11 17.09.2014-cü il tarixli ƏN-İ 472589 saylı etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti 10.12.2014-cü il tarixidir. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Bank BTB ASC və X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdeh X4 avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank BTB ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 10 dekabr 2019-cu il tarixli, 2(011)- 7758/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, iddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmuşdur. Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Q.Soltanovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Beləliklə müəyyən edilir ki, X5 avtomobilin satılmasına dair ilkin olaraq 28000 ABŞ dollarını Cavabdeh3 MMC-nin işçisi kimi alması, həmin məbləğdə pul vəsaitinin Cavabdeh3 MMC-də qalması sübuta yetirilmir, çünki avtomobilin Cavabdeh3 MMC-nin sahəsinə daxil olması, eləcə də orada satışa qoyulması barədə təhvil təslim aktı olmasına dair, eyni zamanda həmin halın təsdiq edilməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X6 Cavabdeh3 MMC-nin işçisi qismində iddiaçıdan avtomobili qəbul edərək, məhz həmin avtosalonda satışa qoyulması işin qeyd olunan halları ilə təkzib edilmişdir. Göründüyü kimi iddia tələbinin Cavabdeh3 MMC-yə qarşı hissəsində dəlilləri öz təsdiqini tapmamaqla, əsassız olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 MMC-yə münasibətdə iddia tələbi üzrə iddia müddəti də keçmiş, iddia müddətinin tətbiqi barədə Cavabdeh3 MMC birinci instansiya məhkəməsi baxışı zamanı ərizə vermiş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddətinin tətbiqindən imtina etmişdir. Belə ki, iddiaçının həm hazırki iş üzrə birinci instansiya məhkəməsində, həm də hökmdə olan izahatından görünür ki, iddiaçı 28000 dolların Qismətə ödənilməsindən və Qismətin həmin pulu banka qaytarmamasından 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra bilmiş və o, X8 zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı 2015-ci ilin fevral ayından avtomobilə görə Qismətə ödənilmiş pulun sonuncu tərəfindən banka qaytarmadığından məlumatlı olmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçı öz hüquqlarının pozulmasını həmin andan bilmişdir. Birinci instansiya məhkəməsi isə yanlış olaraq iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məhkəmə hökmünün qanuni qüvvəsini aldığı tarixdən hesablamışdır, halbuki mülki qanunvericiliyində istinad edilən normalarına əsasən iddia müddətinin axımı məhz şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 MMC-nin ərizəsi nəzərə alınmaqla iddia tələbinin ona aid hissədə iddia müddəti tətbiq edilməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası Cavabdeh3 MMC-nin apellyasiya şikayəti üzrə belə bir nəticəyə gəlir ki, Cavabdeh3 MMC-nin apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla təmin edilməli, iddia tələbi Cavabdeh3 MMC-yə aid hissədə əsassız olmuş həmçinin iddia müddəti keçmişdir, səbəbdən də iddia tələbi Cavabdeh3 MMC-yə aid hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun xeyrinə tutulmalı olan vəsaitin məbləğini mübahisələndirsə də iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli 1 (088)- 10/2017 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, 16587 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, ‘'Lexus LX 570" markalı avtomobilin 25 sentyabr 2014-cü il tarixə dəyəri 70000 (yetmiş min) manat müəyyən edilir. İddiaçı isə avtomobilin dəyərinin daha yüksək olması barədə hər hansı mötəbər sübutlara istinad edə bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu mənəvi ziynan məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 1000 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 2000 manatın müştərək qaydada tutularaq İddiaçı ödənilməsini ədalətli və məqsədəmüvafiq hesab etməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı iddia tələbi - cavabdehlərdən 30000 (otuz min) ABŞ Dolları məbləğində dəymiş maddi zərər tutulması hissəsində də əsassız olmuşdur, belə ki, iddiaçı bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər həm ağlabatan, həm də, hər hansı sübutlarla öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdə ibarə olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissələrində işin faktiki hallarını düzgün müəyyən edərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh3 MMC-nin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh3 MMC-yə münasibətdə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi Cavabdeh3 MMC-yə qarşı hissədə rədd edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətləri üçün ödənilmiş dövlt rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6082/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi - Cavabdeh3 MMC-yə münasibətdə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar