Məhkəmə qərarları › İş №2(103)-2508/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2508/2022

16.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2508/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 4.900 manat məbləğində borc pulun, ona vurulmuş 1.938,68 manat maddi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(001)- 5698/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-5698/21) buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və buraxılmış prosessual müddətin üzrlü hesab edilməklə bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə icraatı zamanı müxtəlif səbəblərdən məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddiaçının tələbinin əsassızlığı səbəbindən iddianın rədd ediləcəyi qənaətində olmuşdur. Məhkəmənin qəbul etdiyi qiyabi qətnamə isə yaşadığı ünvana rəsmi qaydada çatdırıldığı zaman cavabdehin yoluxucu "kəmərləyici dəmirov" xəstəliyinə tutulması səbəbindən qətnamə onun yaxın qohumu tərəfindən qəbul edilmiş, hüquqi biliklərinin azlığı və "qiyabi qətnama" anlayışı həmçinin, onun məzmunu ilə bağlı məsləhətləşmə üçün özü ilə götürmüşdür.Tutulduğu yoluxucu xəstəlik səbəbindən cavabdeh uzun müddət ətrafla əlaqədə olmadığından barəsində qəbul edilmiş qətnamə də unudulmuş, həmçinin, iddianın əsassızlığına görə qətnamənin onun xeyrinə qəbul edildiyini düşünmüşdür. Lakin, qəbul edilmiş qətnamənin icrası ilə bağlı icra məmuru onunla əlaqə saxladıqda vəziyyətin əslində onun düşündüyü kimi olmadığını anlamış və bununla bağlı zəruri prosessual hərəkətlər etmək istəsə də, buna nail ola bilməmişdir. Belə ki, ilkin olaraq hüquqi yardım üçün ondan tələb edilən xidmət haqqını ödəmək imkanının olmaması, eyni zamanda qanunvericiliyə edilən dəyişikliklərə əsasən ərizə və şikayətlərin elektron qaydada vermək imkanının məhdudluğu səbəbindən barəsində qəbul edilmiş qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İstər qəbul edilmiş qiyabi qətnamənin ləğvi, istərsə də həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə verilmiş ərizələr məhkəmə tərəfindən qərəzli olaraq təmin edilməmiş və 31.01.2022-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət rədd edilməklə apellyasiya şikayətinin qaytarılmasına dair 2(001)- 5698/2021 saylı qərardad qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin olunması xahiş edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(001)-5698/2021 saylı qiyabi qətnaməsi SS756257341AZ nömrəli xəbərnaməyə əsasən cavabdehin rəsmi qeydə alındığı ünvanda “Məmmədov” soyadlı şəxs tərəfindən 14 oktyabr 2021-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda, cavabdeh qətnaməni rəsmi qaydada 14 oktyabr 2021-ci il tarixdə aldığına görə onun tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddətin axını 15 oktyabr 2021-ci il tarixdə başlamış və 15 noyabr 2021-ci il tarixdə saat 24:00-da bitmişdir. Cavabdeh apellyasiya şikayətini mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin 03 oktyabr 2021-ci il tarixdən 05 noyabr 2021-ci il tarixə kimi “kəmərləyici dəmrov” diaqnozu ilə müayinə və müalicədən sonra prosessual hərəkətlər etmək imkanı olsa da, bunu etməmişdir. Vəsatətdə qeyd edilən digər dəlil isə cavabdehin qohumunun səhlankarlığı ucbatından müddətin buraxılmasıdır ki, məhkəmə bu dəlili də əsassız hesab etmişdir. Çünki, prosessual müddətin bərpası üçün elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin vəsatətin məzmunundan da göründüyü kimi, cavabdehin özü şəxsən məhkəmə iclaslarından, habelə qətnamənin rəsmi qaydada alındığından məlumatlı olmuş, lakin bununla bağlı hər hansı hərəkət etməmişdir. Məhz Binəqədi rayon icra şöbəsindən bildiriş gəldikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə, vəsatətdə cavabdeh barəsində qəbul edilmiş qətnamədən apellyasiya qaydasında şikayət vermək istəsə də, mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklərlə əlaqədar yəni, şikayətin elektron qaydada verilməli olmasından xəbərsiz olması, eyni zamanda elektron informasiya sistemindən istifadə imkanlarının məhdudluğu ona bu hüququnun həyata keçirilməsinə imkan vermədiyini bildirsə də, məhkəmə qeyd edir ki, vəsatətdə göstərilən bu hallarda buraxılmış müddətin bərpa edilməsi üçün əsas deyil. Çünki, qeyd olunan hallar şəxsin bilavasitə iradəsindən asılı olmuşdur ki, nəticə etibari ilə cavabdeh də bu halları aradan qaldırmış və elektron qaydada apellyasiya şikayətini vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür. Cavabdeh tərəfin ərizədə və ya şikayətdə göstərdiyi halların heç biri üzrlü sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarına əsasən bir daha qeyd edir ki, cavabdeh prosessual müddətin bərpasına dair ərizəsində göstərilən halları təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən, məhkəmə ərizəni rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 31 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar