Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2511/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: “pul”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1707/2023saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Pul vəsaitlərinin köçürülməsi əməliyyatlarına görə İddiaçı tərəfindən Cavabdeh2 hesabına xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə ümumilikdə 20000 ABŞ dolları vəsait köçürülmüşdür.
2. Cavabdeh2 tərəfindən 1500 ABŞ dolları qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 31480 manat borcun, Cavabdeh1 əsas borcun 10% miqdarında əldən çıxmış faydanın və 185 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. Tələbdə göstərilir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı pul ödəməyini, əvəzində isə əldə ediləcək gəlirdən 10% məbləğində vəsaitin iddiaçıya ödəniləcəyini öhdəlik kimi götürmüşdür. Belə ki, Cavabdeh2 İddiaçıla Cavabdeh1 tanış etmişdir və bildirmişdir ki, Cavabdeh1 parfümeriya alğı-satqısı ilə məşğuldur. Cavabdeh2 pul ödəyəcəyi təqdirdə Cavabdeh1 vəd etmişdir ki, bu işdən 20 % gəlir əldə ediləcək, onun 10 faizi İddiaçı ödəniləcək. Ümumilikdə 20.000 ABŞ dolları İddiaçı tərəfindən Cavabdeh2 bank hesabına ödənilmişdir. Həmin məbləğin yalnız 1500 ABŞ dolları hissəsi İddiaçı qaytarılmışdır. Bu vaxtadək cavabdehlər öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişdir və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1707/2023 saylı, 31 oktyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən təmin edilmiş, Cavabdeh2 18500 (on səkkiz min beş yüş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 184.35 (bir yüz səksən dörd manat, otuz beş qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iş materiallarında olan pul vəsaitlərinin köçürülməsi əməliyyatlarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 hesabına xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə ümumilikdə 20000 ABŞ dolları vəsait köçürülmüşdür. Hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsi təşkil edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. İş materiallarında olan maliyyə vəsaitlərinin köçürülməsi əməliyyatından görünür ki, iddiaçı 20000 ABŞ dolları Cavabdeh2 hesabına köçürmüşdür. Cavabdeh2 tərəfindən 1500 ABŞ dolları qaytarılmışdır. Cavabdeh qalan məbləğin qaytarılmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda, Cavabdeh2 18500 ABŞ dolları tutularaq İddiaçı ödənilməlidir. İddiaçı digər Cavabdeh1 qarşı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilib iddia müddətinin tətbiq edilməsini və həmin hissədə də iddia tələbinin təmin olunmamasını xahiş edib göstərir ki, iddiaçı tərəfindən öhdəlik götürüldüyü bildirilsə də, reallıqda hər hansı öhdəlik götürülməmişdir. Çünki iddiaçı tərəfindən cavabdehə 20 000 ABŞ dolları pul verilməmişdir. Məhkəmə tərəfindən göstərilən məbləğin cavabdehin hesabına qoyulub-qoyulmaması ümumiyyətlə araşdırmamışdır, həmçinin iddiaçıda bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77-ci maddəsinə görə həmin sübutun təqdim edilməsi iddiaçının üzərinə düşür. Bundan başqa, məhkəməyə pul vəsaitlərinin köçürülməsi əməliyyatlarından başqa, iddiaçı tərəfindən öhdəliklə bağlı hər hansı bir müqavilə təqdim edilməmişdir. Belə olduğu halda köçürülən pul vəsaitlərinin cavabdehin hesabına hansı səbəblərdən köçürüldüyü müəyyən edilmir. Bu səbəbdən, məhkəmə tərəfindən iddia tələbinin qanuni əsasını məhz Mülki Məcəllənin 1092-ci maddəsinin təşkil etməsi məhkəmənin düzgün qənaətə gəlmədiyi anlamına gəlir
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər təkrar məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili olmuş Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi “Məlumat” başlıqlı ərizədə cavabdehin maddi məsuliyyətdən yayınmaq məqsədi güddüyünü, məhkəmənin işi kifayət qədər araşdırdığını, ona görə də yenidən araşdırılmasına ehtiyac olmadığını bildirmiş və məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi, yəni yalnız bir cavabdehə münasibətdə təmin edildiyi üçün qətnamənin bir hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə Cavabdeh2 aid hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
19. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
21. Hazırki işdə də İddiaçı tərəfindən Cavabdeh2 hesabına xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə ümumilikdə 20000 ABŞ dolları vəsait köçürüldüyü sübut olunur. Bu halların həqiqiliyi də iş materialları ilə hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.
22. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, cavabdeh bir tərəfdən iddiaçı tərəfindən ona pul verilmədiyini qeyd edir, digər tərəfdən isə göstərir ki, pul vəsaitlərinin köçürülməsi əməliyyatlarından başqa, iddiaçı tərəfindən öhdəliklə bağlı hər hansı bir müqavilə təqdim edilməyib, belə olduğu halda köçürülən pul vəsaitlərinin cavabdehin hesabına hansı səbəblərdən köçürüldüyü müəyyən edilmir. Ancaq özünün də qeyd etdiyi kimi pul vəsaitinin köçürülməsi barədə sübutlar təqdim edilib. Buna görə də, mütləq deyil ki, öhdəliyin yaranması üçün tərəflər arasında yazılı müqavilə olsun. Başqa sözlə, hazırki işdə olduğu kimi öhdəlik əsassız varlanmadan yaxud digər əsaslardan da yarana bilir.
23. Bundan əlavə, pul vəsaitlərinin cavabdehin hesabına hansı səbəblərdən köçürüldüyünü iddiaçı iddia ərizəsində konkret göstərib. Əgər cavabdeh bununla razı deyilsə yaxud yeni bir hala istinad edirsə buna dair məhkəməyə hansısa məlumat yaxud sübut da təqdim edə bilərdi, ancaq etmir yaxud olmadığı üçün edə bilmir. Çünki istinad etdiyi yeni halı sübut etmək yükü onun üzərinə düşür. Deməli, pul vəsaitinin köçürülmə səbəbi barədə iddiaçının göstərdikləri həqiqi hesab edilməlidir.
24. Şikayətin iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlili ilə bağlı qeyd olunur ki, əvvəla birinci instansiya məhkəməsi cavabdehin qeydə alındığı yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məhkəmə bildirişi göndərmiş, bildirişlər “bu ünvanda yaşamır” qeydi yazılmaqla məhkəməyə geri qaytarılmış və iş materialına əlavə edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi MPM-in 147-ci maddəsinin tələblərinə uyğun Lənkəran rayonu Sütəmurdov Bələdiyyəsindən xx.xx.2023cü il tarixli(bax.i.v;63) cavabdehin həmin ünvanda yaşamadığından və yaşayış yerinin bəlli olmadığına görə məhkəmə bildirişinin ona çatdırılmasının mümkün olmadığına dair məlumat da almışdır. Demək, cavabdeh qeydə alındığı yer üzrə yaşasa idi, yaxud yaşadığı yer üzrə qeydə alınsa idi məhkəmə iclaslarında iştirak edə və iddia müddətinin tətbiqi barədə vəsatəti birinci instansiya məhkəməsində verə bilərdi.
25. Bundan əlavə, pul ödənişlərinə dair sənədlərdən bəlli olur ki, iddiaçının cavabdehə ilk ödənişi xx.xx.2017-ci il tarixdə, sonuncu ödənişi isə xx.xx.2018-ci il tarixdə olmuşdur. Qeyd olunduğu kimi bu ödənişlərdə iddiaçının məqsədi cavabdehlə sahibkarlıq fəaliyyəti ilə məşğu olub qazanc əldə etmək olmuşdur. Buna görə də, ödənilən vəsaitin nə vaxt qaytarılacağı barədə razılıq da olmayıb və ola da bilməzdi. Ancaq sonradan cavabdehin əməli iddiaçının gözlədiyi məqsədə uyğun olmadığından hazırki iddianı irəli sürmüşdür. Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyü nəzərdə tutulub. Deməli iddiaçıya əsassız varlanma obyekti olan cavabdehə verdiyi pul vəsaitini qaytarmaq hüququ ona öz hüququnun məlum olduğu vaxtdan hesablandıqda iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Çünki tərəflər arasında mübahisə predmeti olan pul vəsaitinin konkret hansı tarixdə qaytarılacağı barədə razılaşma olmamışdır. Ən azından bu cür razılaşma olsaydı iddia müddətinin tətbiqi barədə müraciət edən cavabdeh tərəf buna dair şikayətində hansısa dəlil göstərə bilərdi, ancaq göstərməyib. Birdəki iddia edilən niyyətlə verilən pul vəsaitinin hansısa tarixdə qaytarılacağı barədə razılaşmanın olması da ağlabatan deyildir. Çünki bu cür münasibətlərin iştirakçılarının əsas məqsədi qeyd olunan vəsait hesabına gəlir əldə etmək olur və verilən əsas vəsaitin hansı tarixdə qaytarılacağı düşünülmədiyindən, o barədə danışıqlar da getmir. Yalnız sonradan aralarında hər hansı bir səbəbdən münasibətlər pozulduğundan, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar ödəniş edilməməsi nəticəsində hazırki işdə olduğu kimi iddia ilə məhkəməyə müraciət edilir. Ona görə də əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxt da həmin an hesab edilir. Bütün bu hallar da iddiaçının hazırki iddianı irəli sürməsi üçün iddia müddətini ötürmədiyinə dəlalət edir.
26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
27. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1707/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1707/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.