Məhkəmə qərarları › İş №2(103)-2511/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2511/2025

20.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2511/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 Qalibiyyət oğlunun iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında iddiaçının qızı X4 ilə Cavabdeh nişanlanmış, həmin ilin fevral ayında toyları olmuş, xx.xx.2023-cü il tarixdə rəsmi boşanmışlar. Həmin vaxt Cavabdeh iddiaçının ailəsinə bildirmişdir ki, mənzili var, mənzili yeni mebel və məişət avadanlıqları ilə təmin etmiş, buna görə qızın cehiz əvəzi olaraq 35000 manat pul istəməşdir. İddiaçı şahidlər X1 və X2 yanında öz evində Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vermişdir. Bundan əlavə, Cavabdeh ilə Nigar İsayevanın toy mərasimi Bakı şəhərində “Cratos” Şadlıq sarayında keçirilmişdir. Toy mərasimin xərcləri 25000 manat olmuş və tam xərclər 25000 manat olmaqla iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh toy mərasiminə xərclənən pulun yarısını, yəni 10000 manat hissəsini iddiaçıya ödəməlidir. İddiaçı qızı Nigar İsayeva (Dadaşzadə) ilə Cavabdeh qısa müddətdə ailə münasibətləri pozulmuş, boşanmışlar, X7 Dadaşzadənin mənzilindən köçmüş, əşyalarını götürüb iddiaçının evində yaşayır. Göstərilənlərə əsasən, Cavabdeh 18400 (on səkkiz min dörd yüz) ABŞ dolları ödənilən günə olan məzənnə ilə Azərbaycan Respublikası manatı ilə, bundan əlavə 10000 (on min) manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 18400 ABŞ dolları ödənilən günə olan məzənnə ilə Azərbaycan Respublikası manatı ilə, bundan əlavə 14000 manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 226 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia təmin edilməmişdir.

5. Birinci apellyasiya baxışı:

6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4965/2024 cü il tarixli 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsi qismən - 18400 ABŞ dolları pul tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin olunmaqla Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilən günə olan məzənnə üzrə Azərbaycan Respublikası manatı ilə tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

8. Kassasiya instansiyası:

9. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qətnamənin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2(103)- 4965/2024 nömrəli qətnaməsi Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilən günə olan məzənnə üzrə Azərbaycan Respublikası manatı ilə tutulub İddiaçı ödənilməsinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Tərəflərin izahatı:

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan: Mülki işin materiallarında olan əlyazmadan görünür ki, həmin əlyazmada 2023-cü ilin yanvar ayında müxtəlif əşyalar alındığı, eyni zamanda 18400 ABŞ dolları məbləğində pulun Orxana verildiyi qeyd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 223.3. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.1.2. Hədiyyə verən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda bağışlamadan imtina edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

13. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

16. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

17. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

18. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

28. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

29. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

30. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 9 oktyabr tarixli 2(103)-4965/2024 nömrəli qətnaməsi Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilən günə olan məzənnə üzrə Azərbaycan Respublikası manatı ilə tutulub İddiaçı ödənilməsinə aid hissədə ləğv edilərək və iş həmin hissədə yenidən baxılması üçün göndərildiyindən, qətnamə iddia tələbinin 18400 ABŞ dolları hissəsində iddiaçının apellyasiya şikayətinə əsasən yoxlanılır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin 18400 ABŞ dolları hissəsində ləğv edilərək, iddia əsl olmayan iddiaçı tərəfindən sürülməsi əsası ilə təmin edilməməlidir.

34. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə, iddiaçının qızı Nigar İsayeva Cavabdeh ilə 2023-cü ilin fevral ayında evlənmiş və xx.xx.2023-cü il tarixdə boşanmışdır. İddiaçı cavabdehdən 18400 ABŞ dolları məbləğdə pulun ödənilməsini tələb edir. İddiaçı cavabdehin bu öhdəliyini onunla izah edir ki, cavabdeh evlənən zaman iddiaçının ailəsinə mənzili olduğunu, mənzilin yeni mebel və məişət avadanlıqları ilə təmin edildiyini bildirmiş və buna görə qızın cehiz əvəzi olaraq 35000 manat pul verilməsini istəmişdir. İddiaçı cavabdehə şahidlər X1 və X2 yanında öz evində cavabdehə 18400 ABŞ dolları məbləğində pul vermişdir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

36. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

37. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qərarında qeyd edilir ki, iddiaçının izahından göründüyü kimi cavabdehə verilən pul, iddiaçının övladının cehizinin əvəzi kimi verilib. Başqa sözlə, iddiaçı tərəfindən övladına veriləsi cehiz əmlaklar cavabdeh tərəfindən alınıb və onlara çəkilən xərcin əvəzi cavabdehə ödənilib. Bu halda verilən pul cehiz əşyalarında maddiləşir və iddiaçının qızı Nigar İsayeva, cavabdeh tərəfindən alınıb mənzildə yığılmış (quraşdırılmış) əmlakların mülkiyyətçisi olur və həmin əmlaklarla bağlı iddia vermək hüququ da məhz ona aid edilir. Lakin iddia tələbini Nigar İsayeva deyil, İddiaçı vermişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

39. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

40. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir.

41. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan iddiaçının məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı.

42. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir.

43. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin məbləğ məhz iddiaçının qızı üçün alınmış cehiz əşyalar üçün verilmişdirsə o, həmin əşyalarda maddiləşmişdir və həmin əşyaların mülkiyyətçisi kimi iddiaçının qızı həmin əşyalarla bağlı tələb sürə bilərdi. Hazırkı əşyalara görə ödənilən 18400 ABŞ dolları məbləğlə bağlı iddia tələbi isə əsl olmayan iddiaçı, yəni qızın anası tərəfindən verilmişdir.

44. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin 18400 ABŞ dolları hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia başqa əsasla- əsl olmayan iddiaçı tərəfindən irəli sürülməsi əsası ilə təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

47. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

48. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

49. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsl olmayan iddiaçı tərəfindən irəli sürüldüyündən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin 18400 ABŞ dolları hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia əsl olmayan iddiaçı tərəfindən sürülməsi əsası ilə təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin 18400 ABŞ dolları hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi başqa əsasla (əsl olmayan iddiaçı tərəfindən verildiyindən) təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar