Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2515/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X5 və X4 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş Apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.410 manat (bütövlükdə 2.665 manat) məbləğində maddi zərərin, 5.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Müraciətinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyəti tərəfindən 2019-cu ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanasında ona ikinci mərtəbədə yerləşən 25A nömrəli, sahəsi 22,5 kv.metr olan bir otaq verilmişdir. Verilən otağın əsaslı təmirə ehtiyacı olduğu üçün mənzilə köçməmişdən əvvəl onu təmir etmək məcburiyyətində qalmışdır. Təmir işlərini aparmaq üçün Cavabdeh ilə razılaşmışlar. Cavabdeh əvvəl 1.300 manat, sonradan isə 160 manat da əlavə işlərə görə ödəməli olduğunu bildirmiş və bütün bunlara o etiraz etməmişdir. Təmir işlərinə xx xxxx 2019-cu il tarixdə başlanılmış və xx xxxx 2019-cu il tarixdə bitirəcəyinə vəd vermişdir. xx xxxx 2019cu il tarixdən etibarən müxtəlif tarixlərdə cavabdehin özünə və istismar etdiyi ustalara bütövlükdə 1.410 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12, mənzil 25A nömrəli mənzildə vermişdir. Təmir işlərini xx xxxx 2019-cu il tarixdə bitirəcəyinə söz versə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh və onun gətirib işlətdiyi şəxslər təmir müddətində günlərlə ünvana gəlməmiş, buna səbəb kimi isə başqa obyeklərdə iş götürmələrini bildirmişlər. Dəfələrlə ona təmiri vaxtında bitirməsini bildirsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh təmir işlərini günlərlə yubatmış və xx xxxxxx 2019-cu il tarixdən isə konkret olaraq təmiri başa çatdırmaqdan imtina etmişdir. Ona dəfələrlə təmiri bitirməsini, ya da görülən işin hesabını dəyərləndirməklə pulun geri qaytarılmasını nəzərinə çatdırmışdır. Təmir müddətində o cavabdehlə demək olar ki, bütün işlərdə bərabər işləmişdir. Hansı ki, bu işlərin görülməsi üçün ona pul ödəmişdir. Təmir müddətində cavabdehin özünün və gətirib işlətdiyi ustaların qeyri-peşəkarlığı nəticəsində ona ciddi maddi ziyan dəymişdir. Belə ki, binanın ümumi su xəttinin zədələnməsi nəticəsində ikinci mərtəbədən zirzəmiyə qədər su borularını dəyişməyə məcbur olmuşdur. Bu işi yerinə yetirmək üçün başqa usta və material üçün 200 manatdan çox, kanalizasiya işlərini görən zaman isə qonşu otağın sahibi Səkinə xanımın istifadə üçün yararsız vəziyyətə salınmış hamam və tualetin təmiri üçün 65 manat məbləğində xərci çıxmışdır. Cavabdehin təmir müddətində davranışı və hərəkətləri ilə onu çox əsəbləşdirmiş, stress, gərginlik və mənəvi iztirablar yaşamışdır. Bu səbəbdən səhhətində ciddi problemlər yaranmışdır. Cavabdehin öhdəliyi vaxtında yerinə yetirməməsi səbəbindən ona verilmiş mənzilə köçə bilməmiş, hər ay 250 manat olmaqla kirayədə qalmaqda davam etmişdir. Hansı ki, o artıq iyul ayının sonunda təmir olunmuş mənzilə köçməli idi. Cavabdehin məsuliyyətsizliyi və öhdəliyi yerinə yetirməməsi səbəbindən əlavə xərcləri qarşılamağa məcbur olmuşdur. Cəmiyyətdə bu cür fəaliyyət göstərən insanlara qarşı qanuni tədbirlər görülməsi zəruriyyəti yaranmışdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1.410 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçı Apelyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır: Ustaların ehtiyatsızlığı və səliqəsizliyi nəticəsində, qonşu 26 B saylı mənzilin sahibi X1 məxsus hamam tualetin istifadə üçün yararsız vəziyyətə salınması səbəbindən, iddiaçı həmin hissəni də təmir etməyə məcbur olmuşdur. Bu zaman, iddiaçı usta və material uçun 265 manat pul ödəmişdir. Lakin məhkəmə buna münasibət bildirməmişdir. Eyni zamanda, qətnamədə məhkəmənin (hakimin) mənəvi zərərin ödənilməsi ilə bağlı istinad etdiyi normalar iddianın əsası kimi tətbiq oluna bilərdi. İş üzrə məhkəmə iddia ərizəsinə əlavə edilmiş tələblər barədə münasibət bildirməmiş və həmin tələblərin hansı əsaslarla təmin edilməməsi qətnamədə qeyd olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Soltanov X2 şikayətini müdafiə etmiş və bildirmişdir ki, mənzilin təmirinin yekunlaşdırılması üçün cəmi bir günlazım idi. Lakin cababdeh gələcəyini bildirsə də dəfələrlə onu aldatmış, hər dəfə bir bahanə ilə iş yerinə gəlməmişdir. Sonra gəlsə də digər bəhanələrlə işi görməkdən yayımışdır. İşi görməsini tələb edəndə isə bildirmişdir ki işi görməyəcək, hara istəyir şikayət etsin. 1.410 manat pul ödəmiş, bundan əlavə onun gətirdiyi digər ustalara da 50- 100 manat pul ödəmişdir. Hazırda mənəvi ziyan tələbinin təmin olunmasını xahiş edir. Mənəvi iztirab çəkmişdir. Başqa usta tutmaq məcburiyyətində qalmışdır. Əlavə olaraq 3 ay 250 manat kirayə haqqı və yarımçıq qalmış təmiri tamamlamaq üçün 240 manat da digər ustaya pul vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Apelyasiya şikayətini qismən qəbul emiş və bildirmişdir ki, iddiaçıya mənəvi ziyan vurduğunu eturaf edir. Lakin mənəvi ziyanı ödəməyə imkanı yoxdur. Barışıq üçün dəfələrlə iddiaçı ilə əlaqə salamağa çalışmış, lakin bu baş tutmamışdır. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6. maddəsinin tələblərinə əsasən, qətnaməni mübahisələndirilən hissədə yoxlayır. İddiaçı qətnaməni mənəvi ziyanın və cavabdehin hərəkətləri nəticəsində qonşunun evinə dəymiş ziyana görə tərəfindən ödənilmiş 265 manat məbləğində pulun tutulmaması hissəsində mübahisələndirir. Tərəflər arasında mənzilin təmiri ilə bağlı razılığın olması, bunun müqabilində cavabdehə 1410 manat məbləğində pulun ödənilməsi işin mübahisəsiz hallarıdır. İşə baxan məhkəmə iddianı qismən təmin edərək, 1.410 manat məbləğində zərərin tutulmalı olması qənaətinə gəlmiş, mənəvi ziyan tələbini isə təmin etməmişdir. Cavabdeh iddiaçıya zərər vurulmasını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası mənəvi ziyanın rədd edilməsi ilə bağlı işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını, təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.02-ci il tarixli qərarı ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsində məhz mənəvi ziyanın tətbiqi ilə bağlı çətinliklərin olmasını nəzərə alaraq «zərər» anlayışının şərh olunmasına dair sorğusu ilə bağlı qəbul edilmiş, qərarda mənəvi zərərin adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyi, qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusu olduğu qeyd edilmişdir. Qərarda həmçinin mənəvi zərərin bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilmiş qərarında mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınmasının zəruriliyi vurğulanmış və nəticədə mənəvi zərərin ödənilməsinin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılı olduğu qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin 31.05.02-ci il tarixli qərarındakı mülahizə və nəticələr «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.08-ci il tarixli 7 saylı qərarında ardıcıl inkişafını tapmış, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi kimi müəyyən edilmişdir. Bununla yanaşı Plenumun qərarında zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi-ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması kimi müəyyənləşdirilmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2-ci bəndində izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, iddiaçının mənzili uzun müddət təmirsiz qalmış, cavabdehə çoxsaylı müraciətlər etməsinə baxmayaraq işləri yekunlaşdırmamışdır. Bununla bağlı iddiaçı polis idarəsinə müraciət etmiş, lakin mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, uzun sürən məhkəmə prosesinə cəlb olunmuşdur. Apelyasiya icraatında iştirak edən cavabdeh də hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan vurduuğunu etirf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün bunlar iddiaçıya mənəvi ziyan dəyməsinə dəlalət edən hallardır və məhkəmə iddiaçıya vurulan ziyanın məbləğini müəyyən edərək hesab edir ki, mənəvi ziyana görə 200 manatın tutulması hər iki tərəfin mənafeyinə uyğundur. Məhkəmə kolegiyası 265 manat pul tələbi hissəsində isə hesab edir ki, iddiaçı qonşunun evində baş vermiş həmin ziyanın cavabdehin hərəkətləri nəticəsində yaranması, tərəfindən aradan qaldırılması ilə bağlı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hal sübuta yetirilmədiyi üçün həmin hissədə iddia təmin oluna bilməz. Eyni zamanda məhkəmə kollegiyası həmin hissədə idddianı rədd edərkən nəzərə alır ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi ilə idddiaçının təmirə görə cavabdehə vermiş olduğu bütün vəsaitin qaytarılması qət edilsə də, cavabdeh qətnamədən apelyasiya şikayəti verməmişdir. Hansıki, iddiaçı özü etiraf edir ki, cavabdeh gecikmələrlə olsa da, təmir başa çatdırmış və bir günlük işi qalmışdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin Apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mənəvi ziyanın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin olunsun. Cavabdeh mənəvi ziyana görə 200 (iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-2515/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2515/2020
24.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver