Məhkəmə qərarları › İş №2(103)-2515/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2515/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2515/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-658/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin yol verdiyi qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 11.880 manat məbləğində maddi ziyanın, 50.000 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumunun tutulması və cavabdehə bu hərəkətlərin davam etdirilməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Cavabdeh isə yaşadığı mənzilin qonşuluğunda yerləşən 9E saylı mənzildə yaşayır. Onun mənzilində bacısı ailəsi ilə birlikdə yaşayır. 2018-ci ilin yay aylarında mənzil təmir olunmuşdur. Bu zaman təmir işləri ilə bacısı D.Abbasova məşğul olmuş və təmir işlərinə ümumilikdə 23 min manat civarında vəsait sərf edilmişdir. Lakin təmir işləri başa çatdıqdan qısa müddət sonra cavabdehin yaşadığı mənzil sahəsində özbaşına yenidənqurma və təmir-tikinti işlərinin aparılması nəticəsində ona ciddi ziyan dəymişdir. Belə ki, cavabdehin yaşadığı mənzildə apardığı qeyri-qanuni tikinti işləri nəticəsində istifadə etdiyi mənzilin dam örtüyü tamamilə dağıdılmış, yağan yağış suları birbaşa evin otaqlarına axmışdır, cavabdehin tikdiyi qanunsuz tikilinin dam örtüyü elə quraşdırılmışdır ki, həmin dam örtüyündən axan yağış suları birbaşa istifadələrində olan mənzilin üzərinə və özülünə axmaqla, əvvəllər aparılmış təmir işlərini yox vəziyyətə gətirib çıxarmış, habelə evin uçmaq təhlükəsi yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə xəbərdar etsə də, əməlləri davam etməkdədir. Cavabdehin mənzilindən su axıdılması nəticəsində mənəvi zərər vurulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-658/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1053 manat vurulmuş maddi ziyan, 300 manat mənəvi ziyanın və iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun tutulması, su sızmasına səbəb olan halların cavabdeh tərəfindən aradan qaldırılması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manatının İddiaçı və 50 manatının Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır, tək iddiaçının deyil, onun və orada yaşayan hər kəsin evi o vəziyyətdədir, yağış yağan zaman hər kəsin evini su basır, kanalizasiya sisteminin üstündə ev tikmək mümkün olmasa da, iddiaçının evi kanalizasiya sisteminin üstündə tikilib. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 16143S saylı Forma 28 görünür ki, ünvan 1 ünvanda mənzil kirayəçisi İddiaçı Bəhram oğlu yaşayır. DİN-in BPQMİ-nin xx.xx.2020-ci il tarixli MAPS arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3, 9E ünvanında qeydiyyatdadır. 149 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli aktından görünür ki, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkilinin xx.xx.2019-cu il tarixli 702 saylı sorğusuna əsasən Buxta küçəsi dalan 3 ö/t 9S ünvanında baxış keçirilmişdir. Baxış zamanı evin bir mərtəbəli özütikili olduğu, bir qat kubiklə inşa edildiyi, yaşayış otağının birinin sağ divarında nəmliyin olduğu, digər otağın tavanında su axma izləri olduğu aşkar edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/365 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3, 9E saylı yaşayış evinin dam örtüyünün bir hissəsinin 9S saylı yaşayış evinin üzərində olduğunu və bir-birinə yaxın məsafədə inşa olunduğundan 9 E saylı evin dam örtüyündən sızan təbii çöküntülər nəticəsində 9S saylı mənzilə ziyan dəymişdir. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3, 9S saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1053,0 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus olan evin dam örtüyündən sızan təbii çöküntülər nəticəsində ziyan dəymişdir. Ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının evinə dəymiş ziyanın mənbəyinin məhz cavabdehin evində olması müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə dəymiş ziyanın onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Görülməli təmir bərpa işlərinin dəyəri isə ekspert rəyi ilə mövcud bazar qiymətlərinə uyğun olaraq 1053 manat məbləğində olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəydə göstərilən məbləğin yaranması zərurətini detallı şəkildə açıqlamış, öz rəyini kifayət qədər əsaslandırmışdır. Apellyasiya baxışı zamanı ekspert rəyini, dəymiş zərərlə bağlı ekspert rəyində göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş hallarına, ekspert rəyinə əsaslanaraq, cavabdehdən iddiaçının xeyrinə 1053 manat məbləğində maddi zərər tutulması nəticəsinə gələrək, həmin hissədə iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya həmçinin hesab edir ki, məhkəmə haqlı olaraq, iddiaçının təmirli mənzilinə su axıdılması nəticəsində əsəb, stres, sarsıntı, iztirab keçirdiyini nəzərə alaraq 300 manat mənəvi ziyan tutmuşdur. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdeh apelyasiya şikayətində fikrini ümumi sözlərlə ifadə etmiş, hər hansı konkret dəlilə əsaslanmamış və qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün hər hansı arqumentə istinad etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Beləliklə, cavabdehin apelyasiya şikayətində irəli sürdüyü yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-658/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar