Məhkəmə qərarları › İş №2(103)-2516/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2516/2024

13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2516/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3747/2023 saylı 12.02.2024-cü il tarixli qərardadından iddiaçı Namazov Bəhman Nadir oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Namazov Bəhman Nadir oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “ŞAM-Fİ İnterneşnl Tredinq Kompani” MMC-nin Respublikaya idxal etdiyi “Semeyniy Budget” əmtəə nişanlı ət konservi məhsulunun müsadirə edilməklə 6000 (altı min) manat cərimə edilməsi, bu müddət ərzində Respublikaya idxal etdiyi “Semeyniy Budget” əmtəə nişanlı ət konservindən əldə etdiyi gəlirin dövlət büdcəsinə ödənilməsi, eyni zamanda Namazov Bəhman Nadir oğluna dəymiş 10000 (on min) manat mənəvi ziyanın, 196 manat maddi ziyanın və 121 manat dövlət rüsumunun cavabdehdən tutularaq Namazov Bəhman Nadir oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 28.08.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh ”ŞAM-Fİ İnterneşnl Tredinq Kompani” MMC-dən İddiaçı Namazov Bəhman Nadir oğluna dəymiş 30000 (otuz min) manat mənəvi, 340 manat maddi ziyanın və 121 manat dövlət rüsumunun tutularaq İddiaçı Namazov Bəhman Nadir oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3747/2023 nömrəli, 26.09.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı Bəhman Namazov apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(011)- 3747/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3747/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Namazov Bəhman Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Bəhman Namazov qərardadından şikayət verərək ləğv edilməsini və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2023-cü il tarixli, 2(011)-3747/2023 saylı qərardadı ilə şikayət rədd edilərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1240/2024 saylı 12.01.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bəhman Namazov 30.01.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3747/2023 saylı 12.02.2024-cü il tarixli qərardadı ilə iddiaçı Namazov Bəhman Nadir oğlunun ərizəsi təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3747/2023 saylı 26.09.2023-cü il tarixli qətnaməsindən iddiaçı Namazov Bəhman Nadir oğlu tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunmaqla, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin həmin qərardadından iddiaçı Namazov Bəhman Nadir oğlu tərəfindən 29.02.2024-cü il tarixində şikayət verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3747/2023 saylı 01.03.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, iddiaçı Namazov Bəhman Nadir oğlunun şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmçinin verilmiş şikayətin formasına diqqət yetirdikdə görünür ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Kollegiya qeyd edir ki, MPM-ə əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Göründüyü kimi, iddiaçı Namazov Bəhman Nadir oğlu tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan şikayətə mahiyyəti üzrə baxmış və işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3747/2023 saylı 12.02.2024-cü il tarixli qərardadından iddiaçı Namazov Bəhman Nadir oğlu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3747/2023 saylı 12.02.2024-cü il tarixli qərardadından iddiaçı Namazov Bəhman Nadir oğlu tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar