Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2516/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 Rizvan qızına və Cavabdeh9 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2516/2025 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X4, Cavabdehlər Cavabdeh4, Cavabdeh8, Cavabdeh9, Cavabdehlər Cavabdeh3, Cavabdeh7 və Cavabdeh8 nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, X9, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi cəlb edilməklə “əmlakdan çıxarılma və kirayə haqqı ödənilməklə kirayə mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh7 və İ.Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X15 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanındakı 0.7046 ha torpaq sahəsi və üzərindəki 1300.06 kv.metr daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
2. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən uşaq baxçasında ümumilikdə 18 məcburi köçkün ailəsi məksunlaşmışdır. “Dövlət proqramı”nın icrası ilə əlaqədar olaraq Laçın şəhərindən olan və evləri bərpa edilən üç ailənin Laçın şəhərinə köçürülməsi təmin edilmiş, bir ailə isə müvəqqəti olaraq “Qobu Park” yaşayış kompleksinə köçürülmüşdür. Qalan on dörd ailənin köçürülməsi mümkünlüyünə isə pasport qeydiyyatında olduqları yaşayış məntəqələrinin tikintisi başa çatdıqdan sonra baxılacaqdır.
3. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, X9, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 16, uşaq bağçasının binasında məcburi köçkün kimi məskunlaşmışdır.
4. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 16, uşaq bağçasının binasında məcburi köçkün kimi məskunlaşmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh7, X5, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızına və X7 və X1 qarşı “əmlakdan çıxarılma və kirayə haqqı ödənilməklə kirayə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksindən və onun yerləşdiyi ümumi sahəsi 0.7046 ha torpaq sahəsindən çıxarılmaları, müvəqqəti yaşayış üçün Nizami rayonu ərazisində kirayə mənzillərə köçürülmələri, kirayə mənzillərə köçürüldükdən sonra 2025-ci ildə öz doğma yurd-yuvalarına qaytarılanadək onların hər birinin kirayə haqlarının ödənilməsinin iddiaçıya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızının və Cavabdeh9 qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksindən və onun yerləşdiyi ümumi sahəsi 0.7046 ha torpaq sahəsindən çıxarılmaları, qeyd edilən ünvanda məcbur köçkün kimi qeydə alınmış cavabdehlərin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nizami rayonu ərazisində kirayə mənzillərə köçürülmələri, kirayə mənzillərə köçürüldükdən sonra öz doğma yurd-yuvalarına qaytarılana və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqlarının ödənilməsinin iddiaçıya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksi var. Həmin kompleksin yerləşdiyi ümumi sahəsi 0.7046 ha olan torpaq sahəsi də onun xüsusi mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsinin üzərindəki Əmlak kompleksi məcburi köçkünlər üçün hazırki cavabdehlər tərəfindən zəbt edilmişdir. Cavabdehlər tərəfindən zəbt olunan əmlak kompleksi mənzil kimi istifadə olunur. Dəfərlərlə müraciət etsə də, cavabdehlər mülkiyyətində olan əmlak kompleksini və onun yerləşdiyi ərazini boşaldıb tərk etmirlər və bildirirlər ki, onların hazırda yaşamaları üçün evləri yoxdur. Cavabdehlər qeyd olunan ünvanda qalmaları səbəbindən o, əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi üzrə hüquqlarını həyata keçirə bilmir. Məcburi köçkünlərin 2025-ci ilin sonunadək öz doğma yurd-yuvalarına qaytarılması nəzərdə tutulmuşdur. Cavabdehlərin məcburi köçkünlər olmalarını nəzərə alaraq onların öz doğma yurd-yuvalarına qayıdanadək müvəqqəti yaşayış üçün kirayə mənzillərlə təmin olunmalarını və kirayə haqlarının ödənilməsini öz üzərinə götürür.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 yanvar 2025-ci il tarixli 2(007)-245/2025 nömrəli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksindən və onun yerləşdiyi ümumi sahəsi 0.7046 ha torpaq sahəsindən çıxarılması, qeyd edilən ünvanda məcburi köçkün kimi qeydə alınmış ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nizami rayonu ərazisində kirayə mənzillərə köçürülməsi, kirayə mənzillərə köçürüldükdən sonra öz doğma yurd-yuvalarına qaytarılana və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqlarının ödənilməsinin iddiaçıya həvalə edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə sahiblik və istifadə hüquq yoxdur. Əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil.
10. Belə ki, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisə predmeti olan əmlak kompleksində məcburi köçkün düşdüksən sonra özləri gəlib yerləşmişlər, yəni cavabdehlər dövlət tərəfindən həmin əmlakda yerləşdirilməmişlər.
11. Hazırkı mübahisəli əmlak kompleksi Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin balansında olmamışdır, cavabdehlərə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulduğu kimi, Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin qərarı ilə verilməmiş, onlarla kirayə müqaviləsi bağlanmamışdır.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məcburi köçkünlərin mənzillə təmin olunması öhdəliyi dövlətin vəzifəsi olması səbəbindən hazırki halda mülkiyyətçi cavabdehlərin mübahisə predmeti olan əmlak kompleksindən çıxarılması ilə bağlı tələb irəli sürməkdə haqlı olmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər Laçın, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş şəxslər olmaqla, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yaşayırlar. Lakin onların 30 ilə yaxın həmin ərazidə yaşaması iddiaçının öz əmlakına sahiblik, istifadə və sərəncam hüquqlarını qanunsuz məhdudlaşdırmaqla, iddiaçının dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur.
14. Məhkəmə iclasında Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən məcburi köçkünlərin öz doğma yurdyuvalarına qayıtması ilə bağlı işlər davam edir. İlk növbədə fərdi mülkiyyətdə olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi istiqamətində tədbirlər görülür. Qeyri-yaşayış sahələrində məskunlaşmış məcburi köçkünlərin köçürülməsi isə mərhələli şəkildə həyata keçirilir. Həmçinin nümayəndə qeyd etmişdir ki, Proqramın 2030- cu ilədək icra edilməsi nəzərdə tutulmuşdur.
15. Məhkəmə iddia tələbinin kirayə haqqı ödənilməklə cavabdehlərin əmlakdan çıxarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlak kompleksində yaşaması üçün qanuni əsas olmadığı bir halda, iddiaçı tərəfindən cavabdehlərin məcburi köçkün olması nəzərə alınaraq onlara kirayə haqqı ödənilməklə kirayə mənzillərə çıxarılması ilə bağlı tələbi ədalətli olmaqla məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdanadək onların mənzil şəraitinin yaxşı vəziyyətdə saxlanılmasına yönəlmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİİ hissəsinə, Mülki Məcəllənin 146.1, 152.1-152.5, 157.2-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2 və 5-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 nömrəli Protokolun 1-ci və Mülki Prosessual Məcəllənin 107, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh7 və İ.Cavabdeh8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, aidiyyəti ərazi uzun müddətdir ki, cavabdehlərin yaşadığı, məskunlaşdığı sahədir, dövlət tərəfindən müəyyən bərpa və təmir işləri aparılmışdır. Həmin yaşayış sahəsində cavabdehlər qanuni əsaslarla məskunlaşıb, dövlət onların məskunlaşdığı ünvan kimi həmin yaşayış sahəsini tanıyıb, sahənin sonardan iddiaçının mülkiyyətinə keçməsi cavabdehlərin çıxarılmasına səbəb ola bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər, eləcədə digər cavabdehlərin nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərin işə onların (nümayəndə) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 29, İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26.
27. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununu
31. Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 nömrəli Protokol
33. Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
42. Mübahisəli əmlak (uşaq baxçası) iddiaçının mülkiyyətindədir, lakin cavabdehlər mübahisəli əmlakda yaşayırlar, onların həmin əmlaka – torpaq sahəsi və qeyriyaşayış sahəsinə hüquqlarını, əmlakın onların sahibliyində olmasının qanuniliyini təsdiq edən hər hansı sübut yoxdur, bununla da iddiaçının mülkiyyət hüququnu əsassız yerə məhdudlaşdırırlar.
43. Hazırda cavabdehlər başqa yaşayış yeri olmadığı üçün əmlakdan çıxmırlar, lakin Kollegiya qeyd edir ki, iddiaçı hazırki halda hər hansı məsuliyyət daşımır, bu hal cavabdehlərin iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıraraq ona məxsus olan mənzildə yaşamalarına əsas vermir.
44. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (1 saylı Protokol) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülkiyyət hüququna müdaxilə hallarında cəmiyyətin maraqlarına xidmət etdiyi irəli sürülən məqsəd ilə istifadə olunan üsul arasında adil balansın qurulması zəruridir.
45. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) «Sporronq və Lonnpot İsveçə qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur.
46. AİHM «Həsənov Azərbaycana qarşı» iş üzrə 22 aprel 2010-cu il tarixli Qərarında göstərmişdir ki, «Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu ərizəçinin xeyrinə olan qətnamənin icrasında müəyyən çətinliklər törətmişdir. Xüsusən, bu vəziyyət məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir (Radanoviç Xorvatiyaya qarşı, № 9056/02, § 49, 21 dekabr 2006-cı il). Lakin Dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır (Broniovski Polşaya qarşı (BP), № 31443/96, § 182, İHAM 2004-V).
47. Bununla bağlı, Kollegiya qeyd edir ki, hazırkı işdə olduğu kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz (Radanovic, § 49 və Hutten-Tsapska Polşaya qarşı (BP), № 35014/97, § 225, İHAM 2006-Vİİİ). ... Məhkəmə hesab edir ki, ərizəçinin bu həddən artıq fərdi yükə məruz qalmasının müqabilində hər hansı kompensasiyanın olmadığı üçün dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətdən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir (§ 45,46,48 və 49)».
48. AİHM bu mövqeyini «Gülməmmədova Azərbaycana qarşı» iş üzrə 22 aprel 2010-cu il tarixli Qərarında da təkrarlamışdır.
49. AİHM «İsgəndərov və digərləri Azərbaycana qarşı» iş üzrə 8 iyul 2010-cu il tarixli Qərarında göstərmişdir ki, «Mülkiyyət hüquqlarının iddia olunan pozuntusu barədə ərizəçilərin dəlilinə gəldikdə, nə daxili araşdırmalarda, nə də Məhkəmə qarşısında müəyyən olunmamışdır ki, məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçilərin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılması öhdəliyinə riayət olunması üçün dövlət orqanları üzərlərinə düşən hər hansı spesifik addımlar atmışlar. Belə olan halda, bir neçə illər ərzində qətnamələrin icrasının təmin olumasında uğursuzluq ərizçilərin həddən artıq fərdi yükə məruz qaldıqları vəziyyətlə nəticələnmişdir. Məhkəmə hesab edir ki, buna görə hər hansı kompensasiyanın olmadığı yerdə dövlət orqanları məcburi köçkünləri yaşayış sahəsi ilə təmin etməkdə ifadə olunan ümumi maraqla ərizəçilərin mülkiyyətdən maneəsiz istifadə hüquqlarının müdafiəsi arasında tələb olunan ədalətli tarazlığa nail ola bilməmişlər («Gülməmmədovanın Azərbaycana qarşı işi», § 43-50). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş vermişdir (§ 35-36)».
50. AİHM mülkiyyət hüququna müdaxiləni qiymətləndirərəkən onun milli hüquqdakı əsaslarını araşdırır. Bunda məqsəd milli hüquqda əsası olmayan özbaşına müdaxilələrin qarşısının alınmasından ibarətdir. Milli hüquqa zidd olan müdaxilələr Avropa Konvensiyasına da uyğun olmayan kimi qiymətləndirilir. Belə bir yanaşma Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsinin 2-ci cümləsindən irəli gəlir. Həmin cümlə mülkiyyətdən məhrum etmənin «qanunla nəzərdə tutulmalı olması» şərtini müəyyənləşdirir. Şəxsin mülkiyyət hüququndan məhrum edilməsi prosedurunun milli qanunlarla tənzimlənməli olması «hüquqi müəyyənlik» prinsipini formalaşdırır. Avropa Konvensiyasına xas olan bu anlayış Protokolda nəzərdə tutulmuş mülkiyyət hüququna müdaxilə hallarına da şamil edilir.
51. Qaçqınların və məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi, mütəmadi olaraq onların mənzil şəraitinin yaxşılaşdırılması dövlətin qarşısında duran prioritet məsələlərdən biri hesab olunur. İndiyədək dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün bir çox yaşayış məntəqələri salınmış, onların müasir cəmiyyətdə ən zəruri mənzil şəraiti ilə təmin edilməsi istiqamətində bütün mümkün olan tədbirlər həyata keçirilmişdir. Lakin cavabdehlər 90-cı illərdə mübahisəli əmlakda məskunlaşdıqdan sonra bu müddət ərzində məcburi köçkünlər üçün yeni salınmış müvəqqəti yaşayış məntəqələrində yaşayış sahəsi ilə təmin olunmaq üçün heç bir səy göstərməmişlər.
52. Apellyasiya şikayətində göstərilmişdir ki, aidiyyəti ərazi uzun müddətdir ki, cavabdehlərin yaşadığı, məskunlaşdığı sahədir, dövlət tərəfindən müəyyən bərpa və təmir işləri aparılmışdır. Həmin yaşayış sahələsində cavabdehlər qanuni əsaslarla məskunlaşıb, dövlət onların məskunlaşdığı ünvan kimi həmin yaşayış sahəsini tanıyıb, sahənin sonardan iddiaçının mülkiyyətinə keçməsi cavabdehlərin çıxarılmasına səbəb ola bilməz.
53. Kollegiya qeyd edir ki, məlum hadisələrdən sonra qaçqın və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsinə dövlətin dəstəyi ilə yardım göstərilmiş, bununla da mülkiyyətçinin mülkiyyət hüququ məhdudlaşdırılmış vəziyyətdə qalmışdır.
54. İddiaçının mübahisəli əmlakı 2024-cü ildə əldə etməsinə gəldikdə isə, dövlət qaçqın və məcbiri köçkünlərin yaşayış yeri kimi tanıması onların həmin əmlaka qanuni sahiblik etmələri demək deyil. Nəzərə alınmalıdır ki, dövlət mülkiyyətçinin də xüsusi mülkiyyət hüququnu tanımışdır.
55. Hazırda isə iddiaçı öz arzusu ilə hər bir cavabdehə 500 manat kirayə haqqı ödəyir.
56. Kollegiya hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
57. Kollegiya qeyd edir ki, cavabdehlərin göstərilən dəlilləri haqlı iddia tələbinin rədd edilməsinə əsas vermir. Baxılan iş üzrə mübahisəli əmlakın mülkiyyətçisi olan iddiaçı haqlı olaraq cavabdehlərin ona məxsus əmlakdan çıxarılmasını tələb etmişdir, məhkəmə tərəfindən isə əsaslı olan iddia tələbi təmin edilmişdir.
58. Apellyasiya şikayətində isə qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün hər hansı müəyyən edilməmişdir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2025 nömrəli iş üzrə 17 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.