Məhkəmə qərarları › İş №2(103)-2517/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2517/2022

11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2517/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı MTK-nın nümayəndələri Nümayəndə3, Nümayəndə1, Cavabdeh1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-678/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzillərin sökülməsi, yeni mənzillərin verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək, cavabdeh X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə ünvanda yerləşən köhnə yaşayış binasında 46.31 kv.m sahəsi olan 8 saylı mənzilinin əvəzinə iddiaçının Bakı şəhəri, Nizami rayonu B.Çobanzadə. M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (46,31+9,26=55,57 kv.m) təmirli mənzil, cavabdeh X3 mülkiyyəıində olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə ünvanda yerləşən köhnə yaşayış binasında 46.31 kv.m sahəsi olan 12 saylı mənzilinin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz, artıq sahəsi olan (46,31+9,26=55,57 kv.m) təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 400 manat kirayə haqqı ödənilməsi və cavabdehlərin söküləcək həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-678/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 7 saylı evin 46,31 kv.m sahə təşkil edən 8 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilməsi, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 7 saylı evin 50,5 kv.m sahə təşkil edən 12 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTKnın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsi İddiaçı MTK-ya həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 46.37 kv.m.olan, 2 otaqlı, 8 nömrəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququnu təsdiq edən sənəddə mənzilin ümumi sahəsi 46.37 kv.m göstərilsə də 18 kv.m. artırma ilə birlikdə mənzilin ümumi sahəsi hal-hazırda 64.37 kv.m. təşkil edir. Həmçinin, 39 kv.m sahəsi olan zirzəmi va 1 sotdan çox hayətyanı torpaq sahəsi də faktiki olaraq Cavabdeh1 sahiblik və istifadəsindədir. Məhkəmə qərar qabul edərkən cavabdehlərin faktiki sahiblik va istifadəsində olan sahəni nəzərə almayaraq cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli, 161 saylı Sərəncamına əsasən İddiaçı MTK-nin 04.03.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-ya həvalə olunmuşdur. Lakin İddiaçı MTK tərəfindən razılıq əldə edilməsi ilə bağlı cavabdehlərə heç bir təklif təqdim edilməmişdir. Həmin sərəncamda yaşayış və qeyri-yaşayış tikililərinin qəzalı vəziyyətdə olması da öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, “Orbita" MTK-nın rəhbərliyi Cavabdeh1 Müzəffə oğlunun ünvan 3 ünvanda yerləşən 46,31 kv.m sahəsi olan ikiotaqlı mənzilinin əvəzinə, MTK-nın həmin ünvanda inşa etdiyi yeni tikilən binada həmin mənzilin sahəsindən 28,20 kv.m. (60 faiz) artıq, 74,51 kv.m sahəsi olan ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini öhdəsinə götürdüyünü bildirdi və iddianın o həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın digər nümayəndəsi Nümayəndə1 da eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddiaçının təklifi ilə razılaşmadıqlarını bildirib, şikayətin təmin olunmasını, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli, 161 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın 04.03.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yerləşən mövcud və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, İddiaçı MTK-ya həvalə olunmuşdur. 120 saylı MKİS tərəfindən verilmiş 12.10.2020-ci il tarixli, 529 nömrəli arayışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi 7 saylı evin, 8 nömrəli mənzilin sahibi Cavabdeh1dur. ünvan 3 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 11.02.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsas Təmir və Tikinti şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, «Bakımənzilkommunlayihə» Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətikintilayihə» Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil- Kommunal Siyasəti şöbəsinin müdir müavini B.Rzayev, Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Q.Məmmədov, Nizami rayon MKTD-nin 1 №-li Xüsusi Təyinatlı MKTB-nin rəisi E.Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli, 17/17/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixi 161 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilməsi və baxış zamanı binanın 1960-cı ildə inşa olunması, iki mərtəbəli 12 mənzildən ibarət olması, binanın bünövrəsinin lentvari dəmir betondan olması, divarların bəzi hissələrində çatların olması, pilləkənlərin qəfəs hissələrində yükdaşıyıcı konstruksiyada aşınmaların olması, eyvanların, karniz elementlərinin qəzalı vəziyyətdə olması halları nəzərə alınaraq bütövlükdə binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilməsi qeyd edlmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 138554 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 3 saylı evin 40,1 kvadrat metr ümumi sahəsindən ibarət 2 otaqlı, 8 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 11.01.2003-cü il tarixdən qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarədtdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehə mənzilinin sahəsinə əlavə sahə olmaqla yeni mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək ona birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 400 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürmüşdür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, birinci instansiya məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarında olan ünvan 3 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında 11.02.2016-cı il tarixli aktdan da görünür ki, bütövlükdə həmin binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy (akt) verilmişdir. Kollegiya hesab edir ki, cavabdehin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdeh üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Bundan əlavə, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzillərin sahəsində mübahisələrinin olması bildirilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Apelyasiya şikayətinin cavabdehin istifadəsində faktiki olaraq daha artıq sahənin olması və bunun nəzərə alınmamasına dair dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir.”. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında olan mövqeyi nəzərə alaraq Kollegiya qeyd edir ki, cavabdehin razılıq üçün qeyd etdiyi tələbləri və istəkləri, İddiaçı MTK-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onun hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MTK tərəfindən ərazidə yerləşən sahələrinin yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin mübahisəli mənzillə əlaqədar, faktiki olaraq ümumi sahəsindən kifayət qədər artıq sahəsi olan mənzil, habelə mənzil hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MTK ilə razılaşmaması onun hüquqdan suiistifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Kollegiya qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Qeyd olunduğu kimi, apellyasiya icraatında iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 sökülməli mənzilinin əvəzinə həmin mənzilin sahəsindən 28,20 kv.m. (60 faiz) artıq, 74,51 kv.m sahəsi olan mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini öhdəsinə götürdüklərini bildirmişdir. Məhkəmə kollegiyası, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında olan Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq qeyd edir ki, hazırda cavabdehə daha əlverişli şərtlərlə olan təklif (kompensasiya) iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması ilə əlaqədar deyildir. Belə ki, iddia bu həcmdə təmin olunduğu halda Cavabdeh1 iddiada nəzərdə tutulmuş ölçüdən də artıq ölçüdə mənzillə təmin olunacaqdır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia Cavabdeh1 münasibətdə söküləcək mənzilinin əvəzinə həmin mənzilin sahəsindən 28,20 kv.m. (60 faiz) artıq, 74,51 kv.m sahəsi olan mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsi hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-678/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsi “Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 7 saylı evin 46,31 kv.m sahə təşkil edən 8 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən 7 saylı evin 46,31 kv.m sahə təşkil edən 8 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 28,20 kv.m. (60 faiz) artıq, 74,51 kv.m sahəsi olan təmirli mənzil verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar