Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2519/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndə) Vəkil3, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə vəkilləri (nümayəndə) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, bacısı olan Cavabdeh2, bacısının əri olan Cavabdeh1 və cavabdehlərin üç azyaşlı övladlarının onun mülkiyyətində olan və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, bina № 48-də yerləşən 47 №-li mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçı ilə Cavabdeh2 ataları X2 məxsus olmuş və o, xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə” əsasən mənzili iddiaçıya bağışlanmışdır. İddiaçının mənzil üzərində yaranmış mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış və bu barədə həmin Xidmət tərəfindən iddiaçının adına RX seriyalı, ******* №-li, xx.xx.2015-ci il tarixli “Reyestrdən çıxarış” verilmişdir. Mülkiyyətçinin dəyişməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşayış yeri üzrə mənzildə qeydiyyatda qalmış və övladları ilə birlikdə yaşamağa davam etmişlər. Son illərdə iddiaçı ilə cavabdehlərin münasibətləri pozulmuş, cavabdehlər iddiaçının özünə məxsus mənzilindən istifadə etməsinə maneələr yaratmağa başlamışlar (mənzilin giriş qapısının kilidinin dəyişdirmiş və s.). Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə vəkili (nümayəndə) Vəkil2 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, təmsil etdiyi cavabdehlər iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş edirlər. Belə ki, mübahisəli mənzil iddiaçı ilə Cavabdeh2 ataları Məhəmməd Gülbabayevə məxsus olmuş və onlar həmin mənzildə yaşamışlar. İddiaçı 2003-cü ildə Türkiyə Respublikasının vətəndaşı ilə nikaha daxil olaraq ailə qurmuş və daimi yaşamaq üçün Türkiyəyə köçmüşdür. Cavabdeh2 isə 2008-ci ildə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuş və bundan sonra Cavabdeh1 də, həmin (mübahisəli) mənzilə köçmüşdür. İddiaçı ilə Cavabdeh2 anaları 2009-cu ildə vəfat etmişdir. Bundan sonra onların ataları müxtəlif qadınlarla münasibət saxlamağa başlamış və 2013-2014-cü illərdə onun Xatirə adlı qadınla ciddi münasibəti yaranmışdır, baxmayaraq ki, Xatirənin 14-15 yaşlı oğlu da olmuşdur. Mənzilin ataları tərəfindən Xatirənin adına rəsmiləşdirməsindən ehtiyat edən Cavabdeh2 iddiaçı ilə mütəmadi olaraq əlaqə saxlayaraq atasının hərəkətləri barədə iddiaçıya məlumatlar vermiş və son nəticədə onlar qərara gəlmişlər ki, ataları mənzili onların birinin adına rəsmiləşdirsin. 2015-ci il ilin əvvəlində iddiaçı Azərbaycana qayıtdıqdan sonra iddiaçı ilə Cavabdeh2 mənzil barədə ataları ilə söhbət etmiş və ataları ilə birlikdə qərara gəlmişlər ki, mənzil yaşca böyük olan iddiaçının adına rəsmiləşdirilməlidir. Bu söhbətdən bir qədər sonra, yəni xx.xx.2015-ci il tarixdə ataları ilə iddiaçı arasında “Bağışlama müqaviləsi” bağlanmış və mənzili iddiaçının mülkiyyətinə keçmişdir. Bundan sonra da, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə, iddiaçı isə Türkiyədə yaşamaqda davam etmişlər. İddiaçı ildə bir-iki dəfə Azərbaycana qayıtdıqda mənzildə cavabdehlər ilə birlikdə qalmışdır. Ataları isə mənzili iddiaçıya bağışlayandan bir müddət sonra bir qadınla evlənmiş, onunla 8 ay yaşadıqdan sonra ayrılmış, təxminən 3-4 il bundan əvvəl isə başqa bir qadınla ailə quraraq, həmin qadının adına aldığı evə köçmüşdür. 2022-ci ilin yayında mənzilin giriş qapısının qıfılınin açarı sınmış və buna görə də, Cavabdeh1 qıfılı dəyişmişdir. Həmin ərəfədə iddiaçı cavabdehlərə məlum olmayan səbəbdən və onlara xəbər vermədən Azərbaycana qayıtmış, lakin mənzildə deyil atalarının yanında qalmışdır. Həmin vaxt yay tətili olduğu üçün cavabdehlər uşaqları ilə birlikdə Şabran rayonuna getmiş və sonra xəbər tutmuşlar ki, cavabdehlər anlara qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər ehtimal edirlər ki, iddiaçı həmin ərəfədə mənzilə gəlmiş və mənzilin giriş qapısının qıfılını aça bilmədiyindən onlara qarşı bu kimi iddia irəli sürmüşdür. Cavabdehlər bildirirlər ki, onlar iddiaçının mənzildən istifadə etməsinə, mənzildə yaşamasına mane olmamışlar. Cavabdehlər Cavabdeh2 həmçinin bildirir ki, mənzil formal olaraq yalnız iddiaçının mülkiyyətinə keçmişdir. Əslində o və iddiaçı razılamışlar ki, mənzil onların hər hansı birinin mülkiyyətinə keçsə də, onların birgə əmlakı sayılır. Göstərilənlərə əsasən cavabdehlər hesab edirlər ki, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçının doğma bacısı, keçmiş mülkiyyətçi Məhəmməd Gülbabayev doğma qızıdır və sonuncunun ailə üzvü kimi xx.xx.1994-cü il tarixdən qeydiyyatda olaraq həmin tarixdən hal-hazıradək mübahisəli mənzildə yaşamaqla qeyd olunan mənzildən onunla bərabər istifadə etmək hüququ var. Eyni zamanda, digər Cavabdeh1 Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra, yəni 2008-ci ildən hal-hazıradək mübahisəli mənzildə yaşamaqla, həmin mənzildən istifadə hüququ əldə etmişdir. Belə olan halda, mülkiyyətçinin dəyişməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinə səbəb olmur. Cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada, yəni iddiaçı tərəfindən onlar müvafiq kompensasiya verilməsi ilə mümkündür. Lakin iddiaçı öz iddia tələbində cavabdehlərin mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsini xahiş etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçının vəkili (nümayəndə) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apelyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə vəkili (nümayəndə) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlilərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 qarşı yönəlmiş iddia tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, həmin tələb təmin edilməlidir.
11. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ÖM seriyalı, 119978 nömrəli, xx.xx.2002-ci il qeydiyyat tarixli “Qeydiyyat vəsiqəsindən” görünür ki, mübahisəli mənzil (iddiaçı ilə Cavabdeh2 ataları) X1 mülkiyyətində olmuşdur.
12. Məhəmməd Gülbabayev ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Bağışlama müqaviləsindən” görünür ki, Məhəmməd Gülbabayev həmin mənzili ilə iddiaçıya bağışlamışdır.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş RX seriyalı, ******* №-li, xx.xx.2015-ci il tarixli “Reyestrdən çıxarışdan” görünür ki, iddiaçının qeyd edilən “Bağışlama müqaviləsi” əsasında mənzil üzərində yaranmış mülkiyyət hüququ reyestrdə qeydə alınmışdır.
14. İşdə olan sənələrdən görünür ki, iddiaçı və Cavabdeh2 xx.xx.1994-cü il tarixdən, Cavabdeh1 isə xx.xx.2012-ci il tarixdən mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
15. İş materiallarında görünür ki, iş üzrə cavabdehlər mənzilin iddiaçıya bağışlanmasına etiraz etməmələri barədə notariat ofisinə ərizələr təqdim etmişlər.
16. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iddiaçı 2003-cü ildə Türkiyə Respublikasının vətəndaşı ilə nikaha daxil olaraq ailə qurmuş və daimi yaşamaq üçün Türkiyəyə köçmüşdür. Cavabdeh2 ilə Cavabdeh1 2008-ci ildə nikaha daxil olaraq ailə qurmuş və bundan sonra Cavabdeh1 mübahisəli mənzilə köçmüşdür. Cavabdeh2 ilə Cavabdeh1 nikahından 3 övladı doğulmuşdur. “Bağışlama müqaviləsi” əsasında mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə, iddiaçı isə Türkiyədə yaşamaqda davam etmişlər.
17. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Cavabdeh2 mənzil bağışlanmazdan əvvəl mənzilin əvvəlki mülkiyyətçisinin övladı kimi mübahisəli mənzildə xx.xx.1994-cü il tarixdən qeydiyyatda olmaqla yaşaması nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbinin Cavabdeh2 aid hissəsini rədd edərkən Azərbaycan Respublikasında həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin və xx.xx.2000-ci il tarixdən sonra qüvvəyə minmiş və hazırda da qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından həll etməkdə haqlı olmuşdur. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Qeyd edilən həmin Mənzil Məcəlləsinin 123 və 53-cü maddələrinin tələblərindən iddianın Cavabdeh2 aid hissəsinə yanaşdıqda müəyyən edilir ki, onun mənzilə dair istifadə hüququ yaranmış və xx.xx.2000-ci il tarixədək itməmişdir. Çünki həmin Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır (maddə 123.). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda qeyd edilən şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (maddə 53.).
19. Yuxarıda artıq qeyd edildiyi kimi mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ xx.xx.2000-ci il tarixədək yaranmış Cavabdeh2 yeni Mülki Məcəllənin xx.xx.2000ci ildə qüvvəyə minməsindən sonra da mübahisəli mənzildə yaşamaqda davam etmişdir.
20. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
21. Yuxarıda artıq qeyd edildiyi kimi mənzilin mülkiyyətçisi olan iddiaçı hesab edir ki, Cavabdeh2 onun tərəfindən kompensasiya verilmədən sonuncunun mənzilə dair istifadə hüququna xitam verilməlidir.
22. Məhkəmə, yuxarıda qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə alaraq iddiaçının bu kimi mövqeyini əsaslı saymır və hesab edir ki, Rayon Məhkəməsi Cavabdeh2 qarşı yönəlmiş iddia tələbini yuxarıda qeyd edilən əsasla təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.
23. Daha sonra qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi Cavabdeh2 ərinə - Cavabdeh1 münasibətdə iddianı ona görə rədd etmişdir ki, cavabdehlər nikaha daxil olduqdan sonra, yəni 2008-ci ildə Cavabdeh1 həmin vaxt qayınatasının mülkiyyətində olmuş mübahisəli mənzilə köçmüş və mənzil “Bağışlama müqaviləsi” əsasında iddiaçının mülkiyyətinə keçdikdən sonra, yəni hazıradək mənzildə yaşayır. Bununla da, Cavabdeh1 həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnu əldə etmişdir. Mülkiyyətçinin dəyişməsi onun mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinə səbəb olmur. Cavabdeh1 mənzildən istifadə hüquqlarına xitam verilməsi iddiaçı tərəfindən ona müvafiq kompensasiya verilməsi ilə mümkündür. Lakin iddiaçı öz Cavabdeh1 kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürməmişdir.
24. Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsi ilə iki əsasa görə razılaşmır: birincisi, Cavabdeh1 ilə mənzilin mülkiyyətçisi olan iddiaçı, həmçinin mənzilin əvvəlki mülkiyyətçisi olmuş hazırki iş üzrə tərəf olmayan Məhəmməd Gülbabayev arasında etibarlı ailə münasibətləri yoxdur; ikincisi, Cavabdeh1 mənzilin hazırki mülkiyyətçisi olan iddiaçı ilə, həmçinin mənzilin əvvəlki mülkiyyətçisi olmuş Məhəmməd Gülbabayev ilə həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşması yoxdur.
25. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh1 mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi səhv nəticəyə gələrək hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə dair istifadə hüququ yaranmış və hazırda da mövcuddur, buna görə də onun bu hüququna iddiaçı tərəfindən müvafiq kompensasiya verilməklə xitam verilə bilər.
26. Odur ki, göstərilənlərə əsasən hesab edilməlidir ki, Cavabdeh1 qarşı yönəlmiş iddia tələbi onun mübahisəli mənzildən çıxarılması hissəsində əsaslıdır.
27. Məhkəmə eyni zamanda qeyd edir ki, mövcud olmayan hüquqa xitam verilməsi mümkün deyil. Bu baxımdan hesab edilməlidir ki, Cavabdeh1 qarşı yönəlmiş iddia tələbi onun mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində əsassızdır. Rayon Məhkəməsi bu tələbi rədd etsə də, onun əsaslanması səhv olmuşdur.
28. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın Cavabdeh2 ilə Cavabdeh1 övladlarına qarşı yönəlmiş iddia tələbini rədd etmişdir.
29. İddiaçı, Rayon Məhkəməsinin bu nəticəsini də mübahisələndirmişdir.
30. Bununla bağlı Məhkəmə qeyd edir ki, Məhkəmənin hazırki işi üzrə artıq gəldiyi nəticəyə görə, uşaqların valideynlərindən biri olan Cavabdeh1 mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etmək hüququ olmasa da, uşaqların valideynlərindən digəri olan Cavabdeh2 bu kimi hüquq var, yəni Cavabdeh2 həmin mənzildə yaşaya bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə isə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.
31. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı tam rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddia yuxarıda qeyd edilən hissədə qismən əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri tam formal mülahizə xarakteri daşımır.
32. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
33. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2022-ci il tarixli qətnamə qismən, yəni Cavabdeh1 yönəlmiş iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiasının Cavabdeh1 yönəlmiş hissəsi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, bina № 48-də yerləşən 47 №-li mənzildən çıxarılsın. İddia tələbinin Cavabdeh1 yönəlmiş qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 27 dekabr 2022-ci il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.