Məhkəmə qərarları › İş №2(103)-252/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-252/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-252/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 11 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) Vəkil4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, atası X1 özünə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsi, 4 saylı evdə yerləşən 78 saylı mənzilə dair Cavabdeh1 adına qoyduğu və 11 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə reyestrdə 2V-83 reyestr nömrəsi ilə qeydə alınmış “Vəsiyyətnamənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən mənzil iddiaçının atası Qədir Quliyevin mülkiyyətində olmuşdur. Qədir Quliyev xx.xx.2022-ci il tarixdə 93 yaşında vəfat etmişdir. Atasının vəfatından sonra, yəni xx.xx.2022-ci il tarixdə, iddiaçı, mirasın qəbul edilməsi və “Vərəsəlik haqqında şəhadətnamənin” alınması üçün 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət etmişdir. Bu zaman iddiaçıya məlum olmuşdur ki, atası, sağlığında, yəni xx.xx.2020-ci il tarixdə 11 saylı Notariat Ofisində rəsmiləşdirilərək, qeydə alınmış “Vəsiyyətnamə” ilə mənzili digər övladından olan nəvəsinə, yəni iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. İddiaçı hesab edir ki, həmin vəsiyyətnamə etibarsızdır. Çünki vəsiyyətnamə rəsmiləşdirilən zaman atasının 91 yaşı olmuş, o, vəsiyyətnamə veriləndən də əvvəl hərəkətlərinin mənasını dərk etməkdə çətinlik çəkirdi, həmçinin görmə və eşitmə qabiliyyəti çox zəif idi. İddiaçı hesab edir ki, Cavabdeh1 və sonuncunun atası Fərrux İsgəndərov həmin vəsiyyətnaməni Qədir Quliyevi aldadaraq almağa nail olmuşlar. Bundan başqa nəzərə almaq lazımdır ki, mərhum, sağlığında dəfələrlə bildirirmişdir ki, mənzili iddiaçıya vəsiyyət edəcək. b) birinci instansiya məhkəməsində verilmiş izahatlar barədə məlumat

3. İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək, Rayon Məhkəməsinı verdiyi izahtda bildirmişdir ki, o, atası və səhhətində problem olan qardaşı və oğlu həmin mənzildə yaşayırdılar. O, 1971-ci ildən həmin mənzildə qeydiyyatdadır. Həmin mənzili əvvəllər iddiaçının özünə məxsus olmuş və o, 2009-cu ildə mənzili atasına bağışlamışdır. Atası ilə aralarında heç vaxt söz-söhbət olmamış, vəfat etdiyi günədək şəxsən iddiaçı atasının qulluğunda dayanmışdır. Heç vaxt ağlına gəlməzdi ki, atası mənzili digər övladından olan nəvəsinə vəsiyyət edər. Vəsiyyətnamənin tərtib edilməsində iddiaçının mərhum bacısının əri Fərrux İsgəndərovun əli olmuşdur. Belə ki, İsgəndərov atasını notariusa aparmış, sonra geri gətirmişdir. Atası nə üçün notariusa getdiyini dəqiq xatırlamırdı, deyirdi ki, Fərrux onu öz arvadı Rəna İsgəndərovadan miras qalmış evlə bağlı notariusa aparmışdır. Atası vəfat etdikdən təxminən 7 gün sonra o, evlərinin yaxınlığında yerləşdiyi üçün 11 saylı notariat ofisinə getmiş, atası tərəfindən vəziyyətnamə verilib-verilmədiyini maraqlanmış, notariusdan vəsiyyətnamə verilmədiyi cavabını almışdır. Nə müraciəti, nə də aldığı cavabı rəsmiləşdirə bilməmişdir, çünki evin çıxarışı onda olmamışdır. Çıxarışı atası sağ olarkən də xeyli müddət axtarmış, tapa bilməmişdir. Atasının vəfatından sonra o, notariusa müraciət edərək, vərəsəlik haqqında şəhadətnamə almaq istədikdə mübahisəli “Vəsiyyətnamədən” xəbər tutmuşdur və müəyyənləşdirmişdir ki, elə evin çıxarışı da Fərrux İsgəndərovda imiş.

4. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçının atası Qədir Quliyevin yaşı çox olduğundan səhhətində ciddi problemlər olmuş, gözləri demək olar ki görməmiş, yaddaşı tamamilə pozulmuşdur. Cavabdeh1nın atası X15 Quliyevi notariusa apararkən Qədir Quliyev onun daim qulluğunda duran qızı İddiaçı heç bir məlumat verməmiş, notariusdan gəldikdən sonra hansı səbəblə ora getdiyini xatırlamamışdır. Hesab edirlər ki, vəsiyyətnaməni Qədir Quliyev özü imzalamamışdır. Həmçinin, ahıl yaşda olan Qədir Quliyev öz hərəkətlərinin mənasını dərk etmədiyi halda, notarius buna göz yummaqla qanunsuzluq etmişdir. Digər tərəfdən, notarius vəfat etmiş şəxsin digər vərəsələrini də müəyyənləşdirməli, onlara bu barədə məlumat verməli idi.

5. İddiaçının nümayəndəsi (övladı) X16 Rayon Məhkəməsinə verdiyi izahtda bildirmişdir ki, babası Qədir Quliyev daim deyirdi ki, mənzili qızına, yəni onun anasına (iddiaçıya) verəcək. Çünki babasına və xəstə dayısına daim iddiaçı qulluq etmişdir. Cavabdeh1 və cavabdehin atası Fərrux İsgəndərov babasının yaşlı, ahıl olmasından istifadə edərək onu aldadıb, notariusa aparmışlar. Fərrux İsgəndərov tez-tez onların evinə gəlib-getmiş, babası ilə münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin sentyabr ayında Fərrux İsgəndərov babasını notarius apardıqdan sonra babası notariusa nə üçün getdiyini dəqiq xatırlamamış, demişdir ki, Fərrux İsgəndərov öz arvadı Rəna İsgəndərovadan miras qalmış evlə bağlı onu notariusa aparmışdır.

6. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, təmsil etdiyi şəxsin mərhum babası Qədir Quliyevin beynin funksiyalarının və yaddaşının pozulmasına dair heç bir sübut, tibbi sənəd yoxdur. Digər tərəfdən, Qədir Quliyev mərhum qızı Rəna İsgəndərovadan miras qalmış əmlakdan özünə düşən paydan nəvəsi X4 xeyrinə xx.xx.2020-ci il tarixdə imtina etmişdir. İddia ərizəsində Qədir Quliyevin notariat ofisinə məhz bu bəhanə ilə aparıldığı göstərilsə də, sübut olunur ki, Qədir Quliyevin mərhum qızı Rəna İsgəndərovadan miras qalmış əmlakdan imtina etməsi ilə hazırki mübahisələndirilən vəsiyyətnamənin yazıldığı tarix arasında təxminən 7 ay fərq var. Bu isə iddianın dəlillərinin əsassız olduğunu göstərir. X22 notariusa könüllü qetmiş və öz iradəsinə uyğun olaraq “Vəsiyyətnamə” qoymuşdur. Əksini təsdiq edən hər hansı sübut mövcud deyil. Eyni zamanda, iddiaçı tərəfindən əqdlərin etibarsızlığı üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülmüşdür.

7. Cavabdeh Bakı Şəhəri 11 saylı Notariat Ofisinin vəkili (nümayəndəsi) Vəkil3 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahtda göstəmişdir ki, notarius tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. “Vəsiyyətnamənin” qoyulması və rəsmiləşdirilməsi qanuni olmuşdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Vəsiyyətnamə” qanunericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun tərtib edildiyindən, “Vəsiyyətnaməni” qoyan şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi iş üzrə sübut olunmadığından iddia təmin edilə bilməz. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, hazırkı halda “Vəsiyyətnaməyə” əhəmiyyətsiz əqd kimi qiymət verilmədiyindən onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Bununla yanaşı yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan “Vəsiyyətnamə” birtərəfli əqd olduğundan, və iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, iddianın ümumi verilmə müddəti də buraxılmış hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat

10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.

13. Cavabdehlər apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

14. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçının valideynləri X13 ilə X14 xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuşlar. Onların 3 övladları olmuşdur – hazırkı iş üzrə iddiaçı, X7 və X9. İddiaçının anası Püstə Bağırova xx.xx.1980-cı il tarixdə, iddiaçının atası Qədir Quliyev xx.xx.2022-ci il tarixdə vəfat etmişlər.

17. İş üzrə cavabdeh X5 iddiaçının (mərhum) bacısı Rəna İsgəndərovanın qızı, yuxarıda adı çəkilən X2 İsgəndərovanın əri, Könül İsgəndərovanın isə atasıdır.

18. İşdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil əvvəllər iddiaçının mülkiyyətində olmuş və o, onunla atası Qədir Quliyev arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqaviləsinə əsasən, mənzili Qədir Quliyevə bağışlamışdır. Mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” Qədir Quliyevin adına xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.

19. Qədir Quliyev xx.xx.2020-ci il tarixdə ərizə ilə notariat orqanına müraciət edərək, vəfat etmiş övladı Rəna İsgəndərovadan miras qalmış (hazırkı iş üzrə mübahisə predmeti olmayan) əmlakdan ona düşən paydan nəvəsi X4 xeyrinə imtina etdiyini göstərmişdir.

20. Qədir Quliyev xx.xx.2020-ci il tarixdə 11 saylı Notariat Ofisinə müraciət edərək ölən gününədək ona məxsus olan bütün əmlakını nəvəsi (cavabdeh) Cavabdeh1 vəsiyyət etməsinə dair “Vəsiyyətnamə” vermişdir. “Vəsiyyətnamənin” tərtib edilməsində şahid kimi X11 və X12 iştirak etmişlər.

21. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ərizə ilə 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət edərək, mərhum babası Qədir Quliyevdən miras qalmış mənzildən ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, digər vərəsələr kimi mərhumun övladlarının – iddiaçının və Firudin Quliyevin adlarını göstərmişdir.

22. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə 7 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə müraciət edərək, mərhum atası Qədir Quliyevdən miras qalmış mənzildən ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, digər vərəsələr kimi mərhumun oğlu Firudin Quliyev və mərhumun nəvəsi Cavabdeh1 adlarını göstərmişdir.

23. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, X22 onların qonşuluğunda yaşamışdır. O, Qədir Quliyevi çox vaxt həyətdə nəvəsi Natiqlə birlikdə gəzərkən görmüş, salamlaşdıqda Qədir Quliyev çox vaxt onu tanımamışdır. 2018-ci ildə evlərindən oğurluq olmuş, bu hadisədən sonra Qədir Quliyevin səhhətindəki problemlər daha da qabarmışdır.

24. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə uyğun ifadə vermişdir.

25. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, o, X22in qardaşı oğludur. Qədir Quliyevlə münasibətləri çox yaxın olmuşdur. Notarius məsələsi ilə bağlı Qədir Quliyev ona bildirmişdir ki, qızı Rənanın evindən özünə düşən paydan nəvəsinin xeyrinə imtina yazmağa getmişdir. İddiaçı daim öz xəstə qardaşına qulluq etdiyindən, onun atası ilə münasibəti çox yaxşı olmuşdur.

26. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ifadəsinə uyğun ifadə vermişdir.

27. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5.). Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 346.1.). Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 346.2.). Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər (maddə 346.3.). Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır (maddə 346.4.). Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (maddə 1166.). Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər (maddə 1167.). Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir (maddə 1179.1.). Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (maddə 1179.2.). Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (maddə 1180.1.). Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır (maddə 1225.1.). Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır (maddə 1225.2.). Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 1225.3.).

28. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci bəndinə görə, notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.

29. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (maddə 80.). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.).

30. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. Məhkəmə ilk növbədə şahid ifadələri ilə bağlı bildirir ki, şahidlərin ifadələrində Qədir Quliyevin yaşlı və xəstə olduğu, yaddaş pozğunluğunun tez-tez baş verməsi qeyd olunsa da, məhz vəsiyyətnamə verilərkən şəxsin anlaqlılığını müvəqqəti itirməsi, öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilməməsi ilə bağlı hər hansı şahid ifadəsi mövcud deyil.

32. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2V-83 reyestr nömrəli “Vəsiyyətnamədən” görünür ki, vəsiyyətnamə iki nəfər şahidin iştirakı ilə texniki vasitədən istifadə olunmaqla və Qədir Quliyevin özü tərəfindən imzalanmaqla notarial qaydada təsdiq olunmuşdur. Vəsiyyətnamənin notarius tərəfindən təsdiq edildiyi nəzərə alınarsa işdə olan şahid ifadələri vəsiyyət edənin vəsiyyət əqdini icra edərkən anlaqlılığını müvəqqəti itirmiş vəziyyətdə olması qənaətinə gəlmək üçün yetərli sübut sayıla bilməz.

33. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.

34. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarda təsbit edilmiş hüquqi mövqeyə görə, əqdi bağlayan şəxsin məhz həmin anda anlaqlı olmaması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edə bilməməsi, yəni əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır.

35. Hazırkı mübahisə üzrə Qədir Quliyevin vəsiyyətnamə üzrə iradəsini ifadə edən zaman fəaliyyət qabiliyyətinin qüsurlu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

36. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, məhkəmə vəsiyyətnamənin Qədir Quliyev tərəfindən imzalanmaması halının sübut edilməsi üçün müvafiq ekspertizanın keçirilməsinə təşəbbüs göstərməmişdir.

37. İddiaçının qeyd etdiyi bu xüsusatın yoxlanılması məqsədi ilə Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir.

38. Eyni zamanda Məhkəmə tərəfindən ekspertiza tədqiqatının keçirilməsi ilə bağlı 11 saylı Notariat Ofisindən yuxarıda qeyd edilən “Vəsiyyətnamənin” rəsmiləşdirilməsinə əsas olmuş notariat işi və həmin “Vəsiyyətnamənin” qeydiyyata alınmasını özündə əks etdirən, 2020-ci ilə aid reyestr kitabı götürülməklə ekspertizaya təqdim edilmişdir.

39. Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli, 4/1678 nömrəli rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Qədir Quliyevin adından tərtib edilmiş xx.xx.2020-ci il tarixli 2V-83 nömrə ilə qeydə alınmış vəsiyyətnamədə, “İmza” qrafasındakı imza və həmin vəsiyyətnamənin qeydiyyatdan keçdiyi 2V reyestr nömrəli jurnalın 16-cı vərəqində 83-cü nömrəsi ilə qeydiyyatdan keçmiş “X25” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza – Qədir Quliyev tərəfindən icra olunmuşdur.

40. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 273226 №-li “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Qədir Quliyev ölümünün səbəbi kimi ürəyin aterosklerotik xəstəliyi göstərilmişdir

41. Məhkəmə tərəfindən internet resursları vasitəsilə müəyyən edilmişdir ki, “ürəyin aterosklerotik xəstəliyi” arteriyaların daxili hissəsinin daralması ilə müşayiət olunur. Bunun da nəticəsində ürək, beyin və digər üzvlərin qanla təchiz olunması pisləşir. İnsan beyninin qanla təchizatının zəifləməsi isə insan şüuruna mənfi təsir göstərə biləcək amillərdən biri kimi qəbul edilə bilər.

42. Bu baxımdan X6 vəsiyyət qoyduğu zaman öz hərəkətlərinin mənasını dərk edə bilib-bilməməsinin, hərəkətlərinə rəhbərlik edə bilib-bilməməsinin araşdırılmasının işin həlli üçün əhəmiyyətli olduğunu nəzərə alan Məhkəmə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

43. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 980 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş mülki iş materiallarına və əlavə təqdim edilmiş tibbi sənədlərə əsasən Qədir Quliyevin sağlığında hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmişdir. Qədir Quliyevin sağlığında hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi müəyyən edilmədiyindən belə güman etmək olar ki, xx.xx.2020-ci il tarixdə öz hərəkətlərinin mənasını başa düşüb, onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur.

44. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Qədir Quliyevin vəsiyyətnaməni imzalayan zaman öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməməsi, öz iradəsini aydın ifadə edə bilməsi, bu hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları işin məhkəmə araşdırılması ilə sübuta yetirilmədiyindən həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil.

45. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

46. İddiaçının digər dəlili vəsiyyətnamə təsdiq olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 71-ci bəndinin tələblərinin pozulması ilə bağlıdır.

47. Bununla bağlı Məhkəmə bildirir ki, həmin Təlimatın 71-ci bəndinə görə, vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu, eləcə də onun xeyrinə vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini təsdiq edən sənəd tələb olunmur. Vəsiyyətnamə kənar şəxsin xeyrinə də təsdiq oluna bilər. Əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında məlumatı müvafiq informasiya sistemləri vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir. Notariuslar təsdiq elədikləri vəsiyyətnamələrin uçotunun əlifba kitabını aparmalıdır.

48. Normanın məzmununda da göründüyü kimi burada söhbət məhz “özəlləşdirilmiş” mənzilin vəsiyyət edilməsindən gedir ki, bu halı da hazırkı işə tətbiq etmək olmaz. Belə ki, sözügedən mənzillə bağlı vəsiyyətnamə tərtib edilərkən mənzil artıq Qədir Quliyevin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

49. Vəsiyyətnamə yazılı formada tərtib edilmiş, orada aydın olmayan və ya birbirinə zidd olan şərtlər mövcud deyil. Vəsiyyətnamə tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət edildiyi görünür. İddiaçının vəsiyyətnamə təsdiq edilərkən yuxarıda qeyd edilən Təlimatın pozulması ilə bağlı dəlili vəsiyyətnamənin etibarlılıq şərtlərinə təsir etmədiyindən iddia bu əsasla da təmin oluna bilməz.

50. Qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində və ya fəaliyyət qabiliyyəti zədəli olan şəxs tərəfindən bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

51. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.

52. Beləliklə, vəsiyyətnamənin qanunericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun tərtib edildiyini, onu verən şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsinin iş üzrə sübut olunmadığını nəzərə almış Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

53. Məhkəmə həmçinin Cavabdeh1 vəkilinin (nümayəndəsinin) iddia tələbinə 1 illik iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

54. Mülki Məcəllənin 354.2-ci maddəsində qeyd edilən müddət iddia müddəti deyil, kəsici müddətdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (“B.Mürsəlovun şikayəti üzrə” xx.xx.2020-ci il tarixi qərar).

55. Məhkəmə qeyd edir ki, vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Miras qoyan Qədir Quliyev xx.xx.2022-ci il tarixdə ölmüş, hazırki iddia tələbi isə 1 illik müddət daxilində - xx.xx.2022-ci il tarixdə irəli sürülmüşdür. İddiaçının vəsiyyətnamənin varlığından daha əvvəl xəbərdar olması ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Belə olan halda əqdin etibarsızlığı ilə bağlı 1 illik müddət iddiaçı tərəfindən buraxılmamışdır.

56. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

57. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

61. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

62. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in tələbləri və “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

63. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar