Məhkəmə qərarları › İş №2(103)-2523/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2523/2023

07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2523/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyun 2006-cı il tarixli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin maraqlarına toxunan şəxs qismində verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1003/2006 saylı 09 iyun 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması və qeydiyyat vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin olunmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 11 may 2007-ci il tarixli 1 MK- 218/2007 saylı qətnaməsi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 09 iyun 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin bundan 15 il sonra verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti poçt vasitəsilə (xx.xx.2023-cü il tarixdə) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə müraciət edərək qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildirmiş, bu əsasla iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yeni apellyasiya şikayətini elektron qaydada məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti qətnamədən işdə iştirak etməyə cəlb edilməyən və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində şikayət verməsi üçün qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunduğu müəyyən edilməli və müvafiq sübutlar apellyasiya şikayətinə əlavə olunmalıdır. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Yuxarıda qeyd olunduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işdə iştirak edən şəxs olmamışdır və məhkəmə, MPM-nin 364.2-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamənin onun hüquq və vəzifələrinə toxunması məsələsini yoxlamadan, bu barədə müvafiq qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şikayəti qeyri-mümkün hesab edilməli və MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl olunması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2, 366, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyun 2006-cı il tarixli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən maraqlarına toxunan şəxs qismində verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar