Məhkəmə qərarları › İş №2(103)-2523/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2523/2025

29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2523/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı özünün, onun vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. Cavabdehlər X2 və Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehin atası X3 ilə xx.xx.2021-ci il tarixdə razılığa gələrək, sonuncuya məxsus və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Meşədi Kazımov küçəsi, dalan 1-də yerləşən 2 otaqlı 2 saylı evin alğı-satqısı barədə gəlmişdir. Razılığa əsasən o, Elxan Məmmədova evin dəyəri olan 43.000 manatdan 36.000 manatı ödəmiş, qalan 7.000 manatı sonra, yəni alğı-satqı notarial qaydada rəsmiləşdirilən zaman ödəməli idi. Bu barədə onlar arasında yazılı müqavilə bağlanmışdır. Həmin müqavilənin bağlanmasında onun qardaşı Şahid2 və Elxan Məmmədovun qayını Şahid1 iştirak etmiş və şahid kimi müqaviləni imzalamışlar. Qısa müddətdən sonra o, aldığı evin hissəsini ödəməyə hazır olduğunu Elxan Məmmədova bildirmiş, rəsmi “Alğı-satqı müqaviləsinin” bağlanması üçün Notariat Ofisinə getməyi təklif etmiş, X6 xəstələnməsini bildirərək, bir neçə gün möhlət istəmişdir. Həmin söhbətdən sonra o, bir neçə dəfə Elxan Məmmədov ilə eyni məqsədlə əlaqə saxlamış, amma Elxan Məmmədov müxtəlif səbəblərə istinad edərək, rəsmi “Alğı-satqı müqaviləsinin” bağlanması üçün Notariat Ofisinə getməkdən yayınmışdır. Bu səbəbdən o, Elxan Məmmədova qarşı “evə dair “Alğı-satqı müqaviləsinin” bağlanmış hesab edilməsi, müqavilənin predmeti olan ev üzərində onun mülkiyyət hüququnun tanınması, bu barədə “Daşınmaz əmlakın dövlət reyestrində” müvafiq qeydin aparılması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya dair mülki iş üzrə məhkəmənin hazırlıq iclası ərəfəsində müəyyən edilmişdir ki, Elxan Məmmədov xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu səbəbdən də Nizami Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 2(007)-1036/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad ilə mülki işin icraatına xitam verilməsini qərara almışdır. Bundan sonra o, müəyyən etmişdir ki, həmin evdə mərhum Elxan Məmmədovun vərəsələri: arvadı Həlimə Məmmədova və övladı Cavabdeh yaşayırlar və mirası qəbul etmişlər. O, mərhumun övladı Cavabdeh ilə də dəfələrlə əlaqə saxlayaraq evə dair “Alğısatqı müqaviləsinin” rəsmiləşdirilməsini təklif etmiş, lakin mərhumun vərəsələri olan cavabdehlər bu addımı atmaqdan və ya pulunu qaytarmaqdan yayınmışlar. Bu səbəbdən də, o, Elxan Məmmədova ödədiyi pulun cavabdehlərdən tələb etmək qərarına gəlmişdir.

2. Göstərilənlərə əsasən o xahiş edir ki, Elxan Məmmədova ödədiyi 36.000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilsin.

3. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Həlimə Məmmədovanın cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir.

4. İşə baxmış Rayon Məhkəməsi bu ərizəni əsaslı hesab etmişdir, çünki Elxan Məmmədov ilə Həlimə Məmmədovanın arasındakı nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. b) cavabdehin iddia tələbinə qarşı münasibəti barədə məlumat

5. İş üzrə Cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir o, atası ilə iddiaçının arasında olmuş razılaşmada iştirak etməmiş və iddiaçıdan pul almamışdır. Həmin söhbətlərdən sonradan xəbər tutmuşdur. Evin alğısatqısı mümkün deyil, çünki evin hamısı deyil, yalnız 1/2 hissəsi onuna atasına məxsus olmuşdur. Buna görə də, o, iddiaçıya təklif etmişdir ki, müqavilə bağlamadan evə köçsün, lakin iddiaçı bu təklif ilə razılaşmamışdır. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Cavabdeh 36.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin atası Elxan Məmmədov evi gələcəkdə iddiaçıya satmaq adı ilə iddiaçıdan ilkin ödəniş kimi 36.000 manat məbləğində pul almış, lakin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, evin alğı-satqısını rəsmiləşdirməmiş, evi iddiaçının mülkiyyətində keçirməmişdir. Cavabdeh, atasından qalmış mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə cavabdeh, borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Hal bu ki, məhkəmə baxışı iclasına şahid qismində dindirilmiş (cavabdehin dayısı) Şahid1, (iddiaçının qardaşı) Şahid2 və (iddiaçının anası) Şahid3 Rayon Məhkəməsinə verdikləri ifadələr ilə bildirmişlər ki, iddiaçı tərəfindən Elxan Məmmədova 36.000 manat pul verilən zaman Cavabdeh həmin razılıqda iştirak etməmişdir. Göründüyü Cavabdeh ilə iddiaçı arasında hər hansı razılıq olmamış, Cavabdeh iddiaçıdan pul almamışdır. Lakin Rayon Məhkəməsi şahid ifadələrini və işin müəyyən edilmiş bu halını nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh tələbədir və heç bir yerdə işləmir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

10. Cavabdeh apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

11. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, Rayon Məhkəməsinin iş üzrə gəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddia ərizəsində göstərilən hallar iş üzrə tərəflər arasında mübahisə doğurmur və Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələr ilə təsdiqlənir. Buna görə də Məhkəmə həmin halları işin mübahisəsiz və müəyyən edilmiş halları kimi qəbul edir və onların bir daha təkrarlanmasına lüzum görmür.

14. İddiaçı ilə Elxan Məmmədov arasındakı razılığın şərtlərini özündə ehtiva edən xx.xx.2021-ci il tarixli yazılı razılaşmadan görünür ki, həmin razılaşma notarial qaydada bağlanmamışdır. X6 həmin razılaşmaya əsasən, evin alğı-satqısına görə iddiaçıdan ilk ödəniş kimi 36.000 manatı almışdır. Elxan Məmmədov xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, Elxan Məmmədov, onunla iddiaçı arasında əldə olunmuş razılıq əsasında üzərinə götürdüyü öhdəliyi sağlığında yerinə yetirməmiş, evin alığı-satqısının rəsmiləşdirlməsi üçün notariat orqanına getməmişdir.

15. Göstərilənlər ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinin mənasına görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (144.1. və 146.1.). Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1.). Əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır (maddə 337.5.).

16. Qeyd edilən maddi hüquq normaların tələblərindən iddiaçı ilə Elxan Məmmədov arasındakı razılaşmaya yanaşdıqda müəyyən edilir ki, həmin razılaşma əqd olaraq etibarsızdır. Elxan Məmmədov iddiaçıdan aldığı pul vəsaitini iddiaçıya qaytarmalı idi. Lakin o, ölmüşdür.

17. İşdə olan sənədlərdən görünür ki, mərhum Elxan Məmmədov sağ ikən özünə məxsus bütün əmlaklarını övladı olan Cavabdeh vəsiyyət etmişdir. Cavabdeh mirasın qəbulu ilə bağlı müvafiq notariat ofisinə müraciət etsə də, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman ona “Vərəsəlik hüququ haqqında şəhadətnamə” hələ ki verilməmişdir. Buna baxmayaraq Cavabdeh bildirdiklərindən müəyyən edilir ki, o, mirası faktiki olaraq qəbul etmişdir.

18. Cavabdeh mirası faktiki olaraq qəbul etsə də, o, atası ilə iddiaçı arasında əldə olunmuş razılığa əsasən atasının iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nə də ki, atasının iddiaçıdan aldığı 36.000 manatı iddiaçıya qaytarmamışdır.

19. Cavabdeh, apellyasiya şikayətində bildirir ki, o, atası ilə iddiaçının arasında olmuş razılaşmada iştirak etməmiş və iddiaçıdan pul almamışdır. Buna görə də, o, iddiaçıya pul ödəməmilidr.

20. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edir. Belə ki, atasının vəfatından sonra mirası qəbul etmiş Cavabdeh atasının iddiaçıdan aldığı pul vəsaitini qaytarmamaqla iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır.

21. İşin qeyd edilən bu halını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

22. İşin hallarını, qeyd edilən maddi hüquq normalarının tələblərini, mərhum Elxan Məmmədovun vərəsəsi olan Cavabdeh miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Cavabdeh onun atasının iddiaçıdan aldığı 36.000 manatı iddiaçıya qaytarması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

23. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

24. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Cavabdeh tələbədir və heç bir yerdə işləmir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

25. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Çünki qeyd edilən halın mövcud olması qüvvədə olan qanunvericiliyin tələblərinə görə hazırkı iddianın rədd edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Dəlilin hüquqi əsası yoxdur. g) apellyasiya baxışının nəticəsi

26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

29. Məhkəmə həmçinin bildirir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

30. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar