Məhkəmə qərarları › İş №2(103)-2527/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2527/2021

16.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2527/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 oğlunun iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsinin cavabdehin üzərinə qoyulmaqla cavabdeh şirkətdən alınan qüsurlu telefonun cavabdeh tərəfindən yenisi ilə dəyişdirilməsi və ya ödənilən 3359 manat və 18 manat pulun geri qaytarılması, cavabdehdən 10.000(on min) manat dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 23 mart 2020-ci ildə "xxxx" Şirkətinin Neftçilər filalından qiyməti 3359 manat olan “İphone 11 Pro Max” telefonunu 1 kart kredit ödəniş sistemi vasitəsi ilə almışdır. Dükana daxil olaraq yaddaş tutumu 256 GB və rəngi “midnight green olan İphone 11 Pro max” telefonunu almaq istədiyini bildirmiş, ona bu rəngli modelin hal-hazırda onların filalında olmadığını bildirmişlər. Əgər gözləyərsə, yaxınlıqda yerləşən digər filialdan bu modeli gətirə bilər. Razılaşaraq gözlədyi müddətdə satıcı ona israrla bildirmişdir ki, telefonun pulunu ödəsin ki, telefon gələndə rəsimləşdirmə tez bitsin. Telefonu almaq niyyəti olduğundan ödəniş etmişdir. Nəhayət telefon təxminən 15-20 dəqiqədən sonra gəldi. Telefon gələndən sonra, satıcı nömrəni telefona daxil etmək üçün telefonu istəmiş və təqdim etmişdir. Nömrəni telefona daxil edən zaman bildirmişlər ki, telefona qoruyucu üzlüyünü də onlardan alsın. Belə ki, şirkət məhz bu model telefonlar üçün xüsusi üzlüklər sifariş edərək gətirir. Telefona qoruyucu üzlükdə çəkdirmək niyyəti olduğu üçün razılaşıb. Satıcı elə oradaca üzlüyün pulunu da kassaya ödəməsini bildirmişdir. Telefonu satıcının yanında qoyaraq pulu ödəməyə getmiş qayıdana qədər satıcı telefonu artıq öz tarasına qoymuşdur. Telefonu əlinə götürüb üzlüyün çəkilib-çəkilməməsinə baxmış və satıcı qarantiya kağızını telefonun arasında qoymuş və telefonu tarası ilə birgə götürüb dükandan çıxmışdır. Əslində sonradan başa düşmüşdür ki, telefonu əlinə almadan nə telefon üçün ödəniş etməliydi, nədə telefonu satıcının yanında qoyub üzlük üçün ödənişə getməli idi. Belə ki, satıcı telefona nömrə daxil edərkən, məsuliyyətsizlik edərək komplektasiyadan götürdüyü əşyanı geri yerinə qoymamışdır. Bu barədə yalnız evə gedəndən sonra xəbər tutmuşdur. Yenidən dükana qayıdıb bu barədə məlumat vermişdir. Onlar öz işlətdikləri əşyanı təqdim etdilər. Bu əşyanın elə bir önəmi olmadığından həmin işlənmiş əşyanı qəbul etdi. Əslində ona təzə əşya təqdim etməli idilər. Telefon üçün 1 il (12 ay) zəmanət talonu verilib. Alınandan 3-4 gün sonra telefonda donmalar baş vermişdir. Lakin donmalar müvəqqəti olduğundan dükana bu barədə iddiaçı məlumat verməmişdir. 22 iyul 2020-ci ildə 20% şarj ilə telefonu dolmağa qoymuş, yarım saatdan sonra nə qədər enerji yığdığına baxmaq üçün gələndə, telefonun açılmadığını görüb. Həmin dəqiqə cavabdeh şirkətin *0171 telefon xidmətinə zəng edib, vəziyyəti izah edib. Telefonu "xxxx" şirkətinin Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında yerləşən servis mərkəzinə gətirməyini bildirmişlər və həmin gün telefonu servis mərkəzinə gətirmişdir. Telefonu təhvil verərəkən servisin işçisi ona bildirdi ki, telefona baxılacaq və açılıb təmir edilib qaytarılacaq. Telefonun açılmağına razı olmamışdır. Çünki, telefonu 4 ay tamam deyil almışdır. Telefon yerə, suya düşməyib, cızığı, çatı, qırığı, batığı yoxdur və göz bəbəyi kimi qorumuşdur. Səliqəli istifadə etmişdir. Bütün bu sadalananlar yoxdursa, telefon niyə açılmalıdır. İşçi bildirdi ki, bu barədə qeyd aparacaq və bu məlumatı ustaya bildirəcək. Telefon servisə qəbul olunarkən üzərində heç bir cızığın, çatın, qırığın, batığın olmaması, yəni əmtəə görünüşünün pozulmaması barədə arayış verilib. Cavabdeh şirkətinin servisindən 27-si iyul 2020-ci ildə, gizli nömrə ilə zəng edib dedilər ki, telefonun açılmasına razılıq verməmisiz, telefon açılmalıdır. Telefonun açılmasına yenə razı olmamışdır. Bu qədər pulu ona görə ödəməmişdir ki, telefon 4 ay olmamış öz-özündən sönsün və desinlər ki, telefon açılmalıdır. Telefonunun niyə birdən birə, öz-özündən söndüyü barədə soruşduqda usta bildirdi ki, istehsalçının günahıdır. İstehlakçının günahıdırsa, deməli telefon qüsurla gəlib, dəyişdirilməlidir. Bundan sonra, usta əsəbi formada, aqressiya ilə danışmağa başladı. 28 iyul 2020-ci ildə Cavabdeh şirkətinin servis mərkəzinə gedərək rəhbərliklə görüşmək istədiyini bildirmişdir. Onu servisin Cavid adlı hüquqşünasının otağına yönləndirdilər. Cavid bəyə durumu izah etdi və o, da öz növbəsində onunla aqressiv, əsəbi formada danışdı. Usta da söhbətdə iştirak edirdi. Yenidən ustaya sual edərək telefon niyə birdən-birə, öz-özündən söndü. Usta bir daha bildirdi ki, istehsalçının günahıdır. Telefonun qüsurlu olduğundan dəyişdirilməli olduğunu, əks halda müvafiq orqanlara şikayət edəcəyini bildirmişdir. Cavid bəyin cavabı belə oldu ki, gedin hara istəyrisiz şikayət edin. Bu davranış bir daha sübut etdi ki, şirkəti məmnuniyyət maraqlandırmır. Qərara aldı ki, şikayət etməzdən əvvəl məsələni Cavabdeh şirkətinin rəhbərliyi ilə, görüşüb danışsın. 29 iyul 2020-ci ildə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki baş ofisə gələrək öncə qrup otağında əyləşən Elvin bəylə görüşmüş ona problem barədə danışaraq və telefonun dəyişdirilməsini bildirmişdir. Sonra məsul şəxslərdən biri olan Bəxtiyar müəllimlə görüşmüş və məsələni yenidən ətraflı şəkildə ona bildirmiş və bir daha tələb etmişdir ki, telefon qüsurlu olduğu üçün dəyişdirilməlidir. Alternativ variant kimi istehsalçı şirkət ilə əlaqə saxlayıb mövcud vəziyyəti onlara bildirməyi xahiş etmişdir. Bundan əlavə, təcrübədə belə hallar olub və telefonu satan şirkət müştəri məmnuniyyətini düşündüyü üçün qüsurlu telefonu yenisi ilə əvəz edib. Çünki, başa düşüb ki, bu istehsalçının günahıdır, telefon qüsurlu gəlib. Məsələ müsbət həllini tapmazsa həm inzibati qaydada müvafiq orqanlara, həm də məhkəmə qaydasında şikayət edəcəyini bildirmişdir. Bəxtiyar müəllim, Cavabdeh şirkətinin müdiri Azad Məmmədovun burada olmadığını söylədi. Əvvəlcə qeyd etdi ki, gedin şikayət edin, sonra nəsə düşünərək bildirdi ki, sabah iclasda rəhbərliklə danışıb, məsələnin müsbət və ya mənfi tərəfə həll olunması barədə Elvin bəy vasitəsilə zəng edilib məlumat veriləcək. Səhərisi gün Elvin bəy zəng edib, bildirdi ki, rəhbərliyin cavabı belə oldu ki, telefon 4 ay işləndiyi üçün dəyişdirilə bilməz. Araşdırma apararkən məlum oldu ki, telefonun seriya nömrəsi vasitəsilə onun hansı tarixdən istifadə edildiyini bilmək olar. Ona görə də, “imei24.com” saytına daxil olmuşdur. Məlum olmuşdur ki, telefon 22 mart 2020-ci il tarixində aktiv edilib. Belə ki, təzə adı ilə satılmış telefon öncədən aktiv edilmiş telefon olub. Beləliklə, Cavabdeh şirkəti onu aldatmaqla yanaşı həm də istehlakçı hüququnu kobud şəkildə pozub. Telefonu alanda ödəniş vasitəsi kimi 3359 manat ödəmişdir. Üstəlik 18 manat ödəyib elə Cavabdeh şirkətinin Neftçilər filalında üzlük çəkdirmişdir. Bu qədər pulu öncədən aktiv edilmiş və qüsurlu telefon üçün ödəməmişdir. Telefon qüsurlu olub. Bu barədə eyni modelin satışını həyata keçirən digər şirkətlərə də məsləhət üçün müraciət etmişdir. Hər birinin fikri belə oldu ki, telefon qüsurla gəlib. Şirkət də bunu bilir, telefon dəyişdirilməlidir. İstehsalçının günahını çəkməməlidir. İstehsalçı ilə əlaqə saxlanılıb bu məsələ onlara bildirilməlidir. Cavabdeh şirkəti istehsalçı şirkətlə əlaqə saxlamaqdan da imtina edir. Belə çıxır ki, telefon saxta və qeyri-qanuni yollarla ölkəyə gətirilib, ona görə də şirkət istehsalçı şirkətlə əlaqə saxlamaqdan imtina etmişdir. 10 ilə yaxındır ki, özünə telefon ala bilmirdi. Qərara gəlmişdir ki, telefon alsa elə model alacaq ki, həm keyfiyyətli olsun, həm də ondan uzun müddət istifadə edə bilsin. Heç kim 3-4 ay üçün pul verib texnika almır. Ən azı 2-3 il normal istifadə etməyi düşünür. Telefonu almaq üçün kifayət qədər vəsait olmadığından iddiaçı telefonu kreditlə götürmüşdür. Bütün əşyalarını səliqəli istifadə etdiyindən aldığı əşyaları uzun müddət istifadə edə bilir. Cavabdeh şirkətdən aldığı telefonu da uzun müddət istifadə etməyi düşünürdü. Telefonun 4 ay tamam olmamış öz-özündən sönməyi, qüsurlu olması, cavabdeh şirkətin telefonu dəyişdirməkdən imtina etməsi, istehsalçı şirkətə bu barədə məlumat verərək məsələni müsbətə doğru həll etmək istəməməsi qüsurlu malın dəyişdirlməsi tələbini irəli sürdüyü müddətdə lazımi kefiyyətdə olan analoji malın ona təqdim olunmaması və bundan əlavə, sonradan apardığı araşdırmalar nəticəsində iddiaçya 1 (bir) gün əvvəl aktiv edilmiş telefonun satılması bütün bunlar iddiaçının güclü mənəvi və psixi sarsınıtı keçirməyinə səbəb olmuşdur. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 10 000 (on min) manat həcmində dəyərləndir çünki cavabdehin iddiaçının istehlakçı hüquqlarını pozması nəticəsində 2 aya yaxındır ki, öz mülkiyyət hüququndan istifadə edə bilmir. Xüsusilə telefonunda olan vacib kontraktları var ki, iddiaçı onlarla əlaqə yarada bilmir, peşəkər fəaliyyətinin və təhsilinin davam etdirilməsində çətinliklə üz-üzə qalmışdır. Sosial şəbəkə hesablarından istifadə edə bilmir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 3359 manat və 18 manat telefonun üzlüyünə verdiyi pulu tələb edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 bildirdi ki, rəylə tanış olmuşdur. Hazırki verilmiş rəylə onların şirkətinin servisinin rəyi arasında ziddiyət yaranıb. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edrəkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı 23 mart 2020-ci ildə "xxxx" Şirkətinin Neftçilər filalından qiyməti 3359 manat olan İPhone 11 Pro Max 256 GB Midnight Green telefonunu 12 ay zəmanət şərtilə 23.03.2020-ci il tarixdə almışdır. 22.07.2020-ci il tarixdə iddiaçı telefonda baş vermiş nasazlığa görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, cavabdeh telefonu təmir etmək üçün qəbul etmək istəmiş, lakin iddiaçı telefonun açılmağına razı olmamışdır. İddiaçı razı olmamasının səbəbini onunla izah etmişdir ki, telefon təzədir, 4 ay tamam deyil alınıbdır. Bu səbəbdən cavabdeh şirkətdən alınan qüsurlu telefonun cavabdeh tərəfindən yenisi ilə dəyişdirilməsi və ya ödənilən 3359 manat və 18 manat pulun geri qaytarılması, cavabdehdən 10.000(on min) manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəlləsinin 587.1.2-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etsin. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəlləninin 587.3-cü maddəsinə əsasən bu məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbinin alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamədək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Göründüyü kimi 23.03.2020-ci il tarixli zəmanət talonunda 14 gün ərzində, məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə dəyişdirilə bilməsinin mümkünlüyü ilə tərəflər razılaşmışlar. Bununla belə iddiaçının telefonunda baş vermiş qüsurları həmin telefonu aldığı müddətdən (23.03.2020-ci il) 14 gün müddət ötürüldükdən sonra, yəni ilk dəfə satıcıya müraciəti, təxminən 4 ay sonra, yəni 22.07.2020-ci il tarixdə olmuşdur. Məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə malın qaytarıla bilməsinin 23.03.2020-ci il tarixli zəmanət talonunda tərəflərin razılaşdığı 14 günlük müddətini və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olan 14 günlük satılan malın dəyişdirilməsini tələb etmək hüququnu da iddiaçı ötürmüşdür. Digər tərəfdən iddiaçının tələbini əsaslandırıdığı hallar Mülki Məcəllənin 587-ci maddəsinin tələblərinə də uyğun deyildir. Qeyd edilən maddənin məzmunundan aydın olur ki, əşyanın keyfiyyətinə aid tələblər aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etmək, əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək, habelə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ yaranır. Bununla belə, iddiaçı aldığı malda yaranan qüsurun aradan qaldırıla bilməyən qüsur olmasını sübut edə bilməmiş, habelə cavabdeh telefonu təmir etmək üçün qəbul etmək istəsə də iddiaçı buna razı olmamış və həmin telefonun yenisi ilə əvəz olunmasını istəmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iddianı tam rədd edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, hazırki işin iki mübahisəli halı olmuşdur: 1) iddiaçının cavabdeh şirkətdən almış telefonun qüsurlu olub-olmaması: 2) iddiaçıya cavabdehin hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın olub-olmaması: Əvvəla, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi..., müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.... İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Apellyasiya baxışı zamanı “Apple Azerbaijan” məhdud məsuliyyətli cəmiyyətinin xüsusi biliyə malik mütəxəssisləri tərəfindən 09 iyul 2021-ci il tarixdə rəy verilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, zaryadka (enerji) lentində problem aşkar olundu. Aşkar olunmuş problem istehsal qüsurudur. Cihazın daxilində, korpusunda, ekranında, platasında hər hansı mexaniki zədə və kənar müdaxilə aşkar olunmadı. Adapter və kabel işləkdir. Cihaz diaqnostika olundu. Tərəflər arasında olan zəmanət talonunda da qüsurun istehsalla bağlı olub-olmamasının başqa ixtisaslı mütəxəssislər tərəfindən təsdiq edilə bilməsi də nəzərdə tutulmuşdur. Ona görə də qeyd olunan mütəxəssis rəyinin mötəbərliliyini cavabdeh tərəf də mübahisələndirmədi. İddiaçı mübahisə predmeti olan telefonu yenisi ilə dəyişdirməyi və ya ödədiyi pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə bu tələblərdən heç birini qəbul etmir və telefonu yenisi ilə əvəz etməkdən və ya ödənilən pulu geri qaytarmaqdan imtina edir. Ancaq cavabdeh qanunun tələbinə görə qüsurlu telefonu geri götürməyə və iddiaçının tələblərindən birini yerinə yetirməyə borcludur. İddiaçının telefonu dəyişdirmək tələbini cavabdeh iki ay müddətində yerinə yetirmədiyindən bu hissə mümkün olmamışdır. Buna görə də, ödənilən məbləğ geri qaytarılmalıdır. Tələb edilən pulun məbləğini isə tərəflər mübahisələndirmir. Ona görə də tələbdə göstərilən ödənilmiş məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbinin bu hisəsinin təmin edilməsi Mülki Məcəllənin 587.2-ci maddəsinin dizpozisiya şərtlərinə də uyğundur. Bununla yanaşı, iddiaçı iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi üzrə əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, bu hissədə iddiasını sübuta yetirə bilməmişdir. Mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı iddia etsə də, bu barədə onun izahatından başqa iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdehndən cəmi 3377 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3530/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdehndən cəmi 3377(üç min üç yüz yetmiş yeddi) manat alınaraq İddiaçı verilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar