Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2534/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «maddi ziyanın əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6364/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 17 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq ərazidə X1 idarə etdiyi “Chevrolet Cruze" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi «Ford Fusion» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, həmin toqquşmanın təsirindən «Chevrolet Cruze" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Nissan X Trail" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılmışdır və nəticədə İddiaçı məxsus “Nissan X Trail" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi və Cavabdeh inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1706 manat maddi, 4000 manat mənəvi və dövlət rüsumu olaraq dövlət büdcəsinə ödənilmiş 70 manat, cəmi 5776 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
4. Tələbdə göstərilir ki, təhqiqatçı günahkar-təqsirkar “Ford Fusion” markalı avtomobilin sürücüsü Cavabdeh olduğunu bildirmişdir. Məhkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2022-ci il tarixli 8/777 saylı rəyi vermiş yol nəqliyyat hadisəsi “Ford Fusion” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri ucbatından baş verməsi müəyyən edilmişdir. X3-S avtoservis mərkəzində avtomobilə baxış keçirilmiş və yekun qüsur aktına əsasən iddiaçının ** FX *** dövlət qeydiyyat nişanlı Nissan X-Trail markalı avtomobilinə 2800 AZN məbləğində maddi ziyan dəymişdir. Mütənasiblik tətbiq olunaraq 21.88 % yəni 1093.75 AZN ödəniş edilməsi qərar verilmişdir. xx.xx.2022-ci il tarixində göstərilən (1093.75 AZN) vəsait Bakı Sığorta şirkəti tərəfindən Beynəlxalq Bank hesabına köçürülmüşdür. Ödənilməmiş 1706 AZN pulun ödənilməsi üçün cavabdehə müraciət etsə də, ödəməkdən imtina etdi. Hadisə nəticəsində iddiaçı maddi və mənəvi zərər çəkmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6364/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, 17 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq ərazidə X1 idarə etdiyi “Chevrolet Cruze" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi «Ford Fusion» markalı 99- PY-789 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, həmin toqquşmanın təsirindən «Chevrolet Cruze" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Nissan X Trail" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılmışdır və nəticədə İddiaçı məxsus “Nissan X Trail" markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı hadisənin Cavabdeh təqsiri üzündən baş verdiyini iddia edərək, hadisə nəticəsində onun avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh inzibati məsuliyyətdən azad edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, 17 yanvar 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyan cavabdehin qanunazidd əməli nəticəsində baş verdiyi sübuta yetirilmədiyinə görə iddia rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni ləğv edib iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, Binəqədi rayon Polis İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, İXP 440516 saylı inzibati xəta haqqında protokola, iş materiallarında olan Binəqədi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Almazov tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara və iş materiallarında olan Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul edilmiş 24 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” qərara əsasən müəyyən olunur ki, hadisə Cavabdeh təqsirli hərəkətinə görə baş vermişdir.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətə görə daşıdığı mülki hüquq məsuliyyətidir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia qismən haqlı sayılırdı.
21. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olan avtomobilinə qeyd olunan tarixdə və vaxtda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Yəni, hansısa şəxs bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal həmin zərərin yetirilməsində cavabdehin təqsiri olub-olmaması yaxud təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranıb-yaranması ilə bağlıdır. Çünki, Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
22. Birinci instansiya məhkəməsi gəldiyi qənaətində baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə zərər dəydiyini qəbul edir, lakin bu zərərin vurulmasında cavabdehin təqsiri olduğunun öz təsdiqini tapmadığını göstərir. Əsas kimi, cavabdehin inzibati məsuliyyətdən azad edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarna istinad edir. Ancaq həmin qərarla cavabdehin inzibati məsuliyyətdən azad edilməsi onun baş vermiş hadisədə təqsirsiz olması yaxud hazırki iddianın əsassız olması demək deyildir. Çünki, həmin qərarın məzmunundan bəlli olur ki, cavabdeh inzibati məsuliyyətdən müddətin keçdiyinə görə ona inzibati tənbeh verilməsinin mümkün olmamasına görə azad edilmişdir.
23. Bununla yanaşı, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar aparılan araşdırma nəticəsində, o cümlədən yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə də cavabdehin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olduğu və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğuna görə də hadisənin onun təqsiri ucbatınadan baş verdiyi təsdiq olunur.
24. Bundan əlavə, baş vermiş hadisənin sığorta hadisəsi olması da sığorta şirkəti tərəfindən təsdiq olunduğundan və iddiaçıya dəymiş zərər 2800 manat məbləğində qiymətləndirilsə də sığorta ödənişində mütənasiblik tətbiq olunaraq ona 21.88 %-i, yəni 1093,75 manat ödənilmişdir. Demək ki, iddiaçı maddi zərərin qalan hissəsinin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
25. Buna baxmayaraq, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddianın rədd edilməsi əsassız olmamışdır. Çünki, həmin hissədə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təsdiq olunmur.
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6364/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 1706 manat zərər, 20 manat dövlət rüsumu əvəzi(iddia qismən təmin edildiyi üçün) olmaqla, cəmi 1726 manat alınıb İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6364/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 1706 manat maddi zərər, 20 manat dövlət rüsumu əvəzi olmaqla, cəmi 1726 (min yeddi yüz iyimi altı) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.