Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2538/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 və cavabdeh Cavabdeh2 ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19300 manat məbləğinddə sığorta ödənişinin, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla, cəmi 19330.40 manat məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 ASC-dən tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» ASC ilə “xxxx” MMC arasında 29.03.2017-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ-009167 №-li şəhadətnamə üzrə **-JM- *** dövlət qeydiyvat nişanlı, “Ford Transit” markalı avtomobil 53300 manat məbləğində sığortalanmışdır. Sığortalanmış avtomobil 26 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, ərazisində hərəkət edərkən mülkiyyət hüququ Cavabdeh2 ASC-yə məxsus, etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilən **-AD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış və ibtidai istintaqın yekunu olaraq tərtib edılən ittiham aktına əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs kimi **-AD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilin sürücüsü Cavabdeh1 göstərilmişdir. Qeyd edilən iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqəd Rayon Məhkəməsinin 1(001)-290/2019 saylı, 29 iyul 2019-cu il tarixli hökmü ilə Cavabdeh1 CM-nin 263.1ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin qiymətləndirilməsi, müştərinin müraciətinə müvafiq olaraq “xxxx” MMC-nin servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən 20.12.2019-cu il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 40657 (qırx min altı yüz əlli yeddi) manat məbləğində müəyyən olunmuşdur. Avtomobilə dəymiş zərər real bazar dəyərinin 70%-ni keçdiyi üçün avtomobil tam məhv kimi dəyərləndirilmişdir. Bu halda avtomobilin real bazar dəyərindən 15% azadolma məbləği və 13000 manat avtomobilin qalıqları çıxılmaqla qalan 19300 (on doqquz min üç yüz) manat həcmində sığorta ödənişi tərəflərindən sığortalı avtomobilin təmiri üçün “xxxx” ASC-yə ödənilmiş və bu ödəniş 30.03.2019-cu il tarixli 195 nömrəli ödəniş tapşırığında və 16.12.2019-cu il tarixli 1013 nömrəli ödəniş tapşırığında öz əksini tapmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 19300 (on doqquz min üç yüz) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi qət edilmişdir. (Sədrlik edən: Toğrul Axundov)
4. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta şirkəti tərəfindən hesablanmış borc haddindan artıq çoxdur. Cavabdeh qeyd etmişdir ki, borcun miqdarı şişirdilmişdir, lakin məhkəmə tərəfindən borcun şişirdilməsinə fikir verilməmiş, məhkəmə tərəfindan ekspertiza təyin edilsə də ekspertin rəyi ilə razı deyil, rəydə hesablanmış borcun təkrar hesablanmasını və təkrar ekspertiza təyin edilməsini məhkəmədən xahiş etsə də təkrar ekspertiza təyin edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmədə araşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi hallar işin hallarına uyğun olmamışdır. Ona görə də qətnamə ləğv olunmalı va mülki işə mahiyyəti üzrə baxılıb qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-nin nümayəndəsi G.Guseinov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi
9. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsinin surətinə əsasən “Ford Transit” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də 29.03.2017-ci il tarixdən 28.03.2020-ci il tarixədək kasko sığorta edilmiş və sığorta haqqı 3091.40 manat təşkil etmişdir.
10. İş materiallarına əlavə edilmiş AC 868668 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən Ford Transit” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “xxxx” MMC-dir.
11. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 1(001)-290/2019 saylı hökmünün surətinə əsasən görünür ki, Cavabdeh1 AR CM-nin 263.1ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh1 “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyi müəyyən edilmişdir.
12. İş materiallarına əlavə edilmiş NL-1465 nömrəli, 20.12.2019-cu il tarixli qüsur aktından görünür ki, “Ford Transit” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 40657 manat təşkil etmişdir.
13. İş materiallarına əlavə edilmiş 30.03.2019-cu il tarixli, 195 nömrəli və 16.12.2019-cu il tarixli, 1013 nömrəli ödəniş tapşırıqlarından görünür ki, «xxxx» ASC tərəfindən “xxxx” MMC-yə ümumilikdə 19300 manat məbləğində kasko sığorta ödənişi edilmişdir.
14. İş materiallarına əlavə edilmiş AC seriyalı, 250193 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 ASC-dir.
15. İş materiallarına əlavə edilmiş 28.08.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 ASC tərəfindən “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh1 28.08.2018-ci il tarixdən 27.10.2018-ci il tarixədək etibarnamə verilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3669 nömrəli, 19.10.2020-ci il tarixli rəyindən görünür ki, “Ford Transit” markalı, **-JM-***dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın salamat qalan yararlı hissələrin dəyəri çıxmaqla təxminən 21600 (36000m – 40%) manat müəyyən edilmişdir
17. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 26.10.2018-ci il tarixdə sürücü Cavabdeh1 idarə etdiyi “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərkən “xxxx” MMC-yə məxsus iddiaçı «xxxx» ASC-də sığortalanmış “Ford Transit” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sığortalanmış “Ford Transit” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmişdir. Hüquqi dəyərləndirmə Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
19. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 3.1 və 3.1.2-ci maddələrinə əsasən qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
22. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
24. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. Kollegiya sadalanan hüquq normalarına və işin hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə, cavabdehdən iddiaçının xeyrinə 19300 (on doqquz min üç yüz) manat məbləğində pulun tutulmasını qət etməklə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış “xxxx” MMC-yə məxsus “Ford Transit” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Ekspert rəyinə əsasən zərərçəkmişə dəymiş maddi ziyan təxminən 21600 manat müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsi iddianın iddia tələbində irəli sürülmüş tələb həcmində, yəni 19300 manat pul vəsaitinə münasibətdə təmin etməsini haqlı hesab etmişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 19300 manat sığorta ödənişinin Cavabdeh1 tutularaq iddiaçıya ödilməsini qət etmişdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
26. Qeyd edilən hallara və Mülki Məcəllənin 936.2, 1096, 1108-ci maddələrinin tələblərinə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, yüksək təhlükə mənbəyi olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 tərəfindən qanuni əsasla idarə edilməsi sübuta yetirildiyindən, iddiaçının Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbi qanuni və əsaslı olduğundan 19300 (on doqquz min üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
27. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmasına və ekspert rəyi ilə razılaşmaması hallarına istinad etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı öz mövqeyini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda ekspert rəyinin qeyri-mötəbərliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
28. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2020 saylı, 18.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev