Məhkəmə qərarları › İş №2(103)-254/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-254/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-254/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "My Cars” MMC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən yaranmış öhdəlik və ziyanın tələbi” ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı "My Cars” MMC-nin Cavabdeh qarşı "vurulmuş zərərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4214/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "My Cars” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2021-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, mülkiyyətçi Qulamov X8 Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə "My Cars” MMC-nə etibar etmişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir.

2. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, «İcarəçi» olan "My Cars” MMC «İcarədar» Nümayəndə məxsus olan Hyundai Sonata markalı 2015-ci il buraxılışlı **-DY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürür. Həmin nəqliyyat vasitəsinin icarə haqqı hər ay üçün 150 manat müəyyən olunur.

3. X2 Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil Nümayəndə məxsusdur.

4. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının və xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, "My Cars” MMC Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil günü 80 (səksən) manat məbləğində Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır.

5. xx.xx.2022-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, ‘‘My Cars” MMC mülkiyyət hüququ ilə ona məxsus olan Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili «İdarə edən şəxs» Cavabdeh idarəçiliyinə vermişdir. Müqavilə xx.xx.2022-ci il saat 17:00-dan xx.xx.2022-ci il saat 17:00-dək qüvvədədir. xx.xx.2022-ci il tarixli yol vərəqəsinin surətinə əsasən, ‘‘My Cars” MMC mülkiyyət hüququ ilə ona məxsus olan Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili «İdarə edən şəxs» Cavabdeh idarəçiliyinə vermişdir. Müqavilə xx.xx.2022-ci il saat 17:00-dan xx.xx.2022-ci il saat 17:00-dək qüvvədədir.

6. xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərara əsasən Cavabdeh AR İXM-nin 335.3-cü maddəsinə əsasən 180 manat inzibati cərimə olunmuşdur.

7. 23 may 2022-ci il tarixli zərər aktın surətindən görünür ki, Hyundai Sonata markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3160 manat məbləğində zərər hesablanmışdır.

8. Yasamal RPİ-nin DYPŞ-nin arayışında qeyd edilir: "xx.xx.2022-ci il tarixində saat 20:07 radələrində Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçəsinin kəsişməsində HYUNDAİ-SONATA minik markalı AZ **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil, BMW 328 minik markalı AZ 99- YP-282 dövlət qeydiyyat nişanlı YPX patrul avtomobilini vurmuş və daha sonra geriyə hərəkət edərək OPEL minik markalı AZ **- KY-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayınmışdır. Sürücü 20 Yanvar dairəsi istiqamətində hərəkətini davam etdirərək, yol hərəkəti qaydalarını müxtəlif üsullarla, qərəzli şəkildə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Daha sonra həmin avtomobilin sürücüsü 20 Yanvar dairəsi yaxınlığında yenidən BMW 328 minik markalı AZ **-YP-*** dövlət qeydiyyat nişanlı YPX patrul avtomobilini, OPEL-ZAFİRA minik markalı AZ **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili, Baku Bus MMC-nə məxsus avtobusu vuraraq baş vermiş YNH-si yerindən yayınmışdır. Tərəflərindən aparılmış axtarış tədbirləri nəticəsində HYUNDAİ- SONATA minik markalı AZ **-DY-*** dövlət qeydiyyat avtomobil Bakı şəhəri Sabunçu rayonu ərazisində sahibsiz vəziyyətdə aşkarlanmış və gətirilərək DİN-nin BDYPİ-nin 5 saylı duracağına yerləşdirilmişdir. Habelə aparılmış təxirəsalınmaz axtarış tədbirləri nəticəsində hadisəni törədərək yayınmış avtomobilin sürücüsü xx.xx.1994-cü il təvəllüdlü Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi Çingiz Nəsirov küçəsi Dalan 2 ev 16-da pasport qeydiyyatında olan vət: Mütəllim- zadə Məhəmməd Yusif oğlu olduğu müəyyən edilmişdir. Hazırda hadisəni törədərək yayınmış sürücünün cəlb olunması istiqamətində axtarış tədbirləri davam etdirilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "My Cars” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMC-yə vurulmuş 3160 vurulmuş zərərə görə, 100 manat ödənilmiş dayanacaq haqqına görə, 1000 manat müqavilə üzrə qadağan olunmuş idarəetməni digər şəxsə ötürdüyünə görə, avtomobilin cərimə meydançasında və avtoservisdə qaldığı 90 gün üçün nəzərdə tutulmuş 7200 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 140 manat, ümumilikdə 11600 manat vəsaitin Cavabdeh tutularaq "My Cars” MMC-yə ödənilməsi, Mütəllim-zadə Məhəmməd Yusif oğlunun barəsində yazılmış protokolun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC olaraq fəaliyyəti avtomobillərin müddətli icarəyə verilməsi ilə bağlıdır. Cavabdeh 20 fevral 2022-ci il tarixdə "My Cars” MMC-yə müraciət etmiş, aralarında avtomobil vasitəsinin icarəsi müqaviləsi bağlanmış, **-DY-*** dövlət nömrə nişanlı "Hyundai Sonata” markalı avtomobil sahibliyinə və istifadəsinə verilmişdir. Həmin avtomobilə dair "My Cars” MMC tərəfindən №51 daha sonra isə №61 nömrəli yol vərəqəsi verilmişdir. İcarə müqaviləsində icarə haqqı kimi gündəlik 80 manat məbləğ müəyyən olunmuş, tərəflər qeyd edilən məbləğə razılaşmışlar. Cavabdeh avtomobili icarəyə götürdükdən sonra, müqaviləyə əsasən üçüncü şəxsin istifadəsinə verməyinin qadağan olduğunu bilə-bilə həmin avtomobili Mütəllim-zadə Məhəmməd Yusif oğlunun istifadəsinə verib və avtomobil Mütəllim-zadə Məhəmməd Yusif oğlunun istifadəsində olduğu xx.xx.2022-ci il tarixdə saat 20:07-də avtomobillə avtoqəza törədilmiş, hadisə yerindən qaçmışdır. Mütəllim-zadə Məhəmməd Yusif oğluna İXP4535555 nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində protokol yazılmış, 500 manat məbləğində Mütəllim-zadə Məhəmməd Yusif oğlu cərimə olunmuşdur. Cavabdeh isə İXP4535504 nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsinin tələblərinə uyğun olaraq 180 manat məbləğində cərimə olunmuşdur. 08 aprel 2022-ci il tarixdə Cavabdeh ona yazılmış protokolun 162 manat cəriməsini ödəmişdir. Mütəllim-zadə Məhəmməd Yusif oğlu isə ona yazılmış protokolu hələ də ödəməmişdir. Qeyd edilən inzibati xətanı törətməklə yanaşı, Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş avtomobilə zərər vurmuş, sonradan həmin zərərin aradan qaldırılması ilə bağlı əməli addımlar atmamışdır. Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən ondan başqa şəxsin idarə etməsinin qadağan olduğunu və müqavilənin 4.6-cı bəndinin bu şərtinin pozulması nəticəsində 1000 manat cərimə ödəməli olduğunu bildirilməsinə baxmayaraq, Mütəllim-zadə Məhəmməd Yusif oğluna idarə etmək üçün vermişdir. Hyundai Sonata markalı ** DY *** dövlət nömrə nişanlı avtomobil tərəflərindən öz hesablarına təmir etdirilmiş, fiziki şəxs X10 tərəfindən 23 may 2022-ci il tarixli qüsur aktı tərtib edilmiş, yekun olaraq çəkilmiş xərc məbləği 3160 manat müəyyən olmuşdur. Avtomobilin 23 may 2022-ci il tarixdə avtoservis tərəfindən mülkiyyətçiyə təhvil verildiyi zərər aktında qeyd olunmuşdur. Həmin avtomobil hadisəni törədən şəxs Mütəllim-zadə Məhəmməd Yusif oğlunun Yasamal rayonu Yol polis şöbəsi tərəfindən Respublika səviyyəsində axtarışa verilməsinə baxmayaraq tapıla bilməməsindən hadisədən sonra 60 gün cərimə meydançasında saxlanılmışdır. 23 aprel tarixində avtomobil tərəflərindən cərimə meydançasından götürülərək avtoservisə təmir üçün göndərilmiş və bununla bağlı 100 manat pul ödənilmişdir. Göründüyü kimi qəzanın nəticəsini cavabdeh aradan qaldırmalı olduğu halda məsuliyyətdən boyun qaçırmışdır. Cavabdeh nəinki zərəri, ümumən gündəlik tərəflərin razılaşmış olduğu, avtomobilin servisdə qaldığı 90 gün müddət üçün 80 manat ödənişi də "My Cars” MMC-yə ödəməmiş, müqavilənin şərtinə əsasən saz vəziyyətdə avtomobili təhvil verilənə kimi, (yəni yararlı olana qədər, digər icarəyə götürənə təhvil verilə biləcək vəziyyət nəzərdə tutulur) sözügedən avtomobil 60 gün cərimə meydançasında, 30 gün isə avtoservisdə qalmışdır. Gündəlik hesablama aparılmalı və bu qeyd edilən məbləğ ümumən 7200 manat təşkil edir. Qeyd edir ki, Hyundai Sonata markalı ** DY *** dövlət nömrə nişanlı avtomobil ‘‘My Cars” MMC ilə həmin avtomobilin mülkiyyətçisi olan Nümayəndə arasında bağlanmış 07 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən və Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq olunmuş 07 aprel 2021-ci il tarixli, 7e/17867 reyestrli etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixinədək sahibliyinə qəbul edilmişdir. Göründüyü kimi icarə götürən və hazırda cavabdeh olan Cavabdeh tərəfindən ‘‘My Cars” MMC-yə vurulmuş maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. MMC ilə digər vətəndaşlar arasında oxşar işlər üzrə mübahisələr olub, buna görə də Nəsimi Rayon məhkəməsi, Lerik Rayon məhkəməsinin qətnamələri vardır və həmin qətnamələri işə əlavə edir. Həmin qətnamələrin qismən təmin olunmasına səbəb avtomobilin cərimə meydançasında və avtoservisdə qaldığı müddətlə bağlı heç bir sübutun olmamasıdır. Lakin bu ərizəyə əlavə olunmuş zərər aktında avtomobilin təhvil verilmə vaxtı və dayanacaq qəbzinin tarixində avtomobilin cərimə meydançasından buraxıldığı tarix qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4214/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi edilməmişdir. (hakim X4)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, Bundan əlavə mülkiyyətçisi Nümayəndə tərəfindən "My Cars” MMC-yə etibarnamə verilmiş və həmin etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İddiaçı tərəfindən avtomobilin yol nəqliyyat hadisəsi zamanı vəziyyəti barədə fotoşəkillər, video və avtomobilin hansı hissələrinə ziyan dəyməsi barədə sübut təqdim olunmamış və hazırda avtomobil təmir olunmuşdur. Bundan əlavə "My Cars” MMC-nin adından icarə müqaviləsi bağlayan şəxs X1 barədə məhkəməyə sübut təqdim olunmamış,cavabdehlə icarə müqaviləsini "My Cars” MMC-nin direktoru kimi Nümayəndə bağlamışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli avtomobil Nümayəndə mülkiyyətində olduğundan və icarə müqaviləsini imzalayan şəxsin səlahiyyəti barədə məhkəməyə sübut təqdim olunmadığından iddia tələbi təmin oluna bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1097.1–ci, 1111-ci, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı "My Cars” MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı "My Cars” MMC-nin apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən avtomobilin yol nəqliyyat hadisəsindən sonra onun vəziyyəti barədə xx.xx.2022-ci il tarixli zərər aktı iddia ərizəsinə əlavə olunmuş və iş matreallarında mövcud olmuşdur. Zərər aktını tərtib edən şəxsin ünvanı, telefon nömrəsi, VÖEN-i qeyd olunmuş, möhürlə təsdiq olunmuşdur. Məhkəmə zərər aktında göstərilən məbləğə dair mübahisə açmamış, zərər aktını təsdiq edən şəxsi məhkəməyə dəvət etməmişdir. Ziyanın həcmini təsdiq edən mötəbər sübut olan zərər aktının işə əlavə edildiyi halda, dəyən ziyanın məbləğini müəyyən etməyən fotoşəkillər və videonun hansı mötəbər sübut əhəmiyyətinə malik olmasını məhkəmə qətnaməsində əsaslandırmamışdır. Bu səbəbdən avtomobilə dair fotoşəkillərin, videonun əlavə olunmamasına dair sübutların olmamasına əsaslanaraq iddianı rədd etməklə məhkəmə haqlı olmamışdır. Bundan başqa xx.xx.2021-ci tarixdə avtomobil iddiaçı tərəfindən icarəyə götürülərkən iddiaçının direktoru X6 olmuşdur. Bu səbəbdən avtomobilin mülkiyyətçisi Nümayəndəla icarə müqaviləsini iddiaçının adından Abdullayev Mehdi imzalamışdır. Bu barədə iddiaçı ilə mülkiyyətçi Nümayəndəla hər hansı bir mübahisə mövcud deyil. xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlanarkən iddiaçının direktorunun Mehdi Abdullayev olmasına dair sənədi apellyasiya şikayətinə əlavə etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə avtomobilin cərimə meydançasından gotürülüb avtoservisdə təmir olunması 30 günə başa gəlmişdir. Məhkəmə isə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı və 2.1-ci maddələrinin tələblərinin pozulmasına, eyni zamanda iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 4.6-cı maddəsinin tələbini pozmuş və qeyd edilən halların heç birinə münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında icarə müqaviləsi bağlanmış və avtomobil cavabdehin istifadəsinə verilmişdir. Həmin avtomobil cavabdeh tərəfindən başqa şəxsin istifadəsinə verilmiş və avtomobil onun tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobilin mülkiyyətçisi Nümayəndə İddiaçı MMC ilə icarə müqaviləsi bağlamış və mülkiyyətində olan avtomobili İddiaçı MMC-yə icarəyə vermişdir. Bundan əlavə mülkiyyətçisi Nümayəndə tərəfindən İddiaçı MMC-yə etibarnamə verilmiş və həmin etibarnamədə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir.

23. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edirəkən ona istinad etmişdir ki, İddiaçı MMC-nin adından icarə müqaviləsi bağlayan şəxs X1 barədə məhkəməyə sübut təqdim olunmamış, cavabdehlə icarə müqaviləsini İddiaçı MMC-nin direktoru kimi Nümayəndə bağlamışdır. Lakin mübahisəli avtomobil Nümayəndə mülkiyyətində olmuş və icarə müqaviləsini imzalayan şəxsin səlahiyyəti barədə məhkəməyə sübut təqdim edilməmişdir.

24. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, xx.xx.2021-ci tarixdə avtomobil iddiaçı tərəfindən icarəyə götürülərkən iddiaçının direktoru X11 oğlu olmuşdur. Bu səbəbdən avtomobilin mülkiyyətçisi Nümayəndəla icarə müqaviləsini iddiaçının adından Mehdi Abdullayev imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişindən isə görünür ki, X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı MMC-nin direktoru olmuşdur. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin bağlandığı zamanı iddiaçının direktoru kimi məhz X6 fəaliyyət göstərmişdir. Lakin İddiaçı MMC-nin 10 yanvar 2022-ci il tarixli 1001/2022 nömrəli əmrinə əsasən Nümayəndə İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh İsalm oğlu ilə isə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanarkən İddiaçı MMC-nin direktoru, həmçinin, avtomobilin mülkiyyətçisi Nümayəndə olmuşdur. Bu isə onun icarə müqaviləsi bağlanarkən tam səlahiyyəli olmasını təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci tarixli müqaviləni imzalamış Mehdi Abdullayevin səlahiyyəti barədə məhkəməyə sübut təqdim olunmamasına istinad edərək iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır.

25. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə istinadən qeyd edir ki, Cavabdeh oğlu avtomobili icarəyə götürdükdən sonra həmin avtomobili Mütəllimzadə Məhəmməd Yusif oğlunun istifadəsinə vermiş və avtomobil Mütəllim-zadə Məhəmməd Yusif oğlunun istifadəsində olduğu xx.xx.2022-ci il tarixdə saat 20:07-də avtomobillə avtoqəza törədilmiş, və hadisə yerindən qaçmışdır. Mütəllim-zadə Məhəmməd Yusif oğluna İXP4535555 nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsinin tələblərinə uyğun olaraq barəsində protokol yazılmış, 500 manat məbləğində Mütəllim-zadə Məhəmməd Yusif oğlu cərimə olunmuşdur. Hyundai Sonata markalı ** DY *** dövlət nömrə nişanlı avtomobil iddiaçının özü tərəfindən təmir etdirilmiş, fiiziki şəxs Ağayev Elşən Yusif oğlu tərəfindən 23 may 2022-ci il tarixli Qüsur Aktı tərtib edilmiş, yekun olaraq çəkilmiş xərc məbləği 3160 manat müəyyən olmuşdur.

26. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 11 dekabr 2023-cü il tarixli 9/8157 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan, fiziki şəxs X10 (VÖEN:**********) tərəfindən xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il Hyundai Sonata markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 2760,0 manat müəyyən edilir.

27. Məhkəmə kollegiyası ekspert rəyi ilə bağlı ilk növbədə qeyd edir ki, göründüyü kimi ekspert tədqiqatında fiziki şəxs X10 (VÖEN:**********) tərəfindən xx.xx.2022-ci il tarixli qüsur aktından istifadə edilməklə tərtib edilmişdir. Ekspert tədqiqatı da bu aktda göstərilən ehtiyyat hissələri və görülməli olan işlər əsas götürülməklə aparılmışdır. Ehtiyyat hissələri və görülməli olan işlərlə bağlı müəyyən edilmiş qiymətlər nəzərdən keçirilmiş, lakin rəy malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə olunmaqla tərtib edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası rəydə göstərilən ehtiyyat hissələrinin, habelə görülməli olan işlərin qiymətlərini şişirdilmiş hesab etmir, bu qiymətlərlə razılaşır. Beləliklə, yol-nəqliyyat hadisəsi zamanı baş vermiş hadisə nəticəsində Nümayəndə mülkiyyətində olan Hyundai Sonata markalı ** DY *** dövlət nömrə nişanlı avtomobilə 2760,0 manat məbləğində dəymiş zərər cavabdehdən tutulmalıdır.

28. İddiaçının dediklərinə əsasən avtomobilin xx.xx.2022-ci il tarixinədək, yəni hadisə baş verdiyi tarixdən 60 gün müddətində cərimə meydançasında, 30 gün müddətində isə servisdə qalmışdır. Avtomobilin həmin 90 gün müddəti üçün, yəni icarə müqaviləsinə əsasən avtomobilin istifadəsi üçün bir günə nəzərdə tutulan 80 manat ödəniş olmaqla, ümumilikdə 7200 manat pul da əldən çıxmış fayda şəklində cavabdeh İddiaçı MMC-yə ödənilməlidir.

29. Məhkəmə kollegiyası iddiaçı tərəfindən yuxarıda qeyd edilən halların araşdırılması zamanı avtomobilin 60 gün müddətində cərimə meydançasında olmasına dair iddiaçı tərəfə sübut təqdim edilməsi təklif edilmiş, lakin həmin müddətlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə ünvanlanan sorğuya cavab olaraq daxil olan məktubda həmin idarənin nəzdində fəliyyət göstərən müvəqqəti avtomobil dayanacaqlarının qeydiyyat kitablarında Hyundai Sonata markalı ** DY *** dövlət nömrə nişanlı avtomobil barədə məlumatın aşkar edilmədiyi göstərilmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixli qüsur aktından avtomobilin xx.xx.2022-ci il tarixdə servisə daxil olduğu və 30 gün müddətində orada qaldığı müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən əldə çımış faydanın tələb edilməsinə dair iddiasında qismən əsaslıdır. Yəni iddiaçı yalnız 30 gün müddəti üçün əldən çıxmış faydanın əvəzini tələb edə bilər. Belə olduğu təqdirdə avtomobilin servisdə qaldığı 30 günü icarə müqaviləsi ilə hər bir gün üçün nəzərdə tutulan 80 manata vurmaqla (30x80=2400) cavabdehin iddiaçıya ödəməli olduğu əldən çıxmış faydanın məbləği 2400 manat təşkil edir.

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

32. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə qadağan olunmuş idarəetməni digər şəxsə ötürülməsinə görə 1000 manat pulun tutulması hissəsində də haqlıdır. Belə ki, cavabdeh Kərimovun barəsində yazılmış İXM-nin 335.3-cü maddəsinin tələbinin pozulması barədə protokolda göstərilmişdir ki, cavabdeh avtomobil vasitəsini idarə etmək səlahiyyəti olmayan başqa bir şəxsə vermiş, bununla da iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 4.6-cı maddəsinin tələbini pozmuşdur. Həmin maddənin tələbinə əsasən avtomobilin idarəetməsinin digər şəxsə ötürülməsi 1000 manat məbləğində pul ödəməli olduğunu nəzərdə tutur. İddiaçı MMC ilə həmin avtomobilin mülkiyyətçisi olan Nümayəndə oğlu arasında bağlanmış 07 avqust 2021ci il tarixli icarə müqaviləsinin 6-cı bəndində göstərilmişdir ki, icarəçi avtomobil vasitəsini üçüncü şəxlərə icarəyə verə bilər. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanan müqavilənin şərtini pozmuş, yəni icarəçinin razılığı olmadan avtomobili üçüncü şəxsə icarəyə vermiş və bu səbəbdən müqavilə üzrə qadağan olunmuş idarəetməni digər şəxsə ötürülməsinə görə 1000 manat pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı "My Cars” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4214/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, vurulmuş zərərə görə 2760 manat, manat müqavilə üzrə qadağan olunmuş idarəetməni digər şəxsə ötürülməsinə görə 1000 manat, avtomobilin təmirdə qaldığı 30 gün üçün nəzərdə tutulmuş 2400 manat məbləğində pul vəsaitinin, ümumilikdə 6160 manat vəsaitin Cavabdeh tutularaq "İddiaçı MMC-yə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. İddia ərizəsi verilərkən ödənilmiş 140 manat dövlət rüsumunun 80 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun 40 manatı Cavabdeh tutularaq iddiaçı "My Cars” MMC-yə verilməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının qalan məbləği isə iddiaçı "My Cars” MMC-nin özünə aid edilməlidir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı "My Cars” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4214/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Vurulmuş zərərə görə 2760 manat, müqavilə üzrə qadağan olunmuş idarəetməni digər şəxsə ötürülməsinə görə 1000 manat, avtomobilin təmirdə qaldığı 30 gün üçün 2400 manat, ümumilikdə 6160 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 140 manat dövlət rüsumunun 80 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun 40 manatı Cavabdeh tutularaq iddiaçı "My Cars” MMC-yə verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının qalan məbləği iddiaçı "My Cars” MMC-nin özünə aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar