Məhkəmə qərarları › İş №2(103)-2543/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2543/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2543/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Kazımov Əhəd Tofiq oğlunun nümayəndəsi və vəkili Məmmədov Arif Həsən oğlunun, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Surxaylı Toğrul Orxan oğlunun iştirakı ilə, İddiaçı Kazımov Əhəd Tofiq oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2871/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Kazımov Əhəd Tofiq oğlu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu qalan 29371 manat qorunan əmanətə illik 5 faiz yəni illik 1468.55 manat qəpik faiz ödəməlidir. Cavabdehin 4 il müddətində borcunu qaytarmaması nəticəsində iddiaçıya 5.874,20 manat qəpik məbləğində zərər dəymişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kazımov Əhəd Tofiq oğlu xx.xx.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsinə əsasən 30.000 manat məbləğində pul “xxxx” ASC-nə depozit olaraq qoymuşdur. Qeyd etməyi hesab edirik ki, xx.xx.2016-cı il tarixdə əmanəti həmin tarixdə və hal-hazırda qüvvədə olan Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq 30.000 manat məbləğində pul qorunan əmanət olaraq yerləşdirilmişdir. Əmanət müqaviləsinin bağlanmasından bir neçə gün sonra “xxxx” ASCnin lisenziyası ləğv olunmuş və bununlada sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verdikdən sonra əmanətçinin müraciətinə əsasən xx.xx.2016-cı il tarixdə ona 629 manat kompensasiya ödənişi olmuş və qalan 29371 manat üçün isə öhdəliklərin reyestrindən çıxarış verilərək, həmin məbləğin növbəlik əsasında alınacağı bildirilmişdir. Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Göründüyü kimi əmanət müqaviləsi ilə Banka qoyulmuş əmanət məbləği qanunla müəyyən olunmuş kompensasiya olunmalı məbləğdə olmuşdur. Bu səbəbdən də hazırkı halda hazırkı əmanət tam sığortalanmış əmanət hesab edilməli və tam olaraq da kompensasiya olunaraq qalıq 29371 manat iddiaçıya ödənilməlidir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, 4 ildən artıq müddətdə Fond tərəfindən iddiaçının qorunan əmanətlərin qanunsuz olaraq saxlanması nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, iddiaçının özünün kredit borcu olması və həmin bu dövrdə, cavabdehin ləğvedicisi olduğu Banka faiz ödəmişdir. Bununla da cavabdeh tərəfindən hüquqların pozulması nəticəsində iddiaçı 4 il ərzində əldə edəcəyi gəlirlərin məhrum olmuşdur. Bu səbəbdən bu günə qədər pul vəsaitini qaytarmaqdan boyun qaçıran cavabdehin həmin vəsaiti qanunsuz saxlaması nəticəsində iddiaçıya vurmuşolduğu zərərin əvəzinin ödənilməsinə cəlb edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2871/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Fondun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Mübahisə predmetı olan əmanət müqaviləsi üzrə 'xxxx" ASC-yə 30.000 manat məbləğində əmanət 29.01,2016-cı il tarixində yerləşdirilmişdir. Sözügedən vaxtdan təqribi 10 gün sonra bankın müflis elan edilməsinə dair məhkəmə qərarı elan edilmişdir. Bankın müflis elan edilməsinə dair məhkəmə qərarı elan edildiyi gün yəni xx.xx.2016-cı il tarixində Kazımov Əhəd Tofiq oğlunun “xxxx” ASC qarşısında 29 166.03 manat əsas, 204.97 manat faiz cəmi 29 371 manat borcu mövcud olmuşdur Bu səbəbdən ləğvedici ‘xxxx” ASC-də sığorta hadisəsi baş vermiş olduğu dövrdə hazırki ış üzrə iddiaçının Bank qarşısında olan öhdəliyinə aid hissəsini bloklaşdıraraq qalıq hissəm iddiaçıya kompensasiya olaraq ödəmişdir. Belə ki, "Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.10-cu maddəsinə əsasən sığorta hadisəsinin baş verdiyi gün - bu qanuna müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir. Həmin Qanunun 2-ci maddəsində qorunmayan əmanətlərə şamil edilən əmanətlər üzrə bölgü sırası tam olaraq qeyd edilmişdir. Qanunun 2.1.2.9-cu maddəsinə əsasən ödəniş müddətlərinin başa çatıbçatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti qorunmayan əmanət hesab edilir. İş üzrə iddiaçının “xxxx” ASC ilə bağladığı əmanət müqaviləsi 29.01,2016-ci il tarixində bağlanmışdır Tərəflər arasında bundan əvvəl xx.xx.2013-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən Kazımov Əhəd Tofiq oğluna Bank 34 729,82 manat məbləğində 207 ay müddətinə kredit vəsaiti vermişdir. Tərəflər arasındakı son əqd bağlandığı zaman yəni əmanət yerləşdirildiyi zaman "Əmanətlərin Sığortalanması Haqqında’ Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu maddəsi öz hüquqi qüvvəsində olmuşdur. Ləğvedici Qanunun bu müddəasını əsas götürərək Bank qarşısında olan öhdəliyi bloklaşdırmış və geridə qalan məbləği iddiaçıya kompensasiya olaraq ödəmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1 -ci maddəsinə əsasən özgəsinin pul vəsaitim qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbim qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və sair maddi xeyir əldə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və əlavə olaraq iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək iddiaçının iddia müddətini ötürdüyünü irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı banka olan kredit borcu üzrə öhdəliklərini tam və vaxtında icra edir. Həmçinin, cavabdeh iddiaçının depozit hesabında olan məbləğlə onun kredit borcunu əvəzləşdirməmiş, bunula da qanunsuz olaraq pul məbləğini özündə saxlayır. Bundan əlavə birinci instansiya məhkəməsində bir neçə məhkəmə iclası keçirilmiş və cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəni birinci instansiya məhkəməsinə təqdim etməli idi. Bundan əlavə qanunvericilikdə depozit tələblərinə iddia müddəti tətbiq edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı Kazımov Əhəd Tofiq oğlunun xx.xx.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsindən görünür ki, 30.000 manat məbləğində pul “xxxx” ASC-nə depozit olaraq qoymuşdur. İş materiallarında olan “xxxx” ASC ilə Kazımov Əhəd Tofiq oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 34729.82 manat məbləğində 207 ay müddətinə kredit verir. Kredit borcalana Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 01, blok 82, mənzil 18, ümumi sahəsi 67.85 kv.m olan, 2 otaqlı mənzildən ibarət yaşayış sahəsinin alınmasına verilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Kazımov Əhəd Tofiq oğlu xx.xx.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsinə əsasən 30.000 manat məbləğində pul “xxxx” ASC-nə depozit olaraq qoymuşdur. Sonradan «xxxx» ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü hallar, onun müvafiq tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin iddia tələbləri üzrə gəldiyi nəticə əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 8.1.20-ci maddəsinə görə, Fondun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qanunun 25.1.4-cü maddəsinə görə, əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1ci maddəsinə görə isə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, bankla iddiaçı (əmanətçi) arasında illik10 %-lə əmanət müqaviləsi bağlanmış, birinci instansiya məhkəməsi isə haqlı olaraq onun əmanətinin tam sığortalanmış əmanətlər kateqoriyasına aid olduğu və cavabdehin əmanət məbləğlərinin qaytarılmasından əsassız olaraq imtina etdiyi qənaətinə gəlməklə iddianı təmin etmişdir. Belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Kollegiyanın qənaətinə görə, nə qədər ki, milli valyutada qoyulan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 15 faiz müəyyən edilməsinin xx xxxxxxxx 2016-il tarixinə kimi yerləşdirilən əmanətlərə də şamil edilməsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə təsbit olunmuşdur, iddiaçının əmanətini tam sığortalı əmanət hesab etməmək mümkün deyildir. Cavabdehin “iddiaçının banka kredit borcu olduğuna görə onun depozit hesabında məbləğin bloklaşdırıldığı” dəlilini də kollegiya əsasız hesab edir; belə ki cavabdeh tərəf Əhəd Kazımovun banka olan kredit borcunun onun depozit hesabındaki vəsaitlə əvəzləşdirildiyi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kollegiya cavabdehin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü barədə irəli sürdüyü dəlilini də əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, "Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu maddəsi artıq xx xxxxxx 2016-cı il tarixdən ləğv edilmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin “qorunan əmanətə hesablanmış illik 5% yəni 5874,20 manat dəymiş zərərə görə məbləğin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Mahmudov Rusiya Federasiyasına qarşı» işüzrə xx xxxx 2007-ciiltarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, ydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2871/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar