Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2549/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hasisəsi nəticəsində Cavabdeh idarə etdiyi “JAC” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus olan “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosiklet toqquşmuş, nəticədə iddiaçının sağlamlığına 400 manat, motosikletə 980 manat, mənəvi zərər olaraq 1000 manat zərər vurulmuşdur.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 940 (doqquz yüz qırx) manat maddi zərərin əvəzi, 300 (üç yüz) manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 1240 (min iki yüz qırx) manat pul və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, iş üzrə düzgün araşdırılma aparılmamış və nəticədə qanunsuz qətnamə qəbul edilmişdir. Nəzərə alınması zəruridir ki, dəfələrlə tələb etməsinə baxmayaraq iddiaçı tərəfindən DYP-dən müvafiq müraciət forma 4 ilə birlikdə sığorta şirkətinə müraciət edilməmişdir. Qeyd edilməsi zəruridir ki, avtomobili icbari qaydada sığortalanmış və müqavilə də həmin müddətdə qüvvədə idi. Bu səbəbdən də yarana biləcək bütün zərəri sığorta qarşılayır. İddiaçı tərəfindən sığorta şirkətinə deyil məhz məhkəməyə müraciət edilməsi, məhkəməni yalan ifadələrlə aldatması və sair amillər məhkəmənin diqqət mərkəzində olmamışdır. İddiaçı bilərəkdən məhkəməyə müraciət edərək ona daha da artıq mənəvi iztirab yaşatmaq niyyətindədir. Belə ki, o ilk dəfə də demişdi ki, “baxarsan səni məhkəmələrdə süründürəcəm”. Lakin məhkəmə tərəfindən də onun fikirləri üstün tutulmuş, iddiaçının icbari qaydada sığorta edən şirkətə müraciət etməyib də məhkəməyə müraciət etməsi faktı araşdırılmamışdır. Bu hal o zaman mövcud ola bilərdi ki, onun sığortası olmaya, sığortası olmadığı üçün zərəri qarşılayan şəxs olmaya və bu zaman da məhkəməyə müraciət edib mülki qaydada ondan zərəri tələb edə bilərdi. İccbari qaydada sığorta olunduğu üçün 5000 manatadək zərərləri sığorta qarşılayır. Bundan başqa rayon məhkəməsi tərəfindən 2 ayrı qiymətləndirmə ütün tutulmuş və nəzərə alınmamışdır ki, bu qiymətləndirmələr hadisədən nə qədər müddət sonra olmuşdur. İddiaçının zərərin artırılması üçün ondan əlavə pul tələb etmək niyyəti ilə zərəri böyütməsinə dair şübhələr qiymətləndirilməmiş, hadisənin baş verməsindən uzun müddət sonra keçirilən qiymətləndirmə rəyləri üstün tutulmuşdur.
5. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddianın əsassız olması səbəbilə təmin edilməyib rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:
8. Yasamal RPİ Təhqiqat Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı bədən xəsarətləri almışdır (MTE xx.xx.2023-cü il tarixli rəyinə əsasən). İddiaçı almış olduğu bədən xəsarətlərinin dərəcəsi əsas götürülməklə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Yasamal RPİ DYPŞ-nə göndərilmişdir.
9. xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı əlavə edilmişdir. Sözügedən hesabata əsasən müəyyən edilir ki, “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosikletə vurulmuş zərərin həcmi (təmir-bərpa xərci) ümumilikdə 980 manat təşkil edir.
10. 9/7750 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, Mototly.az tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məlumatlara əsasən “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 940 (doqquz yüz qırx) manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Tətbiq edilən prosessual hüquq normaları:
12. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
13. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdehn şikayətinə əsasən iddia tələbinin ona aid təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi mülki işin mübahisəsiz halıdır.
16. Apellyasiya şikayətində cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinməsini mübahisələndirməmiş, bununla yanaşı bildirmişdir ki, avtomobili icbari qaydada sığortalanmış və müqavilə də həmin müddətdə qüvvədə idi. Bu səbəbdən də yarana biləcək bütün zərəri sığorta qarşılayır. İddiaçı tərəfindən sığorta şirkətinə deyil məhz məhkəməyə müraciət edilməsi, məhkəməni yalan ifadələrlə aldatması və sair amillər məhkəmənin diqqət mərkəzində olmamışdır.
17. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, yol nəqliyyat hadisəsi 18 iyun 2023-cü il tarixdə baş versə də keçən müddət ərzində cavabdehin qeyd etdiyi kimi sığortaçı tərəfindən dəymiş zərər qarşılanmamışdır. Digər tərəfdən İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunun 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Göründüyü kimi hazırki iş üzrə iddiaçının əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud sığorta məbləği həddində sığortaçıdan tələb edə bilmək hüququ mövcud olmuşdur ki, cavabdehin iddia etdiyi kimi onun avtomobilinin sığortalandığı sığortaçı tərəfindən hər hansı ödəniş edilməmiş və iddiaçı da hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
18. Apellyasiya şikayətinin avtomobilə dəymiş zərərin məbləğinin düzgün hesablanmadığı barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan qüsur aktına əsasən avtomobilə vurulmuş zərərin məbləği 980 manat göstərilmiş, bununla belə birinci instansiya məhkəməsində keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası nəticəsində tərtib edilmiş rəyə əsasən avtomobilə vurulmuş zərərin həcmi 940 manat müəyyən edilmişdir.
19. Cavabdeh tərəfindən isə qeyd olunan rəyi şübhə altına alan mötəbər sübut təqdim edilməmiş, həmçinin qeyd olunan ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən edilməmişdir.
20. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
21. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-100/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.