Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2551/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “açılmış pəncərənin sökülməsi və onun yerinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(003)-239/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda açılmış və həyətə baxan iki ədəd pəncərənin cavabdehin hesabına sökülməsi və onun yerinin cavabdehin hesabına bağlanılaraq əvvəllki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evi və torpaq sahəsi atası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Atası 18.02.2020-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda anası, o, bacısı qeydiyyatda olmaqla yaşayırlar. ünvan 3 ünvanında qeydiyyatda olub yaşayan qonşusu Cavabdeh tərəfindən öz evindən onun həyətinə iki qanunsuz pəncərə açılmışdır. Onun yaşadığı ünvanın 11.06.2018-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğular texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 3 ünvanında yaşayan qonşu Cavabdeh tərəfindən hasardan həyətinə iki pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də, heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. Evin texniki pasportundan da aydın görünür ki, qonşu ilə aralarında olan hasarda iki pəncərə yoxdur. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(003)-239/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmadığı ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)- 8088/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 203.06.2021-ci il tarixli, (003)-239/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(102)- 544/2022 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18.08.2021-ci il tarixli, 2(103)- 8088/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçiləri hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər və bildirdilər ki, iddiaçının sökülməsini tələb etdiyi nəfəsliklərdən biri 1947-ci ildə açılmışdır, onun açılmasında cavabdehin rolu olmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, mübahisəli pəncərələrin biri həqiqətəndə 1947-ci ildə açılmışdır. Digər pəncərə isə Cavabdeh tərəfindən qanunsuz inşa edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Proseesual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2022ci il tarixli qərarında qeyd edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən 11.11.2020-ci il tarixdə göstərilən ünvanda yerində müayinə keçirilmiş və bu barədə tərtib edilmiş yerində müayinə protokolunda (səh 51) qeyd edilmişdir ki, yerində müayinə zamanı Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 saylı evin iki mərtəbədən ibarət olduğu, həmin evin birinci mərtəbəsinin arxa divarının sol və sağ hissələrində pəncərələrin açıldığı, həmin evlə iddiaçının yaşadığı evin həyətinin arasında hasarın olmadığı, həmin pəncərələrin iddiaçının yaşadığı bir mərtəbəli evin əks istiqamətində yerləşdiyi müəyyən edilmişdir. Bu fakt yerində müayinə zamanı tərtib edilmiş protokolda öz əksini tapdığı halda birinci instansiya məhkəməsi bu hala qiymət verməmiş, apellyasiya kollegiyası da məhkəmə araşdırmasını həyata keçirərkən göstərilən xüsusatları araşdırmamış və hər hansı qiymət verməmişdir. Digər tərəfdən işə birinci instsansiya məhkəməsində baxılarkən ekspert qarşısında suallar qoyulan zaman pəncərələrlə bağlı suallar qoyulmuş, lakin ekspert rəyində cavabdehin evində iki ədəd nəfəsliyin mövcud olmasından bəhs edilmişdir ki, sözlərin izahlı lüğətində nəfəslik sözünün anlayışı “Otağın havasını dəyişdirmək üçün pəncərədə kiçik göz” kimi verilmişdir. Pəncərə ilə nəfəslik anlayışı tamam fərqli terminlərdir ki, bu xüsusata da nə birinci instansiya məhkəməsi, nə də apelyasiya kollegiyası əhəmiyyət verməmişdir. Bundan əlavə, ekspert rəyində göstərilmişdir ki, “nəfəslik oyuqlarının bağlanacağı təqdirdə oyuqların açıldığı otaqların yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyildir”. Bu xüsusat da işə baxmış məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Halbuki, nəfəslik oyuqlarının açıldığı otaqlarda başqa tərəfdən nəfəsliyin açılmasının qeyri-mümkün olması, mübahisəsi gedən nəfəsliklər bağlanacağı təqdirdə həmin evdə yaşayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sağlam yaşamaq hüquqlarına, normal şəraitli mənzillə bağlı hüquqlarına (nəfəsliklər bağlanacağı təqdirdə otaqlarda yaranacaq nəmişlik və sair kompanentlər əsasında evin normal vəziyyətdə saxlanmasının qeyri-mümkün olacağı, evin tənəzzülə uğramaq ehtimalının yüksək olması) əhəmiyyətli dərəcədə əks təsir göstərmiş olacaqdır və qeyd edilən hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 180.1, 180.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozaraq qətnamə qəbul etmiş, iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, işə baxan məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 10/51 nömrəli ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, ünvan 3 ünvanda yerləşən mübahisəli pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa edildiyinə, mübahisəli pəncərələrin yerləşdiyi otaqların işıqlandırılması və havalandırılması üçün həmin otaqların digər tərəfdən pəncərələrlə (ikinci işıqla) təmin olunduğuna, mübahisəli pəncərələrinin iddiaçının müvafiq texniki pasport üzrə nəzərdə tutulmuş həyətyanı torpaq sahəsinə tərəf açıldığına və bunun nəticəsində iddiaçının mülkiyyətində olan evinin həyətindən sərbəst istifadəsinə mane yarandığına görə ünvan 3 ünvanda cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan evin həyətyanı sahəsinə açılmış 0.96x0.42 və 0.6x0.6m ölçüdə inşa edilmiş nəfəslik oyuqları cavabdehin öz hesabına bağlanmalıdır, ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin (nəfəsliklərin) quraşdırılması nəticəsində iddiaçının hüququ cavabdeh tərəfindən pozulmuşdur. Odur ki, iddiaçı qanunsuz inşa edilmiş pəncərənin (nəfəsliklərin) cavabdehin öz hesabına bağlanmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarındakı göstərişlərin icrası ilə bağlı iş üzrə rəy vermiş ekspert Elməddin Aslanlı məhkəmə iclasına dəvət edilmiş və ekspert verdiyi rəyi müdafiə edərək bildirmişdir ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 saylı evdə açılmış oyuqlar nəfəslik olmaqla iddiaçının yaşadığı evin qarşısındakı həyətə açılır, həmin nəfəsliklər döşəmə səviyyəsindən 1,97 metr və 1,37 metr yüksəklikdə açılmışdır, lakin onlar texniki pasportda göstərilməmişdir, həmin nəfəsliklərin texniki cəhətdən bağlanması mümkündür, lakin bu halda cavabdehin evinin havanlandırılmasında problemlər yarana bilər, çünki həmin pəncərələrin olduğu otağın çölə yalnız bir divarı mövcuddur, digər üç divarı isə evin daxili otaqlarına açılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.2-ci maddəsin əsasən ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində müəyyən edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli nəfəsliklərdən birinin 1947-ci ildə açıldığı işin mübahisəsiz halıdır. Belə olan halda onun açılması Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki tarixə təsadüf etdiyi üçün qeyd edilən Məcəllənin normaları mübahisəyə tətbiq edilə bilməz və birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sökülməsini tələb etdiyi nəfəsliklərin mövcud olmasının onun mülkiyyətində olan evindən və həyətyanı sahəsindən sərbəst istifadəsinə hər hansı mane yaratdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən həmin nəfəsliklərin bağlanması onların daxil olduğu otağa normal hava axınının, günəş işığının daxil olmasına maneə yarada bilər ki, bu da cavabdehlərin həyat və sağlamlığı üçün əlverişsiz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(003)-239/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2551/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2551/2022
26.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver