Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2555/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsində payın naturada ayrılmaqla bölgünün aparılması və naturada ayrılmış sahənin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasındakı qeyriyaşayış sahəsi ilə bağlıdır. Tərəflərin hər biri həmin binada yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Belə ki, İddiaçı ümumi sahəsi 300 kv.m təşkil edən qeyriyaşayaış sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2003-cü ildə dövlət reyestrində qeydə alınıb və bu barədə qeydiyyat vəsiqəsi verilib (cild 1, iş v. 9). Cavabeh Cavabdeh2 yarımzirzəmi və 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 204 kv.m təşkil edən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2010-cu ildə dövlət reyestrində qeydə alınıb və bu barədə reyestr çıxarışı verilib (cild 1, iş v. 172). Cavabdeh1 ümumi sahəsi 72 kv.m təşkil edən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu ildə dövlət reyestrində qeydə alınıb və bu barədə reyestr çıxarışı verilib (cild 1, iş v. 137). Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə (cild 1, iş v. 202) tələb olunub ki, həmin yaşayış binasının zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının payı naturada ayrılmaqla bölgüsü aparılsın, binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsi naturada ayrılmaqla həmin sahə iddiaçının istifadəsinə verilsin, Cavabdeh1 binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin hissə cavabdehin hesabına boşaldılmaqla əvvəlki vəziyyət bərpa olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi naturada ayrılmaqla həmin sahə iddiaçının istifadəsinə verilsin, Cavabdeh1 həmin binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsi cavabdehin hesabına həyata keçirilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikiayətinin əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 bildiridi ki, iddia Cavabdeh2 münasibətdə əsaslı deyil, ona görə də təmin oluna bilməz. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qeyri-yaşayış sahələri ümumi mülkiyyət deyil. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Lakin reyestr qeydlərindən görünür ki, hər 3 şəxsin – iddiaçının və iki cavabdehin qeyri-yaşayış sahələri ayrıca mülkiyyət kimi qeydə alınıb və onların hər birinə məxsus sahənin ölçüsü qeyd olunub. Buna baxmayaraq iddiaçı “payının” naturada ayrılmasını tələb edib, birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin ümumi mülkiyyətə aid normalarını (213, 215 və 220-ci maddələri) tətbiq edərək iddianı təmin edib. Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb edə bilər. Göründüyü kimi, payın naturada ayrılmasını tələb etmək hüququ paylı mülkiyyətin mülkiyyətçisinə mənsubdur. Qeyri-yaşayış sahələri paylı mülkiyyətdə olmadığına görə, iddia əsassızıdır. Əgər iddiaçı hesab edirsə ki, onun mülkiyyəti kimi qeydə alnmış 300 kv.m sahənin hər hansı hissəsi cavabdehlərin qanunsuz sahibliyindədir, belə halda o, qanunsuz sahiblikdən öz əmlakının tələb edilməsi barədə iddia verə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd olunub ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə halda həmin iddiada hansı cavabdehin hansı ölçüdə sahəyə qanunsuz sahiblik etdiyi qeyd edilməli və həmin sahənin iddiaçının mülkiyyətinə (300 kv.metrə) aid olduğunu təsdiq edən sənəd (texniki pasport və s.) məhkəməyə təqdim edilməlidir. Hazırda iddiaçının yalnız qeydiyyat vəsiqəsi var, həmin vəsiqədə isə qeyd olunub ki, 300 kv.m sahə iddiaçının mülkiyyətidir. Texniki pasport olmadığına görə, 300 kv.m sahənin binada yerləşdiyi yer (binanın zirzəmisi, binanın 1-ci mərtəbəsi və s.) və hüdudları bəlli deyil. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etd: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsində payın naturada ayrılmaqla bölgünün aparılması və naturada ayrılmış sahənin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə” iddiası rədd olunsun. Ekspertiza xərci olan 100 (yüz) manat İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2555/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2555/2023
28.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver