Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2558/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğvi və dəyişdirilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, müqavilənin standart şərtləri ləğvi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Ümumi Təhsil Müəssisəsi QSC-nin nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Ümumi Təhsil Müəssisəsi QSC-yə qarşı “müqaviləyə xitam verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6239/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 05 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh Ümumi Təhsil Müəssisəsi Qapalı Səhmdar Cəmiyyəti ilə (bundan sonra cavabdeh və ya Məktəb) İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış 2 iyul 2018-ci il tarixli, S19/225 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçının oğlu X16 10 sentyabr 2019-cu il tarixdən Təhsil proqramı yekunlaşanadək təhsil müəssisəsinə İGCSE-1, 8-ci sinif, “High School” Proqramı üzrə qəbul olunmuşdur.
2. Müqaviləyə əsasən xx.xx.2019-cu ildən Təhsil Proqramı yekunlaşanadək Məktəbə qəbul olunur, Təhsil Proqramının və bu müqavilənin qüvvədə olma müddəti tələbənin təhsil müəssisəsinə qəbul olduğu vaxt təhsil səviyyəsi nəzərə alınmaqla müəyyən olunur (bənd 2.3). Təhsil müəssisəsinin təhsil haqqının vaxtından ödənilməsini valideyn və tələbədən tələb etmək; bu Müqavilənin şərtləri və Təhsil müəssisəsinin qaydaları tələbə və ya valideyn tərəfindən kobud şəkildə pozulduqda, Müqaviləyə heç bir əlavə məsuliyyət və öhdəlik daşımadan, o cümlədən və bununla məhdudlaşmamaqla, heç bir təhsil haqlarını və ya digər ödənişləri geri ödəmədən birtərəfli qaydada xitam vermək hüququ vardır (bənd 3.1.1 və 3.1.3). İllik təhsil haqqı 8000 manat təşkil edir, təhsil haqqı qabaqcadan tam şəkildə və ya 25% öncədən və 75% iyul ayının 15-ci gününədək, bu Müqavilənin bağlandığı tarixdən asılı olmayaraq müvafiq tədris ili üzrə illik ödənilməlidir (bənd 4.1, 4.6, 4.8), müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ təhsil müəssisəsində saxlanılır (bənd 4.9), müqavilənin qüvvəyə minməsindən sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə bu müqaviləyə xitam verildiyi təqdirdə heç bir ödənilmiş təhsil haqları və digər ödənişlər təhsil müəssisəsi tərəfindən geri ödənilmir. Aydınlıq gətirilməsi üçün tərəflər razılaşırlar ki, təhsil müəssisəsi valideyn və ya tələbə tərəfindən ödənilməmiş hər hansı ödənişlərin ödənilməsini tələb edə bilər (bənd 4.13). Tərəflərin bir-birinə ünvanladıqları bildirişlər, xəbərdarlıqlar və digər sənədlər bu Müqavilənin 12-ci bəndində göstərilən (tərəflərin rekvizitləri) əlaqə məlumatlarına əsasən sifarişli məktub, elektron poçt və ya faks vasitəsi ilə göndərilir (bənd 11.3).
3. İddiaçı 2021/2022-ci tədris ili üçün 8000 manat illik təhsil haqqının 1000 manat hissəsini özünün "xxxx" ASC-də olan 01749234 hesabından cavabdehin "xxxx" ASC-də olan AZ55A11B******************** nömrəli hesabına 3 iyun 2021-ci il tarixdə, 3000 manatını isə 19 iyul 2021-ci il tarixdə köçürmüşdür. Ötən tədris ilindəki təhsil haqqına edilən endirimlə bağlı əvvəlki ildən iddiaçının hesabında 600 manat qalmışdır.
4. İddiaçı cavabdehə məktub ünvanlayaraq (məktubun üzərində tarix qeyd edilməmişdir) bildirmişdir ki, oğlu Səid Kərimliyə bir il deyil, yarım il təhsil verilməsini tələb edir və bu barədə 6 ay öncədən məlumat verir, qanunvericilikdə müəyyən edilmiş qaydada işin həcmi azaldığından yeni qiymətlər tərəflər arasında razılaşdırılmalıdır. Hal-hazırda 4600 manat təhsil haqqı ödədiyini bildirərək bu məbləğin 2022-ci il tarixə kimi dövr üçün nəzərdə tutulan təhsil haqqı kimi razılaşdırmağı xahiş edir.
5. Məktəbin direktoru Timur Leznikin 14 sentyabr 2021-ci il tarixli cavab məktubunda iddiaçıdan ödəniş müddətinin keçməsinə baxmayaraq əlavə olaraq 10 iş günü ərzində 29 sentyabr 2021-ci il tarixədək müddət verilməklə təhsil haqqı borcunun qalan hisssəsinin ödənilməsi və ya müvafiq ödəniş üsullarının tətbiq edilməsi üçün təhsil müəssisəsinə müraciət etməsi təkrarən xahiş olunmuş, əks təqdirdə tərəflər arasında bağlanılan müqavilənin 8.1.2, 8.1.3-cü yarımbəndlərinə uyğun olaraq müqaviləyə həmin tarixdən xitam veriləcəyini, tərəflərin hüquq və öhdəliklərinin qüvvədən düşərək, ödənilmiş təhsil haqlarının geri qaytarılmayacağı bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 8 may 2019-cu il tarixli, 429 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsi və X11 2021-ci il sentyabr ayının 15-dən dekabr ayının 31-dək 10 A2 sinfində təhsil alması üçün cavabdehə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 avqust 2021-ci il tarixdə oğlu Kərimli Səid məktəbdə 10 A2 sinfində təhsilinə “A level” proqramı üzrə başlamalıdır. Oğlu 2018-ci ildə cavabdehin “Pre Landau” kurslarında təhsil almış və 2019-cu ildən etibarən həmin məktəbdə təhsil alır. Hal-hazırda ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X2 Dubay şəhərinə köçmək niyyətindədir. 1 yanvar 2022-ci il tarixdən (2-ci yarımillikdən) oğlu təhsilini Dubaydakı məktəbdə davam etdirəcək. Bu barədə bir ay əvvəl sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırmış, bundan başqa, bu barədə onlayn qaydada cavabdehin internet saytı vasitəsilə müraciət etmişdir. Təhsil haqqının ödənilməsi ilə əlaqədar cavabdehin əməkdaşı Cəmil müəllim ilə aralarında anlaşılmazlıq meydana gəlmişdir. İlin ortasında deyil, hələ təhsil ili başlamamış, altı ay öncədən cavabdehi xəbərdar etmişdir ki, müqaviləyə 1 yanvar 2022-ci il tarixdən xitam verəcək. Belə hal müqavilədə nəzərdə tutulmamışdır. Lakin, bu vəziyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 753-cü maddəsi ilə tənzimlənir. Sifarişçi olaraq sərəncam verir ki, oğluna bir il deyil, yarım il təhsil verilsin və bu barədə 6 ay öncədən məlumatlandırır. Belə olan halda, yuxarıda qeyd edilən maddənin tələblərinə əsasən işin həcmi azaldığından yeni qiymət tərəflər arasında razılaşdırılmalıdır. Halhazırda artıq 4600 manat təhsil haqqı ödəmişdir. Bu məbləğ illik təhsil haqqının yarısından çoxdur. Lakin, Cəmil müəllim ona hədə-qorxu gəlir ki, əgər illik təhsil haqqının qalan hissəsini ödəməsə, oğlu dərsə buraxılmayacaq. Bu cür təzyiqi qanunsuz və ədalətsiz hesab edir. Ödədiyi vəsait oğlunun 1 yanvar 2022-ci il tarixə kimi təhsil alması üçün tamamilə ədalətlidir. Cavabdeh ona ünvanlanan xahişi rədd edərək iki əsas gətirmişdir. Birinci əsas ondan ibarətdir ki, guya tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi deyil. Bu dəlil yanlışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.1ci bəndinə əsasən, cavabdehin vəzifəsi müasir təhsil texnologiyalarını tətbiq etməklə təhsil prosesini yüksək səviyyədə təşkil etməkdir. Buradan görünür ki, cavabdeh həmin müqaviləyə əsasən onun tapşırığı ilə işləri icra etmək öhdəliyini üzərinə götürmüşdür. İş dedikdə, hazırkı müqavilədə onun övladına təhsil verilməsi başa düşülür. Cavabdehin məktubda gətirdiyi ikinci dəlil faktiki olaraq onun ilkin dəlilini inkar edir, çünki bir tərəfdən cavabdeh deyir ki, Mülki Məcəllənin 753.2-ci maddəsi ona qarşı tətbiq edilə bilməz, digər tərəfdən isə deyir ki, həmin maddəyə əsasən işin həcmi azaldıldıqda muzdu azaltmaq onun öhdəliyi deyil, hüququdur. Bu dəlil də yanlışdır. Qanun tələb edir ki, işin həcmi azaldıldıqda tərəflər buna mütənasib olaraq muzdun azaldılmasını razılaşdırmalıdırlar. Qanunverici “razılaşdıra bilərlər” deyil, məhz “razılaşdırmalıdırlar” ifadəsini işlətmişdir. Bu o deməkdir ki, razılaşdırmaq tərəflərin vəzifəsidir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(004)-6239/2021 nömrəli mülki iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə iş üzrə qənaətini onunla əsaslandırmışdır ki, 2021-2022-ci tədris ilində şagird X16 məktəbdə təhsil almış, təhsil haqqı 1 il üçün 8000 manat olmaqla, iddiaçı tərəfindən həmin məbləğdən 4600 manat ödənilmişdir. Həmin məbləğ tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yarım illik təhsil haqqından da artıqdır. Cavabdeh tərəfindən təhsil haqqının qalan hissəsi ödənilmədiyi təqdirdə, müqavilə öhdəliklərinə xitam verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılmaması, habelə şagird X11 dərsə buraxılmayacağı barədə mülahizələri hüquqdan sui-istifadədir. İddiaçının ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X10 şəhərinə köçmək niyyətində olması müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün əsasdır.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 16.1, 324.1, 324.5, 390.1, 421.1, 421.2, 422.1, 423.2, 424.2, 425.1, 752.2, 753.2-ci maddələrinə istinad etmişdir
Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı müqavilə münasibətlərinə hüquqi qiymət verərkən, “Təhsil xidməti göstərilməsi haqqında” müqavilə üzrə tərəflər arasında yaranan münasibətləri podrat münasibətlərinə şamil etmiş, lakin bunu öz qətnaməsində düzgün əsaslandıra bilməmişdir. Hesab edirlər ki, həmin müqavilə münasibətlərinin podrat münasibətlərinə şamil olunmasının qanuni əsasları mövcud deyil. Belə ki, podratı digər növ xidmət göstərilməsi üzrə münasibətlərdən fərqləndirən əsas xüsusiyyət, podrat müqaviləsi üzrə işlərin icrasının əsas məqsədinin müəyyən maddi nəticəyə nail olmaqdır: yeni əşya yaratmaq və ya əşyanın keyfiyyətini dəyişməkdir. Əvəzli xidmət göstərilməsinə dair müqavilədə isə xidmətin maddi nəticəsi deyil, xidmət göstərənin maddi nəticə yaradılmasına gətirib çıxarmayan fəaliyyəti, xidmətin icrası prosesinin özü əhəmiyyət kəsb edir. Hesab edir ki, Mülki Məcəllənin 753.2-ci maddəsi bu münasibətlərə tətbiq oluna bilməz. Mübahisəyə Mülki Məcəllənin 777.1-ci maddəsi tətbiq edilməli idi. Təhsil verilməsi üzrə müqavilə tələbənin verilən təhsili mənimsəyibmənimsəməməsindən asılı olmayaraq, xidmətlərin göstərilməsini nəzərdə tutur. Yəni burada tələbənin verilən təhsili tam və ya qismən mənimsədiyi, yaxud mənimsəmədiyi əsas deyil, tapşırıq üzrə tələbəyə (şagirdə) müqavilə üzrə keyfiyyətli təhsil xidməti göstərilməsi üzrə təhsil müəssisəsinin görməli olduğu işlərin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır. Müqavilədə təhsil haqqı ödənilməsi və ödəniş qaydası şərtləşdirilmişdir. Cavabdeh təhsil xidmətləri göstərilməsi sahəsində ixtisaslaşmış özəl təhsil müəssisəsi olmaqla, təhsil xidmətlərini ödənişli əsaslar ilə təqdim edir. Təhsil haqqı əvvəlcədən ödəniş qaydasında hər növbəti tədris ili üçün iyul ayında ödənilməlidir. Təhsil haqqının əvvəlcədən ödənilməsi müqavilənin icrası baxımından əhəmiyyətlidir. Belə ki, təhsil haqqının əvvəlcədən ödənilmədiyi halda, təhsil müəssisəsinin tələbəni (şagirdi) təhsilə buraxmamaq hüququ vardır. Digər tərəfdən, iddiaçının övladının təhsil haqqını gecikdirməsi və hazırkı iş üzrə məhkəmədə qaldırdığı iddia üzrə təhsil haqqının qalığını ödəməkdən boyun qaçırması nəticəsində cavabdeh 2021-2022-ci tədris ili üzrə tələbə (şagird) X16 üçün əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmasına, başqa sözlə, cavabdehin maddi zərərə (itkiyə) məruz qalmasına gətirib çıxarır. Müqavilədə iddiaçının istinad etdiyi kimi, sifarişin dəyişdirilməsi şərtləşdirilməmişdir. Yəni, əgər Müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəzərdə tutulursa, xitam anınadək tərəflər Müqavilə üzrə yarımçıq qalmış öhdəliklərini yerinə yetirməlidirlər.
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz və iddiaçının övladının 2022-ci ilin yanvar ayından X3 “Sunmarke School” təhsil müəssisəsinə qəbul olunduğu və təhsil aldığı barədə sənədlər təqdim edilmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, o, ilin ortasında deyil, hələ təhsil ili başlamamış, altı ay öncədən cavabdehi xəbərdar etmişdir ki, müqavilələrinə 1 yanvar 2022-ci il tarixdən xitam verəcək. Belə hal tərtib etdikləri müqavilədə nəzərdə tutulmamışdır. Lakin bu vəziyyət Mülki Məcəllənin 753-cü maddəsi ilə tənzimlənir. Səid Kərimli X2 Dubay şəhərində yerləşən “Sunmarke School” orta məktəbinə qəbul olunmuşdur və 1 yanvar 2022-ci il tarixdən etibarən həmin məktəbdə təhsil alır. Səid Kərimliyə təhsil xidməti başqa hüquqi şəxs tərəfindən göstərilir və buna görə həmin hüquqi şəxsə muzd ödənilir. Cavabdeh isə tələb edir ki, onun göstərmədiyi xidmətə görə ona muzd ödənilsin. Cavabdehin bu hərəkətləri və niyyəti əsassız varlanmaya yönəlmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Köçürmə sertifikatı 2021-ci ilin dekabr ayında cavabdeh tərəfindən ona təqdim edilmişdir, X5 viza və qeydiyyat vəsiqəsi 2022-ci ilin yanvar ayında alınmışdır. Bu səbəbdən həmin sənədləri birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edə bilməzdi.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4724/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasındakı münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlərə şamil etməsinə dair mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, qanunvericilik podrat üzrə işlərin icrasını məhz nəticəvi xüsusiyyətinə görə digər oxşar tipli münasibətlərdən fərqləndirmişdir. Podrat müqaviləsi üzrə işlərin əsas məqsədi müəyyən maddi (əşyaya) nəticəyə nail olmaqdır. Əvəzli xidmət göstərilməsinə dair müqavilədə isə xidmətin maddi nəticəsi deyil, yerinə yetirilmiş olan qeyri-maddi nəticəli hərəkət, fəaliyyət, proses çıxış edir. Hazırkı mübahisə üzrə tərəflər arasında münasibətlərin nəticəsi kimi qeyri-maddi nəticəli hərəkət, fəaliyyətin özü çıxış etdiyindən, burada podrat münasibətlərindən söhbət gedə bilməz.
17. Məhkəmə nəzərə almışdır ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən tərəflər həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Məhkəmə kollegiyası mülki mübahisənin mahiyyəti ilə bağlı öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmış, müqavilənin şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş və razılaşdırılmış şərtlərə əsasən müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxmaqla, sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ təhsil müəssisəsində saxlanılmış, müqavilənin şərtləri və təhsil müəssisəsinin qaydaları tələbə və ya valideyn tərəfindən kobud şəkildə pozulduqda, müqaviləyə heç bir əlavə məsuliyyət və öhdəlik daşımadan, o cümlədən və bununla məhdudlaşmamaqla, heç bir təhsil haqlarını və ya digər ödənişləri geri ödəmədən birtərəfli qaydada xitam vermək təhsil müəssisəsinin hüququ olması müəyyənləşdirilmişdir.
19. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçının övladının təhsilini cavabdeh müəssisədə xx.xx.2022ci il tarixədək davam etdirəcəyi, həmin tarixdən isə xarici ölkəyə köçməsi ilə bağlı təhsil müəssisəsini tərk edəcəyi, bu səbəbdən də təhsil haqqının həmin müddətə qədər hesablanmalı olması barədə mövqeyi onunla cavabdeh təhsil müəssisəsi arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının qalıq hissəsinin güzəşt edilməsi hüququ cavabdehə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək bundan imtina etmişdir.
20. Göstərilənlərə əsasən Kollegiya hesab etmişdir ki, iddiaçının hazırkı iddiasının qanuni əsası və ya müqavilə əsası mövcud olmamış, birinci instansiya məhkəməsi həmin iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də mübahisələndirilən qətnamə ləğv edilmiş, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi tərəflər arasında bağlanmış müqavilə müddəalarına və Mülki Məcəllənin 386.1, 390.1, 390.5, 405.1, 405.2- ci maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
a) Kassasiya şikayətinin dəlillər
22. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti iddianın və apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iddiaçının cavabdehin övladının “High School” proqramı üzrə təhsil almasından imtina etməsini qəbul etməmişdir və iddia tələbini təmin etməməklə Səid Kərimlinin üzərinə vəzifə qoymuşdur ki, o həmin proqram üzrə təhsili 2023-cü ilin iyun ayına kimi davam etsin.
24. Mülki Məcəlləsinin 390.6, 753.2, 786.1-ci maddələrinin tələbləri pozulmuşdur. Səid Kərimli “High School” proqramı üzrə təhsil alır və təhsili bitirməli idi. Məhkəmə müqaviləyə xitam verməməklə Səid Kərimlinin təhsilinin təhsil müəssisəsində davam etməsinə məcbur etmişdir. Məhkəmə tərəflər arasında münasibətlərə podrat müqaviləsinin deyil, tapşırıq müqaviləsinin normalarını tətbiq etmişdir. Lakin, tapşırıq müqaviləsini tənzimləyən norma da cavabdehə yalnız zərərinin əvəzinin ödənilməsini tələb etmək hüququ verir. Cavabdeh zərərçəkmə ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hazırda cavabdeh təhsil xidmətləri göstərmədiyi dövrlər üçün xidmət haqqının ödənilməsini tələb edir. Cavabdehin bu hərəkəti əsassız varlanma ilə müşayiət olunur.
25. MPM-in 402.1-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnamədən kassasiya şikayəti verilə bilməməsinə dair mövqeyi yanlışdır. Belə ki, iddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir-tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi, Səid Kərimlinin təhsil alması üçün cavabdehə ödəniləcək məbləğin 4600 manat müəyyən edilməsi. Birinci tələb əmlak xarakterli deyil, hüquqi xarakterlidir, qətnamədən kassasiya şikayəti verilə bilər. İllik ödəniləcək təhsil haqqının qiyməti 8000 manatdır. Beləliklə, mübahisələndirilən məbləğ 8000 manatdır, qətnamədən kassasiya şikayəti verilə bilər.
26. İddiaçı, həmçinin əlavə yazılı izahat təqdim edərək bildirmişdir ki, aralarında bağlanmış müqavilə cavabdeh tərəfindən təqdim edilmiş, onun müqaviləyə düzəlişlər etmək imkanı olmamışdır. Çünki əks halda övladı Məktəbə qəbul edilməyəcəkdi. Bu baxımdan, müqavilə azadlığından söhbət gedə bilməz. Beləliklə, cavabdeh beynəlxalq təcrübəyə zidd olaraq valideyni tamamilə məktəbin müdiriyyətindən, onun lütfündən, istəyindən asılı vəziyyətə salmış, bu vəziyyətin yaranmasına səbəb isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lazımi tənzimləmə tədbirlərini həyata keçirməməsi (oxşar halları nizama salan normativ hüquqi akt qəbul etməməsi) olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu maddəsini düzgün təfsir etməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur.
28. Etirazda bildirilmişdir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən müqavilənin şərtlərinə uyğun müqaviləyə vaxtından əvvəl xitam verilməsi tərəfləri öhdəliklərindən azad etmir. İddiaçı tərəfindən 3400 manat məbləğində vəsaitin ödənilməsi onun öhdəliyidir. Kassasiya şikayətinin Səid Kərimlinin təhsil almaq hüququnun cavabdeh tərəfindən pozulmasına dair dəlili əsassızdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
29. Kassasiya şikayətinin əsassız varlanmaya dair dəlili əsassızdır. Belə ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Təhsil haqqının əvvəlcədən tam məbləğdə ödənilməsi sözügedən müqavilənin şərtlərindən biridir.
c) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X7 (məruzəçi), X1 və X18) 2(102)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4724/2022 nömrəli mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
31. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətin podrat hüquq münasibəti olmadığı və Mülki Məcəllənin 390-cı maddəsinə əsasən tərəflərin həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarına malik olduqları barədə qanuni və əsaslı qənaətə gəlmişdir. Buna baxmayaraq məhkəmə bağlanmış müqavilənin şərtləri əsasında belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçının davranışları bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının qalıq hissəsinin güzəşt edilməsi hüququ cavabdehə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək, bundan imtina etmişdir.
32. Halbuki iddiaçı iddia tələbində aralarında bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsi və övladının 2021-ci il sentyabr ayının 15-dən dekabr ayının 31-dək 10 A2 sinfində təhsil alması üçün cavabdehə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsası ondan ibarət olmuşdur ki, hal-hazırda ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X2 Dubay şəhərinə köçmək niyyətindədir. 1 yanvar 2022ci il tarixdən (2-ci yarımillikdən) oğlu təhsilini Dubaydakı məktəbdə davam etdirəcək. Bu barədə bir ay əvvəl sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırmış, bundan başqa, bu barədə onlayn qaydada cavabdehin internet saytı vasitəsilə müraciət etmişdir. Cavabdeh iddiaya etirazını müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verildiyi halda, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququnun təhsil müəssisəsində saxlanıldığı barədə aralarında bağlanmış müqavilənin 4.9-cu maddəsi ilə əsaslandırmışdır.
33. Göründüyü kimi iddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normalarından asılı olmayaraq iddia tələbi cavabdehlə aralarında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsindən (şərtlərinin dəyişdirilməsindən) ibarətdir. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı kimi müqavilənin ləğvi və ya dəyişdirilməsi tələbini irəli sürmüş tərəfin davranışlarının bağlanmış müqavilənin şərtlərinə uyğun olmaması özü-özlüyündə iddianın rədd olunması üçün əsas sayıla bilməz. Lakin işə baxmış apellyasiya instansiya məhkəməsi istinad olunan məsələ, o cümlədən iddiaçının müqavilədən birtərəfli imtina etməsi, yaxud müqavilələrin ləğv edilməsi (dəyişdirilməsi) üçün qanunla müəyyən edilmiş şərtlərə riayət edib-etmədiyi barədə hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.
34. Hazırkı mübahisə üzrə müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda ödənilməli olan təhsil haqqının məbləğinə dair müqavilə şərtlərinin tətbiqi ilə bağlı, həmçinin qeyd olunmalıdır ki, təcrübədə təhsilalanlarla təhsil müəssisələri arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq təhsil müəssisələri tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir.
35. Bu baxımdan standart şərtli müqavilələrdən irəli gələn mübahisəni həll edən məhkəmə həmin mübahisəyətətbiq etdiyi müqavilə müddəalarını təfsir edərkən standart şərtlərin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyinə, etibarlı olub-olmadığına da hüquqi qiymət verilməlidir.
36. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 386.1, 390.1, 390.5, 404.1, 404.2, 417.1, 418.1, 419.1, 419.2, 420.2, 421.3, 422.1, 422.2, 422.3, 422.4, 423.2, 424.1, 424.2, 424.5-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 407.2, 416.1, 416.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Qərarna istinad etmişdir. Təkrar apelyasiya instansiyası məhkəməsindəki icraat
37. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Ümumi Təhsil Müəssisəsi QSC-nin nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6239/2021 saylı, 02 noyabr 2011-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş edir. Qarşı tərəfin müqavilənin ləğv olunması üçün məhkəmə verdiyi iddia ərizəsində göstərdiyi dəlillər cavabdeh tərəfindən əsassız hesab edilir. Müqavilə ləğv olunduğu halda cavabdeh əldə edəcəyi gəlirlərdən məhrum olur. İddiaçı 6 ay əvvəlcədən məlumat verməklə müqavilənin ləğv olunmasını qanuni və əsaslı hesab edir. Tərəflərindən həmin iddia ərizəsinə etiraz olaraq bildirilmişdir ki, müqavilənin tərəflərin razılığı ilə ləğv olunması üçün əsas şərt müqavilənin 4.13-cü maddəsində qeyd edilmişdir. Müqavilənin 4.13-cü maddəsinə əsasən müqaviləyə xitam verildiyi halda tərəflər qarşılıqlı olaraq razılıq əsasında hesablaşma aparmalı yaxud da "xxxx" Ümumi Təhsil Müəssisəsi QSC hər hansı yaranmış borcu, eləcə də təhsil haqqı ilə bağlı qalıq borcunu valideyndən tələb edə bilər. Belə bir hüquq müəyyən olunmuşdur. Hazırkı iş üzrə 3400 manat təhsil haqqına dair qalıq borc yaranmışdır. Müqavilə ləğv olunduğu halda cavabdeh tərəf həmin gəlirlərdən məhrum ola bilər. Müqavilənin ləğv olunması ilə həmin borcun hazıkı iş üzrə iddiaçıdan hər hansı digər qaydada tələb olunması üçün əsaslar itirilə bilər. "xxxx" Ümumi Təhsil Müəssisəsi QSC tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsidə iddia qaldırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsidə olan iş hazırkı prosesin nəticəsi ilə bağlı olaraq dayandırılmışdır. Hazırki iş üzrə çıxarılacaq qərar Bakı şəhəri Yasamal Rayon Məhkəməsidə olan işə birbaşa təsir edəcəkdir.
38. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş əlavə olaraq bildirmişdir ki, oğlu təhsil ilinin yarısından da az müddət həmin məktəbdə oxumuşdur. Belə ki, tədris ili 15 sentyabrda başlayıb və oğlu 28 dekabrda ölkəni tərk edib. Xarici pasportun surəti iş materiallarına əlavə edilibdir. Oğlu 3 ay yarım həmin məktəbdə təhsil alıb, qalıq dövr isə 5 ay yarım təşkil edir. Tapşırıq müqaviləsində tərəf dəymiş ziyanı tələb edə bilər. Belə olan halda isə zərər sübut olunmalıdır. Lakin cavabdeh heç bir sübut təqdim edə bilməmişdir. Müqavilədə qeyd edilir ki, tərəf təhsil haqqını ödəmədiyi halda təhsil müəssisəsi müqaviləyə xitam vermək səlahiyyəti vardır. Lakin təhsil müəssisəsi müqaviləyə xitam verməmiş, oğlunun tədrisini yanvar ayının sonuna qədər davam etdirmişdir. Cavabdeh tərəf dəymiş ziyanı əsaslandıra bilməmişdir. Hesab edir ki, Ali Məhkəmə kifayət qədər geniş dəyərləndirmə aparmamışdır. Onlar ailəsi ilə bir yerdə ora köçmüşdür. Təhsil haqqı artıqlaması ilə ödənilibdir.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
39. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. 390.1-ci maddəyə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
41. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
42. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
43. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
44. 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
45. 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
46. 418.1-ci maddəsinə əsasən, Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.
47. 419.1-ci maddəsinə əsasən, müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.
48. 419.2-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
49. 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
50. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
51. 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
52. 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:
53. 422.2.1-ci maddəsinə əsasən, müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
54. 422.2.2-ci maddəsinə əsasən, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
55. 422.2.3-cü maddəsinə əsasən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
56. 422.2.4-cü maddəsinə əsasən, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
57. 422.3-cü maddəsinə əsasən, əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
58. 422.4-cü maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.
59. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
60. 424.1-ci maddəsinə əsasən, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.
61. 424.2-ci maddəsinə əsasən, Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
62. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
63. 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
64. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
65. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apelyasiya baxışının hədləri
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
69. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
71. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
İşə təkrar apellyasiya baxışı apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
72. İş materiallarından göründüyü kimi, iddiaçı ailəsi ilə birlikdə müvafiq səbəblərdən X2 Dubay şəhərinə köçmək niyyətində olduğu və 1 yanvar 2022-ci il tarixdən (2-ci yarımillikdən) oğlunun təhsilini Dubaydakı məktəbdə davam etdirəcəyi barədə sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırdığını, həmçinin onlayn qaydada cavabdehin internet saytı vasitəsilə müraciət etdiyini bildirərək onunla cavabdeh arasında bağlanmış 8 may 2019-cu il tarixli, 429 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsi və X11 2021-ci il sentyabr ayının 15-dən dekabr ayının 31-dək 10 A2 sinfində təhsil alması üçün cavabdehə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
73. Cavabdeh müqavilənin 4.9-cu maddəsinə əsaslanaraq iddiaya etiraz etmiş, müqaviləyə hər hansı səbəbdən xitam verildiyi halda, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququnun təhsil müəssisəsində saxlanıldığını qeyd etmişdir.
74. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
75. İddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki halların məcmusundan göründüyü kimi iddia tələbi cavabdehlə aralarında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsindən (şərtlərinin dəyişdirilməsindən) ibarətdir. Beləliklə hazırkı iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci və 423-cü maddələri təşkil edir.
76. Həmin maddələrin məzmununa görə şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda Məcəllənin 422.2-ci maddəsindəki şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv, Məcəllənin 422.4-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.
77. İş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçı övladının təhsilini cavabdeh müəssisədə xx.xx.2022-ci il tarixədək davam etdirəcəyi, həmin tarixdən isə xarici ölkəyə köçməsi ilə bağlı təhsil müəssisəsini tərk edəcəyi, bu səbəbdən də təhsil haqqının həmin müddətə qədər hesablanmalı olması barədə cavabdeh tərəfə məlumat vermiş, bununla əlaqədar müqavilənin yeni şərtlərlə bağlanmasının və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışmışdır.
78. Tərəflər razılığa gəlmədiyi üçün maraqlı tərəf (hazırki halda iddiaçı) məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 8 may 2019-cu il tarixli, 429 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsini xahiş etmişdir. İddiaçının konkret tarixdən müqaviləyə xitam verilməsinin mülki qanunvericiliyin müddəalarına və müqavilə şərtlərinə uyğun olub-olmadığı üzrə hüquqi dəyərləndirmə aparılması üçün məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
79. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər müqavilə bağlanan zaman razılaşmanın mahiyyətinə uyğun olaraq əsasında yaranan münasibətlərin uzunmüddətli olacağını əsas götürmüşlər. İddiaçının ailəsi ilə birlikdə başqa ölkəyə köçməsi övladının təkbaşına Azərbaycan Respublikasında qalmasını, təhsilini cavabdeh müəssisədə xx.xx.2022-ci il tarixdən sonra davam etdirməsini qeyrimümkün edən və mövcud vəziyyəti əsaslı şəkildə dəyişdirən səbəblərdən olmuşdur. Şəraitin dəyişməsini doğuran bu səbəblərin mövcudluğu işin mübahisəsiz hallarına aiddir və həmin səbəblərin maraqlı tərəfdən müqavilənin xarakterinə görə tələb edilən qayğı və ehtiyatla aradan qaldırılmasının mümkün olmaması da məhkəmə tərəfindən mübahisəsiz hal kimi qəbul edilməlidir. Belə ki, bu səbəblərin iddiaçının ailə sirrini təşkil edən məlumatlar olduğu üçün məhkəmə tərəfindən araşdırılması istisna olunur.
80. Bundan başqa qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi imkanı istisna edilməmişdir. Belə ki, müqavilənin 4.13-cü bəndinə əsasən müqavilənin qüvvəyə minməsindən sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə ödənilmiş təhsil haqlarının və digər ödənişlərin təhsil müəssisəsi tərəfindən geri ödənilməməsi şərtilə müqaviləyə xitam vermək hüquqları tanınmışdır.
81. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ailəsi ilə birlikdə yaşayış yerinin başqa ölkəyə getməklə dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab verən, maraqlı tərəfin tələbi ilə mübahisə predmeti olan müqavilənin ləğv edilməsini mümkün edən haldır və bu əsasla müqaviləyə xitam verilməsi Mülki Məcəllənin 422-ci maddəsində göstərilən tələblərinə və tərəflər arasında bağlanmış müqavilənin hüquqi mahiyyətinə uyğundur.
82. Məhkəmə kollegiyası iddiaçının ödədiyi vəsaitin müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməsi kimi qəbul edilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edir ki, təcrübədə təhsilalanlarla təhsil müəssisələri arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq təhsil müəssisələri tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir.
83. Mülki qanunvericiliyə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onların özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
84. Bu baxımdan standart şərtli müqavilələrdən irəli gələn mübahisəni həll edən məhkəmə həmin mübahisəyə tətbiq etdiyi müqavilə müddəalarını təfsir edərkən standart şərtlərin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyinə, etibarlı olub-olmadığına da hüquqi qiymət verməlidir.
85. Bununla əlaqədar məhkəmə kollegiyası Mülki Məcəllənin 405-ci maddəsinə istinadən qeyd edir ki, qanunverici müqavilənin mühüm şərtləri ilə yanaşı standart şərtləri ilə bağlı da xüsusi qaydalar müəyyən etmişdir. Müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış elə şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta, qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. Qeyd edilməlidir ki, xüsusilə istehlak yönümlü standart şərtli müqavilələrdə fiziki şəxs iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur.
86. Təhsilalanlarla təhsil müəssisələri arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq, standart şərtli müqavilələrdən olub, əvvəlcədən müəssisə tərəfindən müəyyən edilmiş şərtlərlə istehlakçıya təklif olunduğundan, fiziki şəxs müqavilənin tərəfi kimi onun məzmununa təsir etmək, şərtlərini müfəssəl şəkildə müəyyənləşdirmək imkanına malik olmur.
87. Hazırki halda təklif edənin (məktəbin) əvvəldən tərtib etdiyi və hamıya eyni şəkildə təklif etdiyi müqavilə üzrə təhsil haqqının müqavilənin bağlandığı tarixdən asılı olmayaraq müvafiq tədris ili üzrə ona ödənilməsini və müqavilənin təkrar imzalanması üçün təhsil müəssisəsinin razılığına əsasən təhsil haqqının tam ödənilməsini tələb etmək, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququnu özündə saxlamaq, tələbin hər hansı müddət ərzində dərslərdə iştirak etmədiyi təqdirdə qabaqcadan ödənilmiş təhsil haqqını geri qaytarmamaq, müqavilənin qüvvəyə minməsindən sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə bu müqaviləyə xitam verildiyi təqdirdə heç bir ödənilmiş təhsil haqlarını və digər ödənişlərı geri ödəməmək hüququnu təhsil müəssisəsinə verən müqavilə şərtləri standart şərtlərdir.
88. Bununla əlaqədar qeyd edilməlidir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
89. Bu səbəbdən Mülki Məcəllənin 560.3.5-ci maddəsinə əsasən, bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə hüquqdan sui-istifadə hesab edilir.
90. Hazırkı işdə müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun olmasına baxmayaraq cavabdehin təhsil haqqının göstərilən xidmətə uyğun məbləğdə deyil, tam ödənilməsini tələb etmək, ödənilən təhsil haqqının geri qaytarılması hüququnu özündə saxlamaq səlahiyyətlərinə malik olmasına dair şərtləri müqaviləyə daxil etməsi müqavilənin digər tərəfini ondan asılı və daha əlverişsiz vəziyyətə qoymaqla, müqavilənin verdiyi imkanlardan bərabər şəkildə istifadə etməsinə əngəl törətməklə, mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması üçün zəmin yaradır, hüquqdan sui-istifadə təşkil edir.
91. Sui-istifadə edilən hüquqa söykənən tələblər və ya etirazlar isə müdafiə oluna bilməz. Belə ki, Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
92. Halbuki mülki qanunvericiliyə görə müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir.
93. Göründüyü kimi müqavilənin standart şərtləri qanunda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə uyğun olduğu halda da, həmin şərtlər etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
94. Kollegiya onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin etirazın əsası kimi istinad etdiyi tapşırıq müqaviləsinə aid normalardan da göründüyü kimi əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər (maddə 786.5). Hazırki işdən də müəyyən edilir ki, iddiaçı, tərəfi olduğu müqavilə üzrə təhsil haqqı olaraq ödənilməli olan 8.000 manat məbləğindən 4.600 manat ödəmişdir. Həmin məbləğ tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçının oğlunun cavabdehin təqdim etdiyi xidmətlərdən istifadə etdiyi (oxuduğu) yarım illik müddət üçün ödəməli olduğu təhsil haqqından da artıqdır.
95. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
96. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
97. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci isə cavabdehdən alınaraq müvafiq hesaba köçürülməlidir.
98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6239/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Elşən Kazımov