Məhkəmə qərarları › İş №2(103)-2561/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2561/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2561/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh “X23” MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, “X23” MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh4 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmlak Hərrac Mərkəzi“ MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022- ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, mənzil 108 İddiaçı1 mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla İddiaçı1 mülkiyyətindən çıxarılmışdır. Belə ki, xx.xx.2012-ci il tarixli 3117 saylı kredit Müqaviləsinə əsasən Cavabdeh4 120 ay müddətinə, illik 13% hesablanmaqla 50000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh4 və İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilinə dair xx.xx.2012-ci il tarixli, 025/12 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh4 müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyi üçün "xxxx" ASC məhkəməyə müraciət etmişdir. Nəticə etibarı ilə Cavabdeh4 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASCyə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh4 və İddiaçı1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaitinin hesabına borcun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Belə ki, bu mənzil vərəsəlik qaydası ilə İddiaçı1 məxsus olmuşdur. İddiaçı1 tərəfindən oğlu Cavabdeh4 verilən etibarnamə əsasında cavabdeh həmin mənzili banka girov qoymuşdur. İddiaçı2 isə cavabdeh tərəfindən götürülmüş kredit borcunun bir qismini ödəmişdir. Halbuki, həmin mənzil girov qoyulduqda İddiaçı2 vərəsəlik qaydası üzrə razılığı olmalı idi. Üstəlik mənzilin satışından sonra yerdə qalan pul məbləği Cavabdeh4 deyil, mənzilin mülkiyyətçisi olan İddiaçı1 verilməli idi. Həmin iş üzrə məhkəmə mübahisəs olmuş, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakim həmin qətnaməyə daiy apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə icra vərəqəsi verilmiş və Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasınd Cavabdeh2 MMC tərəfindən hərrac keçirilmişdir. Hərracın keçirilməsindən isə onların mənzil satıldıqdan sonra məlumatları olmuşdur. Belə ki, nə Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi barəsində, nə də keçirilən hərrac prosesinin iclası barəsində onlara heç bir məlumat verilməmişdir. İddiaçı1 özü Binəqədi rayon İcra və Probasiya şöbəsinə gedib maraqlandıqda onlara məlum olmuşdur ki, artıq hərrac yekunlaşmış və "xxxx" ASC tərəfindən həmin mənzil alınmışdır. Belə ki, İddiaçı1 məxsus Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və Cavabdeh2 MMC-nin 279/22 saylı, xx.xx.2022-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 90000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” Ar qanunun 43.7-ci maddəsinə əsasən əmlakın tələbkara təklif edilən qiiyməti təkrar hərracdakı satış qiymətindən (76500 manat) 25% az olmamaqla 57375 manat müəyyən edilmiş və həmin mənzil xx.xx.2022-ci il tarixdə hərracın yekunları üzrə alqısatqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. Keçirilən hərrac prosesinin iclası barəsində nə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən, nə də Cavabdeh2 MMC tərəfindən onlara heç bir məlumat verilməmişdir. Qeyd edirlər ki, İddiaçı1 ipoteka ilə yüklü edilmiş evdə yaşayır. Həmin evin hərracdan satılacağı tarix barədə rəsmi qaydada xəbərdar edilmədikləri üçün hərracda iştirak etmək hüquqlarından məhrum olmuşlar. Hərracın xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC tərəfindən keçirilməsi, 279/22 saylı Protokolun tərtib edilməsi və mənzilin satılması haqqında sonradan məlumat almışlar. Belə ki, həmin bildirişlərə də İddiaçı1 qeydiyyatda olduğu ünvanı bütün sənədlərdə formal olaraq qeydi olunsa da, rəsmi qaydada bildirişlər ona təqdim olunmamışdır. Hesab edirlər ki, cavabdehlər bilərəkdən qərəzli olaraq onlara məlumat verməmişlər. Nə hərrac barədə bildirişlər, nə də hərracın yekunları barədə protokol onlara təqdim olunmamışdır. Mənzilin hərracdan satıldığını öyrəndikdən sonra İddiaçı1 müraciət edərək bütün sənədləri özü əldə etmişdir. Ona heç bir sənəd qanunvericilikdə qeyd olunduğu kimi rəsmi qaydada təqdim olunmamışdır. Hesab edirlər ki, hərracın keçirilməsi barədə mənzilin mülkiyyətçisinə rəsmi qaydada bildirişlər göndərilmədiyindən, müddətlərə və “İpoteka haqqında” Qanunun qeyd olunan müddəalarına əməl olunmadığından iddia təmin olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin olunmamışdır. İddiaçılar qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı1 iddiasının rədd olunması hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir (MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddia tələbinin təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin dəlillərinin əsassız olmasını, şikayətin formal xarakter daşımasını, yalnız vaxt qazanamaq üçün bu cür əsassız iddiaların verilməsini göstərmiş, həmçinin bildirmişdir ki, iddiaçı X9 daha əvvəl də eyni tələblərlə analoji iddia irəli sürmüş, digər İddiaçı2 isə onun nümayəndəsi qismində iştirak etmiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1484/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda isə yenidən eyni tələblə məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, ən azı iş üzrə icraata iddiaçı X6 münasibətdə xitam verilməlidir. Digər İddiaçı2 isə ümumiyyətlə hərracı mübahisələndirməkdə subyektiv hüquqları mövcud deyildir. İddiaçıların məqsədi süni və əsassız iddialarla vaxt qazanmaq xarakteri daşıyır, nəticədə "xxxx" ASC-nin hüquqları məhdudlaşır. Məhkəmə iclasında iştirak edən cavabdeh “X23” MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olmasını, hərracın qanunvericliyin tələblərini gözləməklə keçirilməsini, hərrac zamanı hər hansı qanunsuzluğa yol verilməməsini, onun nəticələrinin düzgün olmasını, eləcə də şikayətin formal xarakterli olmasını, vaxt qazanmağa hesablanmasını, İddiaçı1 əvvəlcə də eyni əsaslarla, eyni predmet barəsində cavabdehlərə qarşı analoji iddia tələbləri ilə məhkəməyə müraciət etməsini, həmin işə mahiyyəti üzrə baxılmasını, iddianın rədd olunmasını, belə olan halda yenidən hazırki tələbə baxılmalı olmamasını və s. bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yuxarıda da qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 may 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı1 iddiasının rədd olunması hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən də hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı (yoxlanılan hissə) digər İddiaçı2 apellyasiya şikayəti üzrə yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia aşağıda göstərilən əsaslarla rədd olunmalıdır. Belə ki, iş materiallarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı1, Cavabdeh4 və X14 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh4 əsas borcu üzrə 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutuma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh4, İddiaçı1, X18, X8, X4, X7, X1 və X2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X12 cavabdehlər Cavabdeh4 və İddiaçı1 qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və mənzilin satışından tutulması”na dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişin surətindən görünür ki, icra məmuru Cavabdeh2 MMC-yə “Hərracın keçirilməsi haqqında” Sirafişlə müraciət etmiş, sifarişin surəti borclulara (Cavabdeh4, İddiaçı1), tələbkara ("xxxx" ASC) göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, ilkin hərracın keçirilməsi vaxtı barədə tərəflərə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hərracın baş tutmamasına dair protokolun surətindən görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə informasiya vasitəsi statuslu “Birjanyus” X3 (portalında), eləcə də, Cavabdeh2 MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamış, xx.xx.2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, ilkin hərracın keçirilməsi vaxtı barədə tərəflərə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hərracın baş tutmamasına dair protokolun surətindən görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə informasiya vasitəsi statuslu “Birjanyus” X3 (portalında), eləcə də, Cavabdeh2 MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş təkrar hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamış, xx.xx.2022-ci il tarixinə təyin edilmiş təkrar hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə edilməsi barədə təklifin surətindən görünür ki, Əmlak Hərrac Mərkəzi ipoteka saxlayan "xxxx" ASCyə (surəti işdə iştirak edən digər şəxslərə, həmçinin icra şöbəsinə) təklif ünvanlamış, təklifdə göstərilmişdir ki, mənzilə dair 11 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Əmlak ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə olmaqla 29 noyabr 2022-ci il, saat 11:00 tarixlinə təkrar açıq hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə göndərilməklə, təkrar açıq hərrac barədə elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” internet informasiya portalında dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar müvafiq protokol tərtib edilməklə, hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Mənzilin 57375 manata bank tərəfindən əldə edilməsi banka təklif edilmişdir. İşdə olan Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli, 279/22 nömrəli “Açıq hərracın yekunları barədə protokol”dan görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid ünvanında yerləşən 2 otaqlı, 49,54 kv.metr ümumi, 30,14 kv.metr yaşayış sahəsindən ibarət olan 11 nömrəli evin 108 saylı mənzili 57375 manata tələbkar "xxxx" ASC tərəfindən əldə olunmuşdur. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)- 1484/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh2 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzil "xxxx" ASC-nin mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixidir. İşə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 354-cü maddəsinə istinad edərək, iddiaçılar tərəfindən 1 illik kəsici müddətin ötürüldüyünü, eləcə də hərracın yekunları barədə protokolun ona təqdim olunmamasının hərracın yekunları barədə protokolun ləğv olunması üçün əsas təşkil etmədiyini qeyd edərək iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, mülki qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan sübutlardan, eləcə də işin fakiki hallarından göründüyü kimi, İddiaçı2 hərracın nəticələrini mübahisələndirməkdə ümumiyyətlə subyektiv hüquqları mövcud deyildir. İddiaçının özü də bu istiqamətdə məhkəməyə hər hansı əsaslandırma və sübut təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə qərarlarından da göründüyü kimi, hazırkı iş üzrə İddiaçı2 "xxxx" ASC ilə bağlanmış müvafiq kredit və ipoteka müqaviləsinin tərəfi (borclu və ya ipoteka qoyan) olmamış, eləcə də onun hüquq və vəzifələri ilə bağlı hər hansı qərar qəbul olunmamışdır. Göründüyü kimi, hərracın keçirilməsinin və onun nəticələrinin İddiaçı2 maraq və qanuni mənafeyinə təsir etməsi işdən müəyyən olunmur. Bununla yanaşı, qeyd edildiy kimi, hərracın nəticələri daha əvvəl İddiaçı1 tərəfindən mübahisələndirilmiş, həmin vaxtı İddiaçı2 onun nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1484/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Lakin, bu halın özü belə, İddiaçı2 hərracın nəticələrini müstəqil qaydada mübahisələndirməkdə ona hər hansı tələb hüququ yaratmır. Həmçinin qeyd edilməlidir ki, hazırki iş üzrə iddia ərizəsində də məhz ipoteka qoyan kimi İddiaçı1 hüquqlarının pozulması ilə bağlı dəlillər (hərrac barədə məlumatlı olmaması, hərrac bitdikdən sonra onun nəticələrindən məlumatlı olması, müddətlərə və “İpoteka haqqında” qanunvericiliyin tələblərinə əməl olunmaması kimi) öz əksini tapmış, İddiaçı2 subyektiv hüquqlarının pozulması və ya müdafiə edilməli olması ilə bağlı hər hansı dəlil və əsaslandırma göstərilməmişdir. Göründüyü kimi, İddiaçı2 hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv (tələb) hüquqlarının mövcudluğu müəyyən olunmur. Qeyd edilməlidir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, İddiaçı2 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv (tələb) hüququ olmadığından, iddia tələbi məhz həmin əsas üzrə rədd olunmalıdır. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş, hərracın nəticələrinin qanuniliyini onu mübahisələndirməyə subyektiv hüququ olmayan şəxsin tələbi üzrə mahiyyəti üzrə yoxlamış, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, nəticədə də qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, “X23” MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh4 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” barədə iddiasının rədd olunması hissədə ləğv olunmalı, qeyd edilən hissədə yeni qətnamə qəbul olunmalı, həmin iddia tələbləri qətnamənin əsaslandırıcı hissəsində əks olanan hüquqi mövqeyə görə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, “X23” MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh4 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, “X23” MMC-yə, "xxxx" ASC-yə və Cavabdeh4 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələblərinin rədd olunması hissədə ləğv olunsun, həmin iddia tələbləri qətnamənin əsaslandırıcı hissəsində əks olanan hüquqi mövqeyə görə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar