Məhkəmə qərarları › İş №2(103)-2562/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2562/2021

11.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2562/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı1 Rəhim qızının, Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 1382/2020 nömrəli qətnaməsindən İddiaçı1 Rəhim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 Rəhim qızı, İddiaçı2 Cavabdeh-nə qarşı “mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması, daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” MMC ilə İddiaçı1 Rəhim qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli K037 saylı müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh “xxxx” MMC tərəfindən İddiaçı1 Rəhim qızının qanuni istifadəsində olan Bakı şəhəri. Nərimanov rayonu, Mayakovski 8/9 saylı binanın tinində yerləşən 4,5 kv. sahəsi olan köşk üzərində istifadə hüququna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı. ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 Rəhim qızının mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 saylı binada yerləşən 59 saylı mənzil üzərində İddiaçı1 mülkiyyət hüquqüna qəsdə son qoyulması; Azərbaycan SSR X3 Təchizat Komitəsi tərəfindən verilmiş xx.xx.1991 -ci il tarixli 14 saylı orderə əsasən, İddiaçı2 qanuni istifadəsində olan, ümumi sahəsi 232 kv. metr qeyri-yaşayış sahəsinə istifadə hüquqüna və Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli seriya ОМ İ 14223 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvandakı çoxmənzilli yaşayış binasında yerləşən 1 saylı mənzil üzərində qəsdə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında İddiaçı1 Rəhim qızı “əmlakın sökülməsinə görə kompensasiyanın ödənilməsi” barədə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim etməklə, Cavabdeh-nin üzərinə, mülkiyyətində olan yaşayış sahəsinin sökülməsinə görə və qanuni istifadəsində olan qeyri-yaşayış sahəsinin daşınmasına görə ona bazar qiyməti ilə kompensasiya ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı1 Rəhim qızı məhkəməyə ərizə təqdim edərək, “əmlakın sökülməsinə görə kompensasiyanın ödənilməsi” barədə iddia ərizəsinin qaytarılmasını, ilkin iddia tələbinə baxılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı1 Rəhim qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli K037 saylı müqavilənin dəyişdirilməsi, sökülmüş mülkiyyətimdə olan mənzilin əvəzində ona iki ədəd tam təmirli bir otaqlı mənzil deyil, tikiləcək binanın 4-6-cı mərtəbələrində yerləşən və iki istiqamətə pəncərəsi olan bir ədəd üçotaqlı tam təmirli mənzil verilməsinin, tikilən binanın tinində dağıdılmış iş yerinin torpaq sahəsində tikilmiş çoxmərtəbəli qeyri yaşayış binanın birinci mərtəbəsində iş yerini bərpa etmək üçün həmin qeyri yaşayış sahəsindən birinin ona verilməsinin bina tikilib istismara qəbul olunanadək yaşayış sahəsindən istifadə üçün ona verilən kirayə haqqının məbləğinin 500 manatdan 600 manatadək artırılması müqavilənin şərtlərində nəzərdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı1 Rəhim qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xxxx” MMC ilə onun arasındakı K 037 saylı, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin dəyişdirilməsi, 3 (üç) otaqlı, 62,08 k.m mənzilin əvəzinə cavabdeh tərəfindən yeni tikilən binanın 4-6 cı mərtəbələrinin birindən tam təmirli, 3 (üç) otaqlı mənzilin verilməsi, tikilən binanın tinində yerləşən, ona məxsus yeganə gəlir yeri olan iş yerinin sökülərək yerində tikilmiş, qeyriyaşayış sahəsində iş yerinin bərpa edilməsi və bina tikilib istismara verilənədək, ona verilən kirayə haqqının 500 manatdan, 600 manata artırılması barədə xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı1 Rəhim qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli K 037 saylı müqavilənin dəyişdirilməsi, mülkiyyətində olan 62,08 kv metr üç otaqlı mənzilinin sökülərək əvəzində həmin şirkət tərəfindən ona həmin binanın 4- 6-cı mərtəbələrindən birində tam təmirli 3 (üç) otaqlı mənzilin verilməsi, tikilən binanın tinində şirkət tərəfindən dağıdılmış ona məxsus iş yerinin (yeganə gəlir yerinin) yerində tikilmiş qeyri yaşayış sahəsindən ona iş yerini bərpa etmək üçün qeyri yaşayış sahəsindən birinin verilməsinin təmin edilməsi və bina tikilib istismara verilənə qədər ona verilən kirayə haqqının 500 manatdan 600 manata artırılması tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanda yerləşən ümumi yataqxana binasında istifadədə olan 0,0752 ha torpaq sahəsində yerləşən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 36,0 kv. metr olan 59 saylı mənzil, xx.xx.2009-cu il tarixli MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Eyvanların yaşayış sahəsi vəziyyətinə gətirilməsi nəticəsində, mənzilin faktiki sahəsi 62,08 kv. metr olmuşdur. Cavabdeh “xxxx” MMC ilə onun arasında xx.xx.2019-cu il tarixli K037 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “xxxx” MMC Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski 8/9 ünvanda yerləşən binada ona məxsus mənzilin sökülməsi nəticəsində, 74 kv. metrlik yaşayış sahəsini mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilə bağlanarkən, qanuni istifadədə olmuş, ünvan 4 ünvanda yerləşmiş binanın tinində yerləşən ticarət köşkündən məhrum olmağı, mülkiyyətində olan mənzilin iki əks istiqamətə pəncərəsinin olmağı və 5-ci mərtəbədə yerləşməsi nəzərə alınmamışdır. İş materiallarında olan, Nərimanov Rayon İcra Hakimiyyətinin ona ünvanlanmış xx.xx.2005-ci il tarixli, 42 saylı və xx.xx.2011-ci il tarixli 25 saylı məktubları ilə köşkün həmin ünvanda fəaliyyət göstərməsinə icazə verilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti, ona ünvanlanmış xx.xx.2005-ci il tarixli 42 saylı və xx.xx.2011-ci il tarixli 25 saylı məktubları ilə, köşkün həmin ünvanda fəaliyyət göstərməsinə dair iradəsini ifadə etmişdir. Beləliklə, ona məxsus köşk, ünvan 4 ünvanda yerləşən binanın tinində qanuni əsaslarla fəaliyyət göstərmişdir. Hazırda həmin köşk cavabdeh tərəfindən naməlum istiqamətdə daşınmış və yerləşdiyi torpaq sahəsi zəbt edilmiş və həmin torpaq sahəsində 3-4 mərtəbəli qeyri-yaşayış sahəsi tiklilir. “xxxx” MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli K037 saylı müqavilə, onun hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlanmışdır. Bu səbəbdən, həmin müqavilənin şərtləri dəyişdirilməli, sökülmüş mənzilin əvəzində ona iki ədəd tam təmirli bir otaqlı mənzil deyil, tikiləcək binanın 4-6-cı mərtəbələrində yerləşən və iki istiqamətə pəncərəsi olan bir ədəd tam təmirli üç otaqlı mənzilin verilməsi, qanunsuz məhrum olduğu yeganə gəlir mənbəyinin - ticarət köşkünün əvəzində, tikiləcək binanın tinində şirkət tərəfindən dağıdılmış iş yerinin torpağında tikilən çoxmərtəbəli çoxsaylı qeyri yaşayış sahəsinin birinci mərtəbəsində ona qeyri yaşayış sahəsinin verilməsi, bina tikilib istismara qəbul olunanadək yaşayış sahəsindən istifadə üçün ona veriləcək kirayə haqqının məbləğinin 500 manatdan 600 manatadək artırılması, bina tikilib istismara qəbul olunanadək ticarət köşkündən istifadə imkanından məhrum olmağının müqabilində ona hər ay 300 manat pul ödənilməsi müqavilənin şərtlərində nəzərdə tutulmalıdır. Şərh olunanlardan görünür ki, xx.xx.2019-cu il tarixli K 037 saylı müqavilə bağlanarkən, iddiaçı ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə ki, sökülmüş binada yerləşmiş, onun mülkiyyətində olan 59 saylı mənzil 3 otaqdan ibarət idi. Həmçinin, mənzilin ibarət olduğu 62,08 kv. metr sahə hamısı yaşayış otaqları idi. Ümumi istifadədə olan hamam, dəhliz və ayaqyolu həmin sahəyə daxil deyil. Binanın koridorunda yerləşən həmin yardımçı sahələr ümumi istifadədə olmaqla, onun ailəsi tərəfindən də istifadə olunurdu. Həmçinin, binanın küncündə yerləşən ticarət köşkü onun sabit və yeganə gəlir mənbəyi idi. Hal-hazırda, həmin bina cavabdeh tərəfindən, qanunsuz olaraq bütövlükdə sökülmüşdür. İddiaçı 3 yaşayış otağından, mətbəx və sanitar qovşaqdan məhrum olmuşdur. Eyni zamanda binanın tinində ticarətlə məşğul olaraq gündəlik çörək pulu qazandığı iş yerindən də məhrum edilmiş və o vaxtdan sosial fonda da ödənişləri dayandırmış bu da onun gələcəkdə pensiya təyinatına əngəl olacaq. Söküntü işləri, iddiaçı həmin binada yaşayamağına baxmayaraq zor gücünə həyata keçirilmişdir. Otaqlar sənədlərə əsasən həmin yataqxanada 11 kv.m təşkil edir. İddiaçıda isə 36 kv metr olduğu halda ona qarşı qərəzli mövqe tutulur. İddiaçı 500 manat kompensasiya alır. İddiaçıdan daha az sahəsi olan mənzildə yaşayanlar 700 manat kompensasiya alır. Və ona 2 ədəd 1 otaqlı , onlara isə 2 ədəd 2 otaqlı verilir. İddiaçı və ailə üzvləri dəfələrlə şirkətə müraciət etsə də bu məsələyə cavab verilməmişdir. İddiaçı müqaviləni pozmağa çalışırdı ki, uşaqları ondan paylarını geri istədilər. Ayrı ailə kimi çıxmaq üçün ondan paylarını istədilər. Şirkətə ərizə yazsa da, heç cavab verilmədi. Cavabdeh “xxxxs” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli K037 saylı müqavilənin dəyişdirilməsi, sökülmüş mülkiyyətində olan mənzilin əvəzində ona iki ədəd tam təmirli birotaqlı mənzil deyil, tikiləcək binanın 4-6-cı mərtəbələrində yerləşən və iki istiqamətə pəncərəsi olan bir ədəd üç otaqlı tam təmirli mənzil verilməsinin, tikilən binanın tinində dağıdılmış iş yerinin torpaq sahəsində tikilmiş çoxmərtəbəli qeyri yaşayış binanın birinci mərtəbəsində iş yerini bərpa etmək üçün həmin qeyri yaşayış sahəsindən birinin ona verilməsinin bina tikilib istismara qəbul olunanadək yaşayış sahəsindən istifadə üçün ona verilən kirayə haqqının məbləğinin 500 manatdan 600 manatadək artırılması müqavilənin şərtlərində nəzərdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 1382/2020 nömrəli qətnaməsi ilə İddiaçı1 Rəhim qızının Cavabdeh-nə qarşı “müqavilənin dəyişdirilməsi, mənzil verilməsi, qeyri-yaşayış yerində iş yerinin bərpası və kirayə pulunun artırılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı1 Rəhim qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1382/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələblərinin tam təmin olunması haqda ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, “xxxx” MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli K037 saylı müqavilə, iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlanmış əqddir. Bu səbəbdən, həmin müqavilənin şərtləri dəyişdirilməli, sökülmüş mənzilin əvəzində ona iki ədəd tam təmirli bir otaqlı mənzil deyil, tikiləcək binanın 4-6-cı mərtəbələrində yerləşən və iki istiqamətə pəncərəsi olan bir ədəd tam təmirli üçotaqlı mənzilin verilməsi, qanunsuz məhrum olduğu yeganə gəlir mənbəyinin - ticarət köşkünün əvəzində, tikiləcək binanın tinində şirkət tərəfindən dağıdılmış iş yerinin torpağında tikilən çoxmərtəbəli çoxsaylı qeyri yaşayış sahəsinin birinci mərtəbəsində ona qeyri yaşayış sahəsinin verilməsi, bina tikilib istismara qəbul olunanadək yaşayış sahəsindən istifadə üçün ona veriləcək kirayə haqqının məbləğinin 500 manatdan 600 manatadək artırılması, bina tikilib istismara qəbul olunanadək ticarət köşkündən istifadə imkanından məhrum olmağının müqabilində ona hər ay 300 manat pul ödənilməsi müqavilənin şərtlərində nəzərdə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edir ki, xx.xx.2019-cu il tarixli K0 37 saylı müqavilə bağlanarkən, o, ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş. Belə ki, sökülmüş binada yerləşmiş, mülkiyyətyində olan 59 saylı mənzil 3 otaqdan ibarət idi. Həmçinin, mənzilin ibarət olduğu 62,08 kv. metr sahə hamısı yaşayış otaqları idi. Ümumi istifadədə olan hamam, dəhliz və ayaqyolu həmin sahəyə daxil deyil. Binanın koridorunda yerləşən həmin yardımçı sahələr ümumi istifadədə olmaqla, onun ailəsi tərəfindən də istifadə olunurdu. Həmçinin, binanın küncündə yerləşən ticarət köşkü onun sabit və yeganə gəlir mənbəyi idi. Beləliklə, hazırki müqavilə, bina sökülənədək malik olduğu və hazırda məhrum olduğu mənzil şəraitini və sosial təminatını əhatə etmir. Həmin müqavilə, yuxarıda göstərilən şərtlər nəzərə alınmaqla dəyişdirilməlidir. Hal-hazırda, həmin bina cavabdeh tərəfindən, qanunsuz olaraq bütövlükdə sökülmüşdür. O, 3 yaşayış otağından, mətbəx və sanqovşaqdan məhrum olduğunu, eyni zamanda binanın tinində ticarətlə məşğul olaraq gündəlik çörək pulu qazandığı iş yerindən də məhrum edildiyini və o vaxtdan sosial fonda da ödənişləri dayandırdığını bu da onun gələcəkdə pensiya təyinatına əngəl ol olacağını bildirmişdir. Söküntü, onun həmin binada yaşaya-yaşaya, zorla həyata keçirildiyini qeyd etmişdir. Dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Şirkət, Azərbaycan Respublikası Dövlət Kontrak Korparasiyasının “Azər Kontrakt” Səhmdar cəmiyyətinin ona mənzil alana qədər yaşamağa icazə verdiyi yataqxananı ona verdiyi mənzil alana qədər yaşamağa icazə verdiyi yataqxananı hansı şərtlərlə və öhdəliklərlə sökməyi öhdəsinə götürmüşdür. Otaqlar sənədlə həmin yataxanada 11 kv. metirdi. Onda isə 36 kv metir olduğu halda iddiaçıya qarşı qərəzli mövqe tutulur. İddiaçı 500 manat konpensasiya aldığını, ondan az kvadratda yaşayanlar 700 manat konpensasiya aldığını və ona 2 ədəd 1 otağlı,onlara isə 2 ədəd 2 otaqlı verildiyini bildirmişdir. İdddiaçı və ailə üzvləri dəfələrlə şirkətə muraiciət etsələr də bu məsələyə cavab verilməyib. İddiaçı müqaviləni pozmağa çalışmış ki, uşaqları ondan paylarını geri istəmişlər. Ayrı ailə kimi çıxmaq ucun ondan paylarını istəyirdilər. Şirkətə ərizə yazsalar da hec bir cavab verməmişlər. İddiaçı bu faktların hamısını məhkəmədə qeyd etmiş və səsləndirsə də, məhkəmə bunların heç birinə hüquqi qiymət verməmişdir. Cavabdehin tikintiyə aid olan sənədlərinin məhkəməyə gətirilərək baxış keçirilməsi və Nərimanov rayon İcra Hakimiyyətinin iştirakının təmin edilməsi haqda vəsatətlərinin hərəkətsiz qaldığını məhkəmə ərizələrinin təmin etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Rəhim qızı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2019-cu il tarixli, K 037 saylı müqavilədən görünür ki, “xxxx” MMC və digər tərəfdən “mülkiyyətçi” adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 8/9 ünvanında yaşayan İddiaçı1 Rəhim qızı aşağıdakı şərtlər ilə müqaviləni bağladılar. 1.1-ci maddəsinə əsasən “xxxx” MMC adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 8/9 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı, 62.08 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə biri 44 kv.m və 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2-ci maddəsinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “xxxx” MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul qəbul etməyi öhdəsinə götürür. 2.1.2-ci maddəsinə əsasən yeni binanın tikintisi başa çatanadək, hər iki mənzil təhvil verildiyi günədək aylıq 500 manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. 2.2.3-cü maddəsinə əsasən müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin ayda 1 (bir) dəfə hər ayının 1-dək mülkiyyətçiyə ödənilməsini təmin etmək “xxxx” MMC-nin vəzifəsidir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.0752 ha torpaq sahəsində yerləşən 8/9 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində 36.0 kv.m ümumi, 36.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 59 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 Rəhim qızının adına daşınmaz əmlakın dövlət reyestrində 890 nömrəli reyestr kitabının 82732 nömrəli vərəqində xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 saylı arayışa əsasən Nəbiyeva X2 (VÖEN **********) Bakı şəhəri, Mayakovski küçəsi, ev 8/9 saylı yaşayış binasının tinində yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin) adı Çörək köşkü. xx.xx.2011-ci il tarixli 25 №-li Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin İddiaçı1 ünvanlamış məktubundan görünür ki, ailə vəziyyəti nəzərə alınaraq, evin yaxınlığında, uzun müddətdir istifadədə olan köşkdə fəaliyyəti davam etdirməyə icra hakimiyyəti etiraz etmir. İlk öncə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, K 037 saylı müqavilənin şərtlərinin dəyişdirilməsinə əsasların olub-olmaması ilə bağlı qeyd edilir ki: Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tələblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, müqavilənin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə belə bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh “xxxx” MMC ilə İddiaçı1 Rəhim qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli K037 saylı müqavilənin dəyişdirilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, iddiaçı müqavilənin bütün bəndləri ilə razılaşdığını yazılı surətdə öz imzası ilə təsdiq etmişdir, habelə iddiaçının tələbini əsaslandırdığı hallar cavabdeh tərəfin istinad etdiyi hallarla təkzib olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının müqavilənin dəyişdirilməsi ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu səbəbdən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası iddia tələbində göstərilən tikilən binanın tinində şirkət tərəfindən dağıdılmış ona məxsus iş yerinin (yeganə gəlir yerinin) yerində tikilmiş qeyri yaşayış sahəsindən ona iş yerini bərpa etmək üçün qeyri yaşayış sahəsindən birinin verilməsinin təmin edilməsi bağlı qeyd edir ki, iddiaçının vergi orqanında qeydiyyatda olması, Nərimanov Rayon İcra Hakimiyyətinin buna etiraz etməməsi, iddiaçıya yeni tikiləcək binada qeyri-yaşayış verilməsi üçün əsas ola bilməz. Çünki belə bir tələb yalnız mülkiyyət hüquqlarından irəli gələ bilər. Həmçinin iş vərəqi 280-də olan xx.xx.2020-ci il tarixli Yerli baxış protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə 1-ci instansiya məhkəməsi tərəfindən ünvan 4 ünvandakı tikiliyə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi köşk binanın tinində hündür ağacın yanında yerləşirdi. Hazırda ağacın yanındakı sahə boşdur. Onun yerində hər hansı qeyri yaşayış sahəsinin tikilməsi halı müəyyən edilmir. Mübahisəli köşk əvvəllər yerləşdiyi yerdən götürülüb yaxınlıqda olan digər küçədə, işlək yol kənarında yerləşdirilib. Göründüyü kimi iddiaçının tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilənlərlə əlaqədar araşdırma aparılaraq yuxarıda qiymət verildiyindən təkrar əsaslandırmaya zərurət qalmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 1382/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar