Məhkəmə qərarları › İş №2(103)-2567/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2567/2024

27.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2567/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(001)-1379/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 20000 manat maddi ziyan və 5000 manat mənəvi ziyan olmaqla ümumilikdə 25000 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1379/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin və 165 (yüz altmış beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə qərardad qəbul edilməsi ilə bağlı ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun rəsmi qeydiyyat Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi 1 İ/B olmaqla Binəqədi rayon Polis idarəsinin inzibati binasıdır. İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsinin gedişatından və çıxarılmış yekun qətnamədən məlumatı olmamışdır. Mülki işin materialları ilə tanış olarkən ona göndərilmiş bütün poçt göndərişlərinin çatdırılmadığını müəyyən etmişdir. Bundan başqa bildirmək istəyir ki, çıxarılmış yekun qətnamədən Binəqədi rayon İcra Şöbəsi tərəfindən məlumatlandırımış və dərhal Binəqədi Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət edərək mülki işlə tanış olmuşdur. Ona görə də qətnaməni rəsmi qaydada almaq tarixini xx.xx.2024-cü il kimi hesablamaqla qətnamədən verdiyi apellyasiya şikayəti üçün prosessual müddətin buraxılmamış hesab edilməsi barədə qərardad qəbul edilməsini və mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(001)-1379/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1379/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilmiş, həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2(001)-1379/2023 saylı qərardadı ilə təmin edilməmiş mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-1379/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qanunsuz və əsassızdır. Belə ki, qanunun mənası birmənalı olmaqla tərəfin yalnız qətnaməni rəsmi almasını tələb edir ki, bundan sonra həmin tərəfin apellyasiya şikayəti verməsi üçün müddətin axımı başlayır. Hazırki iş materiallarından da açıq-aşkar görünür ki, Cavabdeh mülki iş üzrə qətnaməni rəsmi almamış, bu barədə iş materiallarında hər hansı sübut mövcud deyildir, məhkəmə də qətnamənin çatdırılması üçün hər hansı tədbir görməmişdir. Amma məhkəmə məsələyə formal və qərəzli yanaşmaqla tərəfin barəsində çıxarılmış müvafiq məhkəmə aktını mübahisələndirmək hüququnu kobud surətdə məhdudlaşdırır. Bundan başqa, şəxsin məhkəmə iclasları barədə də xəbərinin olmaması (olması) onun qətnaməni alıbalmaması ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardadının ləğv edilməsi üçün əsas olmadığına görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən olunur ki, iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olub və məhkəmənin hazırlıq iclası 09 fevral 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmənin iclası barədə cavabdehin ***-***-**-** nömrəli mobil nömrəsinə sms bildiriş göndərilmiş və mesaj çatdırılmışdır. Növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və yenə həmin mobil telefon nömrəsinə sms bildiriş göndərilmişdir. Qətnamə qəbul edildikdən sonra icraya yönəldilmiş və icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işdən məlumatının olmadığını və qətnamənin surətini almadığını və iş materialları ilə tanış olmağına köməklik göstərilməsini xahiş etmiş, həmin ərizədə ünvanının Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 9, ev 4 olduğu, mobil nömrəsinin ***-***-**-** olduğu qeyd edilmişdir. Digər tərəfidən məhkəmə sorğusu əsasında əldə edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, 22 fevral 2023-cü il tarixli, 2(001)- 1379/2023 saylı icra vərəqəsinə əsasən iş üzrə borclu Cavabdeh istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə Elektron İcra İsformasiya Sistemi vasitəsi ilə SMS formasında Xəbərdaqlıq Bildirişi və Çağırış Bildirişi göndərilməsinə baxmayaraq o, bildirişlərə məhəl qoymamışdır. İş üzrə borclu Cavabdeh icra sənədinin icrasından yayınaraq gizləndiyi üçün onun barəsində xx.xx.2023-cü il tarixdə “Borclunun axtarılması haqqında” Qərar qəbul edilərək icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində axtarış işi açılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə kollegiya qeyd edir ki, cavabdehin özünün ərizəsində qeyd etdiyi mobil nömrəsinə sms bildirişlər göndərilmiş və çatdırıldığı halda hazırda cavabdehin qətnamənin rəsmi qaydada ona çatdırılmamasına istinad etməsi prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, sonuncu məhkəmə iclası barədə sms bildirişi aldıqdan sonra təxminən 1 il sonra məhkəməyə müraciət etməsi, keçən müddət ərzində barəsində olan işin aqibəti ilə maraqlanmayaraq laqeydlik və hərəkətsizlik göstərməsi, məhkəmə qətnaməsinin onun məhkəməyə məlum olmayan ünvanına göndəriləcəyini güman etməsi prosessual hüquqlarından vicdanla istifadə etmədiyi qənaətini formalaşdırır. Qətnamədən qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən, qanuni qüvvəsini alaraq xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi). Avropa İnsan Hüquqları Məhkəməsinin “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Cavabdeh isə prosessual müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsində müddətin keçməsinin konkret üzrlü səbəblərini göstərməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız qətnaməni almamasına, onu sonradan əldə etməsinə, qeydiyyatda olduğu ünvanda yaşamamasına əsaslanmışdır ki, bu hallar da prosessual müddətlərin bərpası institutunun mahiyyəti ilə uzlaşmır. Yəni, əgər şəxs həqiqətən məhkəmə icraatından və qətnamədən ümumiyyətlə məlumatlı olmamışsa, o zaman müddətin bərpasına və ya ötürülməmiş hesab edilməsinə dair ərizə verməsinə də zərurət olmazdı. Cavabdeh ərizə verməklə bir tərəfdən müddəti ötürməsini təsdiq edir, digər tərəfdən isə əks mövqe sərgiləyir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün prosessual əsaslar yoxdur. Cavabdehin irəli sürdüyü dəlillər üzərindən bir il müddət keçdikdən sonra prosessual müddətin üzrlü sayılması üçün qanuni əsas təşkil edə bilməz. Məhkəmə kollegiası məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyənləşdirilmiş 1 aylıq müddət heç bir üzürlü səbəb olmadan ötürülmüş, cavabdehin nümayəndəsi və vəkili tərəfindən ərizədə göstərilmiş hallar müddətinin ötürülməməsinin üzürlü səbəbi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin olunmamaqla düzgün nəticəyə gəlinmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2tərəfindən verilən şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(001)-1379/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar