Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-257/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-401/2024 saylı, 02 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MTK-nın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş "xxxx" MTK(Cavabdeh MTK) ilə İddiaçı arasında bağlanılmış 28 iyul 2021-cü il tarixli müqavilənin 1.2 bəndinə əsasən “Əmlak mülkiyyətçisi” - İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 81 saylı, 38 kv.m-dən ibarət mənzil sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən “Tikinti şirkəti” ünvan 2 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nin müılkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (birinci) mərtəbəsinin 1-ci (birinci) səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Haçıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 4.8 (dörd metr səksən santımetr) olmaqla 50 (əlli ) kv.metr təmirli qeyri-yaşayış sahəsi “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayı sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1500 (bir min beş yüz) manat ödəyir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MTK-dan 9000(doqquz min) manat və 110(yüz on) manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq X1 ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3601/2024 nömrəli qətnaməsi ilə Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməyib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarxli 2(102)- 1308/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3601/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh MTK-ya qarşı kompensasiya tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək cavabdehdən 13 500 (on üç min beş yüz) manat kompensasiya və dövlət rüsumuna görə 176(yüz yetmiş altı) manat xərcin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
6. İddiada göstərilib ki, hazırda tikinti şirkəti tərəfindən ona qeyri-yaşayış sahəsi ayrılmış, lakin həmin qeyri-yaşayış sahəsində heç bir təmir işləri aparılmır və kompensasiya olaraq ödənilməli pul ödənilmir. Tərəfindən “Tikinti şirkətinə” rəsmi xəbərdarlıq edilmiş, pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamamışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-401/2024 saylı, 02 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilərək Cavabdeh MTK-dan 13,500 (on üç min beş yüz) manat və ödənilmiş 176 (yüz yetmiş altı) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı qız ıilə "xxxx" MTK arasında 28 iyul 2021-cü il tarixdə Müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 50 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmiş, obyekt təmirli təhvil verilənədək hər ay mülkiyyətçiyə ödəməli olduğu 1500 manat məbləğində kompensasiyanın verilməsini 2023-cü ilin iyul ayından dayandırmışdır. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddia tələbi əsaslıdır. Cavabdeh 38 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verilənədək hər ay iddiaçıya 1500 manat məbləğində kompensasiya verməlidir. İş materiallarından və tərəflərin izahatından məlum olmuşdur ki, cavabdeh 2023-cü ilin iyul ayından kompensasiyanın verilməsini dayandırmışdır. Odur ki, 13,500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh MTK-nın apellyasiya şikayətində qətnamənin qismən, yəni 13500 (on üç min beş yüz) manat məbləğində pulun tutulması hissəsində ləğv edilib həmin hissədə iddianın rədd edilməsini xahiş edilmiş və şikayət bununla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında imzalanmış 28 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, sökülmüş 30 m2 qeyriyaşayış sahəsinin əvəzinə 50 m2 təmirli qeyri-yaşayış sahəsi 24 aydan gec olmayaraq təhvil verilməliydi. Şirkət tərəfindən müqavilənin şərtlərinə riayət olunaraq müqavilənin müddətinin bitməsinə bir neçə ay qalmış təmirə başlamaq üçün cavabdehə müraciət olunmuş və təmirin layihəsinin təqdim edilməsi təklif edilmişdir. Hətta bununla bağlı ona dəfələrlə rəsmi xəbərdarlıq edilmiş (məktub və sms bildirişlə), təmirə ayrılmış müddət göstərilmiş, həmin müddət bitdikdən sonra, icarə haqqının dayandırılacağı bildirilmişdir. Bundan sonra, iddiaçıdan cavab çıxmadığını görüb təmir üçün müqavilə bağladıqları podratçı şirkətə ödəniş edərək təmir edilməsi istənilib. Müəyyən təmir işləri aparılmış, iddiaçının tələbi ilə bəzi divarlar sökülərək yenidən tikilmişdir. Lakin sonradan iddiaçı aparılan işlərlə razılaşmayaraq təmiri dayandırmış və özünün təmir etdirməsi üçün 15000 manat (1 kv.m üçün 300 manat) tələb etmişdir. Razılaşmadığı hallar isə, normadan artıq tələbləri olmuşdur. Belə ki, binanın razılaşdırılmış layihəsindən kənara çıxaraq əlavə qapıların açılması, əlavə hamam otaqlarının tikilməsi, təmiri və sair tələblər irəli sürmüşdür. Qeyd olunan hallar, birinci instansiya məhkəməsindən şahid ifadələri ilə öz təsdiqini tapmışdır və müəyyən olunmuşdur ki, təmir məhz iddiaçının tələbi ilə dayandırlmışdır. İddiaçı təmirə başlamaq üçün layihəni təqdim etməkdən yayınmış, süni olaraq vaxtı uzatmışdır. Bundan sonra, şirkət tərəfindən təmirin başlanılması təmin edildikdə isə, podratçının işçilərini sahədən qovaraq təmiri dayandırmışdır. Baxmayaraq ki, podratçı şirkətə ödənişlər də əvvəlcədən ödənilmişdir. Bununla da iddiaçı vicdanlığının tələb etdiyi tərzdə hərəkət etməmişdir. Cavabdehin vəsatəti əsasında işə cəlb edilmiş şahidlərin hər biri təsdiq etdilər ki, təmir işləri məhz iddiaçının tələbi və göstərişi ilə dayandırılmışdır. İddiaçını danışıqlarda təmsil etmiş nümayəndəsi X2 da ifadəsində bildirmişdir ki, isti pol olmadığından, təmirdən imtina etmiş və dayandırmışdır. Təmir əvəzinə 15000 manat tələb etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. 18.Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hər iki iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, işdən də açıq-aşkar görünür ki, iddiaçı kompensasiya ilə yanaşı təmir pulu tələb etsə də, sonradan tələbin həcmini azaldaraq yalnız cavabdehin müqavilənin 1.4-cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyinin icrasını, yəni təmirli qeyri-yaşayı sahəsi ilə təmin edən günədək müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə kompensasiya şəklində hər ay 1500 (min beş yüz) manat ödəməsini tələb etmişdir.Cavabdeh müqavilənin həmin şərtindən irəli gələn öhdəliklərini lazımınca icra etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Demək ki, cavabdeh iddiaçını öhdəlikləri lazımı qaydada icra etməmədə qınamaqda haqlı olmamışdır. Buna görə də, birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin üzərinə müqavilə üzrə yerinə yetirməli öhdəlikləri qoymaqla düzgün nəticəyə gəlib.
25. Budan əlavə, ağlabatan mühakimə ilə də təsdiq olunur ki, iddiaçı qeyri-yaşayış sahəsini müqavilə ilə nəzərdə tutulmuş müddətdə, təmirli şəkildə qəbul etməkdə maraqlı olmaya bilməzdi. Bunun başqa cür olması da mümkün deyil. Cavabdeh tərəf də iddiaçının təmirlə əlaqədar, müddəti süni surətdə uzatmaqda hansı maraqlarının olmasına dair məhkəməyə heç bir ciddi arqument və sübut təqdim etməmişdir. Cavabdeh iddiaçını vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməməkdə qınamaqdansa, vaxtında təmirlə əlaqədar şərtləri müqavilədə daha müfəssəl və dəqiq şəkildə razılaşdıra bilərdi(Məsələn, təmirin əvəzinə müqavilədə konkret pul məbləği ödəməsini öhdəsinə götürə bilərdi). Başqa sözlə, cavabdeh inşa etdiyi qeyri-yaşayış sahəsini təmirli şəkildə iddiaçıya təhvil verməyi öhdəsinə götürübsə, demək ki, bu cür təmirdən iddiaçı da razı qalmalı idi. Yəni, iddiaçı “təmir”dən razı qalmayıbsa, bu onun tərəfindən öhdəliyin pozulması yaxud cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməsi kimi qiymətləndirilə bilməz. Çünki cavabdeh təmirlə əlaqədar öhdəliyini elə icra etməli idi ki, iddiaçının bu halı mübahisələndirməyə əsası yaranmasın. Şahid ifadələri də cavabdehin şikayətinin əsaslı olduğuna dəlalət etmir. Çünki şahid ifadələri cavabdehin yazılı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməyə əsas verə bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan suiistifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-401/2024 saylı, 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-401/2024 saylı, 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.