Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2571/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 17.11.2022-ci il tarixli iltizama əsasən Cavabdeh 572 manat pulu 2022-ci ilin dekabr ayında İddiaçı qaytaracağına dair öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli iltizama əsasən Cavabdeh 1000 manat pulu xx.xx.2023-cü il tarixinə kimi qaytaracağını bildirmiş və özünə məxsus olan **********834298 nömrəli kredit kartını girov olaraq İddiaçı təqdim etmişdir. xx.xx.2022-ci il tarixli e-manat ödəniş terminalına məxsus qəbzlə Cavabdeh məxsus kart hesabına 1400 manat pul vəsaiti ödənilmişdir. İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Cavabdeh ondan borc adı ilə aldığı, cəmi 2800 manat pulunu qaytarmadığı, etibarından su-istifadə edib dələduzluq yolu ilə pulunu ələ keçirdib mənimsədiyinə görə Cavabdeh cinayət məsuliyətinə cəlb edilməsini və onun pulunun qaytarılması üçün köməklik göstərilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti-86, İnzibati Bina ünvanında pasport qeydiyyatında olan Cavabdeh ona olan 3.000 (üç min) manat pul vəsaitinin və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun, cəmi 3.050 (üç min əlli) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dostu X2 vasitəsilə tanış olduğu Cavabdeh özünü yüksək vəzifəli bəzi şəxslərin qohumu, bəzi məhkəmə hakimlərinin tələbə yoldaşı kimi təqdim edəndən sonra bildirmişdir ki, istənilən məsələni həll edib yoluna qoya bilmək gücündədir. Sonrakı görüşlərində hətta cavabdeh ən bahalı yüksəkmərtəbəli binalardan birində yaşadığını, vaxtilə DİO-da çalışdığına görə yüksək pensiya aldığını fəxrlə bildirmişdir. Get-gedə cavabdehə inanmağa başlamışdır. Və növbəti görüşlərinin birində cavabdeh ondan 2.000 (iki min) manat pul borc istəmişdir. Cibində olan 600 (altı yüz) manatı cavabdehlə uzun illər bundan əvvəl onu tanış edən X1 şahidliyi ilə vermiş və cavabdeh bu barədə Qəbz yazıb ona vermiş, Ələddin Rüstəmli isə həmən qəbzə şahidlik etdiyini qeyd edərək imza etmişdir. Ertəsi günü isə cavabdehin **********017491 saylı BANK KARTİ-na ödəmiş, Qəbz də vardır. Deyilən vaxtda ondan aldığı borcunu qaytarmayanda cavabdehlə görüşüb pulunu xahiş və tələb etməyə başlayanda cavabdeh bildirmişdir ki, narahat olma tezliklə artıqlamasıyla pulunu qaytaracaq. İddiaçı ona görə cavabdehə inanmışdır ki, cavabdeh ondan borc adı ilə aldığı sonuncu 2.000 (iki min) manata qədər olan müddətdə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə aldığı və Qəbz yazdığı borcunu gecikdirsə də qaytarmış, üzrxahlıq da etmişdir. Bir müddət keçəndən sonra cavabdeh ona zəng vuraraq təcili görüşmələrini xahiş etmişdir. Ona olan borcunu qaytaracağını zənn edib cavabdehlə dediyi ünvanda görüşmüş, birlikdə çay içib söhbətləşmişlər. Söhbət zamanı cavabdeh bildirmişdir ki, ona təcili Ucar rayonuna getmək üçün 1.000 (bir min manat) pul lazımdır və orada Məhkəmə ilə bağlı bir qlobal məsələni artıq danışıb və həlli mərhələsindədir. İnşallah,qayıdandan sonra ona olan bütün borclarını ödəyəcəkdir. Sonuncu dəfə cavabdehə inanaraq xahiş etdiyi borc məbləğini, yəni 1.000 (bir min) manat pulu cavabdehə vermiş və bu barədə qəbz də almışdır. Lakin cavabdeh söz verib öhdəlik götürdüyü vəzifəsini yerinə yetirməmiş, halal pulunu bu günə kimi qaytarmamışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova, iş № 2(006)-3487/2023) iddia qismən təmin edilərək, Cavabdeh 2800 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat, cəmi 2850 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflərin izahatları və iş materialları ilə cavabdehin iddiaçıdan pul alması və həmin borcu qaytarmaması təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu geri tələb etməkdə haqlıdır
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 739.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya olan borcunu tam ödəyib. Lakin xəstəliyi ilə əlaqədar sonrakı məhkəmə iclasında iştirak etmədiyindən sübutları məhkəməyə təqdim etməyib. Buna baxmayaraq məhkəmə iddianı təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tələbin təmin olunmuş hissəsində yoxlanılır. İddiaçı qətnaməni iddianın rədd olunan hissəsində mübahisələndirməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1 köhnə redaksiyada).
18. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.
19. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 2800 manat pul vermiş, bunu təsdiq edən cavabdehin öz əlyazması olan iltizam və kart hesabına ödənilmiş vəsaitin qəbzini əlavə etmişdir. İddiaçı polis bölməsində verdiyi izahatında həmin məbləğin cavabdeh tərəfindən ödənilmədiyini bildirmiş, onun barəsində tədbir görülməsini xahiş etmişdir.
20. Cavabdeh birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddianı qəbul etmədiyini və iddiaçıya borcunun qalmadığını bildirmiş, iddiaçının ona borc verdiyini və göstərilən məbləği qəbul etdiyini mübahisələndirməmişdir.
21. Beləliklə, nə qədər ki, cavabdeh iddiaçı tərəfindən ona iddia olunan məbləğdə borc verildiyini mübahisələndirmir, belə olan halda iddiaçı həmin borcun mövcudluğunu sübut etmək yükündən azaddır. Mülki qanunvericilyin sübuetetmə ilə bağlı normalarına əsasən iddiaçıya borcunu qaytardığını sübut etmə yükü cavabdehə keçir. Cavabdeh isə iddiaçıya borcundan hər hansı məbləğ qaytarması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.
23. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində üzürlü səbəbdən iştirak etmədiyini, borcu ödədiyinə dair sübutlarının olduğunu bildirsə də, həmin sübutları apellyasiya baxışı zamanı da təqdim etməmişdir. Bu isə apellyasiya şikayətinin formal, dəlillərinin isə şifahi mülahizələrdən ibarət olduğu mənasına gəlir.
24. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.