Məhkəmə qərarları › İş №2(103)-2572/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2572/2024

02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2572/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icraatın dayandırılması, işin icraatının dayandırılmasına əsas verən digər iş) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi, tikilməkdə olan yüksək mərtəbəli yaşayış evinin cavabdehin hesabına sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadından iddiaçıların nümayəndəsi (vəkilləri) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Cavabdeh MMC-nin İddiaçı3, İddiaçı1, X13, İddiaçı2, X2, X9, X3, X10, X11, X5, X23, X15, X14, X12, X16, X6, X7 və X17 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, adı çəkilən cavabdehlərin və onların yetkinlik yaşına çatmayan ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər və onların yetkinlik yaşına çatmayan ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərindən çıxarılmaqla, fərdi yaşayış evlərinin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 136 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin İddiaçı3 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilib təmir edilmiş mənzil təqdim edilənədək Cavabdeh MMC tərəfindən İddiaçı3 hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 65 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin X8 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilib təmir edilmiş mənzil təqdim edilənədək Cavabdeh» MMC tərəfindən X9 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 65 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin X4 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilib təmir edilmiş mənzil təqdim edilənədək Cavabdeh MMC tərəfindən X5 hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir.

2. Həmin qətnamədən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, qətnamənin qismən, yəni Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 136 m2 ümumi sahəsi olan yeni təmirli mənzilin İddiaçı3 mülkiyyətinə verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanda tikiləcək çoxmənzilli yaşayış binasında 2 (iki) - birinin 51 kv.metr, digərinin isə 89 kv.metr ümumi sahəsi olan yeni təmirli mənzillərin İddiaçı3 verilməsi qaydasında təmin edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən İddiaçı3 tərəfindən kassasiya şikayəti verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı2, İddiaçı1 və İddiaçı3 (iddiaçılar) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bərpası üçün tələb olunan vəsaitin - 7053 (yeddi min əlli üç) manat və dəymiş mənəvi zərərə görə 13 000 (on üç min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onlara verilməsi, ünvan 3 ünvanının yaxınlığında tikilməkdə olan yüksək mərtəbəli yaşayış evinin cavabdehin hesabına sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Cavabdehin nümayəndəsi məhkəməyə elektron vəsatət ünvanlamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə baxılana qədər iddiaçıların iddia tələbinə qiymət verilməsinin mümkün olmadığını bildirməklə işin icraatının dayandırılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadı ilə işin icraatının, Ali Məhkəmənin icraatında olan Cavabdeh MMC-nin İddiaçı3, İddiaçı1, X13, İddiaçı2, X2, X9, X3, X10, X11, X5, X23, X15, X14, X12, X16, X6, X7 və X17 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə kassasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin cavabdehlərə və digər şəxslərə qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş yekunlaşanadək və mübahisəli məsələlər öz həllini tapanadək iddiaçıların Cavabdeh MMC-nə qarşı olan tələblərinə baxılması mümkün olmayacaqdır.

8. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü və 256.0.3-cü maddələrinə istinad etmişdir.

9. Qərardaddan iddiaçıların nümayəndələrinin (vəkillərinin) verdiyi şikayət məhkəmənin 16 fevral 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıların ən vacib, yəni konstitusion hüququ məhdudlaşdırılmışdır. Belə ki, ilk növbədə icraatın dayandırılması gələcəkdə iddiaçıların xeyrinə qətnamə qəbul olunacağı təqdirdə qətnamənin icrasını qeyri-mümkün edir. Bundan əlavə, eyni iddia üzrə (hazırda Ali Məhkəmənin icratında olan mülki iş nəzərdə tutulur) Cavabdeh MMC tərəfindən ayrı-ayrı şəxslərə qarşı iddia qaldırılmış və məhkəmələr tərəfindən sakinlərin xeyrinə qətnamə qəbul edilmişdir. Həmin qətnamələr də öz qüvvəsini almışdır. Digər tərəfdən, icraatın dayandırıldığı dövrdə MMC tərəfindən tikinti işləri davam etdirilir ki, bu da həmin evdə yaşayanların həyatlarının təhlükədə qoyur, evin uçma təhlükəsi daha da artır.

Apellyasiya baxışı

11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.

13. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

14. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

15. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, yuxarıda qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.

16. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

17. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçıların cavabdehə qarşı irəli sürdükləri iddia tələblərinə baxılması, cavabdehin onlardan birinə qarşı hazırda digər məhkəmədə baxılan “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi” tələbinə baxılmasından asılı edilə bilməz; xüsusilə nəzərə alınmalıdır ki, iddiaçıların ikisinə münasibətdə başqa məhkəmədə ümumiyyətlə hər hansı işə baxılmamaqdadır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-937/2024 saylı iş üzrə 02 fevral 2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar