Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2573/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçının sahibliyinə verilməsi, qanunsuz maneələrin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı və Cavabdeh iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mərhum övladı X3 adına bələdiyyə sənədi ilə baş plana uyğun olaraq tikinti altı 137 kv.metr, boş sahə 223 kv.metr, cəmi 360 kv.metr sahədə tikintinin təsviri qeyd olunmuş və xx.xx.2013-cü il tarixdə sənədləşdirilmiş torpaq sahəsini cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq onun (iddiaçının) sahibliyimə qaytarılması, onun həmin torpaq sahəsinə istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının övladı Xaqani Məmmədov xx.xx.2017-ci il tarixdə vəfat etdikdən bir müddət sonra, iddiaçı, evdə sənədlərin arasından mərhumun adına rəsmiləşdirilmiş və iddia ərizəsində qeyd edilən sənədləri, habelə mərhum tərəfindən xx.xx.2013-cü il tarixdə 22,71 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi tapmışdır. İddiaçı bir müddət ərzində həmin sahəni axtarsa da, tapa bilməmiş və Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmova müraciət edərək, həmin sənədləri sonuncuya vermiş və sahənin tapılmasında ona yardım göstərməyini xahiş etmişdir. Bir neçə ildən sonra torpaq sahəsi tapılmışdır. Bununla əlaqədar olaraq iddiaçı, Pirallahı Rayon İcra Hakimiyyətinin Pirallahı qəsəbəsi üzrə icra nümayəndəsi Həsən Niftəliyev, icra nümayəndəsinin müavini Mübariz Mahmudov, Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmov, yuxarıda qeyd edilən sənədləri hazırlamış Abuzər Novruzov və bir neçə şəxs birlikdə həmin sahəyə baxış keçirmiş, lakin sahənin kimin tərəfindən zəbt edilməsini müəyyən edə bilməmişlər. Bu səbəbdən də, iddiaçı, torpaq sahənin darvazaya qıfıl vurmaq məcburiyyətində qalmışdır. Bundan sonra müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının qonşusu olan cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçı, torpaq sahəsinin boşaldılması barədə cavabdeh ilə söhbət etsə də, cavabdeh, sahəni boşaltmaqdan imtina etmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddia tələbinə qarşı cavabdehin etirazı barədə məlumat
3. Cavabdeh məhkəmə baxışı iclasında iştirak edərək Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, iddia əsassızdır və bu səbəbdən o, iddianın rədd edilməsini xahiş edir. Belə ki, mübahisəli torpaq sahəsi Pirallahı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 04 saylı protokoluna əsasən uzun müddətə onun istifadəsinə verilmiş və bununla bağlı olaraq onunla Bələdiyyə arasında “İcarə müqaviləsi” bağlamışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, bu kimi iddianı irəli sürmək üçün subyektiv hüququ malik deyil. Bundan başqa iddiaçı, iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilmir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin məzmuna uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatlar barədə məlumat
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsini məzmununa uyğun izahat verdi.
9. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsində verdiyi izahatın məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
12. Məhkəmənin tapşırığına əsasən iddiaçının aldığı və Məhkəməyə təqdim etdiyi, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 897 saylı arayışdan görünür ki, xx.xx.2017-ci il tarixdə verilmiş, reyestrdə 2V-228 nömrə altında qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 vərəsələri kimi mərhumun arvadı – X5, övladları – X1 və X2 tanınmışdır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında təsbit edilmiş hüquqi mövqeyi, Notariat Ofisinin verdiyi və yuxarıda qeyd edilən arayışı, iddia ərizəsinin İddiaçı adından verilməsini, iddia ərizəsində ifadə edilmiş tələbin məzmununu nəzərə alan Məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil, buna görə də iddia əsaslı hesab edilə və təmin oluna bilməz.
14. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddianın təmin edilməməsi barədə nəticəsi faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
15. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPMnin 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.