Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2574/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Dağlar MTK-ya və Cavabdeh2 qarşı mənzilə çəkilən təmir xərclərinin tutulması və sair tələbinə dair iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-141/2022 saylı qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Dağlar MTK-ya və Cavabdeh2 qarşı mənzilə çəkilən təmir xərclərinin tutulmasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı zərərin ödənilməsinə və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(001)-2196/2021 saylı qərardadına əsasən müvəqqəti təminat tədbiri olaraq Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi 63 saylı evin 39 saylı mənzilinin özgəninkiləşdirilməsinin Cavabdeh1 MTK-ya və Cavabdeh2 qadağan edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli, 2(001)-141/2022 saylı qətnaməsinə əsasən ilk iddia ərizəsi qismən təmin edilərək Cavabdeh2 təmir xərclərinə görə 19472 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 19502 manatın İddiaçı xeyrinə tutulması, ilk iddia ərizəsi qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı qarşı əldən çıxmış faydaya görə 58000 manat, çəkilən xərclərə görə 3299 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 61299 manat tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh2 ekspertiza xərcinə görə 200 manatın dövlət nəfinə tutulması qət edilmişdir. İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 müvəqqəti təmini tədbirinin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)- 141/2022 saylı qərardadı ilə ərizə təmin edilmş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2(001)-2196/2021 saylı qərardadına əsasən Bakı şəhəri, Nərimanov rayonu, 855-ci məhəllə, Təbriz küçəsi 63 saylı evin 39 saylı mənzilinin özgəninkiləşdirilməsinin Cavabdeh1 MTK-ya və Cavabdeh2 qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin ləğv edilməsi qərara alınmışdır. İlk iddia üzrə İddiaçı şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-141/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almamışdır və həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(001)- 141/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.5, 157.5.1, 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1, 158.1.1, 158.1.2, 158.1.3-ci maddələrinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıdığından, ilk iddiaçının tələblərindən biri ünvan 1 ünvanında yerləşən 3 otaqlı 39 saylı mənzildə apardığı təmir işlərinin dəyərinin ona ödənilməsi olduğundan, DƏDRX-də qeydiyyatdan keçməyən mənzilə icra sənədi üzrə tutuma yönəldilməsi mümkün olmadığından ərizə təmin edilərək seçilmiş iddianın təmini tədbiri ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi zamanı əsas olmuş hallar hazırda Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmadığından və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə biləcəyindən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)-141/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 157-159, 162, 263, 264, 397, 398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İlk iddia üzrə İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(001)- 141/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2574/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2574/2022
10.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver