Məhkəmə qərarları › İş №2(103)-2579/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2579/2021

24.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2579/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 450/2020 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “naturada payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzildə İddiaçı 1/2 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixində Cavabdeh ilə ailə həyatı qurmuş, cavabdehlə münasibətlərini davam etdirə bilməmələri səbəbindən nikahın pozulması barədə iddia ilə İddiaçı tərəfindən Nərimanov rayon məhkəməsinə müraciət olunmuş, bu barədə nikahın pozulması ilə bağlı Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 322/2018 saylı qətnaməsi qəbul edilmiş və AZ-İ № 282481 nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bununla iddiaçı tərəfindən cavabdehlə birgə nikah dövründə əldə olunmuş ünvan 2 m. 10 ünvanında yerləşən mənzilin və ünvan 3 ünvanında yerləşən 68C saylı qeyri-yaşayış binasının bölünməsi üçün Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(009)-1443/2018 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh yalnız Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzilə hər birinin 1/2 hissədə payları müəyyən olunmuşdur. Bu qətnamədən verilmiş apelyasiya şikayəti əsasında qəbul olunmuş Bakı Apelyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11118/2018 saylı qətnaməsi ilə ünvan 1ndə yerləşən 68C saylı qeyri-yaşayış sahəsi də İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyəti sayılmış və üzərində hər birinin 1/2 hissədə payları müəyyən edilməklə bölünmüşdür. Bu qətnamədən verilmiş kassasiya şikayəti əsasında qəbul olunmuş Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-3346/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən qüvvədən saxlanılmışdır. Bununla da apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Bunun əsasında İddiaçı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmiş, müvafiq olaraq ünvan 1 68C ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzilə dair 1/2 hissədə iddiaçının mülkiyyət hüququ tanınmışdır. Ümumilikdə cavabdeh qeyri-yaşayış sahəsindən istifadə olunmasına iddiaçıya imkan vermir. İddiaçı və cavabdeh keçmiş ər-arvad olub, halhazırda yola gedə bilmirlər. Bu səbəbdən də qeyri-yaşayış idaıə olunması yaxud bölünməsi və bir mənzildə yaşamaları barədə tərəflər arasında razılıq mövcud deyildir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsi təqdim edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 68 C saylı ünvanda yerləşən qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 53, mən/il 10 ünvanda yerləşən mənzildə iddiaçının 1/2 paylarının naturada ayrılması, bu mümkün olmadıqda isə ünvan 1 ünvanda yerləşən 68 C saylı ünvanda yerləşən qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 53, mənzil 10 ünvanda yerləşən mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri X5 və X1 paylarına mütənasib surətdə, yəni bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 450/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzilin açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* manat; Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzilin ilkin satış qiymətinin 235000 manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzilinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun - yəni 1/2 hissəsi İddiaçı qızına, 1/2 hissəsi X3 verilməsi qət edilmişdir. Cavabdeh X4 qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsində tərəflərin əmlakla bağlı biri digərinə konkret təklif vermədiyini qeyd etmişdir. Halbuki, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı etiraz ərizəsində və növbəti dəfə vəsatətdə bildirilmişdir ki, iddianın mübahisə predmeti olan mənzilin iddiaçıya aid olan dəyərinin, yəni 117500 manat məbləğində pul vəsaitinin ödənilməsinə razıdır və ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin iddiaçının payına düşən 1/2 hissəsinin AR Mülki Məcəlləsinin 220.3-cü və 220.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən kompensasiya (117500 manat) ödənilməklə, iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsini xahiş edir. Eyni zamanda, onunla iddiaçı arasında barışıq sazişinin bağlanmasını, mənzilin iddiaçıya düşən payın, yəni 117500 manat məbləğində pul vəsaitinin 3 (üç) ay müddətində ödənilməsini iddiaçıya təklif edib. Birinci instansiya məhkəməsi bu xüsusatlara düzgün qiymət verməyərək, AR Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad edərək, iddiaçının mənzildə olan payının kompensasiya ödənilməsi təklifini nəzərə almamışdır. İddia predmetinin digər əmlakı olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının bölgüsü ilə bağlı cavabdeh bildirir ki, həmin əmlak heç bir vaxt nə onun, nə də ki, iddiaçının sahiblik və istifadəsində olmuşdur, əmlakın onun adına qeyd edilməsi formaldır, yalnız kağız üzərində olmuşdur. Həmin əmlakın idarə edilməsi, istifadəsi cavabdehin bacısı X2 ailəsi tərəfindən həyata keçirilir, həmin əmlak onun özünə və ailəsinə məxsusdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh onlara real olaraq heç bir təkliflər etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, kompensasiya ilə bağlı tərəflər özləri danışsınlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68 C ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin, 10 saylı mənzili 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, qərardadı ilə məhkəmə mühəndis-texniki və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, X6 xx xxxx 2020-ci il tarixli, ƏEM/M 09-218/20 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68 C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx xxxx 2020-ci il tarixə olan bazar dəyəri ******* (bir milyon dörd yüz səkkiz min) manat, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin, 10 saylı mənzilin həmin tarixə bazar dəyəri 235000 (iki yüz otuz beş min) manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31893 №-li rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki halda, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Mülki Məcəlləsinin 220-ci və 223-cü maddələrini rəhbər tutmaqla və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etməklə aşağıdakıları qeyd etmişdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilin naturada bölünməsi və ondan pay ayrılması mümkün olmamış, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq, onlar razılaşmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzil üzrə tərəflərin payları bərabər olduğundan, eləcə də tərəflərin birinin digərinə kompensasiya ilə bağlı konkret təklifi olmadığından, həmin daşınmaz əmlaklar açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə xərcləri prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. Kollegiya apellyatorun birinci instansiya məhkəməsi iddiaçının mənzildə olan payının əvəzinə kompensasiya ödənilməsi təklifinin nəzərə alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. İddiaçı ona payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmişdir. Bundan əlavə apellyasiya mərhələsində də, tərəflərə təkliflər olunsa da, onlar arasında heç bir razılaşma olmamışdır. Bundan əlavə cavabdeh qeyd olunan dəlili irəli sürsə də, digər tərəfdən tərəflərin paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının bölgüsü ilə bağlı həmin əmlakın heç bir vaxt nə onun, nə də ki, iddiaçının sahiblik və istifadəsində olmadığını bildirmişdir. Beləliklə, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar