Məhkəmə qərarları › İş №2(103)-2580/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2580/2025

02.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2580/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Cavabdeh2 nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, xx.xx.2025ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Borclu Cavabdeh2 nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 19/2023- 049 nömrəli, xx.xx.2023 tarixli icra vərəqəsi ilə borclu Cavabdeh2 İddiaçı Həsən qızının xeyrinə 560.895,75 manat tutulmalı, tələbkardan "xxxx" MMC-nin xeyrinə 70.000,00 manat tutulmalıdır. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin icrasının həyata keçirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə Səbail rayon İcra şöbəsində şöbə rəhbərinin, icra məmuru Tural Aşurovun, tələbkarın nümayəndəsinin, borclunun və onun vəkilinin iştirakı ilə keçirilən görüşdə müəyyən olunmuşdur ki, borclunun mülkiyyətində olan və hazırda üzərinə həbs qoyulmuş “Porsche Cayenne minik” markalı avtomobili hazırda 20.000 (iyirmi min) manata almaq istəyən alıcı var. Bununla da avtomobilin alqısatqısının həyata keçirilməsinə tərəflər arasında ümumi razılıq əldə edilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə tələbkarın nümayəndəsi Nümayəndə2 İcra şöbəsinin icra məmuru Tural Aşurovun adına rəsmi olaraq ərizə ilə müraciət edərək, borclunun mülkiyyətində olan Porsche Cayenne minik markalı əvəzinə 20.000 (iyirmi min) manat pulun borc hesabına icra şöbəsinin bank depozit hesabına ödənilməsinə razılıq vermişdir. Bundan sonra alıcı tərəfindən avtomobilin yoxlanılması üçün servisə aparılması xahiş edilmiş, lakin ona izah edilmişdir ki, avtomobilin istər öz yolu, istərsə də evakuator vasitəsi ilə hərəkət etdirilməsi üçün mütləq olaraq üzərinə qoyulan həbsin götürülməsi, bu da öz növbəsində yalnız icra şöbəsinin bank depozit hesabına avtomobilin dəyərinin ödənilməsindən sonra mümkündür. Hazırkı ərizəyə əlavə olunmuş bank ödəniş sənədlərindən göründüyü kimi, “Porsche Cayenne minik” markalı, **-SG-*** qeydiyyat nişanlı avtomobilin alqı-satqısı üçün 20.000,00 (iyirmi min) manat, əlavə olaraq, borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması üçün 1.400 (min dörd yüz) manat məbləğində pul vəsaitləri xx.xx.2024-cü il tarixdə alıcı X4 tərəfindən İcra şöbəsinin bank depozit hesabına ödənilmişdir. Bununla əlaqədar olaraq avtomobilin üzərindən həbsin götürülməsi üçün müvafiq tədbirlərin görülməsi üçün İcra şöbəsinə xx.xx.2024-cü il tarixdə tərəflərindən müraciət olunmuşdur. İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, e9974/2024-16-15-008 nömrəli cavab məktubunda bildirilir ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh2 məxsus "Porsche" minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-33/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Həmin qərardadın ləğv olunması və sözügedən avtomobilin üzərindən həbsin götürülməsi üqin tərəfdən Nəsimi rayon məhkəməsinə müraciət edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və avtomobilin yeni mülkiyyətçisinin qanunla qorunan hüquqlarının həyata keçirilməsi məqsədi ilə “Porsche Cayenne minik” markalı, ağ rəngli, **-SG-*** qeydiyyat nişanlı, WP1ZZZ92ZDLA19176 ban nömrəli nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 33/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə "Porshe Cayenne" markalı 90-SG225 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətini birinci instansiya məhkəməsinə verdiyi ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Tələbkarın nümayəndəsi Nümayəndə2 İcra şöbǝsinin icra məmuru Tural Aşurovun adına rəsmi olaraq ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək Borclunun mülkiyyətində olan Porsche Cayenne minik markalı avtomobilin əvəzinə 20.000 (iyirmi min) manat pulun borc hesabınaicraşöbəsinin bank depozit hesabına ödənilməsinə razılıq vermişdir. Bu razılıqla Tələbkar gələcəkdə avtomobilin gerçəkləşməli olan alqı-satqısı ilə əlaqədar vicdanlı alıcı olan üçüncü şəxsə münasibətdə üzərinə müəyyən öhdəliklər götürmüşdür. Məhz bu ərizə Tələbkar tərəfindən rəsmi olaraq icra qurumuna verildiyindən sönra, vicdanlı alıcı olan üçüncü şəxs X4 bəyəndiyi avtomobilin yaxın gələcəkdə alqı-satqısını həyata keçirmək məqsədi ilə, onun artıq razılaşdırılmış qiymətinə uyğun olaraq, ödənişi tam şəkildə birdəfəyə olmaqlaxx.xx.2024-cü il tarixli bank ödəniş tapşırıqları ilə 20.000,00 (iyirmi min) manat avtomobilin dəyərini, əlavə olaraq, Borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması üçün 1.400,00 (min dörd yüz) manat məbləğində pul vəsaitlərini əldə edəcəyi avtomobilin əvəzinə İcra şöbəsinin bank depozit hesabına Tələbkarın xeyrinə ödəmişdir. Hazırda isə iş işdən keçəndən sonra Tələbkar fikrini dəyişərək, əsassız olaraq bildirir ki, avtomobilin əvəzinə icra qurumunun depozitinə ödənilən 20.000 manat pul vəsaiti guya Borclunun qətnamənin icra etməsi görüntüsü yaratmasından başqa bir şey deyildir. Təbii ki, sual əmələ gəlir ki, əgər Borclunun mülkiyyətində olan iki əmlaklardan birinin satılması məqsədi ilə icra qurumunun depozitinə Tələbkarın xeyrinə 20.000 manat pul vəsaitinin ödənilməsi onun tərəfindən qətnamənin sanki icrası görüntüsünü yaratmaqdırsa, onda Tələbkarın razılıq verilməklə pul depozitə keçirildikdən sonra razılaşmadan imtina etməklə başqa şəxsin hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərin edilməsi hansıməqsədi daşıyır. Tələbkarın əvvəl avtomobilin satılmasına razılıq verməsi, üçüncü şəxs tərəfindən avtomobilin dəyəri onun xeyrinə icra quruminin depozitinə ödənildikdən sonra isə avtomobilin üzərindən həbsin götürülməsinə razılıq verməməyi başadüşülməzdir və üçüncü şəxsin hüquq və mənafelərini kobud şəkildə pozur. Şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə işin şifahi icraat qaydasında baxılması barədə ərizə daxil olmuşdur. Kollegiya MPM-in 397.2-ci maddəsinə əsasən işin halları, eləcə də işdə olan sübutlar əsasında şikayətə yazılı icraat qaydasında baxıla bilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-19/2023- 049 nömrəli, xx.xx.2023 tarixli icra vərəqəsi ilə hüquqlarını müdafiə etdiyi borclu Cavabdeh2 İddiaçı Həsən qızının xeyrinə 560.895,75 manat tutulmalı, tələbkardan "xxxx" MMC-nin xeyrinə 70.000,00 manat tutulması qərara alınmış, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-33/2018 nömrəli qərardadından görünür ki, "Porshe Cayenne minik" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanda yerləşən mənzilin üzərinə həbs qoyulmaqla, həmin avtomobilin və mənzilin özgəninkiləşdirilməsi Cavabdeh2 qadağan edilməsi qərara alınmışdır. Həmin qərarın mübahisələndirilməsi istiqamətində bir sıra məhkəmə işləri olsa da, nəticədə qərar qüvvədə qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurova ünvanlanmış ərizənin surətindən görünür ki, “Porsche” markalı avtomobilin əvəzinə 20.000 manat pul vəsaitinin borc hesabına icra şöbəsinin depozitinə ödənilməsinə etiraz etmir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, X4 tərəfindən Səbail rayon İcra şöbəsinin hesabına 20.000 manat pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli BPM**********20 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, X4 tərəfindən Səbail rayon İcra şöbəsinin hesabına “Porsche Cayenne minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısı ilə əlaqədar 20.000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunsa və icra sənədinin könüllü icra müddətinin üzərindən xeyli müddət keçsə də, borclu tərəfindən icra sənədi hələ də tam Cavabdeh2 icra sənədini könüllü icra etmədiyi üçün məcburi icra hərəkətlərinə başlanılmış, onun bir sıra əmlakları, o cümlədən hazırki ərizənin predmeti olan avtomobilin üzərinə həbs qoyulmuş, lakin bugünədək tələbin həmin əmlaklara yönəldilməsi mümkün olmamışdır. Hazırda ərizəçinin dəlilləri məhz avtomobilin satışından əldə edilməsi hesab edilən 20.000 manat məbləğində pulun icra qurumunun depozitinə yerləşdirilməsi və avtomobilin üzərindən həbs götürülmədiyi təqdirdə həmin vəsaiti yerləşdirmiş avtomobili almaq niyyətində olan şəxsin hüquqlarının pozulması ilə bağlıdır. Kollegiya bildirir ki, tələbkarın ona ödənilməli olan 560.895,75 manat məbləğində pulun müqabilində borcluya məxsus olan avtomobilin üzərindən həbs götürülərək 20.000 manat pulun ödənilməsini qəbul etməməsi normal bir hal olmaqla həmin əmlaka məhz icra qaydasında tutmanın yönəldilməsi ilə borcun məbləğindən daha çox ödənilməsi ehtimalı da mövcuddur. Bu halda tələbkarın ilk öncə bu halda razılaşması və sonradan fikrindən daşınması həbsin götürülməsi ilə bağlı hər hansı şəxsin hüquqlarının pozulması hesab edilə bilməz. Bundan əlavə avtomobilin alıcısı X2 20.000 manatı icra şöbəsinin depozit hesabına artıq ödəmiş olması sonradan razılığın baş tutmaması halında onun geri qaytarılmasını da istisna etməməklə sonuncunun hüquqlarının pozuntusuna gətirib çıxarmayacaqdır. Həmçinin qeyd edilməlidir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-33/2018 nömrəli qərardadı ilə borcluya məxsus ünvan 1 ünvanda yerləşən mənzilin də özgəninkiləşdirilməsi qadağan edilmişdir. "xxxx" MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, borclu Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan mənzilin qiymətləndirilməsi üçün Səbail rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-ci il tarixli qərarı və xx.xx.2024-ci il tarixli e9974/2024-16- 15-006 saylı müraciəti daxil olmuşdur. Borcluya məxsus əmlaka qiymətləndirici dəfələrlə baxış keçirmək üçün yaxınlaşsa da, baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Göründüyü kimi borclu ona məxsus olan və məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş daşınmaz əmlakın da qiymətləndirilərək borcun ödənilməsinə şərait yaratmayaraq icra sənədinin icra olunması istiqamətində lazımi addımları atmadığını nümayiş etdirmişdir. Bu halda məhkəmə hesab edir ki, borclunun mülkiyyətində olan mübahisəli avtomobil üzərindən həbsin götürülməsi icranın real təminatına maneə ola biləcək və bu səbəbdən ərizə əsaslı hesab edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclu Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2018 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar