Məhkəmə qərarları › İş №2(103)-2582/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2582/2025

08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2582/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sahiblik hüququnun müdafiəsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi X3, mütəxəssis “Azəriqaz” İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Binəqədi Rayon İcra Hakimiyyəti, "xxxx" ASC, “Azəriqaz” İB, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Binəqədi Rayon Binəqədi Qəsəbə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18/2025 saylı 12 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Binəqədi qəsəbə bələdiyyəsinin 816 saylı xx.xx.2006-cı il tarixli sərəncamına İddiaçı ayrılmış torpaq sahəsinin situasiya planı da əlavə edilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin AİT seriyalı 676526 saylı kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpağın dəyəri olaraq 176 (bir yüz yetmiş altı) manat ödəniş etmişdir.

2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “vətəndaş Cavabdeh torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 1500 saylı xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, Binəqədi qəsəbə bələdiyyəsinin 18 sentyabr 2006-cı il tarixli 15 saylı ümumi iclasının qərarı əsas tutularaq Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin 1500 saylı xx.xx.2006-cı il tarixli sərəncamına Cavabdeh ayrılmış torpaq sahəsinin cizgi planı da əlavə edilmişdir.

3. Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı istifadəsinə 816 saylı, 27 iyun 2006-cı il tarixli sərəncamla ayrılmış 100 kv.m torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin torpaq sahəsinin hasarına həqiqətən də qonşunun darvaza birləşdirməsi məlum olmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1981 saylı 25 iyun 2023-cü il tarixli ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq göstərilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 126 kv.m torpaq sahəsinin və cavabdeh X1 faktiki istifadəsində olan 150 kv.m torpaq sahəsinin bələdiyyənin qərarları ilə onların mülkiyyətlərinə verilmiş 100 kv.m torpaq sahəsindən müvafiq olaraq 26 kv.m və 50 kv.m artıq olduğu müəyyən olundu. Həmin artmanın səbəbinin tərəflərin mülkiyyətinə ayrılmış sahədən əlavə olaraq, mülkiyyətçisi məlum olmayan şəxslərin torpaq sahələrini istifadə etmələridir. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin divarına bitişik hasarın inşa olunduğu və darvazanın quraşdırıldığı müəyyən olundu. Müvafiq mütəxəssis rəyi daxil olmadığına görə, həmin hasarın və darvazanın tərəflərdən hansının mülkiyyətində olan torpaq sahəsində olduğunu müəyyən etmək mümkün olmadı. Cavabdeh tərəfindən inşa olunmuş hasar, darvaza və fərdi yaşayış evinin mövcudluğu, iddiaçının fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi istiqamətində olan 2 ədəd pəncərəsindən havanın və təbii işığın daxil olmasına məhdudiyyət yaratdığı müəyyən olunur. Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin divarı boyu qaz xəttinin, elektrik və telefon xətlərinin mövcud olduğu müəyyən olundu. Lakin həmin xətlərin İddiaçı hansı maneələrin yaratmasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığına görə, qərardadın sualının bu hissəsi cavablandırılmadı.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı Orxan Səmədzadənin mütəxəssis rəyində göstərilmişdir ki, 121.0 kv.m torpaq sahəsi (iddiaçıya aid olan) dörd tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Digər 153.0 kv.m torpaq sahəsi (cavabdehə aid olan) mişar daş, iddiaçıya aid olan tikilinin çöl divarı və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Bir tərəfdən isə 0.2 m hündürlükdə mişar daş hasarla sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən mübahisəli torpaq sahələrinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən ilkin cizgidə heç bir dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və sahələr dövlət qeydiyyatından keçmədiyindən sahələrin mövqeyini təyin etmək, hər hansı üst-üstə düşmə halını müəyyənləşdirmək mümkün olmamışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9037 saylı 29 noyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinin məlumatlarına əsasən göstərilən 121.0 kv.m torpaq sahəsinin (iddiaçıya aid olan) dörd tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədləndiyi, sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikilinin mövcud olduğu, digər 153.0 kv.m torpaq sahəsinin (cavabdehə aid olan) mişar daş, iddiaçıya aid olan tikilinin çöl divarı və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədləndiyi, bir tərəfdən isə 0.2 metr hündürlükdə mişar daş hasarla sərhədləndiyi, sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikililərin mövcud olduğu müəyyən edilmişdir. Faktiki olaraq göstərilən mübahisəli torpaq sahələrinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən ilkin cizgidə heç bir dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və sahələr dövlət qeydiyyatından keçmədiyindən sahələrin mövqeyini təyin etmək, hər hansı üst-üstə düşmə halını müəyyənləşdirmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təhlükəsizlik qaydalarına əməl etmədən çəkilmiş qaz kəmərinin, elektrik xəttinin, darvazanın, eləcə də pəncərənin yanında tikilmiş tikilinin həmin hissəsinə sərbəst daxil olmağına və hava axınının qarşısını alan hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 816 saylı sərəncamına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün 100 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdeh qonşusudur və ona məxsus fərdi yaşayış evinin tininə darvaza bağlamışdır. Həmçinin, evin 2 yataq otağının pəncərələrinin önündə 40 sm məsafədə hasar çəkmiş və pəncərələrin qabağını bağlamışdır. Daha sonra cavabdeh evin divarına qaz kəməri birləşdirmiş və elektrik xəttinin sistemini onun evinin hasarından çöl tərəfdən çəkib öz evinə aparmışdır. Sözügedən qaz kəməri və elektrik xətti təhlükəsizlik qaydalarına riayət edilmədən çəkildiyindən birbaşa insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Cavabdeh onu təbii işıqdan məhrum etməklə bərabər yanğın təhlükəsizliyi qaydalarını da pozmuşdur. Bununla bağlı, ona etirazını bildirdikdə isə cavabdeh oğlu ilə birgə ona məxsus evdə yaşayan anasına qarşı fiziki güc tətbiq edərək ona bədən xəsarətləri yetirmişdir. İş araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Bununla bağlı Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə olan müraciətinə əsasən yerində baxış keçirilmiş və ona məxsus torpaq sahəsinin hasarına cavabdehə məxsus darvazanın birləşdirilməsi öz təsdiqini tapmışdır. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1981 saylı 25 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan 126 kv.m torpaq sahəsinin və cavabdeh X1 faktiki istifadəsində olan 150 kv.m torpaq sahəsinin bələdiyyənin qərarları ilə onların mülkiyyətlərinə verilmiş 100 kv.m torpaq sahəsindən müvafiq olaraq 26 kv.m və 50 kv.m artıq olduğu müəyyən olundu. Həmin artmanın səbəbinin tərəflərin mülkiyyətinə ayrılmış sahədən əlavə olaraq, mülkiyyətçisi məlum olmayan şəxslərin torpaq sahələrini istifadə etmələridir. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin divarına bitişik hasarın inşa olunduğu və darvazanın quraşdırıldığı müəyyən olundu. Müvafiq mütəxəssis rəyi daxil olmadığına görə, həmin hasarın və darvazanın tərəflərdən hansının mülkiyyətində olan torpaq sahəsində olduğunu müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş hasar, darvaza və fərdi yaşayış evinin mövcudluğu, iddiaçının fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi istiqamətində olan 2 ədəd pəncərəsindən havanın və təbii işığın daxil olmasına məhdudiyyət yaratdığı müəyyən olunur. Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin divarı boyu qaz xəttinin, elektrik və telefon xətlərinin mövcud olduğu müəyyən olundu. Lakin həmin xətlərin İddiaçı hansı maneələrin yaratmasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığına görə, qərardadın sualının bu hissəsi cavablandırılmamışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/9037 saylı 29 noyabr 2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinin məlumatlarına əsasən aşağıdakılar müəyyən olunmuşdur: Göstərilən 121.0 kv.m torpaq sahəsi (iddiaçıya aid olan) dörd tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Digər 153.0 kv.m torpaq sahəsi (cavabdehə aid olan) mişar daş, iddiaçıya aid olan tikilinin çöl divarı və üzərindəki mövcud tikilinin çöl divarı ilə sərhədlənib. Bir tərəfdən isə 0.2 metr hündürlükdə mişar daş hasarla sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən mübahisəli torpaq sahələrinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən ilkin cizgidə heç bir dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və sahələr dövlət qeydiyyatından keçmədiyindən sahələrin mövqeyini təyin etmək, hər hansı üst-üstə düşmə halını müəyyənləşdirmək mümkün olmamışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18/2025 nömrəli, 12 fevral 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ona aid fərdi yaşayış evinə bitişik quraşdırılan darvazanın ona təsiri barədə ümumiyyətlə hər hansı əsaslandırma aparmamışdır. Bu mənada məhkəmə vurğulayır ki, bu hal (qeyd olunan hissədə iddianın əsaslandırmaması) həmin hissədə (darvazanın sökülməsi hissəsində) iddianın əsasız olduğunu göstərir. Odur ki, bu hissədə ümumiyyətlə əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Sökülməsi tələb olunan digər tikili və əlavələrə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddia, iddiaçıya aid 2 ədəd pəncərədən 40 sm məsafədə hörülmüş hasarın təbii işıq və havanın qarşısını alması, habelə yanğın təhlükəsizliyi qaydalarını pozması, təhlükəsizlik qaydalarına riayət edilmədən çəkildiyini bildirdiyi qaz kəmərinin, elektrik və telefon xətlərinin isə birbaşa insan həyatı və sağlamlığı üçün təhlükəli olması arqumentləri ilə əsaslandırmağa çalışmışdır.

13. Qaz kəməri, elektrik və telefon xətlərinə aid hissədə iddiasının əsası kimi istinad etdiyi halları (onların təhlükəsizlik qaydalarına riayət edilmədən çəkilməsini, xüsusilə də insan həyatı və sağlamlığı üçün təhlükəli olmasını) sübutetmə yükü bilavasitə üzərinə düşən iddiaçı, istinad etdiyi həmin halları biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir.

14. Bundan başqa məhkəmə iddiaçının sökülməsini tələb etdiyi hasara münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1981 saylı 25 iyun 2023-cü il tarixli ekspertiza rəyinə istinad edərək qeyd etmişdir ki, sözügedən hasarın iddiaçıya təsiri müəyyən olunur. Lakin məhkəmənin qənaətinə görə, bu halın mövcudluğu özü-özlüyündə sözügedən hasarın cavabdeh tərəfindən sökülməli olduğu nəticəsinə gəlməyə əsas vermir. Bu hissədə iddianın əsaslı olduğu qənaətinə o halda gəlmək olar ki, təsirin hədsiz və ya dözülməz olması sübuta yetirilsin. Bununla belə, iddiaçı sözügedən hasarın ona dözülməz təsirin mövcud olmasını sübuta yetirə bilməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 169.1, 170.1, 170.2, 171.1, 171.2, 171.3, 172.1, 172.2, 172.3, 172.4, 173.1, 173.2, 173.3, 173.4, 560.1, 560.2 və 560.3.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosesual normaları pozmaqla qanunsuz və əsassız olaraq onun iddia tələbini rədd etmişdir, baxmayaraq ki, cavabdeh özü elə məhkəmə iclaslarında verdiyi izahatında iddianı qismən etiraf edirdi və darvazanı özünün deyil, onun hasarına bərkidib və bunun düz olmamasını və yaxın vaxtlarda imkan olan kimi dəyişəcəyini bildirirdi. Lakin buna baxmayaraq işə baxan hakim onun bu etirafını qətnaməsində qərəzli olaraq qeyd etməmiş, sanki cavabdehə haqq qazandırırmış kimi əsaslandırma aparmışdır. Bundan əlavə, cavabdehin iddiada qeyd olunan halları etiraf etməsi ilə bağlı vəkilinin suallarına cavablarının iclas protokoluna və qətnaməyə qeyd olunmaması başa düşülən deyil, işə ədalətsiz və qərəzli baxılmasını göstərir. Qeyd etmişdir ki, qətnamənin əsaslandırması olduqca absurddur. Sanki, məhkəmə çalışır ki, göz qabağında olan və mötəbər dəlillərlə sübuta yetirilən halları ört-basdır etsin. Necə ola bilər ki, cavabdeh baxış iclaslında (işə əlavə edilmiş audio-video yazılara baxış keçirilsin) verdiyi suala cavabdında qeyd edir ki, o, iddianı qəbul edir və qısa vaxtda darvazanın yerini dəyişəcək, iki evin arasında olan boş yerdə də hasar çəkmişdir ki, həyətdə gəzəndə onu görməsinlər, lakin məhkəmə cavabdehin iddiaya münasibətində (qətnamənin 2-ci səhifəsi 2 abzas) iddianı qəbul etməməsi kimi göstərir. Buradan aydın görünür ki, məhkəmə işin hallarına uyğun nəticəyə gəlməyib. Məhkəmə prosesində hakimin belə bir mövqeyi də olmuşdur ki, guya iddiaçı olaraq onun buna subyektiv hüququ yoxdur, məhkəmə belə qənaətə gəlirdi ki, əmlaka dair çıxarış olmadığından onun bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur, lakin iddiaçı olaraq o, torpağın pulunu ödəyərək bələdiyyədən alqı-satqı yolu ilə almış, bu həmin torpağa dair istifadə və sahiblik hüququ verir, eləcə də gələcəkdə çıxarış almağı ilə bağlı gözlənti hüququ da göz qabağındadır. Birinci instansiya məhkəməsinin (Qətnamənin 6-cı vərəqinin 7-ci abzasında) qətnaməsində qeyd elədiklərinin heç bir hüquqi əsası da yoxdur. Belə ki, Bələdiyyə qərarı ilə torpaq sahələrinin vətəndaşlara satılması qanunla müəyyən edilmiş bir hüquqdur, sahiblik və istifadə hüququ yaradır və həmin hüquq da dövlət qeydiyyatına alınır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 816 saylı sərəncamına əsasən ona fərdi yaşayış evinin tikintisi üçün 100 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdeh qonşusudur və ona məxsus fərdi yaşayış evinin tininə darvaza bağlamışdır. Həmçinin, evin 2 yataq otağının pəncərələrinin önündə 40 sm məsafədə hasar çəkmiş və pəncərələrin qabağını bağlamışdır. Daha sonra cavabdeh evin divarına qaz kəməri birləşdirmiş və elektrik xəttinin sistemini onun evinin hasarından çöl tərəfdən çəkib öz evinə aparmışdır. Sözügedən qaz kəməri və elektrik xətti təhlükəsizlik qaydalarına riayət edilmədən çəkildiyindən birbaşa insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Cavabdeh onu təbii işıqdan məhrum etməklə bərabər yanğın təhlükəsizliyi qaydalarını da pozmuşdur. Bununla bağlı, ona etirazını bildirdikdə isə cavabdeh oğlu ilə birgə ona məxsus evdə yaşayan anasına qarşı fiziki güc tətbiq edərək ona bədən xəsarətləri yetirmişdir. İş araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Bununla bağlı Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə olan müraciətinə əsasən yerində baxış keçirilmiş və ona məxsus torpaq sahəsinin hasarına cavabdehə məxsus darvazanın birləşdirilməsi öz təsdiqini tapmışdır. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə təyin edilmiş ekspertiza da müəyyən etmişdir ki, cavabdeh tikinti normalarına uyğun ev və hasar tikməmiş, havalandırma və işıq düşmə imkanlarını məhdudlaşdırmışdır. Bundan əlavə qaz, elektrik və digər komunikasiya xətlərinin də onun iddia ərizəsində qeyd olunan kimi həqiqətən çəkilməsini təsdiq etmişlər, lakin bunların yanğın təhlikəsizliyi ilə bağlı məsələlərin mühəndis-texniki ekspertizanın səlahiyyətlərinə aid olmamasını qeyd ediblər. Bunun üçün isə işə 3-cü şəxs qismində FHN-nin yanğın təhlükəsizliyi xidməti də cəlb olunmuşdur. Məhkəmə həmin qurumun rəyini almadan bu məsələyə özü qiymət verməsi kobud qanun pozuntusudur. Baxmayaraq ki, iddiaçı olaraq o, dəfələrlə və təkidlə FHN rəyinin alınmasını məhkəmədən tələb edirdi. Birinci instansiya məhkəməsi qətnaməsində (səhifə 2, abzas 2) qeyd edir ki, Cavabdeh iddia tələbini qəbul etmir, iddiaya etiraz edir. Baxmayaraq ki Cavabdeh iddiaya münasibətdə bildirib ki, o iddianı qəbul edir, öz darvazasını qonşunun evinin divarına bərkitməkdə səhv eləmiş, qısa zaman ərzində bu qanunsuzluğu aradan qaldıracaq. Lakin məhkəmə cavabdehin dediklərini təhrif edir, sanki cavabdehə qanun pozuntusuna təşviq edərək haqq qazandırır və işin hallarını tərsinə qətnamədə əsaslandırır, bunun əksinə onun təqdim etdiyi mötəbər dəlilləri, iş üzrə alınmış mütəxəsis və ekspert rəylərini araşdırmır. Bundan əlavə onun, öz evində təhlükəsiz yaşamaq, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tələb etmək hüququ var, eyni zamanda yaşayış otağına hava və işıq axınının sərbəst daxil olmasını tələb etmək və buna maneə yaratmış şəxsin bu qanunsuz hərəkətlərinə son qoymaq hüququ var ki, bunun da təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə onun qeyd etdiyi halları araşdırmamışdır. Cavabdeh özünə məxsus olan darvazanın öz divarına qoya biləcəyi imkanı olmasına baxmayaraq qəsdən öz darvazasını onun evinin divarına bilərəkdən bərkitmiş və bu hərəkətləri ilə qonşuluq münasibətlərini qərəzli şəkildə qəsdən pozmuşdur. Əlbəttəki bu hərəkət hüquqazidd davranışdır və bunun nəticəsində də hüququndan sui-istifadə etmişdir. İşə baxanda görünür ki, mötəbər dəlil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1981 saylı 25 iyun 2023-cü il tarixli ekspertiza rəyində həmin hasarın iddiaçının fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi istiqamətində olan 2 ədəd pəncərəsindən havanın və təbii işığın daxil olmasına məhdudiyyət yaratdığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də həmin hasarın iddiaçıya aid pəncərələrin önündə yerləşdiyi görünür. Məhkəmənin qənaətinə görə isə sözügedən hasarın iddiaçıya təsiri müəyyən olunur. Lakin məhkəmənin qənaətinə görə, bu halın mövcudluğu özüözlüyündə sözügedən hasarın cavabdeh tərəfindən sökülməli olduğu nəticəsinə gəlməyə əsas vermir. Həmin hasar evinə hava axınını və işıq düşməsinin qarşısını alır, məgər bunu dözülməz hal hesab etmək olmaz. Bundan əlavə qanunda bu dözülməz hal olması ilə bağlı və ya bu dözülməzliyin ölçü meyyarı qeyd olunmamışdır, birinci instansiya məhkəməsi hansı normanı əsas götürüb bu dözülməz halın olmaması və cavabdehin haqlı olması qənaətinə gəlir bu başadüşülən deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında cavabdeh özü etiraf etmişdir ki, “bəli, mən səhv etmişəm, darvazamı qonşu evə birləşdirmişəm və onu imkan edib dəyişəcəm.” Məhkəmə isə belə qənaətə gəlmişdir ki, guya elə bir hal yoxdur və iddiaçı tərəf onu sübut edə bilmir. Bundan sonra onlar şəkillər təqdim etmişlər. Vizual baxanda da görünür ki, evlər arasında 40 sm ara məsafəsi vardır. İş materiallarında mütəxəssis rəyi vardır, həmin rəydə də dedikləri qeyd edilmişdir. Darvaza iddiaçının evinə bitişikdir, hər dəfə açılıb-bağlandıqca səs gəlir. Qaz xətti və elektrik xətti texniki şərtlərə uyğun çəkilməmişdir. Darvaza ilə bağlı problem aradan qalxmamışdır. Cavabdeh darvazanı öz divarına birləşdirməmişdir 20.Məhkəmə kollegiyasının iclasında iştrak edən İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 21.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, 2006-cı ildə İcra Hakimiyyəti ona torpaq verdi. O, ora gələndə boş torpaq sahəsi idi. Ora gələndə iddiaçı da ev tikirdi, o da tikdirirdi. O, hicab bağladıqdan sonra pəncərənin yarısına qədər tikdi. Gördü ki, o və gəlini başını açır, ona görə də həmin hasarı tikdirdi. Hasar təqribi 4 il bundan qabaq tikilmişdir. İddiçı pəncərə tikən zaman o dedi ki, tikməsin, lakin dedilər ki, tikək kondisioner qoyduracağıq. O da mübahisə etmədi. Darvazının yerini dəyişib. Darvaza ilə bağlı problem aradan qalxmışdır. Qaz xəttini dövlət çəkmişdir, sayğacı da dövlət qoymuşdur. Qaz xətti onun tərəfindədir, iddiaçı tərəfdə deyildir. Darvazanın yerini dəyişdirəcək. Pəncərənin qarşısında tikilmiş tikilini sökmək istəmir, evin içərisi görsənir. 22.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Binəqədi Rayon Binəqədi Qəsəbə Bələdiyyəsinin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxmışdır.

23. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında mütəxəssis "xxxx" ASC-nin nümayəndəsi X11 bildirmişdir ki, sayğacdan çıxaraq evə gedən xəttə onlar müdaxilə edə bilmirlər. Abonent sayğacdan çıxışı yanğın təhlükəsizliyini nəzərə alaraq istədiyi yerdən apara bilər. Onun zənnincə dar bir yer olduğuna görə hər cür hadisə baş verə bilər. Cavabdeh işıq xəttini öz evinin həyətinə keçirə bilər.

24. Məhkəmə kollegiyasının iclasında iştrak edən mütəxəssis “Azəriqaz” İB-nin nümayəndəsi X6 bildirmişdir ki, onlar mübahisəli yerə baxış keçirdilər. Müəyyən etdilər ki, iddiaçının evindən bir insanın yan şəkildə keçə bilməyəcəyi qədər yer saxlamışlar. İddiaçı bildirir ki, o evi birinci tikmişdir. Qarşı tərəf isə prinsip olaraq düz divara birləşdirmək şərti ilə qaz və işıq xəttini çəkmişdir. Qaz xətti açıq görünən formada çəkilməlidir. 500 mm lik məsafə varkı onun 100-150 mm məsafəsində ev tikilə bilməz. Qaz təsərrüfatının texniki təhlükəsizlik və qaz təsərrüfatının texniki istismarı qaydalarına əsasən əgər bir qonşuya məxsus qaz xətləri çəkilirsə, burada söhbət aşağı təzyiqdən gedir, çəkilən xətlər yaşayış evindən 1.5-2 m məsafədə olmalıdır. Burada qaz xətti qonşunun pəncərəsinin düz qarşısından keçir, belə olmamalıdır. Heç bir halda iki evin arası olmuş olsa belə, xətlər iki evin arasına salınmamalıdır. Qaz xətti daim ona qulluq edilə bilən yerdə olmalıdır. Qaz xəttinin girişinə qədər dövlət, girişdən sonra isə abonent cavabdehdir. Qaz xəttinin yerinin dəyişdirilməsi mümkündür. 25.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 27.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 29.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

30.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 31.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 32.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 33.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 35.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 36.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 37.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 38.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

39. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrum edilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 40.180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 41.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

42.111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin

43.63.1-ci maddəsinə əsasən tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 44.70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. 45.73.3-cü maddəsinə əsasən mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir.

“Elektrik enerjisindən istifadə” Qaydalarının

46.3.4-cü bəndinə görə elektrik qurğularının istismara buraxılışı, xüsusi yaşayış evlərinin elektrik xətləri və elektrik avadanlıqları istisna olmaqla, yalnız sifarişçidə müvafiq elektrotexniki heyətin və elektrik təsərrüfatına cavabdeh şəxsin olduğu halda mümkündür. Yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür.

Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları AzDTN 2.13-1

47.6.63-cü bəndinə görə binaların divarlarında qoyulmaq üçün nəzərdə tutulan bağlayıcı qurğular pəncərə və qapı yerlərindən aşağıdakı məsafələrdən az olmamaqla yerləşdirilməlidirlər, m: – alçaq təzyiqli qaz kəmərləri üçün üfüqi xətt üzrə, bir qayda olaraq, – 0,5; – orta təzyiqli qaz kəmərləri üçün üfüqi xətt üzrə – 3; – İİ kateqoriyalı yüksək təzyiqli qaz kəmərləri üçün üfüqi xətt üzrə – 5. 48.7.31-cü bəndinə görə binanın divarında qoyulan kombinasiya edilmiş təzyiq tənzimləyicisindən pəncərə, qapı yerlərinə və digər boşluqlara qədər olan məsafə aşağıda göstərilənlərdən az qəbul edilməməlidir: – tənzimləyicinin girişində qazın təzyiqi 0,3 MPadan (3 kqq/sm2 -dən) yuxarı olmadıqda 1m şaquli istiqamətdə və 3 m üfüqi istiqamətdə; – tənzimləyicinin girişində qazın təzyiqi 0,3 MPa-dan (3 kqq/sm2 dən) yuxarı olduqda 3 m şaquli istiqamətdə və 5 m üfüqi istiqamətdə.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

49.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

50.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “qaz və elektrik xəttlərinin yerinin dəyişdirilməsi“ hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. 51.Belə ki, hazırkı işin hallarının dəyərləndirilməsi sahibliyin pozulması ilə bağlı müdafiə hüququnu tənzimləyən Mülki Məcəllənin 165-ci və eyni zamanda həmin Məcəllənin 170.2 və 180-ci maddələrinə əsasən müqayisəli şəkildə həyata keçirilməlidir. 52.Mülki Məcəllənin 180-ci maddəsi nəzərdə tutur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 53.Qanunun digər normasının mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz. 54.Beləliklə, qonşu təsirinin qadağan edilməsi, hazırki halda qonşuluqda inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə iddia qaldırmış fiziki şəxs qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onun hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdiyi halda əsaslı hesab edilə və təmin oluna bilər. 55.Baxılan iş üzrə iddiaçı yaşadığı evin divarına cavabdeh tərəfindən özbaşına bərkidilmiş tikilinin sökülməsini tələb edir və öz mövqeyini onunla əsaslandırır ki, mübahisə predmeti olan bu tikili (hasar) yaşadığı evdən istifadəsinə manəçilik törədir, vibrasiya yaradır, evinin havanlandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərir.

56. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər, qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrindən və üzərində olan tikililərdən istifadə edirlər. Tərəflərin yaşayış sahəsi olaraq istifadə etdikləri tikililərin hüquqi rejiminə görə özbaşına tikinti olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçıya aid olan 121.0 kv.m torpaq sahəsi dörd tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Cavabdehə aid olan 153.0 kv.m torpaq sahəsi mişar daş, iddiaçıya aid olan tikilinin çöl divarı və üzərindəki mövcud tikilinin çöl divarı ilə, bir tərəfdən isə 0.2 metr hündürlükdə mişar daş hasarla sərhədlənib. Vahid elektron kadastr baza məlumatlarına əsasən ilkin cizgidə heç bir dəqiq istinadlar, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və sahələr dövlət qeydiyyatından keçmədiyindən sahələrin mövqeyini təyin etmək, hər hansı üst-üstə düşmə halını müəyyənləşdirmək mümkün olmamışdır. 57.Cavabdeh iddiaçının fərdi yaşayış evinin divarına bitişik formada hasar və darvaza quraşdırmışdır. Ekspert rəyinə əsasən cavabdeh tərəfindən inşa olunmuş hasar, darvaza və fərdi yaşayış evinin mövcudluğu, iddiaçının fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi istiqamətində olan 2 ədəd pəncərəsindən havanın və təbii işığın daxil olmasına məhdudiyyət yaratdığı müəyyən olunmuşdur. Bundan başqa Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin divarı boyu qaz xəttinin, elektrik və telefon xətlərinin mövcud olduğu da müəyyən olunmuşdur. 58.İddiaçının məhkəməyə müraciət etməsinin səbəbləri: ona məxsus fərdi yaşayış evinin tininə cavabdeh tərəfindən darvazanın quraşdırılması; pəncərəsi açılan divara qaz və elektrik xəttinin çəkilməsi olmuşdur. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, rabitə, qaz və elektrik xəttləri təhlükəsizlik qaydalarına riayət edilmədən çəkildiyindən birbaşa onun həyatı və sağlamlığı üçün təhlükəlidir, cavabdeh onu təbii işıqdan məhrum etməklə bərabər yanğın təhlükəsizliyi qaydalarını da pozmuşdur. 59.Yuxarıda da qeyd olunduğu kimi tikililərin sökülməsi barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin tikililərin iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun adi yaşayışına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır. Baxılan işdə də cavabdeh tərəf iddianı əsasən qəbul etmiş, apellyasiya icraatı qaydasında işə baxılan zaman iddiaçının fərdi yaşayış evinin divarına bitişik quraşdırdığı hasar və darvazanın yerini dəyişmişdir. Belə ki, cavabdeh iddiaçının fərdi yaşayış evinin divarından darvazanı ayırmış, iddiaçıya aid olan tikilinin çöl divarına əlçatımlığına olan məhdudiyyəti aradan qaldırmışdır. 60.Belə olan halda mübahisələndirilən hasarın mövcudluğu ilə hazırkı vəziyyətdə iddiaçının hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması müəyyən edilməmiş, onun cari vəziyyətdə “maraqlı şəxs” sayılmasını, mübahisəli tikilinin sökülməsini tələb etmək hüququnu qazanmasını şərtləndirə biləcək müvafiq əsaslar aşkar edilməmişdir. İddiaçı cavabdehlər tərəfindən qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsinin əsaslı hesab edilməsi üçün özbaşına tikinti işlərinin nəticəsinin onun hüquq və mənafelərinə ziyan vurduğunu da sübuta yetirə bilməmişdir. Belə olan halda da mübahisəli tikililərin mövcudluğu ilə iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun yaşayışına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi halı öz təsdiqini tapmamışdır. 61.İddianın digər hissəsi ilə bağlı kollegiyanın gəldiyi qənaəti fərqlidir. 62.Belə ki, iddiaçı cavabdehə aid rabitə, qaz və işıq xətlərinin pəncərələrinə yaxın, müvafiq təhlükəsizlik normaları və tikinti qaydalarına zidd şəkildə quraşdırılmasından narazı olduğunu bildirir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsində tikdikləri fərdi yaşayış evləri arasında məsafə 0,5 metr təşkil edir. Həmin fərdi yaşayış evlərinin arasında yerləşən boşluqda cavabdeh tərəfindən öz fərdi yaşayış evinin divarı boyu qaz xətti, elektrik və telefon xətləri quraşdırılmışdır. 63.Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan məsələ üzrə ekspertizanın keçirilməsi labüd hesab edilsə də, ekspert qarşısına qoyulmuş sualları cavablandırmaqdan imtina etmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianın əsassız olması səbəbilə rədd edilməsi qənaətinə gəlmişdir. 64.Məhkəmə kollegiyasının qənaətinə görə xüsusi biliyə malik olan ekspertlər tərəfindən qeyd olunan məsələnin cavablandırılmamasına baxmayaraq müəyyən edilməlidir ki, cavabdehin yaşayış sahəsinə aid mühəndis-kommunikasiya təminatı sisteminin mövcud vəziyyətdə saxlanması insan həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətin (yanğın, qaz sızması təhlükəsi və s.) yaranma ehtimalının artırılmasına zəmin yaradar. 65.Belə ki, tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir. Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Bununla belə mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi əlverişli, müvafiq qanunvericiliyə uyğun həll yolları ilə həyata keçirilməlidir. 66.Bu zaman nəzərə alınmalıdır ki, yaşayış evlərinin elektrik və qaz xətlərinin, avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. 67.Hazırkı halda, işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmək olar ki, tərəflərin sahibliyində olan fərdi yaşayış evlərinin arasında yerləşən boşluqda cavabdeh tərəfindən öz fərdi yaşayış evinin divarı boyu, iddiaçının fərdi yaşayış evinin 2 ədəd pəncərəsi olan istiqamətdə qaz və elektrik xətlərinin birlikdə quraşdırılması ilk öncə yanğın təhlükəsizliyi qaydalarına ziddir. 68.Nəzərə alınmalıdır ki, qaz və elektrik xəttləri qaz toplanmaları (qaz sızması) ehtimalı olmayan yerlərdən, partlayış-yanğın təhlükəsizliyinin təmin olunması şərti ilə çəkilməli; yaşayış sahələrində yerləşən elektrik təchizatının mühəndis kommunikasiyaları ilə qaz xəttlərinin yaxınlaşma və kəsişmə yerlərində aralarındakı məsafə gözlənilməli; onların kontaktı ehtimalı aradan qaldırılmalı; partlayışa qarşı mühafizə tədbirləri görülməli; elektrik və qaz qurğularının quraşdırılmasını nizamlayan və tənzimləyən qaydaların tələblərinə uyğun olaraq layihələndirilməlidir. 69.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ətrafdakılar üçün təhlükə mənbəyi olan bu qurğuların quraşdırılmasını nizamlayan və tənzimləyən normativ sənədlərin tələblərinə uyğun olaraq yaşayış yerlərində təhlükəsizliyin artırılması üzrə təcili olaraq müvafiq mühafizə tədbirlərinin görülməsi təmin edilməlidir.

70. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-18/2025 nömrəli, 12 fevral 2025ci il tarixli qətnaməsi qismən – “qaz və elektrik xəttlərinin yerinin dəyişdirilməsi“ hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə aid qaz və elektrik xəttlərinin yerinin təhlükəsizlik qaydalarına əməl edilməklə dəyişdirilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Dövlət rüsumu kimi ödənilmiş 150 (100+50) manatın 75 manatı məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə sərf edilmiş pul vəsaitinin əvəzi kimi 150 (100+50) manatın 75 manatı İddiaçı, 75 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar