Məhkəmə qərarları › İş №2(103)-2585/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2585/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2585/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus və ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuş 4.000 manat məbləğində pulun, maddi zərərlə bağlı 4.200 manat məbləğində pulun, mənəvi zərərlə bağlı isə 5.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qonşusu olan cavabdehə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 4-də, binanın ikinci mərtəbəsində yerləşən 79 saylı mənzildən iddiaçıya məxsus olan və binanın birinci mərtəbəsində yerləşən 76 saylı mənzilə 2015-ci ilin əvvəllərindən etibarən dəfələrlə çirkab su axıdılmışdır. Cavabdeh tərəfindən birgə yaşayış qaydalarına zidd hərəkətlər edilmiş və iddiaçıya 4.000 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçı həmin vaxtlar cavabdeh ilə bu barədə dəfələrlə danışıb bu problemi aradan qaldırmağı xahiş etsə də, cavabdeh, bu problemi aradan qaldırmamış, iddiaçıya qarşı aqressiv münasibət göstərmiş və iddiaçını dəfələrlə təhqir etmişdir. Cavabdehin əxlaqa zidd hərəkətləri nəticəsində isə iddiaçı mütəmadi müalicələr almış, ona 5.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Cavabdeh vurmuş ziyanı qarşılamadığından iddiaçı məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Buna görə də, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin iddiaçının barəsində hüquqmühafizə orqanlarına dəfələrlə etdiyi əsassız şikayətlə nəticəsində, o, hər dəfə həmin orqanlara gedib-gəlmək üçün taksilərdən istifadə etmiş və iddiaçının buna 4.200 manat məbləğində xərci çıxmışdır ki, həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

3. Cavabdeh də öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə iddiaçının ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat, mənəvi zərərin əvəzi olaraq 6.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi və əsassız şikayətlər edilməsinin ilk iddia üzrə iddiaçıya qadağan edilməsi barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsində xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdehin qonşusu olan iddiaçının onun barəsində hüquq-mühafizə orqanlara dəfələrlə etdiyi əsassız və böhtan xarakterli şikayətlərinə görə, cavabdeh hər dəfə işdən icazə alaraq həmin hüquq-mühafizə orqanlarına gedib izahatlar vermək məcburiyyətində qalmış, yola ümumilikdə təxminən 5.000 manat məbləğində xərc çəkmişdir. Həmin orqanlar tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının şikayətləri əsassızdır. Buna görə də cinayət işinin başlanmasından imtina olunmuş və onlar münaqişəli qonşular kimi qeydiyyata alınmışlar. Həmçinin bu əsassız şikayətlərin bitməsi üçün cavabdeh öz mənzilin satmaq istəmiş, lakin ev ipoteka yüklülüyündə olduğu üçün bu mümkün olmamışdır. İddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehə maddi zərərlə yanaşı, həm də mənəvi zərər dəymişdir. Cavabdeh hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi üçün iddiaçıdan onun xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun axıdılması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 1.113 manat, ilk iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsini, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçıya məxsus 76 saylı mənzilə, həmin mənzilin üstündə yerləşən və cavabdehə məxsus 79 saylı mənzildən su sızması faktı iddiaçının izahatı ilə yanaşı, işin materialları ilə də sübuta yetir. Su sızma nəticəsində iddiaçının mənzilinin təmiri yarasız vəziyyətə düşmüş və iddiaçıya maddi zərər dəymişdir. Buna görə cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı, ona dəymiş bu maddi zərərin əvəzinin ödənilməsi üçün cavabdehdən onun xeyrinə 4.000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş rəydən görünür ki, baş vermiş su sızma nəticəsində iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün 1.113 manat məbləğində vəsait tələb olunur. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə 4.000 manat deyil, 1.113 manat məbləğində pul tutulmalıdır. Qalan hissədə ilk iddia sübuta yetmədiyi üçün təmin edilməməlidir. Rayon Məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə isə hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddiada istinad etdiyi dəlilləri sübuta yetirə bilmədiyi üçün qarşılıqlı iddia əsaslı hesab edilə bilməz; qarşılıqlı iddia rədd edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

7. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materialları ilə iddiaçının mənzilinə suyun cavabdehə məxsus mənzildən axıdılması təsdiq edilməmişdir. Ekspertiza tərəfindən verilmiş rəydən görünür ki, cavabdehin özünün mənzilinə binanın 3-üçüncü mərtəbəsində yerləşən 82 saylı mənzildən su axıdılmışdır. Göründüyü kimi cavabdeh iddiaçıya zərər vurmamışdır. Lakin işə baxmış Rayon Məhkəməsi göstərilən bu halları nəzərə almamış, ilk iddianı qismən də olsa əsassız olaraq təmin etmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, qarşılıqlı iddia işin hallarına əsasən sübuta yetir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Apellyasiya baxışı iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi.

10. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) hazırki apellyasiya baxışının hədləri ilə bağlı məlumat

11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, ilk iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

12. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, ilk iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

13. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina № 4-də ikinci mərtəbədə yerləşən 79 saylı mənzil cavabdehə, həmin mənzilin altında, yəni binanın birinci mərtəbəsində yerləşən 76 saylı mənzil isə iddiaçıya məxsusdur.

16. İlk iddia üzrə iddiaçı bildirir ki, qonşusu olan cavabdehə məxsus olan 79 saylı mənzildən ona məxsus olan 76 saylı mənzilə 2015-ci ilin əvvəllərindən etibarən dəfələrlə çirkab su axıdılmışdır. Bunun nəticəsində onun mənzilində qüsurlar əmələ gəlmiş, ona maddi zərər dəymişdir.

17. İlk iddia üzrə cavabdeh isə qarşılıqlı iddiaya etiraz edərək bildirir ki, onun mənzilindən iddiaçının mənzilinə su axıdılmayıb.

18. İşə baxmış Rayon Məhkəməsi iddiaçının mənzilinə suyun axıdılıbaxıdılmamasını araşdırmaq məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və ekspertiza tədqiqatının keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə aşağıda qeyd edilən məzmundan rəylər verilmişdir: - xx.xx.2022 və xx.xx.2022-ci il tarixli rəylərdə qeyd edilmişdir ki, iddiaçıya məxsus 76 saylı mənzilə yuxarı mərtəbədən su axıdılıb və mənzildə qüsurlar yaranıb. Su axıdılmanın vaxtını müəyyən etmək mümkün deyil, çünki bu ekspertizanın səlahiyyətlərinə aid deyil. Cavabdehə məxsus 79 saylı mənzildə su xətlərində hər hansı qüsur müşahidə edilmir. İddiaçıya məxsus mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün 1.113 manat məbləğində vəsait tələb olunur. - xx.xx.2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, iddiaçıya məxsus 76 saylı mənzilə suyun sızması müəyyən olunur. İddiaçının mənzilində qüsurlar yaranıb, iddiaçıya maddi zərər dəyib. Cavabdehə məxsus mənzilə yuxarı mərtəbədə yerləşən 82 saylı mənzildən su axıdılıb. İddiaçıya məxsus mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün 1.113 manat məbləğində vəsait tələb olunur.

20. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli rəylərin verilməsi üçün iş üzrə tərəflərə məxsus mənzillərə həmin tarixlərdən bir qədər əvvəl ekspert tərəfindən baxışı keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçıya məxsus 76 saylı mənzilə yuxarı mərtəbədən su axıdılıb və mənzildə qüsurlar yaranıb. Həmin vaxt cavabdehə məxsus 79 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 82 saylı mənzildən su axmamışdır. 82 saylı mənzildən cavabdehə məxsus mənzilə suyun axıdılması sonradan baş vermiş və bu hal ekspert tərəfindən cavabdehin mənzilinə xx.xx.2023-cü il tarixli rəyi verilməsindən bir qədər əvvəl baxış keçirilən zaman müəyyən edilmişdir.

21. İşin qeyd edilən bu halını nəzərə alan Məhkəmə hesab edir ki, ekspertin verdiyi xx.xx.2022 və xx.xx.2022-ci il tarixli rəylərdə əks olunan qüsurlar iddiaçının mənzilində məhz cavabdehə məxsus mənzildə sudan ehtiyatsız davranış nəticəsində baş vermiş su axıdılma nəticəsində yaranmışdır. Bu zaman Məhkəmə həmçinin onu da nəzərə alır ki, suyun yuxarıdan aşağıya doğru axması hamıya bəlli olan mübahisəsiz faktdır.

22. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).

22. Qeyd edilən maddi hüquq normaların tələblərindən işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, ilki iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıya münasibətdə delikt törətmiş, iddiaçıya maddi zərər vurmuşdur. Cavabdeh iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir. İşə baxmış Rayon Məhkəməsi eyni əsaslar ilə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

23. Yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi iddiaçının cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi 4.000 manat məbləğinin əsaslı olubolmamasını araşdırmaq məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin etmiş və ekspertizanın rəylərini alaraq, rəyləri tədqiq etmişdir. Həmin rəylərdən görünür ki, iddiaçının mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.113 manat məbləğindədir.

24. İddiaçı bu məbləğin daha çox olmasını, cavabdeh isə bu məbləğin daha az olmasını təsdiq edə biləcək və ekspert rəyini şübhə altına ala biləcək sübutları (məsələn: təmir-tikinti sahəsi üzrə hər hansı mütəxəssisin rəyini) işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişlər.

25. Odur ki, göstərilənləri nəzərə almış Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin məbləğini məhz ekspertiza tərəfindən verilmiş rəylərə əsasən müəyyən etmiş və hesab etmişdir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 1.113 manat məbləğində pul tutulmalıdır.

26. Göstərilənləri, iddiaçının apellyasiya şikayəti verməməsini və ekspertiza tərəfindən verilmiş rəylərin şübhə altına ala biləcək sübutların mövcud olmamasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (Mülki Məcəllə; maddə 1097.1.).

27. Məhkəmə, apellyasiya şikayətinin qarşılıqlı iddia ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəyə aid dəlilləri ilə bağlı qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddianın dəlillərini (bax: hazırki qətnamənin 4-cü bəndinə) araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi sübuta yetmədiyi üçün əsassız hesab edilərək, rədd edilməlidir. Cavabdeh Rayon Məhkəməsinin həmin nəticəsini əsassız hesab etsə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, qarşılıqlı iddia ərizəsi və onun məzmununa uyğun əsaslandırılmış apellyasıya şikayəti əsassızıdır.

28. Çünki MPM-in tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

29. Qeyd edilən bu prosessual hüquq normaların tələblərindən qarşılıqlı iddianın əsaslılığına yanaşdıqda müəyyən edilir ki, cavabdeh, iddiaçının onun barəsində etdiyi şikayətlərə görə şikayətləri araşdırmış orqana gedərkən yollara 5.000 manat xərc çəkməsini bildirirsə bu xərcin onun tərəfindən çəkilməsini təsdiq edən sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməli idi, lakin o, bu kimi sübutları təqdim etməmişdir.

30. Buna görə də qəbul edilməlidir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianın “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsini təmin etməməkdə haqlı olmuşdur.

31. Rayon Məhkəməsi qarşılıqlı iddianın “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsini təmin etməməkdə də haqlı olmuşdur. Belə ki, hər hansı bir şəxs özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəməyə və ya hüquq-mühafizə orqanına müraciət etmək hüququna malikdir və ilk iddia üzrə iddiaçı bu hüquqdan istifadə edərək, hüquq-mühafizə orqanalarına müraciətlər etmişdir. Bu hal və ilk iddia üzrə cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə suyun axıdılması faktı təsdiq olunduğundan müəyyən edilir ki, bu müraciətlər heç də əsassız olmamışdır. Bu baxımdan qəbul edilməlidir ki, qarşılıqlı iddianın “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsi də əsassızdır. g) apellyasiya baxışının nəticəsi

32. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

34. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamənin ilk iddianın təmin edilməsi hissəsindən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

35. Bundan başqa qeyd edilməlidir ki, ilk iddia üzrə iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyi üçün və Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirlmədən saxlandığından iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

36. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və qarşılıqlı iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə təmin edilmədiyindən iş üzrə cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamənin qarşılıqlı iddiaya aid hissəsindən kassasiya şikayəti vermək hüququna malikdir.

37. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən hazırki qətnamənin qarşılıqlı iddiaya aid hissəsindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə tərəflər qətnamənin ilk iddiaya aid hissəsindən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar